Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

Azərbaycan Müəllimlər İnstitutunda Respublika elmi konfransı

 

Böyütmək üçün şəkili seçinOktyabrın 25-də Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) təşkilatçılığı ilə "Tarixi-mədəni irsin tədqiqi, tədrisi, təbliği, mühafizəsi və diyarşünaslıq işinin təşkilində təhsil müəssisələrinin rolu" mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans iştirakçıları öncə institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət edib, ulu öndərin büstü önünə əklil qoyublar. Daha sonra konfransın plenar iclası keçirilib.

AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı giriş sözündə ölkəmizdə tarix və mədəniyyət abidələrinin qorunmasına və tədqiq olunmasına xüsusi diqqət və qayğının göstərilməsindən söz açıb. Rektor A.Naxçıvanlı bildirib ki, müstəqil Azərbaycan dövləti xalqımıza məxsus tarixi-mədəni dəyərlərin mühafizəsinə, tədqiqinə, tədrisinə və təbliğinə çox böyük önəm verir. Elmi-mədəni əhəmiyyətə malik tarixi abidələrimiz dərindən öyrənilir, qədim yaşayış məskənlərində arxeoloji qazıntılar, bərpa və konservasiya işləri aparılır. Biz dünya xalqlarının mədəniyyət xəzinəsinə tarixi-mədəni irsimizi öyrənməklə qovuşuruq. Bu sənət nümunələri həm də estetik tərbiyə vasitəsidir. Ümummilli lider Heydər Əliyev mənəvi irsimizin bədii-estetik təsir gücünə əsaslanaraq demişdir: "Estetik təsir vasitələrindən fəal və geniş istifadə olunması ideya-tərbiyə işinin dairəsini genişləndirir, yüksək bədii zövqlər və meyarlar yaradır".

Böyütmək üçün şəkili seçinRektor qeyd edib ki, konfransın keçirilməsində məqsəd Azərbaycan ərazisindəki çoxsaylı tarix və mədəniyyət abidələrinin mövcud vəziyyəti, onların tədqiqi, tədrisi, təbliği və mühafizəsində aidiyyəti qurumların, xüsusən də təhsil müəssisələrinin, bütövlükdə geniş ictimaiyyətin iştirakı məsələlərinə işıq salınması, beləliklə də yetişməkdə olan nəslin Vətənə, tarixi-mədəni dəyərlərə məhəbbət ruhunda tərbiyə olunmasına dair elmi tədqiqatları təşviq etməkdir.

A.Naxçıvanlı vurğulayıb ki, Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan ali, orta ixtisas, orta məktəblərdən, elmi müəssisə və institutlardan, elmi, eləcə də ictimai mərkəz və birliklərdən daxil olmuş 60-dan çox məruzə konfransın proqramına daxil edilib və konfransda yerli elm və təhsil müəssisələrinin mütəxəssisləri ilə yanaşı, Türkiyə, İtaliya və İspaniya alimləri də iştirak edir.

Akademik Teymur Bünyadov, Təhsil Nazirliyinin nümayəndəsi Kamil Məcidov, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Arif Əliyev və Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov çıxış edərək konfransın əhəmiyyətindən danışıblar.

Bildirilib ki, son illərdə respublikamızda tarix və mədəni irsin qorunması istiqamətində ciddi işlər görülmüşdür. Otuzdan çox abidədə bərpa-konservasiya, 50-dən çox abidədə elmi-tədqiqat işləri aparılmış, beş tarixi ərazidə qoruqlar yaradılmışdır. Bütün bunlar ölkə rəhbərliyinin tarix və mədəni abidələrə diqqət və qayğısının parlaq nümunəsidir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyi və təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq, tar ifaçılıq sənətləri, xalçaçılıq YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib.

İtaliyalı mütəxəssis Luici Skrinzi Azərbaycanın qədim və tarixi əhəmiyyətli abidələrlə zənginliyindən, səkkiz ildir ki, buradakı abidələrin tədqiqi və bərpası ilə məşğul olmasından danışıb, Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini bildirib.

Tədbirdə Azərbaycan Müəllimlər İnstitutu ictimai elmlər kafedrasının müdiri, professor Qafar Cəbiyevin "Müstəqillik illərində Azərbaycanda tarixi-mədəni irsin tədqiqi, tədrisi, təbliği, mühafizəsi və diyarşünaslıq işinin təşkili sahəsində görülən işlər və qarşıda duran vəzifələr" mövzusunda məruzəsi dinlənilib.

Sonra konfrans işini "Tarixi-mədəni irsin tədqiqi, təbliği və mühafizəsi" və "Tarixi-mədəni irsin tədrisi və diyarşünaslıq işinin təşkili" adlı bölmələrdə davam etdirib.

Oktyabrın 26-da müvafiq bölmə iclaslarında müzakirələr davam etdirilib və konfransa yekun vurulub. Yekun iclasda bölmə sədrlərinin hesabatları dinlənilib, məruzələrin aktuallığından danışılıb, müəyyən təkliflər irəli sürülüb, respublika konfransının materiallarının toplu şəklində dərc ediləcəyi bildirilib. 

Konfransın Təşkilat Komitəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov