Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Noyabr 2013 - №43

 

Xaricdə işləyən müəllim həmvətənlərimiz

Gədəbəydən Almaniyaya aparan yol

 

Almaniyanın orta məktəblərindən birində çalışan azərbaycanlı müəllimin təəssüratları

Şəfəq Azər 1976-cı ildə Gədəbəy rayonunun Pərizamanlı kəndində doğulub. 1983-cü ildə Tovuz rayonunun Çobansıxnaq kənd orta məktəbinə daxil olub və 1993-cü ildə orta təhsilimi həmin məktəbdə başa vurub.  1994-cü ildə Nəsirəddin Tusi adına  Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika fakültəsinə daxil olub. Orta məktəbdə olduğu kimi, burada da fəal tələbə kimi diqqət çəkməyi bacarıb. Universitetdə oxuduğu zaman hələ ilk semestrdən başlayaraq fəal tələbə kimi rəhbərlik tərəfindən televiziya çəkilişlərinə göndərilib. "Uç nöqtə", "Sərbəst düşüncə" və s. bu kimi verilişlərin iştirakçısı olub.  1997-ci ildən ailəlidir. İki övladı var. 1998-ci ildə həyat yoldaşı Azərbaycan Texniki Universitetindən Almaniyanın Braunşvayq şəhərində yerləşən Braunşvayq Texniki Universitetinə elmi ezamiyyətə göndərilir. 1999-cu ilin fevral ayından  ailəsi ilə birgə Almaniyada yaşayır.

Şəfəq AZƏR,
Almaniyadakı Bebelhof ibtidai məktəbinin pedaqoq-müəllimi

Düşünürdüm ki, Almaniyada yoldaşımın elmi ezamiyyətindən sonra Azərbaycana qayıdacağıq, müəllimlik fəaliyyətinə Vətənimdə  başlayacağam.  Amma yoldaşım işlədiyi Braunşvayq Texniki Universitetindən iş təklifi aldı və uzunmüddətli əmək müqaviləsi bağladı. Bununla da Almaniyada yaşamağımızın təməli qoyuldu. Sonra ikinci övladımız dünyaya gəldi və elə o vaxtdan biz iki övladımızla birgə  Almaniyada yaşayırıq.

Uşaqlarımın kiçik yaşda olmasına baxmayaraq, mən Almaniyada da boş qalmır, həm alman dili, alman mədəniyyətini öyrənir, həm də Azərbaycan mədəniyyətini  tanıtdırmağa çalışırdım. Universitetin elmi işçisi kimi həyat yoldaşımla birgə bütün tədbirlərə qatılır və bu imkanlardan istifadə edirdim. Həm əlimizdən gəldiyi qədər  Azərbaycan elmini, həm də Azərbaycanı həvəslə, yorulmadan təbliğ edirdik. Bunu bir azərbaycanlı kimi özümüzə borc bilir, Vətənimiz haqqında  informasiyaları alman və başqa xarici millətlərə yüksək şəkildə düzgün çatdırmağa, onları məlumatlandırmağa çalışırdıq. Ancaq əsas məqsədim, hələ uşaqlıqdan ən böyük arzum olan müəllimlik peşəsində çalışmağım idi. Diplomum olsa da, bu ölkənin qaydaları fərqlidir. Almaniyanın təhsil müəssisələrində xarici vətəndaş kimi işləmək üçün əvvəlcə  diplomu nostrifikasiya etdirmək tələb olunur. Bu isə çox hallarda mümkün olmur, ya da çox çətin olur. Təkrar oxumaq tələb edilir, yaxud  imtahan verməklə bu prosesi başa çatdırmaq olur.

Uşaqlarım bir az böyüdükdən sonra onları uşaq bağçasına verib yoldaşımın çalışdığı Braunşvayq Texniki Universitetində ixtisasartırma kurslarını keçdim. Pedaqoji təlim və metodlar üçün xüsusi fakültədə təhsilimi artırmağa başladım. Almaniya təhsil sisteminin çoxsahəli olmasını hələ həmin dövrdə tam anlamağa başladım və onun sirlərini, istiqamətlərini öyrənməyə çalışdım. Universitetin kitabxanasında pedaqoqlar üçün xüsusi oxu zalında hər ay professorlar tərəfindən keçirilən seminarların iştirakçısı olaraq nəzəri biliklərimi artırmağa davam etdim. Bu universitetdə təhsil almaq kiçik övladlarımla mənə çətin olsa da,  Almaniyanın  dövlət və qeyri-dövlət strukturlarında ibtidai təhsil sahəsində işləmək hüququna sahib oldum.

Braunşvayq Texniki Universitetində pedaqoji təhsilimi bitirdikdən sonra, 2007-ci ildə övladlarımın oxuduğu ibtidai məktəbdə işə başladım. Həmin məktəbin direktoru xanım Fr. Sirinq valideyn iclaslarında verdiyim təkliflərə görə mənim ixtisasca  müəllim olduğumu bildi və uşaqlarla bərabər işləməyimi təklif etdi. Mən bir az düşündükdən sonra onlarla işləməyə qərar verdim. Xanım Sirinq mənə təklif etdi ki, mən öz ölkəmizdə olan təhsil sistemi haqqında onlara  geniş məlumat verim və həmçinin işlədiyim müddətdə tətbiq edim. Beləliklə, mən həvəslə öz ölkəmizdə olan metodlardan istifadə etməklə alman təhsil sistemini də öyrənməyə başladım. İlk öncə bütün dərslərdə əsas müəllimlə bərabər köməkçi müəllim kimi  təmənnasız olaraq işləməyə başladım. Ən çox xanım Sirinqlə işlədiyim müddətdə hesab və oxumaqda zəif olan uşaqlarla məşğul olurdum. Baxdım ki, bu uşaqlarla dərs gedişatı vaxtı başqa otaqlarda məşğul oluruq və nəticədə onlar dərsdən yayınmış olurlar. Təklif etdim ki, bizim Azərbaycanda dərslərdən sonra əlavə məşğələlər təşkil edilir və biz də belə edə bilərik. Mənim bu cəsarətli addımım xanım Sirinqin çox xoşuna gəldi. Mənim təklifim qəbul olundu.

 Almaniyanın bir çox məktəblərində 1-ci və 2-ci sinif  şagirdləri 4 saat dərs keçir. Beşinci  saat isə məktəbin təklif etdiyi  əlavə məşğələlər olur. Bu dərsdə bütün şagirdlərin iştirakı vacib deyil, bəzi valideynlər uşaqlarının bu dərslərə qalmasını istəmir. Bunun üçün direktorun tələbi ilə həmin vaxtlarda mənim üçün  xüsusi ayrılmış otaqda uşaqlarla fərdi məşğul olma imkanım yarandı. O vaxtdan mən hər bir oxuma, yazma və hesablamada çətinliyi olan şagirdlərlə birgə işləməyə başladım.

Sonralar mən həmçinin 3-cü və 4-cü siniflərlə kitabxana və 1-3-cü siniflərdə riyaziyyat dərslərində də şagirdlərlə birgə işləməyə başladım. Onları oxu zalına aparır, maraqlandıqları kitabları tapmaqda, oxumaqda onlara kömək edirdim.

Hətta bu dərslərdə məktəbdə təcrübə keçən tələbələr və təhsil sahəsində işləyib təqaüdə çıxan insanlar da təmənnasız kömək edirlər. Onlar tək-tək uşaqlarla oturur, onlarla birlikdə kitab oxuyurlar. Bəzi şagirdlərin tələffüz və qavramada, mətni anlamaqda çətinliyi olduqda onlara kömək edirlər. Almaniya məktəblərində valideynlər, təhsildə fəaliyyət göstərən və digər maraqları olan insanlar yardım məqsədi ilə müəllimlərlə birgə çalışırlar. Hər kəs əlindən gəldiyi qədər təhsilin inkişafına, ölkənin gələcəyi olan uşaqlara təmənnasız kömək etmək istəyir. Hətta məktəbin bəzi ləvazimatlarının alınmasında həvəslə yardım əllərini uzadırlar.

Nəhayət ki, ibtidai siniflərdə müəllim-pedaqoq olaraq işləməyə başladım. Məktəbdə iş yoldaşlarım, valideynlər və universitetdəki silsilə seminarların köməyi ilə bu çətin və çox məsuliyyətli bir peşəni icra etməyə nail ola bildim. Əsas işim yalnız dərslər deyil, pedaqoji təlimlər, şagird və valideynlərlə birlikdə çalışmaq, məktəbin pedaqoji inkişafında yaxından və əməli iştirakdır. 

Almaniyada ibtidai məktəblərin nəzdində yerləşən kitabxana, oxu zalları, kompüter otaqları olur. Biz şagirdləri kompüterdə olan bir çox tədris  proqramları üzrə işləyərək oxuduqları kitablar və mövzular ətrafında suallara cavab verməsini təmin edirik. Onlar həmin suallara cavab verməklə bal toplayırlar. Bu bal toplamada uşaqlar  həvəslə iştirak edirlər.

Almaniya məktəblərində hər bir yarımilin yekunları xüsusi qeyd olunur.  Direktor bütün işçilərə, məktəbin təlim-tərbiyə işində fəal iştirak edən hər kəsə hədiyyələr təqdim edir. Məktəbin adından yarımilin yekun proqramında, valideyn və məktəblilərin qarşısında fəallıq göstərən və qalib olan şagirdlər sertifikat və hədiyyələrlə təltif edilirlər.  

* Almaniyanın təhsil müəssisələrində xarici vətəndaş kimi işləmək üçün əvvəlcə  diplomu nostrifikasiya etdirmək tələb olunur. Bu isə çox hallarda mümkün olmur, ya da çox çətin olur. Təkrar oxumaq tələb edilir, yaxud  imtahan verməklə bu prosesi başa çatdırmaq olur. 

* Valideynlər, təhsildə fəaliyyət göstərən və digər maraqları olan insanlar yardım məqsədi ilə müəllimlərlə birgə çalışırlar. Hər kəs əlindən gəldiyi qədər təhsilin inkişafına, ölkənin gələcəyi olan uşaqlara təmənnasız kömək etmək istəyir. Hətta məktəbin bəzi ləvazimatlarının alınmasında həvəslə yardım əllərini uzadırlar.  

* Məktəblərdə hər bir yarımilin yekunları xüsusi qeyd olunur.  Direktor bütün işçilərə, məktəbin təlim-tərbiyə işində fəal iştirak edən hər kəsə hədiyyələr təqdim edir. Məktəbin adından yarımilin yekun proqramında, valideyn və məktəblilərin qarşısında fəallıq göstərən və qalib olan şagirdlər sertifikat və hədiyyələrlə təltif edilirlər.

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov