Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi-mən bu
haqda nə bilirəm?" inşa müsabiqəsinin yekununa və
"Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika
(1987-2011)" kitabının təqdimatına həsr olunan tədbir
keçirilib. Tədbiri akademiyanın rektoru, akademik Urxan
Ələkbərov açaraq erməni millətçiləri tərəfindən
xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə,
soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyətinin
açıqlandığını, bu hadisələrə siyasi-hüquqi qiymət
verildiyini bildirib. Ermənistanın Azərbaycana
təcavüzündən söz açan akademik vurğulayıb ki, bu
istiqamətdə olan tədbirlər, inşa müsabiqələri, yazılan
kitablar gənc nəslin öz tarixinə sahib çıxmaqla yanaşı,
erməni millətçiliyinin mahiyyətinin, xalqımıza qarşı
əsrlər boyu qanlı qırğınlarla müşayiət olunan təcavüzün
təkzibolunmaz faktlar əsasında təhlili, adıçəkilən
ölkənin Azərbaycana qarşı həyata keçirdiyi dövlət
terrorizmi siyasətinin dünya ictimaiyyətinə çatdırılması
baxımından böyük əhəmiyyət daşıyır.
Çıxış üçün söz alan Dövlət İdarəçilik Akademiyasının
dosenti, "Azərbaycan Respublikası Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin
analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədov,
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə
Şurasının sədri Orxan Əkbərov, DİA-nın Həmkarlar
İttifaqı Komitəsinin sədri, filologiya üzrə fəlsəfə
doktoru Yusif Ağayev, akademiyanın elmi kitabxanasının
müdiri Fəridə Mahmudova və digərləri həyata keçirilən
belə tədbirlərin əhəmiyyətini qeyd edərək tələbələrin
sərbəst yazı və yaradıcılıq qabiliyyətlərinin inkişaf
etdirilməsinə şərait yaradılmasının, istedadlı gənclərin
üzə çıxarılmasının vacibliyi barədə danışıblar.
Natiqlər qeyd ediblər ki, peşəsindən, vəzifəsindən
asılı olmayaraq hər bir azərbaycanlının fəaliyyətinin
ayrıca bir istiqamətini, hədəfini işğal olunmuş
torpaqlarımızın azad olunması missiyası təşkil
etməlidir. Hər birimiz Dağlıq Qarabağ uğrunda Azərbaycan
dövlətinin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin
yürütdüyü siyasətə dəstək verməliyik. Ermənilərin
Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinə
biliyin, səriştənin, intellektin gücü ilə yanaşmalıyıq.
Eyni zamanda hər birimiz həm də biliklə
silahlanmalıyıq.
Tədbirin sonunda inşa müsabiqəsinin qaliblərinə -
akademiyanın inzibati idarəetmə fakültəsinin II kurs
tələbəsi Rəşad Əlizadəyə (I yer), inzibati idarəetmə
fakültəsinin II kurs tələbəsi Aytac Seyidəliyevaya (II
yer), siyasi idarəetmə fakültəsinin I kurs tələbəsi
Rukiyyə Tağısoya (III yer) diplomlar və müxtəlif
kitablar verilib.
Yığıncaqda həmçinin "Ermənistanın Azərbaycana təcavüzü:
təhlili xronika (1987-2011)" adlı kitabın təqdimatı
olub. Kitabın müəllifi Dövlət İdarəçilik Akademiyasının
dosenti, "Azərbaycan Respublikası Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin
analitik-informasiya mərkəzinin müdiri Elçin
Əhmədovdur.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |