Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Noyabr 2013 - №46

 

"Azad Mirzəcanzadə zirvəsi" mövzusunda elmi konfrans

 

Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi ilə birgə "Azad Mirzəcanzadə zirvəsi" mövzusunda elmi konfrans keçirilib. Konfrans AMEA-nın həqiqi üzvü, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi Azad Xəlil oğlu Mirzəcanzadənin anadan olmasının 85 illiyi ilə əlaqədar təşkil olunub.

Konfransı giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq alimin həyat və elmi yaradıcılığı haqqında məlumat verib. Bildirilib ki, Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olub, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alıb və dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə isə doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu ildə professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib.

AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev vurğulayıb ki, Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanıb. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmi nəzəri məsələlər səviyyəsində araşdırılıb. Akademik İsmayıl Hacıyev Azərbaycan elminə başucalığı gətirən Azad Mirzəcanzadə ilə bağlı xatirələrini də bölüşüb.

Konfransda NDU-nun elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyevin "Azərbaycan elminin inkişafında akademik Azad Mirzəcanzadənin rolu", AMEA Naxçıvan bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktoru, kimya elmləri doktoru Əliəddin Abbasovun "İstedaddan yoğrulmuş əbədiyyət nümunəsi", NDU-nun memarlıq və mühəndislik fakültəsinin dekanı, dosent Cavanşir Zeynalovun "Arzum Azərbaycanı dünyanın intellekt bazarında layiqli yerdə görməkdir", AMEA Naxçıvan bölməsi Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri, fizika üzrə fəlsəfə doktoru Məmməd Hüseynəliyevin "Görkəmli alim, unudulmaz şəxsiyyət", NDU-nun baş müəllimi,  riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Salmanovun "Azad Mirzəcanzadə Azərbaycan neft sənayesində nanotexnologiyadan istifadə olunmasının banisi kimi" mövzularında məruzələri dinlənilib. Məruzələrdə bildirilib ki, son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olub, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf edib. Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında da yaxından iştirak edib. Orijinal elmi ideyaları və onları gerçəkləşdirmək istedadı ilə ölkəmizdən uzaqlarda da böyük şöhrət qazanmış akademik yaddaşlarda Azərbaycan elminin fəxri, onun ən parlaq simalarından biri kimi yaşayacaqdır.

Konfransda Azad Mirzəcanzadənin həyat və yaradıcılığına həsr olunmuş slayd nümayiş etdirilib.  

Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov