Noyabrın
18-də 4 nömrəli Bakı Peşə Liseyində "Elektrik qaz
qaynaqçısı" ixtisası üzrə Resurs Mərkəzi istifadəyə
verilmişdir. Təhsil Nazirliyi və Belarus Respublikası
hökumətinin dəstəyi ilə Müasir Azərbaycan Peşəkarları
Layihəsi çərçivəsində istifadəyə verilmiş Resurs Mərkəzi
gənclərin ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb
olunması səviyyəsinin yüksəldilməsi və kadr hazırlığı
prosesinin keyfiyyətinin artırılması məqsədlərinə xidmət
edir.
Təhsil Nazirliyi Resurs Mərkəzinin yerləşdiyi binanın
əsaslı təmirini və müasir avadanlıqla təchiz edilməsini
yerinə yetirmişdir. Mərkəzdə tikinti sahəsi, xüsusən
qaynaq texnologiyaları üzrə ixtisaslı kadrların
hazırlanması üçün müasir tələblərə cavab verən şərait
yaradılmışdır. Bundan əlavə, Belarus Respublikası
hökuməti ilə əməkdaşlıq çərçivəsində ustaların Belarus
Peşə Təhsili İnstitutunda təlim keçməsi təmin olunmuşdur.
Ümumiyyətlə, müvafiq istiqamətdə aparılan islahatlar ilk
peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətinin
müasir tələblərə uyğunlaşdırılmasını təmin etməyə xidmət
edir. Həyata keçirilən pilot layihələrin nəticələrinin
digər peşə məktəblərində bir model kimi tətbiq olunması
planlaşdırılmışdır.
Onu da qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən həyata
keçirilən Müasir Azərbaycan Peşəkarları Layihəsi
çərçivəsində peşə təhsili sisteminin əhatə dairəsinin
genişləndirilməsi, kadr hazırlığı prosesinin
keyfiyyətinin yüksəldilməsi və müasir tipli pilot peşə
təhsili komplekslərinin yaradılması nəzərdə tutulmuşdur. |