Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Noyabr 2013 - №43

 

Gənclər "Azərbaycan Tələbə Kartı"ndan necə istifadə edirlər?

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə  "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilib. Dövlət Proqramının müvafiq bəndində təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədi ilə "Azərbaycan Tələbə Kartı"nın tətbiq edilməsi və gənclərin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması nəzərdə tutulub. Bununla əlaqədar olaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən "Azərbaycan Tələbə Kartı"nın Avropa Gənclər kartı ilə birgə buraxılması və kartların tələbələrə dövlət hesabına təmənnasız verilməsi təşəbbüsü irəli sürülüb.  Təşəbbüs Gənclər və İdman və Təhsil nazirlikləri tərəfindən dəstəklənib. Azərbaycan kart vasitəsilə gənclərin mobilliyi haqqında razılaşmaya 2012-ci ilin mart ayında qoşulub. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Avropa Gənclər Kartını ölkəmizdə "Xəzər" İnvestisiya Mərkəzi ilə birgə təmsil edir. "Azərbaycan Tələbə Kartı"nın Avropa Gənclər kartı ilə birgə buraxılması tələbələrimiz üçün respublika ərazisində, eləcə də Avropanın 30-dan çox ölkəsində 80.000-dən artıq ictimai iaşə obyektindən, kafe və restoranlardan, otellərdən, İnternet klublardan və s. güzəştlərlə istifadə etmək imkanını yaradır. 19 may 2012-ci il tarixdə "Hilton Baku" otelində "Azərbaycan Tələbə Kartı" ilk 150 tələbəyə təqdim olunub. Qeyd edək ki, dünyada ilk dəfə olaraq tələbə kartları respublikamızda dövlət hesabına təmənnasız olaraq təhsil müddəti bitənədək tələbələrin istifadəsinə verilir. Kartlar tələbələrə ödənişsiz paylanır. Tələbənin adı, soyadı, şəkli, təmsil etdiyi təhsil müəssisəsinin adı əks olunan bu kartlar həm də vəsiqə rolunu oynayır. Təhsil müddətində tələbəyə verilən bu kartdan başqası istifadə edə bilməz.

Ümumilikdə 200 minə yaxın tələbəyə tələbə kartının verilməsi nəzərdə tutulur. "Azərbaycan Tələbə Kartı" ölkə ərazisində lisenziya əsasında qanuni fəaliyyət göstərən həm özəl, həm dövlət ali təhsil müəssisələrinin hamısına şamil olunur. Bu kartlar ali məktəblərin bakalavr və magistr pilləsində əyani və qiyabi təhsil alan tələbələrin hər birinə verilə bilər.

Bəs görəsən, tələbələr bu kartlardan səmərəli şəkildə istifadə edirmi? Sualımıza cavab tapmaq məqsədilə bir neçə tələbə ilə görüşüb söhbətləşdik.


30 faiz güzəştlə yeni noutbuk əldə etmişəm  

İlkin Şərifov, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin IV kurs tələbəsi: - "Azərbaycan Tələbə Kartı"nı 2012-ci ildə ilk dəfə təqdimat mərasimi keçirilərkən alan 150 tələbədən biriyəm. Bu kartın biz tələbələr üçün bir çox üstünlükləri var. "Azərbaycan Tələbə Kartı" kataloqunda göstərildiyi kimi, demək olar ki, bir çox sahələrdə tələbələrə güzəştli alış-veriş və xidmət haqları verir. Mən daha çox ofis və məktəb ləvazimatları olan mağazalarda istifadə edirəm. Həmin mağazalarda bizə 10-15% güzəştli alış-veriş hüquqları verirlər ki, mən də bu imtiyazdan istifadə edirəm. Bundan başqa, elektronika və texnika əşyaları satılan "İmfotech Wayt" mağazasında 30% güzəştlə yeni noutbuk əldə etmişəm. Fürsətdən istifadə edərək biz gənclərə yaradılan bu şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlığımı bildirirəm.

 


Kartdan dil və hazırlıq kurslarında istifadə etməyi nəzərdə tuturam 

Cəmilə Yaqubzadə, Azərbaycan Texniki Universitetinin mühəndis biznes menecmenti fakültəsinin II kurs tələbəsi: - Bir çox tələbələrə olduğu, kimi mənə də "Azərbaycan Tələbə Kartı" verilib. Düzdür, hələ bu kartdan demək olar ki, istifadə etməmişəm, lakin gələcəkdə bu güzəştlərdən  yararlanmağı düşünürəm. Geyim alış-verişində və tələbə yoldaşlarımızla hansısa bir əlamətdar günü qeyd etmək üçün toplaşanda bu kartda nəzərdə tutulan imtiyazlardan istifadə etməyi düşünürəm. Bundan başqa, müxtəlif dil və hazırlıq kurslarında tələbələrə edilən endirimlərdən yararlanmağı nəzərdə tuturam. Ümumiyyətlə, tələbə kartı kataloqunda göstərildiyi kimi, kartın verdiyi imkanlar genişdir. Demək olar ki,  kart vasitəsilə  bütün xidmət sahələrindən güzəştli istifadə etmək olar. Bu, biz tələbələrə olan dövlət qayğısının bir nümunəsidir.


Kişi geyimləri mağazasından güzəştlə kostyum almışam

Akif Səfərli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat fakültəsinin II kurs tələbəsi: - "Azərbaycan Tələbə Kartı" biz tələbələr üçün çox sərfəlidir. Bildiyiniz kimi, tələbələr maddi cəhətdən geniş imkana malik deyillər. Lakin buna baxmayaraq, ehtiyaclarımızı da ödəmək məcburiyyətindəyik. Düşünürəm ki, bu bizim üçün əla fürsətdir. Kart vasitəsilə bir çox alış-verişlər etmişəm ki, bunlardan xatirimdə qalan "Həsənoğlu" kişi geyimləri mağazasından aldığım kostyumdur. Bundan başqa, bir çox kafe və restoranlarda əlamətdar günlərimizi qeyd edərkən də bu kartdan səmərəli şəkildə istifadə etmişəm. Gələcəkdə də kartdan səmərəli şəkildə yararlanmağı düşünürəm. Ümid edirəm ki, kartın biz tələbələrə verdiyi geniş imkanlar gələcəkdə daha da artacaq.

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov