Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

Xaricdə təhsil alan tələbələrimiz

Günümün çox hissəsini tədqiqat laboratoriyalarında keçirirəm

 

1991-ci ildə Moskva şəhərində anadan olmuşam. 1998-2006-cı illərdə Bakı şəhəri Nizami rayonundakı E.Quliyev adına 15 nömrəli tam orta məktəbdə təhsil almışam. 2006-cı ildə Bakı Türk Anadolu Liseyinə qəbul olunmuşam. 2010-cu ildə TCS (Türkiyə Cümhuriyyəti Sınavı) imtahanında respublika üzrə yüksək nəticə göstərərək 45 şagirddən biri kimi Türkiyə Respublikası İstanbul Universitetinin genetika fakültəsinə daxil olmuşam. Hazırda bu təhsil ocağında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsilimi davam etdirirəm. Dördüncü kurs tələbəsiyəm.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesi çox yüksək səviyyədə və ədalətli keçdi. Üç mərhələdən ibarət seçim prosesi ixtisaslı kadrlar tərəfindən aparıldı və bacarıqlarımız dəyərləndirildi. Düşünürəm ki, Dövlət Proqramı dünyanın ən güclü və qabaqcıl elm və tədqiqat mərkəzlərində təhsil almaq istəyən kreativ, ambisiyalı və potensiallı Azərbaycan gənci üçün əla bir şansdır. Ayrılan təqaüdlər və yaradılmış şərait heç bir maddi və mənəvi çətinlik yaratmadan keyfiyyətli təhsilin alınması üçün gözəl imkanlar yaradır.    Seçdiyim ixtisas prioritet sahələr arasındadır və düşünürəm ki, genetika elminin ölkəmizdə inkişafına şərait yaradılması müsbət haldır.

Tələbə həyatı olduqca maraqlıdır, eyni zamanda çətinliklər də vardır. Günümün çox hissəsini universitetdə, tədqiqat laboratoriyalarında və kitabxanada keçirirəm. Təcrübə və tədqiqatlarımı eyni zamanda İstanbul Universitetinin tibb fakültəsi, Uşaq Sağlamlığı İnstitutunun  tibbi genetika kafedrasında da aparıram və mənə köməyini heç vaxt əsirgəməyən professor, müəllimlərimə öz minnətdarlığımı bildirirəm.

Təhsil aldığımız ölkələrdə biz  eyni zamanda Azərbaycanın milli dəyərləri və maraqlarını təmsil və təbliğ edəcək bir diaspora üzvüyük. Bizim əsas məqsədlərimizdən biri də Azərbaycanı dünyada tanıtmaqdır. Ölkəmizin mədəni irsini və dəyərlərini ən layiqli şəkildə təmsil etmək bizim birinci və ən önəmli vəzifəmizdir. Təhsillə yanaşı, mən ictimai və akademik fəaliyyətlərdə də yer almağa çalışıram. Tələbə yoldaşlarımızla birlikdə seminarlar və konfranslar təşkil edirik.  Hər il qış ayında İstanbul Universitetinin genetika dərnəyinin nəzdində "Qış məktəbi" təşkil edir və xarici ölkələrdən professorlar və müəllimlər dəvət edirik. Yeni  elmi işlərlə, metodlarla  tanış olur, əməkdaşlıq əlaqələrini möhkəmləndiririk.

Türkiyə Respublikasında təxminən 3000-ə yaxın tələbəmiz təhsil alır və bunun da böyük hissəsi İstanbul şəhərinin payına düşür. Biz Azərbaycan diasporası və İstanbuldakı Baş Konsulluğumuz ilə sıx əməkdaşlıq edir, Azərbaycan həqiqətlərinin dünyaya yayılması məqsədilə mütəmadi tədbirlər keçiririk. Mən ASAİF təşkilatının (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) üzvüyəm və istər ölkə daxilində, istərsə də ölkə xaricində keçirilən konfranslarda fəal iştirak edirəm. İstanbulda təşkil olunan Azərbaycan mədəniyyəti gecələrində, ölkəmizin mədəni-tarixi irsinin tanıdılması məqsədilə təşkil edilən tədbirlərdə fəal iştirak etməyə çalışıram.

İstanbul Universiteti Türkiyənin ən qədim təhsil ocağıdır.  Əsası 1453-cü il mayın 30-da Fateh Sultan Mehmet tərəfindən qoyulmuşdur. Hazırda bu universitetdə 55 min tələbə təhsil alır və bu ali məktəb dünyanın 500 ən yaxşı universitetinin siyahısına (2006-cı il) daxil olmuş ilk Türkiyə universitetidir. Eyni zamanda Asiyanın 100 ən yaxşı universiteti sırasındadır.

Təhsilimi müvəffəqiyyətlə başa vurduqdan sonra ölkəmə xidmət etməyi özümə borc bilirəm. Xüsusilə də doğumdan öncəki diaqnostika, genetik irsi xəstəliklərin diaqnostikası və genetik balansın qorunması, gen bankının yaradılması mənim üçün ən önəmli hədəflərdəndir. Əminliklə söyləyə bilərəm ki, təhsilimi uğurlu şəkildə başa vurduqdan sonra Vətənə dönəcək, əldə etdiyim bilikləri və qazandığım təcrübələri vətəndaşlarımızın sağlamlığına sərf edəcəyəm. 

Ağarza AĞAYEV,
Türkiyənin İstanbul Universitetinin tələbəsi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov