Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

Təhsil naziri Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşüb

 

Böyütmək üçün şəkili seçinDekabrın 4-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşüb.

Təhsil naziri Mikayıl Cabbarov ilk öncə görüş iştirakçılarını salamlayıb, bu tədbirə dəvət olunmaqdan məmnunluğunu ifadə edib. Nazir belə görüş və müzakirələrin dövlət və özəl biznes qurumları ilə təhsil müəssisələrinin səmərəli əməkdaşlığının inkişafına yeni töhfələr verəcəyinə əminliyini bildirib.

Nazir bütün dəyərli təkliflərin səmimi müzakirələr zamanı meydana çıxdığını nəzərə çatdırıb: "Sizlərlə həm işgüzar insan, həm fəal vətəndaş, həm də bir valideyn kimi danışmaq, gələcəyimiz olan uşaqların və gənclərin həyatında təhsilin rolunu müzakirə etmək və dəyərləndirmək istərdim".

Ölkəmizin dünya bazarında rəqabətliliyinin və xalqın firavanlığının təmin edilməsinə toxunan nazir bunun təhsilalanlar üçün nə qədər keyfiyyətli təhsil mühiti yaradılmasından asılı olduğunu bildirib. Bu baxımdan Təhsil Nazirliyi biznes dünyası ilə sosial əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir.

Müasir iqtisadi inkişaf konsepsiyasının müəyyənləşdirilməsi ilə bağlı dünya təcrübəsi deməyə əsas verir ki, təhsil sahəsi ilə biznes dünyasının əməkdaşlığı hərtərəfli perspektiv inkişafı təmin edir. İqtisadi uğurlar əldə etmiş ölkələrdə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması sosial-iqtisadi siyasətin prioritet istiqamətini təşkil edir.

Təhsil islahatlarının nəticələrinin dərhal hiss olunmadığını vurğulayan nazir bildirib ki, islahatlar təhsil prosesinin davamlılığının və fasiləsizliyinin təmin edilməsi şərti ilə mümkün qədər sürətləndirilməlidir. Azərbaycanda ölkənin davamlı tərəqqisi baxımından insan resurslarının inkişafı məsələsinə xüsusi əhəmiyyət verildiyini önə çəkən təhsil naziri dövlət başçısının irəli sürdüyü konsepsiyaya uyğun olaraq, əsas strateji hədəfin neft kapitalının insan kapitalına çevrilməsi olduğunu söyləyib. Ancaq təhsil sisteminin yeni səviyyəyə qaldırılmasına, onun keyfiyyət və effektivliyinin artırılmasına nail olmadan bu məsələni yerinə yetirmək mümkün deyil.

Nazir bu gün Azərbaycanda təhsil sahəsinə dövlət səviyyəsində xüsusi diqqət göstərildiyini qeyd edib. Ölkə Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" bu sahəyə verilən önəmi bir daha bariz şəkildə nümayiş etdirir. Dövlət Strategiyası təhsilimizin qarşısında duran əsas çağırışları müəyyən edir, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi üçün yolları göstərir. Dövlət Strategiyasının əhatə etdiyi istiqamətləri sadalayan nazir bu sənədin bir çox vacib hədəflər üzrə islahatlara zəmin yaratdığını vurğulayıb.

Nazir qeyd edib ki, strategiyada uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumların hazırlanması, məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurikulumların hazırlanması, məktəbəqədər, eləcə də ümumi təhsil müəssisələrində uşaqlara müvafiq xidmətlərin göstərilməsi (dərs və ya təlim vəsaitləri və s.) də strateji hədəflər sırasında yer alıb. Həmçinin, təhsil naziri erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılmasının əsas məqsəd kimi qarşıya qoyulduğunu söyləyərək bildirib: "Burada bir məqamı da nəzərə almaq lazımdır ki, biz məktəbəqədər təhsili təhsil pillələrinin çox vacib həlqəsi kimi nəzərə alaraq onun inkişaf perspektivini çox aydın görürük. Bu gün müasir təhsil platforması bizə onu deyir ki, təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafına dövlət siyasətində ciddi əhəmiyyət verilir".

Məktəb-valideyn münasibətlərinə toxunan nazir deyib: "İlk növbədə qeyd edim ki, hər bir şəxsin formalaşmasında ailə və valideynlər mühüm rol oynayır. Valideynlər övladlarının keyfiyyətli təhsil alması üçün məsuliyyət payını bölüşməli, məktəbin üzərinə düşən vəzifələri düzgün dəyərləndirməlidirlər. Məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində valideynlərin iştirakı genişləndirilməlidir".

Şagirdlərin peşə seçimində biznes qurumlarının da üzərinə mühüm vəzifələr düşdüyünü söyləyən təhsil naziri bu baxımdan şagirdlərin istehsal müəssisələrinə ekskursiyalarının təşkilinin və digər maraqlı layihələrin əhəmiyyəti haqqında fikirlərini bildirib. Təhsil islahatlarının uğurla nəticələnməsi işinə yalnız hökumətin öhdəliyi kimi baxmaq düzgün deyil. Bu bütün cəmiyyətimizin, xüsusilə də biznes qurumlarının qarşısında duran mühüm vəzifələrdəndir.

Nazir çıxışının sonunda görüş iştirakçılarına bir daha təşəkkürünü bildirib, təhsil islahatlarının məsuliyyətli və uzunmüddətli bir proses olduğunu nəzərə alaraq ölkəmizin xoşbəxt gələcəyinin təmin edilməsi naminə birgə çalışmağın zəruriliyinə diqqət çəkib.

Sonra nazir görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb, Təhsil Nazirliyi ilə biznes dünyasının gələcək əməkdaşlığına dair geniş fikir mübadiləsi aparılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov