Noyabrın 8-də Bakıdakı 229 nömrəli tam orta məktəbdə 9
noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə parad
tədbiri keçirilib.
Məktəbin həyətində təşkil olunmuş tədbir ölkəmizin
azadlığı uğrunda mübarizələrdə şəhid olan vətən
oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad
olunması və Dövlət himnimizin ifası ilə başladı. Hər
birimiz üçün müqəddəs olan Dövlət bayrağı təntənəli
şəkildə zirvəyə qaldırıldı.
Mərasimdə Dövlət bayrağının yaranma tarixi, eləcə də
dövlətin əsas atributlarından biri olduğu diqqətə
çatdırılıb.
Aparıcılar bildirdilər ki, Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamına əsasən Bakıda dünyanın
ən hündür bayraq dirəyi inşa edilib və Dövlət Bayrağı
Meydanı salınıb. Bakıda inşa edilmiş həmin bayraq dirəyi
ən hündür bayraq dirəyi kimi Ginnesin rekordlar kitabına
daxil olub.
Bayram münasibəti ilə iştirakçıları təbrik edən məktəbin
direktoru Fəridə Bağırova Dövlət bayrağımız, onun
rənglərinin mənası, Dövlət bayrağı kimi qəbul
olunmasında ulu öndərimiz Heydər Əliyevin xidmətləri
haqqında danışdı.
Şagirdlər vətənpərvərlik ruhlu şeirlər söylədilər,
xorla mahnılar ifa etdilər, maraqlı səhnəciklər
göstərdilər. Daha sonra məktəbin akt zalında davam edən
tədbirdə Dövlət Bayrağı Meydanından bəhs edən film,
Azərbaycanın tarixi, görməli yerlərindən videogörüntülər
nümayiş olundu, Azərbaycan dövlətinin qurucusu,
ümummilli lider Heydər Əliyevin, ölkə Prezidenti İlham
Əliyevin Dövlət bayrağı haqqında dedikləri fikirlər
səsləndirildi.
Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi" |