Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Azərbaycan Dövlət Neft Akademiyası tələbələrinin 62-ci elmi-texniki konfransı

 

Bakıda Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ADNA tələbələrinin akademik Azad Mirzəcanzadənin 85 illik yubileyinə həsr olunmuş 62-ci elmi-texniki konfransı keçirilir. AzərTAc xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd bakalavr və magistratura səviyyəsində elmi yaradıcılıqla məşğul olan gənclərin tədqiqat işlərinin nəticələrini müzakirə etmək, onlar arasında informasiya mübadiləsini təşkil etmək, elmə olan maraqlarını artırmaqdır.

Öncə tədbir iştirakçıları alimin elmi-pedaqoji fəaliyyətini əks etdirən məlumat guşəsi ilə tanış olmuşlar.

Tədbirdə çıxış edən akademiyanın rektoru, akademik Siyavuş Qarayev bildirmişdir ki, Azərbaycan son illər dinamik addımlarla irəliləyir, beynəlxalq miqyasda tədbirlər keçirməklə böyük uğurlara imza atmışdır. S.Qarayev bu yaxınlarda keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunun buna əyani misal olduğunu qeyd etmişdir. ADNA-nın məzunu, görkəmli alim və pedaqoq, ictimai xadim Azad Mirzəcanzadənin elmi fəaliyyətini dəyərləndirən rektor akademikin yüksək ixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyətindən danışmışdır. S.Qarayev alimin rəhbərliyi altında dərin biliklərə malik, innovativ təfəkkürlü, peşəkar mütəxəssis ordusu yetişdirildiyini, ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın formalaşdığını söyləmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin ölkədə "İnformasiya-kommunikasiya ili" elan olunduğunu qeyd edən S.Qarayev bu istiqamətdə akademiyanın İnformasiya-kommunikasiya Mərkəzinin fəaliyyətindən bəhs etmişdir.

Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev konfransın Ümumdünya Elm Günü həftəsinə təsadüf etdiyini qeyd edərək bildirmişdir ki, informasiya əsrində bütün inkişaf etmiş ölkələrdə iqtisadiyyatın, cəmiyyətin inkişafının əsasını elmi fəaliyyət, texnologiyalar təşkil edir. Cari ilin ölkədə "İKT ili" kimi qeyd olunduğunu bildirən R.Əliquliyev hələ 2003-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanda informasiya cəmiyyətinin qurulması məqsədinə xidmət edən "Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə Milli Strategiya"nın qəbul edildiyini söyləmişdir. Alim bu 10 il ərzində ölkədə informasiya texnologiyalarının geniş tətbiqi sayəsində böyük nailiyyətlərin əldə olunduğunu bildirərək bu uğurlarda daha çox gənclərin, tələbələrin payı olduğunu vurğulamışdır.

Ölkədə yaxın gələcəyin inkişaf hədəflərini əks etdirən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əhəmiyyətindən danışan R.Əliquliyev qeyd etmişdir ki, elm və təhsildə innovativ inkişaf əldə etmək, müxtəlif fəaliyyət sahələrində İKT-nin tətbiqini genişləndirmək, biliklər iqtisadiyyatını formalaşdırmaq əsas hədəflərdəndir.

Çıxışının sonunda R.Əliquliyev gəncləri biliklər cəmiyyətinin formalaşması işində yaxından iştirak etməyə çağırmışdır.

Tədbirdə həmçinin Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Alçın Şirinzadə, ADNA-nın geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Mais Babayev, iqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsinin dekanı Azad Əliyev, Tələbə Elmi Cəmiyyətləri Şurasının sədri, professor Kamil Aydazadə və digərləri çıxış edərək akademik Azad Mirzəcanzadənin Azərbaycan elminin inkişafındakı mühüm xidmətlərindən, elmi-pedaqoji fəaliyyətindən ətraflı danışmışlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov