Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Gənc alimlərə Prezident Mükafatı təqdim olunacaq

 

Ölkəmizdə gənclərin yaradıcı və elmi inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir. Qlobal dünyanın çağırışları  Azərbaycanın elmi və innovativ təfəkkürlü intellektual gəncliyi  qarşısında da yeni tələblər qoyur.

Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı, onların daha geniş miqyasda intellektual fəaliyyətə cəlb edilməsi, elm, təhsil və yeni texnologiyalara marağının artırılması bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) gənclərin elmi potensialının artırılması,  onların müxtəlif elm sahələrində ixtira və kəşflərinin, təşəbbüs və təkliflərinin stimullaşdırılması, layihə və proqramların maliyyələşdirilməsi məsələlərinin yüksək səviyyədə təşkilinə qərar verib.

AMEA  Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqə şöbəsindən aldığımız məlumata görə, AMEA-da akademiyanın institut və təşkilatları tərəfindən namizədliyi Prezident Mükafatına irəli sürülən gənc alimlərlə görüş keçirilib.

Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edərək dövlət tərəfindən gənclərə xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb. AMEA-nın prezidenti  gənclərə xatırladıb  ki, mükafat ölkə Prezidenti İlham Əliyevin 2 iyul 2013-cü il tarixli  fərmanı ilə təsis edilib.  Məqsəd elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və ictimai sahələrdə fərqlənən istedadlı gənclərin fəaliyyətlərinin qiymətləndirilməsidir.  Mükafat 10 min manat, diplom, mükafatın nişanı və vəsiqəsindən ibarətdir. Fərmanın icrasını təmin etmək məqsədi ilə iyul ayının 29-da AMEA-nın Rəyasət Heyətinin sərəncamı ilə mükafata namizədliyi təqdim olunacaq gənc alimlərin müəyyənləşdirilməsi üzrə ekspert komissiyası yaradılıb.

AMEA-nın akademik-katibi, müxbir üzvü Rasim Əliquliyev çıxış edərək  bildirib  ki, akademiyanın elmi-tədqiqat müəssisələri tərəfindən 38 gənc alimin namizədliyi təklif olunub.  Təkliflər AMEA-nın bölmə bürolarında müzakirə edilib.  Ekspert  komissiyasına təklif üçün 24 nəfər seçilib.  Onlardan 3 gənc alimin namizədliyi 2013-cü il noyabrın 20-dək AMEA-nın Rəyasət Heyətinə təqdim ediləcək.

Sonda 24 gənc alim qazandıqları elmi nailiyyətləri barədə ekspert komissiyası qarşısında çıxış ediblər.

Qeyd edək ki, AMEA-nın Direktorlar Şurasının noyabrın 12-də keçirilən iclasında çıxış edən akademiyanın prezidenti, akademik Akif Əlizadə bir daha Prezident İlham Əliyevin gənclərə dəstək məqsədilə verdiyi mühüm və əlamətdar qərarlardan biri olan gənclər üçün Prezident Mükafatının ölkə elminin inkişafına ayrılan diqqətin göstəricisi olduğunu bildirib.  A.Əlizadə AMEA tərəfindən bu mükafat üçün  namizədliyi irəli sürülən gənc kadrların elmi fəaliyyətlərini yüksək  qiymətləndirib. 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov