Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Təhsil strategiyası - hədəflər

Təhsil strategiyasında məzmun islahatları: əsas strateji hədəflər

 

Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır.

Heydər ƏLİYEV,
ümummilli lider
 

Müstəqil Azərbaycanın son illərdə fenomenal inkişaf tempinə görə regionda və dünyada siyasi nüfuzu və iqtisadi qüdrəti artmış, BMT-nin məlumatına əsasən, "yüksək insan inkişafı" ölkələri qrupuna yüksəlmişdir. Bu gün bütün dünyada geniş vüsət alan qloballaşma prosesləri və sürətlə dəyişən informasiya-kommunikasiya texnologiyaları ölkələrin sosial-iqtisadi və mədəni həyatına güclü şəkildə nüfuz etməkdədir. Belə bir şəraitdə ölkə həyatının bütün sahələrində qloballaşmanın mənfi təsirlərini önləmək, Azərbaycanın davamlı, dayanıqlı və rəqabətqabiliyyətli inkişafını təmin etmək üçün dövlət başçısı, Prezident İlham Əliyev tərəfindən bu yaxınlarda "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası təsdiq edilib. Konsepsiyada ölkədə biliklərə əsaslanan iqtisadiyyatın qurulmasının həlledici amili olan insan kapitalının adekvat inkişafı ön plana çəkilib. Azərbaycanda insan kapitalının inkişafı çağırışları ölkədə nəzərdə tutulan iqtisadi inkişaf modelinin qurulmasında qloballaşan dünyanın tələblərinə cavab verən, insan resurslarının yetişdirilməsinə cavabdeh olan müasir təhsil sisteminin formalaşdırılması kimi milli və planetar xarakterli missiyanın reallaşdırılması tələbini ortaya qoyub. Bu baxımdan ölkənin gələcək sosial-iqtisadi və mədəni yüksəlişinin əsas şərtlərindən, müstəqil dövlətin təməl təsisatlarından olan müasir təhsil sisteminin qurulmasını hədəfləyən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın bu günlərdə ölkə Prezidenti tərəfindən təsdiq olunmasının müstəsna tarixi əhəmiyyəti vardır.

Strategiya sürətlə modernləşən Azərbaycanda müasir təhsil sisteminin formalaşdırılması məqsədilə aşağıdakı beş strateji istiqamətdə genişmiqyaslı, kardinal islahatların gerçəkləşdirilməsini nəzərdə tutur:

* Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması;

* Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması;

* Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin qurulması;

* Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən  infrastrukturun yaradılması;

* Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin bərqərar olması.  

Göründüyü kimi, Strategiyada nəzərdə tutulan strateji istiqamətlər içərisində birinci yerdə "səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması" durur. Bu strateji istiqamət təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə yeni kurikulumların hazırlanması və inkişafı kimi vacib olan strateji hədəfləri əhatə edir.

Düşünürəm ki, Strategiyada əsas strateji istiqamətlər içərisində təhsilin məzmununun ön plana çəkilməsi və bu amilin digər istiqamətlər üçün sanki bir çıxış nöqtəsi kimi seçilməsi istər tarixi-mədəni ənənələr, istərsə də müasir yanaşmalar baxımından uğurlu addım kimi dəyərləndirilməlidir. Təsadüfi deyildir ki, təhsil strateqlərinin yekdil fikrinə görə, təhsilin məzmununu düzgün müəyyənləşdirmədən təhsildə uğurlu nəticədən, keyfiyyətdən, eləcə də təhsilalanların layiqli vətəndaş və peşəkar kadr kimi yetişdirilməsindən söhbət belə gedə bilməz. Ancaq etiraf etmək lazımdır ki, bu gün təhsil sistemində mövcud olan problemlərin bir qismi bu mənbədən qaynaqlanır. Bu baxımdan Təhsil Strategiyası bu problemlərin həlli yollarına işıq tutur, təhsilin bütün pillə və səviyyələrində məzmun islahatlarının aparılmasının aydın proqramını verir... 

Azərbaycanda təhsil quruculuğunun banisi və böyük himayəçisi, ümummilli lider Heydər Əliyevin bir müdrik kəlamını burada xatırlatmaq yerinə düşərdi: "Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır".

Hesab edirəm ki, təhsilin məzmununa böyük önəm verilməsi həm də müstəqil dövlətçilik prinsipləri, sosial-iqtisadi inkişaf tələbləri və beynəlxalq təcrübə baxımından da özünü doğruldur.  Strategiyada deyildiyi kimi, beynəlxalq təcrübədə təhsilin məzmunu ilə bağlı başlıca meyillərdən biri təhsil kurikulumlarının ölkənin sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri ilə sıx əlaqələndirilməsindən ibarətdir. Kurikulumlar hər şeydən öncə iqtisadi inkişaf məqsədlərinə xidmət edən bilik və bacarıqları, səriştəni aşılayan məzmuna malik olmalıdır. İqtisadi inkişafda uğurlar əldə etmiş ölkələrdə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması sosial-iqtisadi siyasətin prioriteti olduğundan kurikulumlarda innovasiyaların əhəmiyyəti, təhsilalanların müxtəlif sosial fəaliyyətə təşviq olunması və onların tədris bacarıqlarının inkişafı xüsusi vurğulanır.

Bu da tarixi reallıqdır ki, son 30-40 ildə dünyada baş verən elmi-texniki tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində təcrübi bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşdırılmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi ön plana  çəkilir. Səriştə təhsilalanın təlim prosesində qazandığı bilik və bacarıqları praktik fəaliyyətdə səmərəli şəkildə tətbiq etmək qabiliyyətidir. O, şəxsin (fərdin) qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Bu mənada  səriştəyə əsaslanan nəticəyönlü təhsil sosial-iqtisadi inkişafa daha səmərəli xidmət göstərir.

Strategiyada təhsilin məzmunu ilə bağlı yeni strateji tədbirlərdən biri kurikulumların inkişafının davamlılığı ideyasının irəli sürülərək elmi cəhətdən əsaslandırılması sayıla bilər. Sənəddə deyildiyi kimi, kurikulumların məzmunu texnoloji irəliləyişin gətirdiyi yenilikləri, innovasiyaları nəzərə almaqla, daim inkişaf etdirilməlidir. Bu da nəzərə alınmalıdır ki, kurikulumlar  müxtəlif təhsil pillələrində spesifik yanaşma tələb edir. Mətləb aydınlığı üçün deməliyəm ki, ümumi təhsil pilləsində kurikulumun məzmununda əsas prioritet - azərbaycançılıq ideyalarına sadiq olan, milli mənəvi dəyərlərə, insan hüquq və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdirsə, ali təhsildə isə əmək bazarının cari və perspektiv tələblərinə cavab verən peşəkarlıq, müasir texnologiyalar üzrə kompetensiyalar əsas prioritet kimi götürülür. İlk peşə-ixtisas, orta ixtisas təhsili və ali təhsil kurikulumlarının daim inkişafı, müntəzəm yeniləşdirilməsi və modernləşdirilməsi əmək bazarı subyektlərinin tələblərinin sistematik öyrənilməsini və onların zaman-zaman nəzərə alınması zərurətini doğurur. Lakin yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, hazırda ilk peşə-ixtisas və orta ixtisas təhsili kurikulumları müasir tələblərə cavab vermir, ali təhsil pilləsində isə kurikulumların inkişafı iqtisadiyyatın inkişaf dinamikasından geri qalır. İnanıram ki, Strategiyanın təhsilin bu pillələrinin kurikulumlarının yeniləşdirilməsinə dair tələblərinin, hədəf və tədbirlərinin reallaşdırılması bu sahədəki boşluğun qısa zamanda aradan qaldırılmasına güclü təkan verəcəkdir. Sənəddə yer alan yeni hədəflərdən biri də ali təhsil müəssisələrinə təhsilin məzmununun tətbiqi müstəqilliyinin, ali məktəblərə akademik muxtariyyətin verilməsi məsələsinin nəzərdə tutulmasıdır.

Azərbaycan təhsilinin məzmunu üzrə qarşıdakı dövrdə aparılacaq islahatlara dair Strategiyada 14 konseptual hədəf müəyyənləşdirilmişdir. Hazırda hazırlanmaqda olan, Strategiyanın icra mexanizmlərini nəzərdə tutan Fəaliyyət Planında bu hədəflərin alt-komponentləri bundan dəfələrlə çox və əhatəli olacaqdır.

Əsas hədəflərdən biri Azərbaycanda məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətini üzrə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını, ünsiyyət mədəniyyətini aşılayan müasir təhsil standartlarının və yeni kurikulumların hazırlanmasıdır. Azərbaycan cəmiyyətinin böyük gözləntiləri olan Strategiyada məktəbəqədər təhsillə əhatə dairəsinin inkişaf etmiş ölkələrdəki səviyyəyə (90 %-ə) yüksəldilməsi, məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, əhalinin bütün təbəqələri üçün onun əlçatan olması, məktəbəhazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması ilə bağlı müddəalar təhsilin bu pilləsinin aydın sabahından və uğurlu gələcəyindən xəbər verir.    

Strategiyada 12 illik ümumi təhsilə (10 il icbari ümumi orta təhsil və 2 il təmayüllərə əsaslanan tam orta təhsil) keçidin təmin olunması üçün mövcud təhsil standartları və kurikulumlarının yeniləşdirilməsi, tam orta təhsil səviyyəsində təlimin profillər (təmayüllər) üzrə bölünməsi mexanizmi rəsmən təsbit olunmuşdur. Düşünürəm ki, 1 illik məktəbəhazırlıq təhsilinin icbariliyinin təmin olunması və əsas təhsil pilləsinin 1 il uzadılması Azərbaycan cəmiyyətində çoxdan formalaşmış ümumi təhsilin ibtidai və əsas təhsil səviyyələrində "məzmunun ağırlığı", "dərs yükünün çoxluğu" barədə illərdən bəri kök salmış stereotiplərin aradan qaldırılmasına yardım edəcək, icbari ümumi orta təhsildə məzmunun təhsilalanlar tərəfindən mükəmməl şəkildə mənimsənilməsinə öz töhfələrini verəcəkdir. Eyni zamanda onu da deməliyəm ki, tədris ili inkişaf etmiş ölkələrdə 38 həftə olduğu halda, bizdə 32 həftə təşkil edir. Sözsüz, bu mexanizm təhsilalanların həddən artıq yüklənməsinə (yuxarı siniflərdə beşgünlük iş rejimi ilə işləyən məktəblərdə həftədə 40 saat, gündə 8 saat) səbəb olur, məzmunun lazımi səviyyədə mənimsənilməsinə əngəl törədir. Sevindirici haldır ki,  Strategiyada bu istiqamətdə də islahatların aparılması, həftəlik (gündəlik) dərs yükünün azaldılması və tədris ilinin müddətinin uzadılması da nəzərdə tutulmuşdur. Hesab edirəm ki, bu hədəf təhsilalanların sağlamlığının qorunmasına, tədris prosesinin optimallaşdırılmasına və səmərəli təşkilinə, ən başlıcası isə təhsilin məzmununun keyfiyyətli mənimsənilməsinə imkan verəcəkdir. Digər tərəfdən, tam orta təhsil səviyyəsinin təmayüllər əsasında təşkili ölkədə ictimaiyyət arasında geniş müzakirələrə və narahatlıqlara vəsilə olan "repetitorluq" sindromunun sındırılmasına yardım göstərəcəkdir. 

Bu bir həqiqətdir ki, ümumi təhsildə səriştəyə əsaslanan şəxsiyyətyönlü məzmuna keçilməsi təhsilalanlarda yaradıcı (kreativ) düşüncənin formalaşmasına, praktik vərdiş və bacarıqların yaranmasına birbaşa xidmət edir. Ümumi təhsilin məzmunu ilə bağlı maraqlı bir məqama toxunmaq yerinə düşərdi. Düşünürəm ki, ümumi icbari orta təhsil pilləsində təhsilin məzmununda həyati bacarıqların, praktik vərdişlərin formalaşmasına xidmət edən bütün fənlər üzrə "zəruri minimum bilik" modeli ümumi təhsilin ibtidai və əsas təhsil səviyyələrində tətbiq olunmalı, tam orta təhsil səviyyəsində isə müxtəlif təmayüllər üzrə dərinləşdirilmiş praktik əsaslı elmi biliklər verilməlidir. Təhsilalanlara o biliklər verilməlidir ki, o, şəxsin gələcək həyatında tətbiq oluna bilsin, qazandığı bilik və bacarıqlar səriştəyə, kompetensiyalara çevrilə bilsin. Əgər təhsilalana verilən bilik yeni biliklərin yaranmasında baza, təməl rolunu oynamırsa, yaxud əməli fəaliyyət sahələrində tətbiq olunmursa, bu bilik heç zaman kreativ, yaradıcı düşüncəyə xidmət edə bilməz. Təhsilşünaslıqda aparılan tədqiqatlarla müəyyən edilib ki, təhsilalanlara verilən hazır nəzəri biliklərin yarıdan çoxu onların gələcək həyatlarında, praktik fəaliyyətlərində istifadə olunmur. Təhsilin məzmununa bu cür yanaşma artıq öz funksiyasını itirib. Təhsilalana hazır bilik verilirsə və bu praktik həyatda tətbiq olunmursa, Qərb təhsilşünaslığında bu cür yanaşma yaradıcı təfəkkür aktı deyil, bir hafizə, yaddaş aktı kimi dəyərləndirilir. Bu baxımdan Strategiyada səriştəyə əsaslanan təhsil məzmununun yaradılması haqqında müddəa özündə təhsilalana "zəruri minimum biliy"in (yaxud "təmayül əsaslı praktik biliy"in) ənənəvi hafizə faktı kimi deyil, müasir yaradıcı düşüncə, təfəkkür faktı kimi verilməsini nəzərdə tutur. Başqa sözlə, Strategiya ümumi təhsilin məzmununda təhsilalanın idrak fəallığını təmin etməyən "hafizə (yaddaş) məktəbi"ndən müstəqil, yaradıcı düşüncəni inkişaf etdirən "təfəkkür məktəbi"nə keçidin aydın yollarını göstərir. Bu cür yanaşma bilikləri təhsilalana hazır şəkildə deyil, təhsilalanın yaradıcı düşüncəsinin məhsuluna çevirmək və sonrakı müstəqil düşüncələr üçün təməl, baza yaratmaq yolunu, öyrənməyi öyrətmək yolunu prioritet kimi qəbul edir. Əslində bu cür yanaşma Avropada çoxdan sınaqdan çıxmış, Qərbə sivilizasiyanın öncülü olmaq şansını vermiş kreativ düşüncənin ətalət və passivlikdən azad olması, hər kəsə öz ağlı ilə müstəqil çalışmaq imkanının verilməsi yoludur. Bu da nəzərə alınmalıdır ki, YUNESKO-nun sənədlərində qloballaşan dünyada təhsilin məzmunu qarşısında da dörd mühüm tələb qoyulub: bilik əldə etməyi öyrətmək, bir yerdə yaşamağı öyrətmək, işləməyi öyrətmək, yaşamağı öyrətmək...

Strategiyada ümumi təhsilin məzmununa bu cür yaradıcı yanaşma təhsilalana maksimum bilikləri deyil, zəruri, optimal bilikləri verməyi, "maksimal bilikdən optimal biliyə" prinsipinə əməl etməyi özündə ehtiva edir ki, bu işıqlı ideya mühüm dövlət sənədinin tarixi-mədəni əhəmiyyətini daha da artırır. Strategiyada ümumi təhsilin məzmunu ilə bağlı hədəflərdən biri də istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramlarının hazırlanmasının və reallaşdırılmasının nəzərdə tutulmasıdır.

Aydın məsələdir ki, ümumi təhsilin məzmununun reallaşdırılmasında dərsliklərin, dərs vəsaitlərinin, digər tədris-metodik vasitələrin rolu böyükdür. Strategiyada kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması, elektron dərsliklərin və elektron tədris resurslarının yaradılması nəzərdə tutulmuşdur. Hesab edirəm ki, Strategiyanın icra mexanizmini nəzərdə tutan Fəaliyyət Planı bu yaxınlarda təsdiq edildikdən sonra 12 illik ümumi təhsilə keçidlə bağlı yeni dərsliklərin hazırlanması və tətbiqi vaxtı məlum olacaqdır. Hələlik isə I-VI siniflərdə tətbiq olunan kurikulum əsasında hazırlanan yeni dərsliklərin davamı olaraq yuxarı sinif dərsliklərinin hazırlanması, yeni dərsliklərin pilot layihə kimi 1 il məktəblərdə sınaqdan keçirilməsi işi davam etdiriləcəkdir. Yaxın gələcəkdə Strategiyada nəzərdə tutulduğu kimi, alternativ, variativ dərsliklərin, elektron dərsliklərin hazırlanması və tətbiq edilməsi mümkün olacaqdır. Ölkə ictimaiyyətini ən çox maraqlandıran yaxın gələcəkdə hər bir şagirdin fərdi planşetlə təmin olunması, dərsliklərin və digər tədris resurslarının həmin planşetdə yüklənməsinin mümkünlüyü haqqında Strategiyada yer alan müddəalardır. Təhsil Nazirliyi dərslik islahatında keyfiyyətin yüksəldilməsini, keyfiyyətli dərslik məsələsinin prioritet sahə kimi inkişaf etdirilməsini əsas hədəflərdən hesab edir, keyfiyyətli dərsliklərin hazırlanması və nəşri üçün gərəkən bütün addımları atmaq əzmindədir. Dərsliklərin hazırlanması işinə ölkənin intellektual potensialının cəlb olunması məqsədilə Strategiyada stimullaşdırıcı tədbirlərin gerçəkləşdirilməsi də nəzərdə tutulmuşdur. Hazırda bu sahədə dünya təcrübəsi öyrənilir. Strateji xəttimiz belədir ki, bütün ümumtəhsil məktəb dərslikləri pilot layihə kimi 1 il sınaqdan keçirildikdən sonra şagirdlərin istifadəsinə verilməlidir. Ümumiyyətlə, dərslik məsələsi hər zaman təhsil ictimaiyyətinin, ölkə əhalisinin maraq dairəsində olub, bundan sonra da olacağına şübhə etmirik. Bu da nəzərə alınmalıdır ki, ümumtəhsil məktəb şagirdlərinə dərsliklərin dövlət vəsaiti hesabına pulsuz verilməsi Azərbaycan dövlətinin təhsilə və təhsilalanlara qayğısının parlaq nümunəsidir.      

Təhsilin məzmununda tərbiyə, milli mənəvi və ümumbəşəri dəyərlər, azərbaycançılıq məfkurəsi, milli vətənpərvərlik prioritet ideyalar kimi haqqında söhbət gedən sənəddə öz əksini tapıb.

Əlbəttə, bu yazıda biz, əsasən, təhsilin məzmunu ilə bağlı Strategiyada yer alan strateji hədəflərdən qısaca söz açdıq, onların reallaşdırılmasının təhsilimizə gətirəcəyi yeniliklərə aydınlıq gətirməyə çalışdıq.

Hesab edirəm ki, Strategiyada yer alan digər dörd strateji istiqamət də (təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən təhsilverənlərin formalaşdırılması; təhsildə təlim nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə sisteminin yaradılması; müasir tələblərə cavab verən təhsil infrastrukturunun qurulması; təhsilin dayanıqlı, yeni maliyyələşmə mexanizminin bərqərar olması) bu və ya başqa şəkildə təhsilin məzmununun reallaşdırılmasına birbaşa və ya dolayısı ilə xidmət edir.

Düşünürəm ki, Azərbaycanda səriştə əsaslı təhsilin məzmununun yaradılmasını təmin edəcək elmi-pedaqoji potensial var. Əsas məqsəd bu potensialdan səmərəli istifadənin yollarını tapmaqdan, onların intellektual əməyinin stimullaşdırılmasını və motivasiyasını təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə qayğıkeş münasibəti və güclü siyasi iradəsi sayəsində ərsəyə gələn, ölkə başçısının "qara qızılı insan kapitalına çevirməliyik" konseptual ideyasının gerçəkləşdirilməsinə xidmət edən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" sənədi sürətlə modernləşən ölkəmizdə təhsil sistemi qarşısında qoyulan məqsəd və strateji hədəflərə çatmağa, milli təhsil sisteminin Avropa təhsil standartlarına uyğunlaşdırılmasına imkan verəcək, Strategiyanın reallaşdırılması nəticəsində təhsilin məzmunca milli və ümumbəşəri dəyərlər, müstəqil dövlətçilik prinsipləri və beynəlxalq təcrübə əsasında, Azərbaycanın İnkişaf Konsepsiyasına uyğun yenidən qurulması mümkün olacaqdır.

Əsgər QULİYEV,
Təhsil Nazirliyi Dərslik və nəşriyyat şöbəsinin müdir müavini,
 filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov