Dekabrın 4-də Qafqaz Universiteti Elektron Məlumat
Sisteminin bazara təklif edilməsi istiqamətində bu ali
məktəblə "Azernet" şirkəti arasında əməkdaşlığa dair
protokolun imzalanması mərasimi keçirilib. İmzalanma
mərasiminin iştirakçılarına öncə Qafqaz Universitetində
2003-cü ildə yaradılmış və daim təkmilləşdirilərək ən
yüksək standartlar səviyyəsinə çatdırılmış Elektron
Məlumat Sistemi haqqında məlumat verilib. Bildirilib ki,
bu sistem ölkədə həyata keçirilən "Elektron təhsil"
proqramının tərkib hissəsi sayılan "Elektron
universitet" layihəsi çərçivəsində fəaliyyət göstərir.
İnteraktiv lövhədə onun istifadə qaydaları təqdim
edilib.
Mərasimdə Qafqaz Universitetinin rektoru, professor
Ahmet Saniç bildirib ki, əməkdaşlıq protokolunun
imzalanmasında məqsəd Elektron Məlumat Sistemini Təhsil
Nazirliyinin müvafiq əsasnamələrinin və Bolonya
prosesinin tələblərini nəzərə alaraq daha da inkişaf
etdirmək, Təhsil Nazirliyi və digər tərəfdaşlarla
əməkdaşlıq çərçivəsində satışını təmin etməkdir.
Layihənin əhəmiyyətini yüksək qiymətləndirən professor
A.Saniç onun universitetlərinin əlaqələrinin daha da
genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini
bildirib və layihənin həyata keçirilməsinə verdiyi
dəstəyə görə "Azernet" şirkətinin rəhbərliyinə təşəkkür
edib. Rektor bütün bu işlərin Qafqaz Universiteti
nəzdindəki Texnoparkın fəaliyyəti çərçivəsində
aparıldığını söyləyib.
"Azernet" şirkətinin rəhbəri Anar Novruzov çıxışında
rəhbərlik etdiyi qurumun layihədə iştirakından
məmnunluğunu söyləyib. Bildirib ki, Qafqaz
Universitetinin Elektron Məlumat Sistemi
təkmilləşdiriləcək və sistem bu ali məktəbdə əvəzsiz
tətbiq olunacaq, sonra isə satış məqsədi ilə digər ali
təhsil müəssisələrinə təklif ediləcək.
Sonra Qafqaz Universiteti ilə "Azernet" şirkəti arasında
əməkdaşlığa dair protokol imzalanıb. Protokolu rektor
A.Saniç və "Azernet" şirkətinin rəhbəri A.Novruzov
imzalayıblar.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |