Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Noyabr 2013 - №44

 

Beynəlxalq təhsil xəbərləri

 

Erasmus tələbə mübadilə proqramının iştirakçıları üçün  təqaüdlərin həcmi azaldılır 

Böyütmək üçün şəkili seçinİspaniyanın Təhsil Nazirliyi 2013-2014-cü illər dövlət büdcə planında nəzərdə tutulmasına baxmayaraq, Erasmus tələbə mübadilə proqramının iştirakçıları  üçün  təqaüdlərin həcminin azaldılması barədə qərar qəbul edib.  

Erasmus proqramında iştirak edən tələbələrin yalnız bir qismi nazirliyin  ayırdığı vəsaitlərdən yararlana biləcək. Qeyd olunur ki, təqaüdlər yalnız 2012-2013-cü dərs ilində nazirliyin ümumi təqaüdlərini  alan şəxslərə  şamil olunacaq.

Erasmus proqramında iştirak edən tələbələr həm də Avropa Birliyinin əlavə təqaüdlərini (115 avro) alırlar. Bu təqaüdlər son vaxtlar ölkənin əksər rayonlarında ləğv olunub və ya onların həcmi azaldılıb. Nazirliyin son qərarına müvafiq olaraq İspaniya dövləti  yaxın 8 ay ərzində aztəminatlı ailələrdən olan tələbələrə 300 avro ödəməyə qərar verib. Bu proqramın əsas vəzifəsi aşağı gəlirli tələbələrə maddi  köməklik göstərilməsidir.  Son vaxtlara qədər Erasmus proqramı üzrə təhsil alan tələbələr üçün  Təhsil Nazirliyinin əlavə ödəmələri 2 hissədən ibarət olub. Onlardan biri  istisnasız olaraq bütün proqram iştirakçılarına şamil olunub. Onun maksimum həcmi 150 avrodur.

Təqaüdlərin 150 avrodan çox olmayan ikinci hissəsi nazirliyin ümumi təqaüdlərini alanlara şamil edilib.   

 


Rusiyada  53 ali məktəbin fəaliyyəti qeyri-effektiv elan edilib

 

 Rusiyada 2013-cü il üzrə keçirilmiş  ali məktəblərin keyfiyyət monitorinqinin ilkin nəticələri məlum olub. "Uçitelskaya qazeta"nın yazdığına əsasən, sayca ikinci dəfə keçirilən monitorinqdə ölkənin dövlət ali təhsil müəssisələri ilə yanaşı özəl ali  məktəbləri də iştirak ediblər.

Paytaxtın 223 ali məktəbi və 7 filialının iştirak etdiyi monitorinq nəticəsində 85 dövlət ali məktəbin fəaliyyətinin effektiv  olduğu bildirilib. Qeyri-dövlət təhsil ocaqlarından isə 82-sinin fəaliyyətinə müsbət qiymət verilib. Rusiyanın Təhsil və Elm Nazirliyi 5 dövlət və 48 qeyri-dövlət ali məktəbin fəaliyyətini qeyri-effektiv elan edib.   Yaradıcı dövlət ali məktəblərindən 22-sinin   fəaliyyətinin effektiv, 2  qeyri-dövlət müəssisəsinin fəaliyyətinin səmərəsiz olduğu bildirilib.  Sankt-Peterburqda 36 dövlət ali məktəbi effektiv, 2 dövlət ali məktəbi qeyri-effektiv  hesab olunub. Özəl ali məktəblərdən 16-sı  effektiv, 10-u qeyri-effektivdir. Fəaliyyəti səmərəsiz elan olunan ali məktəblər arasında M.Qorki adına Ədəbiyyat İnstitutunun da adı çəkilib. 30 ali məktəbin yenidən qurulması təklif olunub.

Daha 70 ali məktəbin təhsil və iqtisadi fəaliyyətinin optimallaşdırılması zəruriliyi bildirilib.  Qeyri-effektiv ali məktəblərdən 11-nin  və 37 filialın fəaliyyəti artıq dayandırılıb, 11 ali məktəb və 30 filialın isə bağlanmasına hazırlıq görülür.

Təhsil və Elm Nazirliyi qeyri-effektiv əlamətlərə malik ali məktəblərin siyahısını hazırlayıb. Bu siyahıda ölkənin aparıcı ali məktəbləri 18,4, filiallar isə 24,4 faiz təşkil edir.  Qeyri-effektiv ali  məktəblərin siyahısında dövlət müəssisələrinin payı 7,5, özəl ali məktəblərin payı isə 35 faiz təşkil edir.


Şagirdlərin qiymətləri SMS-lə valideynlərə çatdırılacaq

 

Rusiyanın Təhsil və Elm Nazirliyi Ümumrusiya İnformasiya Texnologiyaları Mərkəzi ilə birlikdə 2015-ci ildən başlayaraq uşaqların təhsil uğurları barədə valideynlərə elektron xəbərlərin çatdırılması üzrə ümumölkə sisteminin tətbiqinə başlamağı nəzərdə tutub. Artıq uşaqların dərs qiymətləri barədə məlumatı elektron  poçt və ya SMS-lə  almaq mümkün olacaq. Moskvada sınaqdan keçmiş bu layihə bütün ölkə ərazisində tətbiq olunacaq.  Məlumatların hansı ardıcıllıqla verilməsi hələlik müəyyən olunmayıb. Təhsil və Elm Nazirliyindən bildiriblər ki, bu xidmət növü elektron dərsliklər, sinif jurnalları və "şagirdlərin elektron kabineti" layihəsinin tərkib hissəsi olacaq. Beləliklə də 2 ildən sonra  İnternet şəbəkədə hər bir rusiyalı məktəbli barədə məlumat olacaq.

Nazirlikdə qeyd edirlər ki, 2015-ci ildə elektron dərslik, gündəlik və sinif jurnallarının son elektron sınaqdan keçirilmə mərhələsi olacaq.  Müəllimlər artıq qiymətləri qələmlə deyil, rəqəmsal variantda qeyd edəcəklər. Hər bir şagird barədə məlumat isə məktəbin verilənlər bazasında saxlanılacaq.

Təhsil ekspertləri layihəni yüksək qiymətləndiriblər. Qeyd olunur ki, layihə  çərçivəsində valideynlər  elektron poçt və ya SMS-lə  uşaqlarının təhsil uğurlarına nəzarət edə biləcəklər.  Lakin valideynlər müvafiq informasiyaların alınması üçün öz razılıqlarını bildirməlidirlər.


Hansı cizgi filmlərinə baxmaq faydalıdır?

Cizgi filmləri azyaşlı uşaqlarda mərhəmət  və ədalətdən tutmuş zorakılıq və qəddarlığa kimi ən müxtəlif hissləri formalaşdıra  və inkişaf etdirə bilər. Psixoloqlar isə valideynlərə 3 yaşdan aşağı uşaqları  ekrana yaxın buraxmamağı tövsiyə edirlər.

Bir qədər yaşlı uşaqlara isə köhnə milli cizgi filmləri və nağıllara baxmağı məsləhət görürlər.   Psixoloqlar qeyd edirlər ki, 3 yaşdan aşağı uşaqlara istənilən cizgi filmlərinə, hətta  nə qədər yaxşı və mehriban olsalar belə, baxmaq onların xeyrinə deyil. 2 yaşa qədər körpələrin cizgi filmlərinə baxması onların psixikasında ciddi və dönməz proseslərə  yol aça bilər. Bu yaşda cizgi filminin məzmunu uşaqlar tərəfindən qavranılmır.  

 Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov