Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

V-VIII siniflərdə musiqi tədrisinin metodikası

 

Məlum olduğu kimi, V-VIII sinif şagirdləri özünəməxsus psixo-fizioloji xüsusiyyətlərə malikdirlər. Məsələn, V sinif çətin sinif hesab olunur. Bu yaşda olan uşaqlar tez-tez qıcıqlanırlar. Onların səs əzələləri tədricən düzəlir.  Nəfəs dərinləşir, səslənmə dolğunlaşır.

VI sinif şagirdləri böyüklərin onlara qarşı münasibətlərinə daha çox fikir verirlər. Onlar müstəqil olmağı, hər şeyə şəxsi münasibət bəsləməyi xoşlayırlar. VI sinifdə şagirdlərin maraq dairələri genişlənir, emosionallıq və dərketmə fəaliyyətləri güclənir və musiqi dərslərində diqqətləri daha da sabitləşir.

VII sinif şagirdlərinin maraq dairələri musiqi dərslərində daha da genişlənir. VII sinifdə heç bir şagird özünü passiv dinləyici kimi göstərmir. Yeddincilərin dərketmə qabiliyyətlərinin səviyyəsinin ümumiliyi imkan verir ki, onlar nəğmə dərsinin musiqidinləmə bölməsində klassik musiqini (simfoniya, sonata,  uvertüra) dinləsinlər. VII-lərlə dərsin oxuma bölməsində müəllim diqqətli olmalıdır. Çünki onlarda mutasiyanın əlamətləri görünməyə başlayır.

VIII sinifdə təhsil alan yeniyetmələr artıq müstəqil fikir yürütməyə, müstəqil fəaliyyətə hazır olurlar. Səkkizincilərə irihəcmli əsərlərin məzmunu da aydın olur. Onlar bu və ya digər bəstəkarların həyat və yaradıcılıqlarına aid tezislər və ya geniş məruzə hazırlamaq qabiliyyətinə malikdirlər. VIII sinif üçün əsər seçərkən uşaqların marağını nəzərə almaq lazımdır. Hər bir musiqi müəllimi öz işini qurarkən sinfin faktik səviyyəsinə əsaslanmalıdır. Belə hallarda müəllim çalışmalıdır ki, sinifdə olan əvvəlki nöqsanları aradan qaldırsın.

Bəzən müəyyən səbəblərə görə (məktəblərdə məşğələlərin olmaması, müəllimlərin tez-tez dəyişməsi, zəifliyi, siniflərin ümumi səviyyəsi) musiqi təhsili ardıcıl olmur. Bu cür hallar şagirdlərin keçilən musiqi materialını sistemli və ardıcıl mənimsəmələrinə mane olur. İşini planlı surətdə quran hər bir müəllim şagirdlərin musiqi savadının inkişafına və ümumi dünyagörüşünün artmasına böyük köməklik göstərə bilər.

V-VI siniflərə nisbətən VII-VIII siniflərdə oxuyan uşaqlar mənən inkişaf etmiş olurlar. Belə  uşaqların musiqiyə yanaşması da fərqli olur. Müəllim mütləq şagirdlərin tələbatları ilə hesablaşmalıdır. O, heç vaxt hər şagirdə eyni cür yanaşmamalıdır.

Ən vacib məsələlərdən biri V-VIII sinif şagirdlərinin səslərinin bir qaydaya salınmasıdır. Bu zaman uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Müəllim bu mərhələdə VII-VIII sinif şagirdləri ilə xüsusilə diqqətli olmalıdır. Çünki onlar mutasiya (səsin dəyişməsi) dövrünü yaşayır. Bəzən yuxarı registrdə verilən səsləri bir oktava aşağı oxutdurmaq üsulundan istifadə etmək olar. Belə hallarda müəllim uşaqları yormamalıdır. Mutasiya vaxtı uşaqların səsləri passiv üsullarla deyil, aktiv üsullarla qorunmalıdır. Müəllim fikir verməlidir ki, uşaqların oxuması rahat diapazonda olsun.

Mahnı öyrədilmə mərhələsi dərsin bədii musiqili bölməsidir. Hər bir mahnının öz dili, təsir qüvvəsi vardır və onların öyrədilmə metodikası da müxtəlif olmalıdır. Burada, əlbəttə ki, oxşar cəhətlər də vardır. Məsələn, mahnılar ayrı-ayrı fraqmentlərlə bitkin fikirli cümlələrlə öyrədilir. Mahnı üzərində müəllim xüsusi enerji ilə işləməlidir. Mahnının öyrədilməsinin əsas anı müəllimin uşaqlara mahnı haqqında qısa məlumat verməsindən başlanır. Müəllim bir neçə sözlə mahnının məzmununu açır, müəlliflər haqqında məlumat verilir. Məsələn, "Azərbaycan əsgəri" mahnısında söz və musiqi vəhdət təşkil edir. Mahnının mətninə nəzər yetirdikdə  görürük ki, doğma torpaqlarımızın düşmənlərdən azad olunması uğrunda döyüşə hazır olan, ürəyi daim yurd eşqi ilə döyünən Azərbaycan əsgərinin dönməzliyi, düşmən qarşısında əyilməz olduğu şair tərəfindən ustalıqla təsvir edilmişdir. Çətin və oynaq mahnıların ifasından əvvəl yaxşı olar ki, uşaqlar mətni şeir formasında əzbərləsinlər. Belə olduqda onlar mahnını yaxşı yadda saxlayır, rahat, aydın tələffüz edirlər. Müəllim mahnı üzərində işləyərkən uşaqları müşahidə edir, düzgün nəfəsalmanı, hissiyyatlı, ifadəli oxumağı tövsiyə edir.

Mahnı ifa edilərkən müəllim müəyyən sözlərlə vurğular edilməsini də tövsiyə edir. Bu vurğular isə, adətən, xanənin güclü payları ilə üst-üstə düşür və bununla da birtipli, "metrik" oxuma əmələ gəlir. Lakin xanədə olan vurğular mahnıların ifadəli oxunması üçün kifayət deyildir. Hər bir musiqi cümləsi özünəməxsus məntiqi vurğular əsasında qurulur. Uşaqların diqqətini xüsusilə bu fakturaya yönəltmək lazımdır. İntonasiya üzərində işləyərkən səsin tembri də təkmilləşir.

Mahnının ifadəli ifasından başqa vacib şərtlərdən biri də sözlərin aydın və düzgün tələffüzüdür. Məsələn, sözləri M.Günərin, musiqisi Polad Bülbüloğlunun olan "Azərbaycan" mahnısında olduğu kimi:

Qoy mən yenə söhbət açım ilk baharımdan

Nəğməm ilə bir də keçim öz diyarımdan

Qeyd edim ki, tələffüz şagirdlərdə tədricən formalaşır. Bu məsələ daim diqqət mərkəzində olmalıdır.

Mahnının ifası zamanı sait və samit səslərin aydın tələffüzü artikulyasiya aparatının düzgün qurulmasından, dodaqların hərəkətindən asılıdır.

Aşağı siniflərdə, yəni V sinfə qədər mahnıları unison, yəni bir səslə oxuma, yuxarı siniflərdə isə (V-VIII siniflərdə) çoxşaxəli oxuma üstünlük təşkil edir. Bəllidir ki, keçid dövrünü yaşayan yuxarı sinif şagirdlərinin səs diapazonları çox da böyük olmur. Çoxşaxəli oxuma bu uşaqlarda olan məhdud səsdən istifadə olunmasına imkan verir.

Bütün bu deyilənlərin nəzərə alınması musiqi dərslərinin səmərəliliyini artırmağa imkan verir. 

Yaqut ƏLİYEVA,
Lənkəran Dövlət Humanitar Kollecinin Musiqi şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov