Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Dekabr 2013 - №47

 

Vətənpərvər gənclik güclü dövlətin əsas dayağıdır

 

Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik.

Heydər ƏLİYEV 

Memarı və qurucusu ümummilli lider Heydər Əliyev olan müasir Azərbaycanın vətənpərvər gənclərini müqəddəs bir amal birləşdirir. Ölkə gənclərinin 1996-cı il fevralın 2-də Bakıda keçirilmiş birinci forumunda çıxış edən Prezident Heydər Əliyev bu tarixi vəzifələri dəqiq belə müəyyənləşdirib. "...Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır". Ulu öndərimizin hər birimizin qürur mənbəyinə çevrilən azərbaycançılıq ideyalarına sadiq qalan müasir gənclik bu tövsiyə və vəzifələri özünün fəaliyyət proqramı kimi qəbul etdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Azərbaycan Gənclərinin Forumu artıq ənənə halını alaraq cəmiyyətin aparıcı qüvvəsini bir araya topladı. 

Hakimiyyətdə olduğu bütün dövrlərdə ulu öndər gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas prioritet istiqaməti kimi müəyyənləşdirdi. Prezident Heydər Əliyev gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edən və bu sahədə yaranan münasibətləri tənzimləyən Qanunu imzaladı. Gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması Qanunda öz əksini tapıb.

Dövlət gənclər siyasətini sürətlə qloballaşan çağdaş dünyamızın tələblərinə uyğun yeni, çevik bir müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyev ulu öndərin layiqli davamçısı olduğunu bir daha nümayiş etdirir. Problem və perspektivləri əks etdirən real vəziyyətin ciddi təhlilini aparan ölkə Prezidenti 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009 -cu illər)", 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə isə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramını qəbul etdi. Dövlət başçısının digər sərəncamı ilə 2007-ci il ölkəmizdə "Gənclər ili" elan olundu. Ardıcıl və məqsədyönlü olaraq həyata keçirilən bu siyasət ölkədə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakını təmin etmək üçün geniş imkanlar yaratdı. Çox keçmədi ki, müstəqil Azərbaycan gənclərinin səsi beynəlxalq tribunalardan gəldi, dünyanın ən mötəbər arenalarında onların şərəfinə dövlət bayrağımız qaldırıldı. 

Azərbaycan həqiqətləri dünyaya yayılır 

Ən böyük azərbaycanlı Heydər Əliyev deyirdi: "Azərbaycanlılar! Harda olursan ol, hansı ölkədə yaşayırsan-yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən". Ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən məhz Azərbaycanı daha yaxından təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq istiqamətini özü üçün prioritet seçdi. Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın gördüyü işlər, gerçəkləşdirdiyi layihələr bu baxımdan təqdirəlayiqdir. "Xocalıya ədalət" Beynəlxalq informasiya kampaniyası da məhz Azərbaycan gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi Leyla Əliyevaya məxsusdur.

Əsas məqsədi beynəlxalq birliyi Xocalı faciəsi haqqında obyektiv məlumatlandırmaq olan bu kampaniya İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş Koordinatoru Leyla Əliyeva tərəfindən 2008-ci il mayın 8-də - Şuşanın işğalının ildönümü günündə irəli sürülüb.

2009-cu il fevralın 26-da Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Rusiyadakı səfirliyində təşkil olunmuş "Xocalı: iddia müddəti bitmir" xatirə gecəsində L.Əliyeva xalqımızın tarixinə ən dəhşətli və qara səhifələrdən biri kimi həmişəlik yazılmış bu faciənin ağrı-acısını bütün dünyaya çatdırır: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları Azərbaycanın Xocalı şəhərini tutmuşdur. Nəticədə şəhərin 613 nəfər dinc sakini, o cümlədən 106 qadın, 70 ahıl yaşlı insan, 63 uşaq amansızcasına öldürülmüş, 155 nəfər itkin düşmüşdür. Bu qəddarlığın, bu vəhşiliyin səbəbi nə idi? Bu, qəsdən törədilmiş aksiya, Azərbaycan xalqına qarşı əsl soyqırımı, kütləvi vahimələndirmə aksiyası idi".

Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı" filminin nümayişi ilə başlanan "Xocalıya ədalət" kampaniyasının və onun  İnternet saytının dünyanın müxtəlif şəhərlərində keçirilən təqdimatlarında erməni vəhşiliyini əks etdirən fotoşəkillər beynəlxalq ictimaiyyətə təqdim olunub.

2012-ci il fevralın 24-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışında Leyla Əliyeva demişdir: "Hazırda bu kampaniya dünyanın 50 ölkəsində həyata keçirilir və onun fəallarının yorulmaz əməyinin nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalıda törədilmiş vəhşilikləri soyqırımı kimi tanımışdır". 

"Vətən sağ olsun" 

"...Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".

Bu gün artıq cəsur, vətənpərvər Azərbaycan gəncinin əsl qəhrəmanlıq himninə çevrilən bu məktubu həyəcansız oxumaq mümkünsüzdür. Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov Vətənin bu ağır gününə dözməyərək çətin və şərəfli bir döyüşə atılır. 18 iyun 2010-cu il. Növbəti dəfə düşmən qüvvələri atəşkəs rejimini pozurlar. Döyüş növbəsini yerinə yetirən igid Mübarizin hiddəti yerə-göyə sığmır. Ürəyində Vətən sevgisi silaha sarılan bu mübariz gənc Talış-Borsunlu istiqamətində gedən şiddətli döyüşlərdə şəxsi rəşadəti və şücaəti ilə düşmənləri lərzəyə salır. Böyük qəhrəmanlıq nümunəsi göstərərək qarşı tərəfin çoxlu sayda canlı qüvvəsini məhv edən Mübariz İbrahimov şəhidlik zirvəsinə yüksəlir. Qəhrəman Azərbaycan balasının ölümündən də vahiməyə düşən erməni yaraqlıları Mübarizin meyidini qaytarmır.

Nəhayət ki, aparılan danışıqlar problemin mümkün həllini ortaya qoyur. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Birgə Bəyanatına əsasən Mübariz İbrahimovun nəşi Vətənə qaytarılır.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında göstərdiyi şəxsi igidliyə və rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Milli Qəhrəman Mübariz İbrahimovla vida mərasimində Ali Baş Komandan İlham Əliyev çıxış edərək demişdir: "Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir". 

Gənc vətənpərvər nəsil yetişir 

Gənclərlə keçirdiyi bütün görüşlərində ulu öndər Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu inamla söyləyirdi: "Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir".

Azərbaycan təhsilinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyev hələ sovetlər dönəmində gənclərin ölkəmizdən kənarda təhsil almasına xüsusi önəm verirdi. Məhz ulu öndərin şəxsi təşəbbüsü və qayğısı sayəsində ötən əsrin 70-80-ci illərində keçmiş SSRİ-nin 170-dən çox ən məşhur ali məktəbində 15 mindən artıq azərbaycanlı gənc təhsil alıb. Bu gəncləri "Azərbaycanın yetirməsi, Azərbaycanın milli sərvəti" kimi qiymətləndirən ümummilli lider, beləliklə, tarixi bir ənənənin əsasını qoydu.

Bu ənənəni qoruyaraq Prezident İlham Əliyev 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə "2007-2015 -ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı qəbul etdi. Bu proqram minlərlə gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil alaraq gələcəkdə peşəkar mütəxəssis kimi müstəqil Azərbaycanın daha da inkişafi naminə fəaliyyət göstərməsinə geniş imkanlar yaradır.

Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək təhsil sisteminin başlıca vəzifələrindən biri kimi müəyyənləşdirilib.

Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən ölkənin ümumtəhsil məktəblərində 2013-2014-cü tədris ilinin ilk dərs saatı məhz vətənpərvərlik mövzusuna həsr olundu. 

Ən böyük mükafat xalqın sevgisidir 

Dövlətin iqtisadi gücünü şərtləndirən sahələrdən biri olan idman şübhəsiz ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Dünyanın möhtəşəm idman arenalarında güclü olduqlarını sübuta yetirən gənclərimizin şərəfinə himnimizin  səsləndirilməsi, dövlət bayrağımızın qaldırılması həqiqətən də qürurvericidir.

Dövlət başçısı hər dəfə böyük uğurlara imza atan idmançılarımızla görüşür və onların qələbəsini yüksək qiymətləndirir. Kazanda keçirilən XXVII Ümumdünya Yay Universiadasında 16 medal qazanmış gənclərlə görüşündə də Prezident İlham Əliyev onlara təbriklərini çatdırdı. Bütün bu nailiyyətləri nə qədər böyük zəhmət hesabına əldə etdiklərinə diqqət çəkən ölkə rəhbəri qeyd etdi ki, belə mötəbər yarışlarda böyük qələbəni əldə etmək üçün mütləq çox böyük fədakarlıq, peşəkarlıq və Vətənə sevgi lazımdır. Bizim gənclər vətənpərvərlik ruhunda tərbiyə alırlar, Vətənə, xalqa bağlıdırlar. Onların ən böyük mükafatı xalqın sevgisi və qiymətidir.

Bu günlərdə kişi şahmatçılar arasında Avropa komanda çempionatında birinci yeri qazanmış seçmə komandamızın üzvləri və mütəxəssislərini qəbul edən dövlət başçısı bunu böyük tarixi qələbə kimi yüksək dəyərləndirdi. Bu gün Azərbaycanın sürətlə inkişaf edən ölkə kimi dünya miqyasında özünə layiq yer tutduğunu qeyd edən Prezident İlham Əliyev bir daha vurğuladı ki, bizim uğurlarımızın səbəbi Azərbaycan xalqının istedadıdır, yüksək intellektual potensialıdır və gənclərimizin peşəkarlığı və vətənpərvərliyidir. 

Sarvan İBRAHİMOV,
"Azərbaycan müəllimi"
 

Qeyd: "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov