Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Noyabr 2013 - №46

 

Əziz müəllimimiz, biz sizə borcluyuq

 

Müəllim! Hər birimiz üçün bu ən ali bir sözdür. Türklər müəllimə öyrətmən, xoca, fransızlar metğ, ruslar uçitel, ingilislər tiçə  deyirlər. Hansı dildə necə deyildiyindən asılı olmayaraq bu sözlərin hamısı bir məna kəsb edir - insanlara elmi öyrədən,  həyatı öyrədən parlaq simalı səxslər. Bu adı daşımaq həm fəxrdir, həm də həddindən artıq məsuliyyət deməkdir.

Haqqında söhbət açdığımız səxs uzun müddət Bərdə rayon Məmmədli kənd orta məktəbində riyaziyyat müəllimi işləmiş Volodya Qulu oğlu Hüseynovdur. O, 1940-cı ildə Bərdə rayonunun Məmmədli kəndində kolxozçu ailəsində anadan olub. Atası Böyük Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanmış və geri gayıtmamışdır. Atasının üzünü belə görməyən Volodya müəllim II Dünya müharibəsinin acıları və fəlakətləri ilə dolu bir uşaqlıq dövrü yaşayıb. O, elə kiçik vaxtlarından nəinki həmyaşıdlarından fərqlənir, hətta özündən bir neçə yaş böyüklərdən belə öz istedadı və bacarığı ilə seçilirdi.

Dəqiq elmlərə xüsusi meyli olan gənc Volodya 1962-ci ildə Bakı Dövlət Universitetinin  mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Əla qiymətlərlə oxuyan Volodyanın Bakıda qalmaq, elmi fəaliyyətlə məşğul olmaq şansı yüksək olsa da, o, 1967-ci ildə ali təhsil ocağını bitirdikdən sonra öz arzusu ilə doğma məktəbinə qayıdır.

...1968-ci ilin sentyabr ayı idi. Məmmədli kənd orta məktəbinə bir neçə cavan kadr işə gəlmişdi. Onlardan biri də Volodya müəllim idi. O vaxt 4-cü sinifdə oxuyurduq və bizim 5-ci sinifdə ilk riyaziyyat müəllimimiz Volodya müəllim oldu. İlk gündən qayğıkeşlik, ciddilik və tələbkarlıq özünü göstərirdi. Adətən ibtidai sinifdə bir müəllimin dərs keçməsinə adət edən şagirdlər, indi bir neçə müəllimin onlara dərs keçməsinə çətin alışırdılar. Bu mənada şagirdlər üzərindən psixoloji yükü götürmək, ayrı-ayrı fənlərin mənimsənilməsində onlara yardımçı olmaq müəllimlərdən böyük pedaqoji qabiliyyət tələb edirdi.  Məhz həmin  müəllimlər içərisində Volodya müəllim öz dərs keçmə metodu, yüksək elmliyi, tələbkarlığı və ciddiliyi ilə başqalarından fərqlənirdi. O vaxtlar  5-ci sinifdə riyaziyyat dərsliyi kimi "Hesab" kitabından istifadə olunurdu və kəsrlər bəhsi həmin kitabda bir fəsil kimi verilmişdi. Uşaqlar məxrəcləri müxtəlif olan kəsrlərin toplanması mövzusunu öyrənməkdə çətinlik çəkirdilər. Onda Volodya müəllim pedaqoji ustalıqla onu elə izah etdi ki, hətta ən zəif şagirdlər belə bu mövzunu asanlıqla qavradılar.

Şagirdlərin dərsi  tam qavraması üçün bəzən  bir pedaqoji cəza olaraq dərsdən sonra onları əlavə dərsə çağırmaq Volodya müəllimin pedaqoji iş üsullarından biri idi. Kənd yerində özünün məktəbdən kənar vaxtını uşaqların savadlanmasına sərf etmək hər müəllimə aid olan xüsusiyyət deyil. Uşaqların riyaziyyat fənninə olan marağını artırmaq üçün o müxtəlif üsullara əl atır, riyaziyyatdan məktəbdaxili olimpiadalar, dərnəklər təşkil edirdi.

Volodya müəllimin təşəbbüsü ilə məktəbimizdə "Pifaqor klubu" başlığı altında divar qəzeti buraxılırdı. Bu qəzetdə məşhur riyaziyyatçıların həyat və fəaliyyətlərı, elmi əsərləri və kəşfləri barədə məlumatlar verilir, olimpiada tipli  məsələ və misallar yazılırdı. Həmin məsələ və misalları həll edənlərin adları məktəbimizdə fərqlənmə lövhəsində qeyd olunurdu.

 Yadımdadır ki, yeddinci sinifdə oxuyurduq. O zamanlar respublikamızda "Azərbaycan gəncləri" adlı qəzet nəşr olunurdu. Bu qəzetdə hərdən Azərbaycan SSR Maarif Nazirliyinin təşəbbüsü ilə müxtəlif fənlər üzrə qiyabi olimpiadalar keçirilirdi. Bir gün Volodya müəllim, "Akif yanıma gəl", - deyə məni çağıraraq "Azərbaycan gəncləri" qəzetində verilən riyaziyyatdan olimpiada məsələ və misallarını həll etməyi tapşırdı. Mən həmin misalları həll etdim və onları Azərbaycan SSR Maarif Nazirliyinə göndərdik. Birinci yerə çıxdığım üçün məktəbimizə Maarif  Nazirliyi tərəfindən  xüsusi təşəkkür məktubu göndərilmişdi.

Volodya müəllimin şagirdlər tərəfindən dərsin öyrənilməsinə var gücü ilə çalışması hər müəllimə xas olan xüsusiyyət deyil.

Bax, bu cür müəllimlik fəaliyyətinin nəticəsi idi ki, respublikamızın müxtəlif ali məktəblərinə, əsasən texniki yönümlü məktəblərə daxil olan şagirdlərin sayı ilbəil artırdı.

Volodya müəllim fundamental və universal biliyə malik olan bir ziyalıdır. O, öz işini gözəl bilən tələbkar, ciddi müəllim və istedadlı pedaqoq olmaqla bərabər həm də sadə, qayğıkeş bir insandır. Kəndi, onun adamlarını yaxşı tanıdığından, hamıya fərdi yanaşırdı. Öz səmimiyyəti ilə şagirdlərlə tez bir zamanda ünsiyyət qurmağı bacarırdı. Dərs dediyi şagirdlərdən, onların valideynlərindən və ya ailə üzvlərindən xəstələnən olanda hökmən onlara baş çəkər, qayğısını, köməyini əsirgəməzdi. Bizimlə birlikdə məktəbin stadionunda idman etməkdən, voleybol oynamaqdan belə çəkinməzdi.

Volodya müəllim zəhmətkeşliyi ilə də hamıdan seçilirdi. O vaxtlar tez-tez iməciliklər təşkil olunardı. Volodya müəllim üstümüzdə  rəhbər olsa da, bizimlə bərabər, hətta bizdən də çox çalışardı, bu təmənnasız, faydalı əməkdən zövq alardı. Kəndin xeyir-şərində, ictimai işlərdə həmişə öndə olardı. Onda əsl ziyalı xüsusiyyətləri vardır, kəndimizin, məktəbimizin tanınan simalarından biri olmaqla bərabər, həm də gözəl ailə başçısı- iki qız, iki oğlan atasıdır. Bu gün Volodya müəllim təqaüddədir. Onun müəllimlik fəaliyyəti gənc müəllim kadrları  üçün əsl örnək olmalıdır.  Məmmədli kənd orta məktəbinin məzunu olan hər bir  şəxs Volodya müəllimi gözəl bir pedaqoq, əsl müəllim kimi qiymətləndirir və  qəlblərində gözəl bir insan kimi yaşadırlar. 

Bu il onun 73 yaşı tamam olur. Ömrünüz uzun, canınız sağ olsun, əziz müəllimimiz! Arzu edirik ki, növbəti 80, 100  illik yubileylərinizə toplaşaq, insan həyatının ən kövrək, ən qayğısız illərini - orta məktəb illərini sizinlə birlikdə xatırlayaq. Biz Sizə borclu və minnətdarıq!  

Akif HACIYEV,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin baş məsləhətçisi,  fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,

Mirheydər ABBASOV,
AMEA-nın aparıcı elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov