Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Dekabr 2013 - №48

 

2013-cü ilin Nobel mükafatları təqdim olundu

 

Böyütmək üçün şəkili seçinDekabrın 10-da İsveçin paytaxtı Stokholmda Nobel mükafatlarının sayca 112-ci təqdimat mərasimi keçirilib.  Bütün dünyanın diqqət mərkəzində olan mərasim, ənənəyə uyğun olaraq, Alfred  Nobelin vəfatının  ildönümü gününə təsadüf edib. Ötən illərdən fərqli olaraq bu dəfə İsveç taxt-tacının varisi  Viktoriya və ölkə,  eləcə də Norveç rəhbərliyi Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandelanın vəfatı ilə əlaqədar mərasimə qatılmayıblar.

Mərasim Norveçin "NRK" televiziyası və Nobel Mükafatları Komitəsinin rəsmi saytı ilə canlı yayımlanıb. İsveç kralı XVI Qustav Stokholm filarmoniyasında keçirilən mərasimdə 2013-cü il tibb və fiziologiya, fizika, kimya, ədəbiyyat və iqtisadiyyat sahəsində mükafatları sahiblərinə təqdim edib.   

2013-cü ilin sülh mükafatının təqdimolunma mərasimi Osloda keçirilib.   

Böyütmək üçün şəkili seçinMərasim Norveç Nobel Mükafatları Komitəsinin başçısı Turbyer Yaqlandın çıxışı ilə başlayıb. O, dekabrın 5-də vəfat etmiş Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandelanın xatirəsini yad edərək 20 il əvvəl onun sülh üzrə Nobel mükafatı aldığını xatırladıb. 

 2013-cü ildə ümumilikdə 13 nəfər, o cümlədən bir təşkilat Nobel mükafatına layiq görülüb.   Mükafata layiq görülənlər arasında ən yaşlısı 84 yaşlı fizik Piter Xiqqs, ən cavanı isə 57 yaşlı Tomas Sudhofdur.

Bu il Nobel sülh mükafatı Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilata verilib.  Təşkilat bu mükafata Suriyadakı kimyəvi silahların məhv edilməsində böyük rol oynadığı üçün layiq görülüb.  Təşkilat adından mükafatı qurumun baş katibi  Əhməd Üzümçü qəbul edib. Təqdimat mərasimində Ə.Üzümçü bildirib ki, rəhbərlik etdiyi qurum bundan sonra da bütün dünyada sülh işinə sadiq qalacaq. 

Bu il ədəbiyyat üzrə Nobel mükafatına  kanadalı yazıçı  xanım Alis Munro layiq görülüb. Lakin səhhəti ilə əlaqədar 82 yaşlı yazıçı  mükafatlandırma mərasimində iştirak edə bilməyib. Ali mükafat onun  qızı  Ceni Munroya təqdim olunub. 

Fiziologiya və tibb üzrə Nobel mükafatı hüceyrə daxilində daşınmanın mexanizmini kəşf etdiklərinə görə  amerikalı tədqiqatçılar Ceyms Rotman, Rendi Şekman və Tomas Sudhofa verilib.

Fizika üzrə mükafat britaniyalı tədqiqatçı, "bozon" nəzəriyyəsinin banisi   Piter Xiqqs və belçikalı Fransua Enqlerə təqdim olunub.  Kimya üzrə mükafat  hazırda ABŞ-da çalışan Martin Karplyus, Maykl Levitt və Ari Uorşelə verilib.

İqtisadiyyat üzrə builki Nobel mükafatını  amerikalı iqtisadçılar Yudjin Fame, Lars Piter Hansen və Robert Şiller alıblar.  

 Laureatlara Alfred Nobelin əksi həkk olunmuş medal, diplom və 1,3 milyon dollarlıq çek təqdim olunub. 

Mükafatın rəsmi təqdimatından sonra Stokholmda  laureatların şərəfinə və qonaqlar üçün  bayram ziyafəti təşkil olunub. 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov