Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Noyabr 2013 - №45

 

Uşaqlar qayğı ilə əhatə olunurlar

 

Bu ilin  iyulunda  ölkənin müxtəlif bölgələrində  imkansız ailələrin övladlarına  yönəlik 8 günərzi mərkəzi  pilot layihə olaraq  fəaliyyətə başlayıb. Bölgələrin  həm ictimai həyatında, həm də sosial sferasında  mühüm rol oynayan layihə dekabrın 31-dək Astara rayonunda  həyata keçiriləcək. Layihə çərçivəsində  12 yaşadək çətin həyat şəraiti olan uşaqlara Günərzi Qayğı Mərkəzində həm maddi, həm də mənəvi yardım göstərilir.

Günərzi Qayğı Mərkəzində  məktəbəqədər və məktəbyaşlı uşaqlardan ibarət iki qrup formalaşdırılıb. Günərzi Qayğı Mərkəzində uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesi təşkil edilir.  Risk qrupuna aid olan uşaqların  ahəngdar inkişafını və tərbiyəsini təmin etmək məqsədilə müxtəlif təlimlər həyata keçirilir. 

Günərzi Qayğı Mərkəzində  uşaqlar rahat yataq otaqları, tədris kabinetləri, oyun zalı ilə təmin ediliblər. Burada uşaqlar  gündə 3 dəfə yeməklə qidalanırlar. Mərkəzdə kompüter dərnəyi vasitəsi ilə uşaqlara müasir dövrün yeni texnologiyasından  istifadə qaydaları öyrədilir. İngilis dili mütəxəssisi Kəmalə Nəsirovanın könüllü olaraq apardığı dərnəkdə isə  həftədə  iki dəfə olmaqla  ən kiçikyaşlı uşaqlara ilkin dil vərdişləri öyrədilir. Mərkəzdə psixoloq tərəfindən  psixoloji testlər, pedaqoq və tərbiyəçi müəllim tərəfindən müxtəlif  dərslər, təlimlər, musiqi dərsləri, festivalları, idman yarışları və əyləncəli oyunlar keçirilir. Həssas qruplardan olan uşaqlarla ciddi iş aparılır, onların ümumi inkişafı üçün məqsədyönlü  işlər görülür.

Uşaqların asudə vaxtlarının səmərəli  keçməsi məqsədilə müxtəlif ekskursiyalar, oyunlar təşkil olunur, cizgi filmləri nümayiş etdirilir. Mərkəzdə  dövlət səviyyəli bütün bayramlar xüsusi olaraq qeyd edilir.  Mərkəzin həyətyanı sahəsində kiçik bayraq meydanı yaradılıb və üçrəngli bayraq ucaldılıb. Məhz bu meydanda mərkəzin uşaqları bayram gününü Azərbaycanın Dövlət himni ilə qarşılayıblar. Tədbirdə Xalidə müəllim bayrağın müqəddəsliyi ilə bağlı fikirləri uşaqlara çatdırıb.

Uşaqlar hər ay xüsusi olaraq  gəzinti proqramlarından  bəhrələnirlər. Masallının, Yardımlının  istirahət ocaqlarına  gəzintilər onların duyğularının, təbiəti hiss etmək, əylənmək ehtiyaclarının ödənilməsinə böyük köməklik göstərir.

Günərzi Qayğı Mərkəzinin icraçı direktoru Səbuhi Nağıyev bildirib ki, facebook sosial şəbəkəsində yaradılmış "Astara günərzi mərkəzi" bir qrup olaraq özündə  1000-dən çox üzvü birləşdirir. Ən operativ xəbərlər  qrup üzvlərinin nəzərinə çatdırılır. Tanınmış  ziyalıların, jurnalistlərin, mədəniyyət işçilərinin burada təmsil olunması  məqsəd olaraq qarşıya qoyulub.  

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov