Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Noyabr 2013 - №43

 

"Qarmonun Paqaninisi"nin 70 yaşı tamam oldu

 

Bu münasibətlə Mahnı Teatrında yubiley mərasimi keçirildi

Hamı bilməsə də, ölkənin musiqi ictimaiyyətinə yaxşı məlumdur ki, söhbət qarmonun virtuoz ifaçısı, bu günlərdə yetmiş yaşı tamam olmuş qüdrətli sənətkar, tanınmış musiqi xadimi, pedaqoq, bəstəkar, respublikanın əməkdar artisti Zakir Mirzəyevdən gedir. "Qarmonun Paqaninisi"  adını isə ona maestro Niyazi təkrarsız ifasından vəcdə gələrək verib və bununla da Zakir Mirzəyev sənətinin, ifaçılığının unikallığına öz möhrünü vurub. Zakir müəllim də 70 illik həyatı və təxminən 55 illik fəaliyyəti dövründə bu adı doğruldub, mahir ifası ilə minlərin, milyonların ürəyinə, hiss və duyğularına hakim kəsilib. Və beləcə gəlib ömrün 70 zirvəsinə çatıb.

Böyük sənətkarın 70 illik yubileyi ötən hətənin çərşənbə günü ölməz müğənni Rəşid Behbudovun adını daşıyan Mahnı Teatrında qeyd olundu. Ustad ifaçının uzun illər işlədiyi Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirdə ölkənin tanınmış mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri, yubilyarın hazırda dərs dediyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Musiqi Kollecinin professor-müəllim heyətinin üzvləri, qohumları, KİV təmsilçiləri iştirak edirdilər.

Yubiley mərasiminin aparıcısı, ADMİU-nun müəllimi, əməkdar artist Ağalar Bayramov Z.Mirzəyev işığına toplaşanları salamlayıb bir çox sənət xadiminin yubileylərinin keçirildiyi Mahnı Teatrının növbəti belə bir tədbirə ev sahibliyi etdiyini söylədi və Zakir Mirzəyevi anadan olmasının 70 illiyi münasibətilə təbrik etdi. Musiqini əsrarəngiz dünya adlandıran A.Bayramov Zakir Mirzəyevin onun ətrafına pərvanə kimi dolanan  sənətkarlardan biri olduğunu diqqətə çatdırdı və istedadlı şairimiz Tofiq Bayramın vaxtilə Z.Mirzəyev haqqında yazdığı şeiri yüksək sənətkarlıqla ifa etməklə yubilyara olan sevgilərini bir daha nümayiş etdirdi. Çıxışında Z.Mirzəyevin ömür yoluna toxunan A.Bayramov onun 1943-cü ildə Bakıda Cənubi Azərbaycandan gəlmiş musiqiçi ailəsində anadan olduğunu, yeniyetməlik və ilk gənclik çağından özünü musiqiyə həsr etdiyini və tezliklə mahir qarmon ifaçısı kimi tanındığını diqqətə çatdırdı.

Sonra Zakir Mirzəyevin tələbələri - qarmonçalanlardan ibarət ansambl onun bəstələdiyi "Rəhimi" və "Arifi" rəqslərini ifa etməklə öz müəllimlərinə salam və təbriklərini çatdırdılar.

Çıxışların və musiqi nömrələrinin bir-birini əvəzlədiyi yubiley mərasimində yubilyara çoxlu təbriklər ünvanlandı. İlk çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi Zakir Mirzəyevin Azərbaycan milli musiqi sənətində özünəməxsus yeri olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan musiqisində qarmonun çox mahir ifaçıları olub. Zakir müəllim həmin ifaçıların ön sıralarında gedən bir sənətkardır. Təsadüfi deyildir ki, ölməz maestro Niyazi onu məşhur italyan ifaçısı Paqanini ilə müqayisə edib. Z.Mirzəyev həqiqətən Paqanini səviyyəli virtuoz ifaçılardandır. O öz çalğı üslubunda hərdən ekssentrik məharətini nümayiş etdirərək istər sağ, istərsə də sol əli ilə qarmonu çox gözəl çalır. Gərək aləti o qədər sevəsən ki, onun belə mahir ifaçısına çevriləsən.

S.Kərimi diqqətə çatdırdı ki, qarmon Azərbaycanın musiqi aləti olmasa da Zakir Mirzəyev kimi sənətkarların hesabına Azərbaycan musiqi alətinə çevrilərək xalqımızın qanına hopub. Elə bir toy və ya digər musiqi məclisi təsəvvür etmək olmaz ki, qarmonsuz keçsin.

Zakir Mirzəyevi çoxdan tanıdığını söyləyən rektor onun öz zəhməti, öz əziyyəti ilə xalqın sevimli sənətkarına çevrildiyini bildirdi. O habelə Zakir Mirzəyevi mahir pedaqoq kimi səciyyələndirib tələbələrinin yubiley tədbirindəki  məharətli çıxışlarını fikrinə sübut kimi gətirdi. Qeyd etdi ki, Zakir Mirzəyev qarmonu yüksək səviyyədə tədris etməklə onun gələcəyini gənc ifaçıların simasında təmin edir.

Azərbaycan Respublikasının xalq artisti, tanınmış xanəndə Əlibaba Məmmədov təbrik çıxışında Zakir Mirzəyevin gözəl ifaçı, mahir muğam bilicisi, istedadlı bəstəkar, pedaqoq və insan olduğunu, muğamlarımızı qarmonda yüksək səviyyədə ifa edə bilən az-az sənətkarlardan biri sayıldığını söylədi. Gənclik illərində onunla bağlı xatirələrdən söz açdı.

Z.Mirzəyevi daha sonra akademik Vasim Məmmədəliyev təbrik edərək bildirdi ki, Zakirin sənəti böyük sənətdir və sənət nə qədər böyükdürsə onu təmsil edən sənətkardan danışmaq da o qədər xoşdur. Zakir həqiqətən də bizim qarmon ifaçıları arasında çox nadir sənətkarlardandır. Məhz Teyyub Dəmirov, Abutalıb, Əhəd, Zakir kimi qarmon ifaçılarının zəhmətləri, apardıqları təkmilləşdirmələr sayəsində qarmonu biz indi milli musiqi alətlərindən ayıra bilmirik. Qarmonla muğam çalmağın çətin olduğunu, hər qarmonçalanın bunu bacarmadığını, yalnız bəzi sənətkarların muğamlarımızı bu alətdə məharətlə ifa etdiyini diqqətə çatdıran V.Məmmədəliyev Zakirin də muğamlarımızı, hətta bu alətdə ifası çox çətin olan Orta Mahuru belə mükəmməl çaldığını söylədi.

Akademik V.Məmmədəliyev Zakir Mirzəyevin bir tədqiqatçı kimi də səmərəli fəaliyyət göstərdiyini qeyd edib, onun sənətşünaslıq üzrə fəlsəfə doktoru olduğunu, bu adı almaq üçün yazdığı dissertasiya işinin müdafiəsində özünün də iştirak etdiyini söylədi.

Akademik həm də yubilyarın müğənnilərimizi, xanəndələrimizi qarmonda çox məharətlə müşayiət etdiyini, bəstəkar əsərlərini ustalıqla səsləndirdiyini, özündən əvvəlki ustadların ənənələrini davam etdirib yaşatdığını, notu çox gözəl bildiyini söyləyərək onun həm ifaçı, həm pedaqoq, həm də bir insan, şəxsiyyət kimi keyfiyyətlərini yüksək qiymətləndirdi.

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin III kurs tələbəsi, Xan Şuşinski müsabiqəsinin qalibi Rəhilə Məhərrəmovanın tarda ifa etdiyi musiqi nömrəsi böyük sənətkara layiqli yubiley hədiyyəsi olub iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Onun ifasından sonra yubilyarı təbrik üçün dəvət olunan Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov çıxışına elə tələbələrinin yüksək səviyyəli ifasını qeyd etməklə, bu nömrənin mərasimin proqramına təsadüfən salınmadığını, istedadların üzə çıxması üçün böyük səhnənin ən yaxşı vasitə olduğunu bildirdi. N.Kazımov rəhbərlik etdiyi musiqi ocağının dahi sənətkarlar yetişdirdiyini, hazırda yubilyarın da çalışdığı kollecdə bu ənənənin davam etdirildiyini, mərasimdə Z.Mirzəyevin əsərlərini ifa edən onun 8 nəfər tələbəsindən ibarət qarmonçalanlar ansamblının çıxışının buna bariz misal olduğunu diqqətə çatdırdı.

N.Kazımov kolleclərində işləyən və ya buranın məzunu olmuş tanınmış musiqi xadimlərinə daim xüsusi diqqət yetirdiklərini, onların yubileylərini, yaradıcılıq gecələrini keçirdiklərini qeyd edib Z.Mirzəyevin yubiley mərasiminin də bu silsilədən olduğunu, onun keçirilməsi ilə bağlı Təhsil Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə etdikləri müraciətlərə müsbət cavab aldıqlarını deyib, verdikləri dəstəyə görə hər iki nazirliyə minnətdarlığını bildirdi.

N.Kazımov təbrik çıxışında habelə Z.Mirzəyevin sənətkarlıq xüsusiyyətlərindən, yüksək insani keyfiyyətlərindən də söz açıb onun uzun illər Azərbaycan musiqisini xarici ölkələrdə məharətlə təmsil və təbliğ etdiyini, qarmon ifaçılığını çox yüksək səviyyəyə qaldırdığını vurğuladı.

Yubiley mərasimində Azərbaycan Respublikasının xalq artisti, professor Canəli Əkbərov, əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimi, xalq artisti, bəstəkar Tofiq Bakıxanov, Bakı Humanitar Kollecinin qarmon müəllimi Əhsən Rəhmanov, xalq artisti Aftandil İsrafilov, əməkdar jurnalist İttifaq Mirzəbəyli  və başqaları da söz alaraq Z.Mirzəyevi yubileyi münasibəti ilə təbrik etdilər, haqqında xoş sözlər dedilər.

Tanınmış sənətçilərimiz, xalq artistləri Mələkxanım Əyyubova, Zabit Nəbizadə, əməkdar artist Zakir Əliyev, Teyyub Teyyuboğlu, Ehtiram Hüseynov, Babək Niftəliyev, yubilyarın qardaşı, mahir klarnet ifaçısı Qulammirzə Mirzəyev və başqaları yubilyara təbriklərini mərasim boyu təqdim etdikləri musiqi nömrələri ilə çatdırdılar.

Sonda söz alan Zakir Mirzəyev Azərbaycan muğamının inkişafına, təbliğinə, dünyada tanınmasına böyük dəstək göstərən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya, yubiley mərasiminin təşkilatçılarına minnətdarlığını bildirdi. Yubilyar habelə onun haqqında xoş sözlər deyən, sənətini yüksək qiymətləndirən çıxışçılara, ifaları ilə məclisi rövnəqləndirən sənətkarlara, eləcə də məclisi bacarıqla  idarə edən aparıcıya da təşəkkürlərini çatdırıb, hər birinə minnətdarlıq etdi. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov