Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 
Psixoloq məsləhəti

Uşaqların tərbiyəsində nələrə diqqət etmək zəruridir?

 

Uşaq şəxsiyyətinin inkişafında təlim-tərbiyə həlledici rola malikdir. Çünki təlim-tərbiyə prosesində uşağın inkişafı müəyyən məqsədə müvafiq olaraq plan, proqram əsasında təşkil olunur və ona rəhbərlik edilir. Bunun sayəsində də uşaqda istənilən keyfiyyət sürətlə inkişaf etdirilir; uşaq tarix boyu bəşər cəmiyyəti tərəfindən qazanılmış biliklərə yiyələnir, özündə insani keyfiyyətləri formalaşdırır. Beləliklə, uşağın təlim-tərbiyədən kənarda inkişafı kortəbii, pərakəndə halda gedir ki, bu da bəşər cəmiyyətinin tələblərini təmin etmir. 

Uşaq tərbiyəsində təlimin rolu 

Bu deyilənlərdən aydın olur ki, uşağın hərtərəfli, düzgün və sürətlə inkişafı təlimdən kənarda mümkün deyildir. Ona görə də şəxsiyyətin inkişafında təlimin oynadığı rol psixoloqların diqqətini xüsusi olaraq cəlb edir.

Hazırda təlim və inkişaf problemi ətrafında dünya psixoloqlarının fikirlərini müəyyən qruplarda birləşdirmək mümkündür. Görkəmli İsveçrə psixoloqu J.Piajenin fikrincə inkişaf özünün daxili qanunlarına malikdir. O, ənənəvi təlimin səmərəsi ilə uşağın müstəqil əqli inkişafı arasında aydın sədd çəkir. J.Piajeyə görə, təlimin tənzim edilməsi üçün məhz inkişafın səviyyəsi əsas götürülməlidir. Beləliklə, o, təlimin inkişafetdirici təsirini kölgədə buraxır. Amerika psixoloqu C.Brunerin fikrincə isə hər  cür əqli inkişafın əsasında yalnız təlim olur. C.Brunerə görə, əqli inkişaf dərin biliyə və ümumiləşdirmə bacarığına yiyələnməkdən ibarətdir.

L.S.Vıqotskinin "təlim həmişə inkişafdan qabaqda gedir və onu da öz arxasınca aparır" müddəasına əsaslanan sovet psixoloqları inkişafetdirici təlimin mahiyyətini açmağa çalışmışlar. Burada uşaqların mənimsəmə imkanlarının aşkara çıxarılması mühüm yer tutur.

Uşağı sevmək onu nə qədər sevdiyini təkrarlamaq demək deyil. Sağlam böyümək üçün uşağın beş əsas ehtiyacı (sən varsan, sən önəmlisən, sənə inanırıq, səni sevirik, səni bəsləyir və qoruyuruq) qarşılanmalıdır. Ata-ananın ilk vəzifəsi bu ehtiyacları vaxtında, sözləri, davranışları ilə və yerli-yerində yerinə yetirməkdir. Əks təqdirdə, uşaq normal olmayan bir şəxs kimi böyüyər.

İki yaşlı uşaq öz gözünü, qulağını, burnunu, dişlərini, dilini bilməli, ailə üzvlərini: ata, ana, baba, nənə, qardaş, bacını tanımalı, suyun isti və ya soyuq olmasını ayırmalıdır.

Üç yaşlı uşaq əşyaları rənglərinə görə bir-birindən fərqləndirməli, gün ərzində "niyə", "nə üçün", "hara" sualları ilə valideynlərinə müraciət etməlidir. İntellekti inkişaf etdirən oyunlara həvəs və maraq göstərməli, müxtəlif şəkilllər göstərdikdə onları ayırmalıdır. Məsələn, "bu topdur, bu dovşandır" deməyi bacarmalı, sadə cümlələri asanlıqla söyləməlidir. Bu yaş dövründə uşaqların nitq inkişafında pəltəklik, disloliya, şirindillilik halları olur.

Dörd yaşlı uşaqlar özünün oğlan və qız olduğunu bilməli, rəqəmlər haqqında təsəvvürə malik olmalıdırlar: İki xəttin hansının uzun, hansının qısa olduğunu ayırd etməyi bacarmalı, dördbucaq, dairə şəkillərini tanımalıdır. Ona iki cism verdikdə onların hansının ağır və hansının yüngül olduğunu müəyyən etməlidir.

"Atam məni parka apardı. Mən orada maşına, gəmiyə mindim, yelləncəkdə yelləndim" kimi böyük cümlələrlə fikrini çatdırmağa çalışmalıdır.

Süfrə arxasında sərbəst oturmalı, gün ərzində onu maraqlandıran və ya düşündürən 100-150-yə yaxın suallarla ata-anasına müraciət etməli, sərbəst halda öz yatağında yatmalıdır.

Əqli imkanlarını artıran dama, şahmat, konstruktor-quraşdırma oyunlarına maraq göstərməlidir. Əqli bacarıqlarını şeir, mahnı, rəqs yaradıcılığı baxımından nümayiş etdirməlidir. Uşağın kollektiv (bağçada, toyda, şənlikdə) arasında olarkən özünü sərbəst apara bilməsi müəyyən olunmalıdır.

Beş yaşlı uşaqlar: səhər və günortanı təyin etməli, iki şəkildən hansının gözəl olduğunu ayırd edə bilməlidir. Uşaq sol əli ilə sağ qulağını göstərə bilməlidir. İntellektual oyunlardan olan dama, şahmat, domino oyun fiqurlarının düzülüşünü və oynanılmasını göstərməlidir. Günəşin və Ayın hansı istiqamətdən çıxdığını və batdığını, tərəvəz, yeyinti və şirniyyat məhsullarının adlarını bilməlidir. Uşaq divar və qol saatlarında zamanı öyrənməyə maraq göstərməli, ildə neçə ay və neçə fəsil olduğunu deməlidir. 4 rəngi bir-birindən ayırmalıdır. Yaxın qohumların adlarını və özlərini tanımalıdır: baba, nənə, bibi, xala, əmi, dayı və s.

Uşaq yazı stolunun arxasında əyləşib şəkillər çəkməyə maraq və həvəs göstərməlidir. Hər səhər yataqdan qalxıb bəzi idman hərəkətlərini yerinə yetirməlidir.

Altı yaşlı uşaqlar sadə cümlələr qurmaqla yanaşı, söz ehtiyatlarını artırmalıdırlar. Yazı stolunun arxasında əyləşib yaradıcılıq qabiliyyətini inkişaf etdirən plastilin, rəsm şəkilləri çəkməyi bacarmalı və yaşına uyğun olan maraqlı işlər görməlidir. Eyni zamanda, yazı stolunun arxasında düzgün əyləşməyə vərdiş etməlidir.

Uşaq kollektivdə olarkən onun kollektivə tez və yaxud gec uyğunlaşması (ünsiyyət yaratması) müəyyən olunmalıdır. O, kollektiv haqqında olan təəssüratını söyləməlidir. Uşağın davranış və ünsiyyət forması kollektiv arasında uşaqlara əks-təsir yaradırsa, uşaqda yaranmış mənfi hallar tez bir zamanda müəllim, tərbiyəçi, valideyn və yaxud psixoloq vasitəsilə aradan qaldırılmalıdır. Uşaq kollektiv içərisində olarkən onun dinamikliyi, fəallığı görünməklə yanaşı, introverd qrupa şamil olunması müəyyən edilməlidir.

Uşaqların əşyalara və hadisələrə qarşı olan psixoloji emosionallıqları üzə çıxmalı, uşaqlarda intellektin inkişafı ilə əlaqədar hesablama qabiliyyətləri öyrənilməli, onların incəsənətə olan marağı artmalıdır. 

Uşaq şəxsiyyətinə hörmət 

Uşaq dünyabaxışının zəifliyi onun güclü şəkildə təqlidə meyil etməsinə səbəb olur. Buna görə valideyn və tərbiyəçilər həmişə bu xüsusiyyəti nəzərə almalı, hərəkət və davranışlarında, adamlara münasibətlərində, danışıq zamanı uşaqlara nümunə olmağa çalışmalı, uşağın yaradıcılığının inkişaf etməsinə sərbəst yanaşmalıdırlar. Uşaq eşitdiyi pis sözü də çox tez təkrar edir. Valideynlər uşağı yalnız onunla məşğul olanda və ya onu öyrədəndə deyil, həm də ona göstərişlər verəndə, iş buyuranda da tərbiyələndirməlidirlər.

Tərbiyə işində uşaqların qayğıkeşliyinə və adamlara həssas yanaşmalarına bəzən bir o qədər də əhəmiyyət vermirlər. Halbuki, qayğıkeşlik və həssaslıq insanın mədəniyyətini, sadə və təvazökar olmasını, təlimdə, işdə münasibətlərdə normal şərait, əsəb sakitliyi yaratmasını nümayiş etdirən çox mühüm əxlaqi göstəricidir. Bunu uşaqlarda kiçik yaşdan tərbiyə edib adət və vərdiş halına salmaq hər birimizin borcudur. Odur ki, kiçikyaşlı uşaqlar öz oyuncaqlarını səliqəli saxlamalı, paltarlarının təmizliyinə fikir verməli, ev işlərində valideynlərinə kömək etməli, baba və nənələrinə xüsusi qayğı ilə yanaşmalıdırlar.

Bəzi ailələrdə isə "Körpədirlər, qoy hələ oynasınlar" deyə uşaqları gücləri çatan məişət əməyindən təcrid edirlər. Belə ailələrdə oyuncaqlar uşaqların qarşısına tökülür ki, təki oynasınlar, ağlamasın və nadinclik etməsinlər. Söz yox ki, belə ata-analar tərbiyədə səhvə yol verirlər və nəticədə uşaq yaradıcı əməyə cəlb olunmur. Məsələn, yaxşı olar ki, yerdəki oyuncaqları sonradan uşağın özünə yığdırsınlar. Yaxud ana döşəməni siləndə 5 yaşlı qızı əl çəkmir: "Mən də silmək istəyirəm", - Ana: "Sən hələ balacasan, böyüyəndə silərsən, get oyuncaqlarınla oyna", - deyə istəyinin qarşısını alır. Halbuki, kiçik bir əski parçasını qızına verib onu işə cəlb etsə idi, daha yaxşı olardı.

Elə buna görə də bəzən valideynlərdən giley-güzarlar eşidirik: "Heç bilmirəm kimə oxşayıb, çox səliqəsizdir. Onu hətta öz paltarlarını belə, yığışdırmağa alışdıra bilmirəm". Digər qrup uşaqlar tapşırılan işi ləng, səliqəsiz yerinə yetirirlər. Bəziləri hətta tapşırığı yerinə yetirmək istəmirlər. 

Uşağı tanımadan onu tərbiyə etmək olmaz! 

Göydən yağan qar dənələri fərqlidir, eləcə də uşaqlar və onların xarakterləri fərqlidir. Qardaş və ya bacı olsa belə.

Əgər bu müxtəlifliyi nəzərə almadan uşaqlarımızı tərbiyə etməyə çalışsaq, şahin xarakterli bir uşağı qorxaq qarğaya çevirə bilərik. Necə?!

Uşaqlara tapşırılan işə belə müxtəlif münasibət, hər şeydən əvvəl, ailə tərbiyəsindən irəli gəlir. Apardığımız müşahidələr zamanı əldə edilən təcrübənin nəticəsi göstərir ki, uşaqların tərbiyəsi düzgün qurulan ailələrdə valideynlər övladlarına son dərəcə tələbkar və məsuliyyət hissi ilə yanaşırlar. Tələbkarlıq az olduqda, gələcəkdə uşaqlar özlərinə qarşı qeyri-ciddi və məsuliyyətsiz ola bilərlər. Bu da onların normal insan kimi yetişməsinə əngəllər yarada bilər. Odur ki, ailədə uşaqlara məişət əməyi xarakterli və digər tapşırıqlar verərkən, bu işin uşağın yaşına uyğunluğuna xüsusi diqqət yetirmək lazımdır. Belə tapşırıqlar uşağa tez-tez verilməlidir ki, uşaq ailə üzvü kimi həmişə məsuliyyət hiss etsin, ailə qayğılarından kənarda qalmasın. Bu, uşaqda vərdiş və adət halına çevriləcək, onda qürur hissi formalaşdıracaq, özünəinam yaradacaqdır. İş zamanı uşaqlara həddindən artıq qəyyumluq etmək, eyni şeyi tez-tez onlara xatırlatmaq və onları darıxdırmaq olmaz. Uşağı gördüyü işə görə həddindən artıq tərifləmək də məsləhət deyil. Belə hallar uşaqda lovğalıq, xudpəsəndlik, özündənrazılıq kimi mənfi hallar yarada bilər.

Uşağa verilən tapşırıq onun yaşına, bilik səviyyəsinə, səhhətinə, marağına və fərdi xüsusiyyətlərinə uyğun olmalıdır.

Biz belə hesab edirik ki, uşağın ciddi və məsuliyyətli olması üçün onun etdiyi neqativ hərəkətlərə lüzumsuz olaraq daim "niyə", "nə üçün" sualı ilə müraciət olunmamalıdır. Çünki uşaq tərəfindən "niyə" sözü konkret olaraq təkrarçılıq və vərdiş yaradan bir cəhət kimi qiymətləndirilir. Eləcə də "niyə", "nə üçün" suallarını birbaşa deyərkən onda bu suallara qarşı maraq yaranır və tutduğu neqativ işi yerinə yetirməyə çalışır.

 

Valideynlərə tövsiyələr 

* Uşaqların dünyasına girin, onları dinləyin, hisslərini öyrənməyə çalışın. Onların zehni qabiliyyətləri, maraqları və ruh dünyaları yeniyetmələrdən fərqlidir. Ona görə də "bu mövzuda sən nə fikirləşirsən" kimi suallar verib duyğularını öyrənməyə çalışın.

* Mülayim xasiyyətli və qərarlı olun. Mülayim xasiyyətli olmağınız uşaqların özlərini daha yaxşı başa düşməsinə, sərhədlərini bilməsinə kömək edəcəkdir.

* "Nə üçün" sualını yox, "nə" və "necə" suallarını soruşun. "Bunu nə üçün elədin, "Niyə əsəbisən" və bu kimi suallar uşaqları qorxuda və əsəbi edə bilər. Onun yerinə "Nə oldu", "Necə oldu" kimi sualları soraraq onların duyğularını və düşüncələrini öyrənib bu problemlərin həlli yollarını taparaq fikir dünyasını inkişaf etdirməyə kömək edin.

* Uşaqlarınıza qulaq asın. Müdaxilə etmədən onların nə hiss etdiklərini bilin, uşaqlarınıza bəzi hisslərə sahib olmağın normal olduğunu bildirin. Uşaqlarınızın sözlərinin arasında onların duyğularına da diqqət edin.

* Ailə olaraq müəyyən qanunlara sahib olun. Bu halda uşaqlarınız təəccüblənməyəcək, hər şeyi normal qarşılayacaq. Müəyyən zamanlarda müxtəlif qanunlar qəbul edirsiniz, əgər məntiqə uyğundursa, uşaqlarınıza deyin ki, onlar sizi qərarsız bilməsinlər. Məsələn, yarım saat əvvəl "pəncərəni ört" dediniz, amma indi "aç" deyirsinizsə, bunun məntiqli səbəbini söyləyin.

* Hər uşağın ayrı bir dünyası var. Fərqli bacarığı, fərqli ağlı və fərqli mənəvi dünyası vardır. Buna görə də onları başqalarıyla müqayisə etməyin. Bu, uşaqlara pis təsir edir.

* Problemli davranışların qaynağı bilinirsə, o problemi həll etmək daha asan olur. Səhv həlli yolları o problemi daha da böyüdəcək və başqa problemlərin mənbəyi olacaq.

* Səhvlərini üzlərinə vurmaqdansa, onlara yaxın olun.

* Qarşılıqsız sevin, sevginizi hərəkətlərinizlə göstərin və dilinizlə də söyləyin.

* Evinizdəki problemlərin həllində uşaqlarınızı da dinləyin.

* Uşaqlarınızın xüsusi olduğunu bildirin.

* Lazım olanda "xeyr" deməyi də öyrənin.  

Hüseyn XƏLİLOV,
Qafqaz Universitetinin psixoloqu

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov