Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Noyabr 2013 - №42

 

Prezident təqaüdçüləri

Azərbaycan təhsilinin uğurları

 

Nərmin MƏMMƏDLİ,

Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik  Akademiyasının tələbəsi  

1996-cı ildə  Mingəçevir şəhərində anadan olub. 2013-cü ildə Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta məktəbi qızıl medalla bitirib. Oxuduğu illərdə respublika fənn olimpiadalarında ingilis dili üzrə II,  tarix fənni üzrə III yerə layiq görülüb.

Ali məktəbə qəbul imtahanında 700 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq ixtisasına qəbul olub. 

Bu gün Nərmin Məmmədli Prezident İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görüldüyündən qürur hissi keçirir. Deyir ki, gənclərə olan bu cür diqqət onların savadlı mütəxəssis kimi  yetişməsi üçün stimuldur.

Düşünür ki, hər bir insan qarşısına məqsəd qoyarsa və bu məqsədə çatmaq üçün yorulmadan çalışarsa,  o, öz arzusuna çata bilər.

  


Maya ABBASOVA,

Bakı Dövlət Universitetinin tələbəsi    

1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Bakıdakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbi qızıl medalla bitirib. Ali məktəblərə qəbul imtahanında 690 bal toplayaraq BDU-nun hüquq fakültəsinə daxil olub. 2010-2011-ci tədris ilində məktəblilərin fənn olimpiadalarının şəhər turunda kimya fənni üzrə I yeri tutub. 2011-ci ildə 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsində  diplom və qiymətli hədiyyə ilə təltif olunub. Eyni zamanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş  bilik olimpiadasında I, Breyn-rinq intellektual oyununda isə II yeri qazanıb.  2011-ci ildə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbinin Uşaq Hüquqları Konvensiyası üzrə tam kursu bitirib.

Prezident təqaüdünə layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirir.

 

 


Günel ABDULLAYEVA,

Bakı Dövlət Universitetinin tələbəsi 

1996-cı ildə Bərdə rayonunda anadan olub. O, 2013-cü ildə Bakıdakı 240 nömrəli orta məktəbi qızıl medalla bitirib. Məktəb illərində "Araz" kurslarının keçirdiyi "Ənənəvi bilik" yarışlarında II, Azərbaycan tarixindən fənn  olimpiadasının respublika turunda III yeri qazanıb.

Bu il ali məktəbə qəbul imtahanında III qrup üzrə 695 bal toplayaraq BDU-nun hüquqşünaslıq fakültəsinə  daxil olub.  Prezident təqaüdünə    layiq görülməsi ona  böyük fəxr hissi bəxş edib. Qazandığı uğurlara görə 240 nömrəli orta məktəbin  pedaqoji kollektivinə minnətdardır.  Onun arzusu universiteti əla qiymətlərlə bitirib,  peşəkar  hüquqşünas olmaqdır.

Günel dərslərini yaxşı oxumaqla bərabər, həm də  fəal bir gəncdir. O, oxuduğu  fakültənin ictimai işlərində yaxından iştirak edir, tapşırılan işin öhdəsindən həmişə yüksək səviyyədə gəlir.  

 


Kənan SƏFƏRLİ,

 Qafqaz Universitetinin tələbəsi  

1996-cı ildə Göyçay rayonunda  anadan olub. 2002-ci ildə Xalid Quliyev adına tam orta məktəbin I sinfinə daxil olub.   2003-cü ildə Bakıya köçdüklərindən   təhsilini Bakıdakı 277 nömrəli idman təmayüllü tam orta məktəbdə  davam etdirib.   Orta məktəbdə oxuduğu vaxtlarda idmanın cudo növü ilə məşğul olub. "Araz" kursunda  universitetə qəbul olmaq üçün ciddi hazırlıq keçib.  

2013-cü ildə  orta məktəbi bitirdikdən sonra  uşaqlıqdan  arzusunda olduğu Qafqaz Universitetinin maliyyə fakültəsinə 690 balla qəbul olub.   II qrup üzrə ən yüksək bal toplayan Kənan Səfərli  hazırda universitetdə   ingilis dilində  oxuyur.

Universitetin hazırlıq fakültəsinin dekanı  Cəlil Ərdəm   onun barəsində xoş sözlər dedi.

O, təhsildə  əldə etdiyi  bütün  uğurlarına görə hər şeydən  əvvəl,  orta məktəb müəllimlərinə  borclu olduğunu deyir.


Nərmin MİKAYILOVA,

Qafqaz Universitetinin tələbəsi   

1996-cı ildə Naxçıvan MR Şərur rayonunun  Dizə  kəndində  anadan olub. 2002-ci ildə  həmin kənddəki tam orta məktəbin I sinfinə qəbul olub və 2013-cü ildə məktəbi bitirib.  Məktəbdə oxuduğu vaxtlarda biologiya fənnindən  respublika fənn olimpiadasında  III yeri tutub.

Ali məktəblərə qəbul imtahanında 686 bal yığaraq  Qafqaz  Universitetinin tərcüməçilik fakültəsinə  qəbul olub. İngilis dilində təhsil alır.  Vaxtının çoxunu universitetin kitabxanasında keçirir. Çalışır ki, ingilis dilini yüksək səviyyədə  öyrənsin.

Nərmin söhbət zamanı qeyd etdi ki, Prezident təqaüdünə layiq görülmək böyük şərəfdir. Ən əsası bu adı qorumaqdır.

Nərmin Mikayılova universiteti əla qiymətlərlə qurtardıqdan sonra xaricdə magistratura pilləsində təhsilini  davam etdirmək istəyir.

Hazırladı: Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov