Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

Jurnalist olmaq istəyənlər mütləq qabiliyyət imtahanından keçməlidir

 

Mütəxəssislər bunun zəruri olduğunu bildirirlər 

Qabiliyyət imtahanları ilə bağlı hesab edirəm ki, bu, çox düzgün təklifdir və bunu biz nəzərə almalıyıq. Çünki jurnalistika xüsusi bir peşədir. Burada sadəcə olaraq gələcək jurnalistlərin peşəkarlığı, bacarığı testlə ölçülə bilməz. Ona görə hansısa formada, - əgər bu qabiliyyət imtahanı olarsa, - mən buna etiraz etmirəm. Baxın hansı formada bunu etmək mümkündür.  

Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" mükafatının təqdim edilməsi mərasimindəki yekun nitqindən  

Bakı Dövlət Universiteti başda olmaqla ölkəmizin bir sıra özəl universitetlərində jurnalistika fakültəsi fəaliyyət göstərir. Məlumdur ki, həmin fakültələrə qəbul TQDK-nın keçirdiyi test imtahanları vasitəsilə həyata keçirilir. Lakin müşahidələr göstərir ki, hazırda jurnalistika fakültəsində təhsil alan tələbələrin əksəriyyəti ali məktəbi bitirdikdən sonra heç də öz ixtisasları üzrə işləmir. Bu da onu göstərir ki, həmin tələbələr jurnalist ixtisası alsalar da, əksəriyyətinin bu sahəyə meyli olmur. Məsələnin başqa tərəfi isə jurnalistikanı bitirib mətbuata gələnlərin bir çoxunun normal yazı belə yazmaq bacarıqlarının olmamasıdır. Müxtəlif vaxtlarda mütəxəssislər tərəfindən məsələnin həlli ilə bağlı müəyyən təkliflər irəli sürülmüş, jurnalistika fakültəsinə tələbələrin qəbulu zamanı qabiliyyət imtahanlarının vacibliyi gündəmə gətirilmişdir. Bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin jurnalistlərlə görüşündə həmin məsələ də müzakirə olunmuş, qabiliyyət imtahanlarının verilməsi ilə bağlı təklif ölkə başçısı tərəfindən müsbət qarşılanmışdır. Mövzu ilə bağlı mütəxəssislərin də fikirlərini öyrəndik. 


Cahangir MƏMMƏDLİ,

BDU-nun jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor

Fakültəmizə yaradıcılıq müsabiqəsi ilə qəbul ən optimal yoldur. Belə olanda bilirsən ki, bu tələbə jurnalist olmaq istəyir və buna da qabiliyyəti var. İncəsənət universitetinin, konservatoriyanın fakültələrinə qəbul olmaq üçün abituriyentlər qabiliyyət imtahanları verdikləri kimi, jurnalistika fakültəsinə də qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı verməlidir. Fakültəmizə daxil olmaq istəyən abituriyentin öz fikrini izah etməsi, Azərbaycan dilinin leksikasını, qrammatikasını orta məktəb səviyyəsində bilməsi və digər bacarıqlara malik olması vacibdir. Biz uzun müddətdir ki, bu məsələ ilə bağlı fikirlərimizi bildirsək də qabiliyyət imtahanlarının keçirilməsi məsələsi hələ də öz həllini tapmayıb. Halbuki sovet dövründə abituruyentlər qabiliyyət imtahanları verirdi və bu praktika çox müsbər nəticələnirdi. Jurnalistlərdən və redaktorlardan ibarət komissiya tərəfindən abituriyentin bilik və bacarığı müəyyənləşirdi və təbii ki, bundan sonra onlar şifahi imtahana buraxılırdı. Test imtahanları tətbiq olunandan sonra bu proses dəyişdi və tələbələr birbaşa fakültəyə daxil olmaq imkanı əldə etdilər. Belə olduğu halda fakültəyə gələn tələbələrin bir çoxu bizi qane etmirdi. Məsələnin ciddiliyi barədə TQDK-ya müraciət etsək də bu bir nəticə vermədi. Onlar jurnalistika fakültəsinin müəllimlərini guya qəbul imtahanlarının nostalgiyası yaşamaları və köhnə fikirdə olmaları ilə  təqsirləndirdilər. Amma bu qətiyyən belə deyil. İctimaiyyətə yaxşı məlumdur ki, fakültəmiz həmişə şəffaf fəaliyyət göstərib. Hətta biz müəllimlərin heç birinin həmin qabiliyyət imtahanlarında iştirak etməməsinin, sadəcə olaraq redaktorlardan ibarət komissiya tərəfindən belə imtahanın və ya müsabiqənin keçirilməsinin də tərəfdarı idik. Lakin bu yaxınlarda ölkə Prezidenti cənab İlham Əliyevin jurnalistlərlə görüşündə məsələ gündəmə gəldi və Prezident bu məsələyə müsbət reaksiya bildirərək müvafiq tapşırıqlarını verdi.

Nəzərə çatdırım ki, dünyanın inkişaf etmiş ölkələrində də qabiliyyət imtahanları ilə bağlı praktika geniş yayılıb. Hətta həmin ölkələrdə jurnalist olmaq istəyənlərin müəyyən təcrübə keçməsi və KİV-də çalışması da ön plana çəkilir. Bundan başqa, bir çox ölkələrdə nüfuzlu mətbu orqanların və teleradio şirkətlərinin özünün xüsusi məktəbləri var. Buna misal olaraq BBC və EVRONEWS məktəblərini göstərmək olar.


Şamil VƏLİYEV,

BDU-nun jurnalistika fakültəsinin dekanı, professor 

Jurnalistika xüsusi bacarıq tələb edən peşədir. Buna görə də bu fakültəyə tələbələrin qəbulu zamanı yaradıcılıq müsabiqəsindən keçərək qabiliyyət imtahanı vermələri daha məqsədəuyğun olar. Qabiliyyət imtahanı dünyanın bir çox ölkələrində tətbiq olunur. Düzdür, sovetlər birliyi dövründə də respublikamızda jurnalistika fakültəsinə imtahan verənlər qabiliyyət imtahanından keçirdilər. Lakin hazırda bu yalnız test imtahanları xətti ilə həyata keçirilir ki, bunun nəticəsində də bu sənətə çoxsaylı təsadüfi adamlar gəlir.  Düşünürəm ki, bizdə də qabiliyyət imtahanı tətbiq edilərsə, Azərbaycan jurnalistikası daha da güclü, savadlı və peşəkar olar. Hazırda bu ideya dövlət başçısı tərəfindən də dəstəklənir. Belə ki, Prezident İlham Əliyevin jurnalistlərlə son görüşü zamanı əməkdar jurnalist, Milli Məclisin deputatı Aqil Abbas çıxışında bu məsələyə toxundu. Mən də həmin tədbirdə Mətbuat Şurasının üzvü kimi iştirakçı idim. Görüşdə Prezident bir çox təkliflər kimi, bu məsələyə də müsbət münasibət bildirdi və əlaqədar təşkilatlara müvafiq göstərişlərini verdi. Fürsətdən istifadə edib jurnalistikanın qayğılarına, problemlərinə xüsusi diqqət yetirən ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

Düşünürəm ki, jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanının olması bizim işimizə də çox müsbət təsir edər. Jurnalistikanı istəməyən tələbələrdən jurnalist hazırlamaq çox çətindir. Bu peşəni sevən şəxslərlə işləmək daha məqsədəuyğundur. Bu gün ölkəmizdə intellektual, tədqiqatçı jurnalistlərə, xüsusilə sahə jurnalistikasının mükəmməl şəkildə formalaşmasına ehtiyac var. Məlumdur ki, demokratik cəmiyyətin inkişafında, müasir dünyada cərəyan edən informasiya mübarizəsində mətbuatın xüsusi yeri var. İstər klassik mətbuat, istərsə də beynəlxalq jurnalistika ənənələrində yeni media texnologiyaları sürətlə formalaşır, inkişaf edir. Buna görə qloballaşan dünyada, yeniləşən texnologiyalar və düşüncə tərzinə uyğunlaşmaq üçün respublikamızda peşəkar jurnalistlərə xüsusi ehtiyac olduğunu düşünürəm.


Vüqar RƏHİMZADƏ,

"İki sahil" qəzetinin baş redaktoru 

Hər hansı bir məqalə yaradıcılıq nümunəsi deyilsə, o, heç vaxt oxunaqlı ola bilməz. Bəzən, jurnalist ümumiyyətlə, hansı janrda yazdığını və yaxud yazmalı olduğunu belə bilmir. 

Müxtəlif mətbu orqanlarda belə yazılara tez-tez rast gəlirik. Bu da, ilk növbədə, qeyri-peşəkarlıqdan, jurnalistikanın  qayda-qanunlarına bələd olmamaqdan irəli gəlir.  Mən də o fikirlə çox razıyam ki, jurnalistika fakültəsinə qabiliyyət imtahanından keçməyən şəxslər qəbul olunmasın.

Heç kimə sirr deyildir ki, jurnalistika fakültəsi  istedad vermir, o, sadəcə istedadı olanları düzgün istiqamətləndirir, onlara jurnalistikanın sirlərini öyrədir, janrlarını mənimsədir. Yaradıcı qabiliyyəti olmayan jurnalist istər müsahibə yazsın, istər reportaj, istərsə də oçerk, janrından asılı olmayaraq o yazı dadsız yeməyi xatırladacaq.

Bəzən jurnalistin savadsızlığı ucbatından bir məqalədə hətta bir neçə janr bir-birinə qarışır.  Bu dəhşətdir!  Sarı mətbuatda  belə hallara daha çox rast gəlmək olar, çünki rəhbəri  qeyri-peşəkar şəxslər olan qəzetlərdə sanballı, peşəkar jurnalist kollektivi yaradıla bilməz. Onlar nəinki istedadsızdırlar, istedadsız olduqları qədər də təhlükəlidirlər. Odur ki, jurnalistika fakültələrində  qabiliyyət imtahanları olduqca vacibdir və bu proses nə qədər tez başlansa, bir o qədər yaxşı olar.


Müşfiq ƏLƏSGƏRLİ,

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurası  sədrinin müavini 

Azərbaycanda  medianın  professionallaşmasına mane olan məqamlar arasında  iki  məqam diqqəti  xüsusi cəlb edir: bunlar KİV redaksiyalarında  idarəedici şəxslər arasında  ixtisaslı  jurnalistlərin kəmiyyətcə azlığı və jurnalist ixtisasının  tədris edildiyi  fakültələrə  qəbul zamanı  qabiliyyət imtahanlarının tətbiq edilməməsidir.

Jurnalistika spesifik sahədir, burada elmi biliklərlə yanaşı, peşəyə vurğunluq, insanlarla ünsiyyət qura bilmək və sair kimi xüsusi bacarıqlar tələb olunur. Əlinə jurnalist diplomu alıb jurnalist statusu qazanan hər bir müxbir bu işin məsuliyyətini daşımaqla bərabər şərəfini də həmişə uca tutmalıdır. Tələbə qəbulu üzrə ümumi test imtahanları bu bacarıqları müəyyənləşdirmək üçün mexanizmlərə malik deyil, yalnız elmi bilgiləri yoxlayır.

Qəbul imtahanları zamanı yetərli bal toplaya bilmiş abituriyentin yuxarıda sadalanan xarakter xüsusiyyətlərinə malik olmaması mümkün haldır.

Elmi biliklərinə rəğmən jurnalistikaya həvəsi və bacarıqları yoxlanılmamış şəxslərin  jurnalistika fakültəsinə düşməsi həm bu fakültədə  tədris prosesini həyata keçirənlər üçün, həm də gələcəkdə əməkdaşı olacaqları redaksiyalar üçün ciddi problemlər yaradırlar. Problemlərdən ən sadə çıxış yolu jurnalist ixtisası üzrə qəbul zamanı abituriyentin elmi bilikləri ilə  yanaşı qabiliyyət imkanlarının da yoxlanılmasıdır.

Media təmsilçiləri  ilə görüşündə  cənab  Prezident İlham Əliyevin jurnalistika fakültələrində qabiliyyət  imtahanlarının tətbiq edilməsinə müsbət münasibət göstərməsi bu sahədə əlavə imkanlar yaratmışdır. Hazırda Azərbaycan Mətbuat Şurası jurnalistika fakültələrində qabiliyyət imtahanının tətbiqi mexanizmlərini hazırlayır. Bu mexanizmlər təhsil üzrə müvafiq dövlət qurumlarının rəyi alındıqdan sonra tətbiq edilməsi üçün əlaqədar ünvanlara göndəriləcək.  


Akif AŞIRLI,

"Şərq qəzeti"nin baş redaktoru 

"Bu gün Azərbaycan jurnalistikasında olan  problemlərdən biri də  qabiliyyət imtahanlarının olmamasıdır. Əgər  o, tətbiq edilərsə, Azərbaycan jurnalistikası  sözün əsl mənasında güclənər". Azərbaycan Prezidentinin jurnalistlərlə görüşündə  Aqil Abbas tərəfindən səsləndirilən  bu fikri  çox yüksək qiymətləndirirəm. Doğrudan da, jurnalistika fakültələrində  qabiliyyət imtahanlarının  tətbiqi vacibdir. Əks-təqdirdə, gənc jurnalist kadrlarının hazırlanmasında  yaranan problemlər həll olunmamış qalacaq. Jurnalist olmaq arzusunda  olmayanlar bu fakültələrə yerləşdirildikdə son nəticədə savadsız, istedadsız jurnalist ordusunun  yaranmasına gətirib çıxarır. Bu problem həll  olunmalıdır. Əgər bu gün jurnalistika fakültələrində təhsil alan tələbələr arasında sorğu keçirilsə aydın olar ki, tələbələrin 70 faizi həvəssiz olaraq  bu fakültəni seçib. Ancaq, məncə tələbələr yazılı imtahan verməyə də bilər. Yetər ki, onların müxtəlif qəzet və jurnallarda dərc olunmuş 5-6 məqaləsi komissiyaya təqdim olunsun. Yalnız komissiyanın yekdil rəyi ilə  istedadı və yazılı nitq bacarığı müsbət qiymətləndirilən şəxslər jurnalist adını daşımağa layiq görülsünlər. Şifahi imtahanlara isə ali məktəblərin jurnalistika fakültəsinin müəllimləri ilə yanaşı, tanınmış qəzet və jurnalların  baş redaktorları da cəlb olunsunlar. Bu yalnız ümumi işin xeyrinə olar və sonda arzu olunan nəticə qazanılar. 

 

S.SƏFƏROVA,  N.RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov