Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

Coğrafiya fənninin tədrisində fəal təlimin əhəmiyyəti

 

Böyütmək üçün şəkili seçinBütün dünya kimi Azərbaycan Respublikası da III minilliyə qədəm qoymuşdur. Bu gün məktəbdə təlim alan uşaqlar yaxın gələcəkdə cəmiyyətimizin tamhüquqlu üzvləri olacaqlar. Qarşıya belə bir sual çıxır: "Gələcəyin təlimi necə olmalıdır? XXI əsrdə insanlara vacib olan bilik, bacarıq, vərdiş və keyfiyyətlər hansılardır?".

Biz sürətlə dəyişən dünyada yaşayırıq. Elmin, texnika və texnologiyanın sıçrayışlı inkişafının şahidləriyik. Daima dəyişən həyata alışmaq üçün çevik olmaq, yeni şəraitə uyğunlaşmaq, öz qabiliyyətlərini gerçəkləşdirməyi bacarmaq, özünüinkişafa və özünütəkmilləşdirməyə hazır olmaq zəruridir. Bu gün pedaqoji ictimaiyyətin qarşısında duran vacib məsələlərdən biri, yaradıcılığa meyilli, geniş dünyagörüşə malik, hərtərəfli biliyə yiyələnmiş şəxsiyyətin formalaşdırılmasıdır.

Qarşısındakı şagirdə tələb olunan keyfiyyətləri aşılamaq isə, ilk növbədə, orta məktəb müəlliminin  vəzifəsidir. Deməli, müəllim də öz gələcək fəaliyyətini yeni əsaslarla qurmağa çalışmalıdır.

Müasir təlim metodlarından istifadə, ilk növbədə, müəllimin öz işinə yaradıcı yanaşmasına, şagird-müəllim münasibətlərində səmimiliyin yaranmasına imkan verir, ikinci bir tərəfdən isə şagirdlər müstəqil fikir yürütməyə vərdiş edir, onların tam fəallığı təmin olunur, onlar yeni bilikləri hazır şəkildə yox, apardıqları tədqiqatın gedişində əldə edirlər.

Yeni texnologiyalarla qurulan müasir dərsdə müəllim istiqamətverici rol oynayır. Burada əsas fikir və söz şagirdindir. 

Müasir dərslər motivasiya ilə başlayır. Burada əsas məqsəd yaddaş məktəbindən təfəkkür məktəbinə keçməkdir. Yaddaş məktəbində biz şagirdə yalnız bilik verməklə məşğul idik. Verdiyimiz biliklərin həyata tətbiqinə o qədər də əhəmiyyət verilmirdi. İndi şagirdlərdən öyrəndiyi bilikləri həyata tətbiq etmək bacarığı tələb olunur. Ənənəvi dərsdə şagirdin özünün tədqiqata qatılmasına şərait yaradılmırdı, müasir üsullarda isə əksinə, şagird özü düşünür, sintez edir, tədqiqat aparır, nəticə çıxarır.

Uzunmüddətli pedaqoji təcrübəyə malik coğrafiya müəllimi kimi mən də fəal təlim metodlarını dərslərimdə tez-tez tətbiq edirəm.

IX sinifdə "Qərbi Avropa ölkələri" mövzusunda keçdiyim fəal dərsin bəzi məqamlarını oxuculara çatdırmaq istəyirəm.

Dərsin ilk mərhələsində liderlik və nüfuz haqqında söhbət aparılır. Kompüterin köməyilə şagirdlərə Avropa İttifaqı və Avropa Şurasının bayraq və iqamətgahları, Avropanın iri şəhərləri, mühüm turizm bölgələri, Eyfel qülləsi, dünyanı qərb və şərq yarımkürələrinə bölən Qrinviç rəsədxanası, Cəbəllütariq boğazı və s. slaydlar   şəklində göstərilir. 

Şəkillər və slaydlar vasitəsilə tədqiqat sualı müəyyənləşdirilir:

Biz bu regionu nə üçün öyrənirik?

Qrupların cavabları:

1. Çox böyük iqtisadi gücünə, həm də siyasi çəkisinə görə.

2. Dünya təsərrüfatının mühüm mərkəzlərindən biri olduğuna görə.

3. İnsan haqları və vətəndaş hüquqlarının yüksək səviyyədə qorunduğu regiondur.

4. Siyasi dünyagörüşümüzü artırmaq üçün.

  Avropa köhnə,yaxud yeni dünya adlanır?

Qərbi Avropa ölkələrinin hamısının inkişaf etmiş ölkələrə aid edilməsinin səbəbi nədir?

Ayrı-ayrı qrupların cavabları meyarlar cədvəlində öz qiymətini alır.

Dərsin əsas hissəsi olan tədqiqatın aparılması qruplar şəklində təşkil olunur.

I qrup - Qərbi Avropanın iqtisadi-coğrafi mövqeyi, ərazi, təbii ehtiyatları

II qrup - Qərbi Avropanın əhalisi

III qrup - Sənaye və kənd təsərrüfatı

IV qrup - Nəqliyyat və xarici əlaqələri

Məlumatın mübadiləsi və müzakirəsi:

Hər bir qrupun təqdimatı digər qruplar tərəfindən dinlənilir.

Şagirdlərin əldə etdikləri biliklərin mövzu çərçivəsində qalması diqqət mərkəzində saxlanılır.

Təcrübə göstərir ki, qrup halında tapşırıqların yerinə yetirilməsi şagirdlərin qarşılıqlı əməkdaşlığına və biliyi sərbəst əldə etmək bacarıqlarının inkişaf etməsinə şərait yaradır.

Ümumiləşdirici nəticə:

Ayrı-ayrı qruplara test tapşırıqları təqdim olunur. Hər bir qrup öz cavablarını müəllimə təqdim edir, cavablar hazır şablonlar vasitəsilə yoxlanılaraq, nəticələr ümumiləşdirilir.

Ayrı-ayrı qrupların aldıqları ballar toplanaraq meyarlar cədvəlində qeyd olunur. Qalib komanda elan olunur.

Dərsin sonunda mövzu ilə bağlı açılmış sərgi həm şagirdlərə, həm də qonaqlara təqdim olunur.

Refleksiya:

1. Mövzunun keçilməsi sizə nə verdi?

2. Avropa-Azərbaycan əlaqələri haqqında nə bilirsiniz?

3. Avropada təhsil almaq istərdinizmi?

4. Avropa mövzusu ilə bağlı daha nələri öyrənmək istərdiniz? 

Zalxa RAZIYEVA,
N.Allahverdiyev adına Qax şəhər 2 nömrəli məktəb-liseyin coğrafiya müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov