Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

Formativ qiymətləndirmə ilə bağlı yeniliklər müəllimləri qane edirmi?

 

Formativ qiymətləndirmə jurnalının ləğvini müəllimlər müsbət qiymətləndirirlər 

Formativ qiymətləndirmə nədir? 

"Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat"dan çıxarış  

3.1. Formativ qiymətləndirmənin məqsədi təhsilalanın təlim prosesində məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləməkdən, bu zaman qarşıya çıxan problemləri müəyyən etməkdən və onları aradan qaldırmaqdan ibarətdir.

3.2. Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil.

3.3. Formativ qiymətləndirmə fənnin məzmun standartları üzrə təlim  məqsədləri əsasında müəyyənləşdirilmiş  qiymətləndirmə meyarlarına görə aparılır.

3.4. Müəllim qiymətləndirmə meyarlarına uyğun dörd səviyyəli rubriklər (I-IV səviyyə) hazırlayır. Zəruri hallarda rubriklər 3 və ya 5 səviyyədə tərtib oluna bilər.

3.5. Müəllim təhsilalanın fəaliyyətinin nəticəsini "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubrikə uyğun olaraq rum rəqəmləri (I, II, III və IV)  ilə, "Məktəbli kitabçası"nda isə sözlərlə yazır.

3.6. "Müəllimin formativ qiymətləndirmə dəftəri"ndə rubriklərin məzmunu və şagirdin formativ qiymətləndirilməsinə dair məlumatlar sərbəst formada aparılır.

3.7. Müəllim yarımillərin sonunda "Müəllimin formativ qiymətləndirmə dəftəri" əsasında şagirdin yarımil ərzində fəaliyyətinin qısa təsvirini hazırlayır və portfolioda saxlayır. 

2013-cü il sentyabrın 2-də təhsil nazirinin əmri ilə "Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti Təlimat" təsdiq edilib. Artıq iki aya yaxındır ki, müəllimlər yeni Təlimatla qiymətləndirmə aparırlar. Bəs görəsən yeni təlimat müəllimləri qane edirmi? Formativ qiymətləndirmə sahəsində əvvəllər mövcud olan problemlər aradan qaldırılıbmı?

Təhsil nazirinin müvafiq əmri ilə, eyni zamanda ümumi təhsil müəssisələrində formativ qiymətləndirmə jurnalının istifadəsi dayandırılıb. Bu məsələlərə münasibət bildirilməsi üçün paytaxt məktəblərində çalışan, formativ qiymətləndirmə sahəsində təcrübəsi olan bir neçə müəllimlə söhbət etdik. Onların fikirlərini oxucuların nəzərinə çatdırırıq.  


Xanım MURADOVA,

Bakıdakı 132-134 nömrəli təhsil kompleksinin biologiya müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi 

- İlk növbədə qeyd etmək istərdim ki, bizim  məktəbin  yeni  fənn  kurikulumları  tətbiq  olunan  siniflərində çalışan bütün müəllimlər "Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti Təlimat"ın  təsdiq  edilməsini  bu  sahədə atılan mühüm addım kimi dəyərləndirdilər. Çünki əvvəlki formativ qiymətləndirmə jurnalı ilə işləmək tədris prosesində müəyyən çətinliklər törədirdi. Dərs zamanı qiymətləndirmə aparıldıqda buna bir neçə dəqiqə vaxt gedirdi.  Bu  zaman  həm  də  sinifdə boşluq  yaranır və digər şagirdlər sərbəst qalırdı.

Dərslər arasında verilən 5 dəqiqə tənəffüs müddətində də bu işi yerinə yetirmək - həm jurnalda, həm də məktəbli kitabçasında qeydiyyat aparmaq olmurdu. Sonra müəllim özünü tələsik növbəti dərsi keçəcəyi digər sinfə çatdırmağa çalışırdı. İndi isə işimiz çox asanlaşıb. Mənim formativ qiymətləndirməni həyata keçirmək üçün ayırdığım dəftərçədə şagirdlərin siyahısı verilib. Onların dərsdəki fəaliyyətinin nəticəsini   qarşısındakı qrafada yalnız rubrikə uyğun olaraq səviyyələr üzrə rum rəqəmləri ilə qeyd edirəm. Məktəbli kitabçasında isə qiymətləndirməni sözlərlə yazıram. Yeri gəlmişkən, qeyd edim ki, bizim  kompleksdə Kurikulum Mərkəzi yaradılıb. Həmin mərkəzdə çalışan mütəxəssislər formativ qiymətləndirmənin həyata keçirilməsinə, gündəlik tədris prosesində bu qiymətləndirmənin düzgün aparılmasına daim xüsusi diqqət yetirirlər. 


Dilarə ƏSGƏROVA,

Bakıdakı Xarici dillər təmayüllü gimnaziyanın ibtidai sinif müəllimi 

Təhsil naziri Mikayıl Cabbarovun "Təlimatın təsdiq edilməsi barədə" 2 sentyabr 2013-cü il tarixli əmri müəllimləri gərəksiz, əlavə yükdən azad etdi. Formativ qiymətləndirmə jurnalı tədris prosesində çox çətinliklər yaradır, dərsin vaxtını alırdı. Fərdi olaraq real qiymətləndirmə aparmaq olmurdu. Ona görə də müəllimlər məcburiyyət qarşısında qalaraq jurnalda formal qeydiyyat aparırdılar. Çünki o qrafalarda ancaq birinci səviyyəni yazmağa yer çatırdı.

İndi hər bir müəllimin formativ qiymətləndirilmə apardığı ayrıca qeyd dəftəri var. Mən hər gün həmin qeyd dəftərində qiymətləndirmə aparıram. Qeyd etdiyim səviyyələrə görə şagirdin nəyi bildiyini, nədə çətinlik çəkdiyini təyin edirəm. Əvvəllər eyni fikri həm formativ qiymətləndirmə jurnalına, həm də məktəbli kitabçasına yazmalı olurduq. İndi həmin vaxtı tədrisin keyfiyyətinin yüksəlməsinə xidmət edən digər məşğuliyyətlərə sərf edirik.

Mənim fikrimcə, şagirdin fəaliyyətinin nəticəsinin məktəbli kitabçasına sözlərlə yazılması çox düzgün yanaşmadır. Bu vaxt aparsa da müntəzəm məktəbə gəlmək imkanı olmayan valideynlərlə ünsiyyət saxlamaq baxımından çox əlverişlidir. Onlar övladlarının təlim nailiyyətlərindən xəbərdar olur, çətinlik çəkdikləri sahələrdə köməklik göstərirlər. Beləliklə, şagirdlər qiymətə alışmır, verilən biliyi dərindən mənimsəyirlər. Lakin bir məsələni qeyd etmək istərdim ki, məktəbli kitabçasında qiymətləndirmə meyarlarına uyğun bütün səviyyələr üzrə rubrikləri  yazmağa yer çatmır. İxtisarla yazanda isə valideynlər oxuya bilmirlər. Gələcəkdə bunun nəzərə alınması müəllimlərin ürəyindən olardı. 


Afət ALLAHVERDİYEVA,

Bakıdakı 164 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, əməkdar müəllim 

- Bildiyimiz kimi, formativ qiymətləndirmənin məqsədi şagirdin təhsildə irəliləyişlərini izləmək, bu zaman qarşıya çıxan problemləri müəyyən etmək və onları aradan qaldırmaqdan ibarətdir. Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə olmadığı üçün hər hansı bir dövlət sənədinə əsasən aparılmasına da heç bir ehtiyac yoxdur. Hər bir müəllimin bu məsələyə fərdi yanaşması olmalıdır. Bu baxımdan mən təhsil naziri Mikayıl Cabbarovun əmri ilə formativ qiymətləndirmə jurnalının istifadəsinin dayandırılmasını normal hal hesab edirəm.

2013-2014-cü dərs ilində formativ qiymətləndirməni biz artıq "Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti Təlimat"a əsasən həyata keçiririk.

Təlimata əsasən müəllim formativ qiymətləndirməni özünün ayırdığı hər hansı bir qeyd dəftərində apara bilər. Mən hər bir fənnin məzmun xətlərinə uyğun müşahidə vərəqləri hazırlamışam. Həmin müşahidə vərəqləri ilə hər gün şagirdlərin təlim bacarıqlarının hansı səviyyədə olmasının xüsusi işarələrlə qeydiyyatını aparıram. Həftə sonunda valideynlərlə görüş keçirir və hər bir uşaq haqqında məlumatı çatdırıram. Geriləmə müşahidə olunan şagirdlər üçün köməkçi tapşırıqlar hazırlanır. Bu eyni zamanda müəllim-şagird-valideyn əməkdaşlığının yaranmasına və vaxt keçdikcə daha da möhkəmlənməsinə gətirib çıxarır.

Deməli, formativ qiymətləndirməni həyata keçirmək üçün hər hansı bir sənədin təyin edilməsi o qədər də vacib deyil. Əsas odur ki, müəllim işinə məsuliyyətlə, yaradıcı yanaşsın.  


Xalidə RƏŞİDOVA,

Bakıdakı İlyas Əfəndiyev adına "Elitar" gimnaziyanın ingilis dili müəllimi  

- Təbii ki, formativ qiymətləndirmə jurnalının istifadəsinin dayandırılması təhsil naziri Mikayıl Cabbarov tərəfindən atılan çox müsbət bir addımdır.

Nəticəsi olmayan bir işi görmək mənasızdır. Bu baxımdan eyni meyarı həm məktəbli kitabçasına, həm iş vərəqinə, həm də jurnala yazmağın heç bir əhəmiyyəti, məntiqi əsası yox idi.

Jurnalın özünə gəldikdə isə qrafalar kiçik və sıx olduğundan meyarlar yerləşmirdi. Uşaqların adlarının qarşısında meyar əvəzinə hər hansı bir işarə yazılsaydı, daha ağlabatan olardı. Digər tərəfdən, bir gün ərzində eyni meyarı bir neçə şagirdin qarşısında yazmaq nə dərəcədə düzgündür?

Jurnalın yazılması müəllimin vaxtını çox alırdı. Müəllim məcburiyyət qarşısında çox gərəksiz bir işi yerinə yetirməli olurdu. Mən hesab edirəm ki, məktəbdaxili qiymətləndirmənin digər növləri - diaqnostik və summativ qiymətləndirmə ilə müqayisədə formativ qiymətləndirmə daha mühüm əhəmiyyət kəsb edir. Çünki formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq həyata keçirilir.

Formativ qiymətləndirmənin müsbət cəhətləri kimi şagirddə fikrini sərbəst ifadə etmək, xüsusi qabiliyyətini nümayiş etdirə bilmək bacarığını formalaşdırmasını göstərmək olar.

Lakin onu da etiraf etməliyik ki, yeni qiymətləndirmə sisteminin tətbiqi sahəsində hələ də boşluqlar mövcuddur. Bu sahədə bir sıra dəyişikliklərin həyata keçirilməsi zəruridir.


Aynur QURBANOVA,

Bakıdakı Məktəb-lisey kompleksinin tarix müəllimi 

- Əvvəllər formativ qiymətləndirmə jurnalında qeydlərin aparılması üçün keçən vaxtı indi tədrisə sərf edirik. Bu da tədrisin keyfiyyətinin  yüksəlməsinə xidmət edir.

Bu baxımdan formativ qiymətləndirmə jurnalının istifadəsinin dayandırılmasını müsbət hal kimi dəyərləndirirəm. Fikrimi əsaslandırmaq üçün bəzi məqamlara toxunmaq istərdim.

Jurnalda şagirdlərin adlarını yazmaq üçün cəmi 26 yer var idi. Sinifdə 5-10 uşaq artıq olanda qrafaları ortadan bölməyə məcbur olurduq. Jurnalda vərəqlərin sayı az olduğundan tez-tez üzünü  çıxartdırmaqdan yorulmuşduq.

Artıq keçən tədris ilindən müəyyən təcrübəmiz olduğundan şagirdlərin nailiyyətlərini qiymətləndirməkdə o qədər də çətinlik çəkmirik. Cari dərs ilində "Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti Təlimat"ın tətbiqi isə bu işdə bizə çox böyük yardımçı olur. İndi gərəksiz işləri yerinə yetirməkdən azad olan müəllimlər özlərini daha sərbəst hiss edir və formativ qiymətləndirmə sahəsində işlərini Təlimata əsasən düzgün qura bilirlər. Bildiyimiz kimi, formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. Buna görə də mən ayırdığım qeyd  dəftərində şagirdlərin formativ qiymətləndirilməsinə dair məlumatları işlədiyim kimi apara bilirəm. Əksər müəllimlər kimi, mən də şagirdin fəaliyyətinin nəticəsinin məktəbli kitabçasında sözlərlə yazılmasını vacib sayıram. Çünki qiymətdə şagirdin təlim nailiyyəti əks olunmur. 

Hazırladı: Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov