Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

"Ernst & Yang Holdinqs (SiAyEs) Bi.Vi." şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı İlqar Vəliyevin çıxışı

 

Hörmətli sədarət!

Hörmətli qurultay iştirakçıları!

İlk öncə sizin qarşınızda çıxış etməyə imkan verdikləriinə görə tədbirin təşkilatçılarına təşəkkürümü bildirmək istəyirəm. Mən biznes aləminin təmsilçisiyəm və ilk baxışdan təhsil sahəsi ilə birbaşa əlaqəm yoxdur. Çoxunuzda belə sual yarana bilər ki, niyə məhz mən bu tribunada çıxış etmək şərəfinə layiq görülmüşəm. Burada olmağımın bir neçə səbəbi var. Birincisi odur ki, mən özüm iki övladın valideyniyəm. Və onların təhsilinə və böyüməsinə laqeyd qala bilmərəm. Mən hesab edirəm ki, valideynlər məktəb həyatına daha fəal cəlb olunmalıdırlar. Keyfiyyətli təhsil almış layiqli vətəndaşın yetişdirilməsi yalnız məktəbin yox, daha çox valideynlərin məsuliyyətidir. Valideyn özü bir müəllim olmalıdır. Biz valideynlər övladlarımız qarşısında düzgün prioritetlər qoymalıyıq. Övladlarımızın məktəbə motivasiyası və yanaşması həmin prioritetlərdən çox asılıdır. Eyni zamanda hesab edirəm ki, effektiv və şəffaf fəaliyyət göstərən valideyn-müəllim-şagird icmaları yaradılmalıdır. Bu, valideynlər və məktəb arasında sıx əməkdaşlığa bir addım olacaqdır. Son vaxtlar bu istiqamətdə mühüm işlər  görülür və mən ümid edirəm ki, yaxın gələcəkdə biz sizinlə bunun nəticələrini görəcəyik.

Hörmətli müəllimlər!

Mən eyni zamanda bir valideyn kimi yox, bir biznes təmsilçisi kimi də sizə müraciət etmək istəyirəm. Mən beynəlxalq audit və konsaltinq şirkətinin Azərbaycan üzrə rəhbəriyəm. Biz hər il onlarla gənc mütəxəssisi işə qəbul edirik. İnanın ki, işə qəbul edilən işçilərin dərin biliklərə sahib olması hər bir şirkət üçün çox vacib bir amildir. Və burada söhbət yalnız nəzəri biliklərdən yox,  daha çox praktik, peşəkar biliklərdən gedir. Qeyd etmək istərdim ki, gələcək peşəkarların hazırlanması üçün bütün məsuliyyət yalnız təhsil sisteminin üzərinə düşməməlidir. Bu sahədə biznesin də öz vəzifəsi və məsuliyyəti var. Bütün dünyada, o cümlədən Azərbaycanda biznesin cəmiyyət qarşısında sosial məsuliyyəti konsepsiyası getdikcə geniş yayılır. Mən bu konsepsiyanın böyük tərəfdarıyam və hesab edirəm ki, biz təhsil müəssisələri ilə daha sıx  əməkdaşlıq etməliyik. İşəgötürənlə işçi  arasında münasibət əmək kitabçasında yazılışdan başlamamalıdır. O əslində  təhsil ocağının divarlarında bir müddət bundan öncə başlamalıdır. Hazırkı dövrdə respublikamızda həyata keçirilən uğurlu siyasət nəticəsində iqtisadiyyatımız çox sürətlə inkişaf edir. Bu səbəbdən işçilərə olan tələbat da çoxalır. Təhsil müəssisələri bazarın tələblərinə cavab verən peşəkarlar hazırlamalıdırlar. Biznes qurumlarının qarşısında isə təhsil ocaqlarına konkret tələbatı çatdırmaq vəzifəsi durur. Bununla bağlı ideyalarımız çoxdur. Amma vaxt məhdud olduğuna görə bunlardan yalnız bir qismini sadalamaq istərdim. Mən təhsil nazirinin çıxışında səslənən bir fikri çox dəstəkləyirəm. Qabaqcıl şirkətlərin aparıcı mütəxəssislərini tədris prosesinə cəlb etmək lazımdır. Bu çox vacib bir faktordur. Tələbələr üçün keyfiyyətli və aktual təcrübə proqramları yaratmaq lazımdır və s.

Hörmətli müəllimlər!

Çıxışımın sonunda mən sizə dərin təşəkkürümü bildirmək istəyirəm. İşinizdə olan çətinliklərə baxmayaraq siz öz peşənizə, daim sadiq qalmısınız. Çünki müəllimlik, mənim fikrimcə, adi bir peşə deyil. Müəllimlik insanın üzərinə düşən ən şərəfli missiyalardan biridir. Sizə çətin və şərəfli işinizdə uğurlar arzu edirəm.

Diqqətinizə görə çox sağ olun.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov