Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Dekabr 2013 - №49

 

Layihə çərçivəsində Bakının beş məktəbində şagirdlərə hüquq dərsləri keçilir

 

Təhsil və Ədliyyə nazirliklərinin dəstəyi ilə "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin "Hüquq və mən" adlı layihəsi çərçivəsində Bakının 5 məktəbində şagirdlərə hüquq dərsləri keçilir.

İctimai Birlikdən AzərTAc-a bildirmişlər ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə reallaşdırılan layihəyə əsasən, dərslər peşəkar hüquqşünaslar tərəfindən 5 həftə ərzində keçiləcəkdir.

Bu pilot layihə çərçivəsində "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin sədri Anar Bağırov və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Bakı ofisinin rəhbəri Tomas Meltser 18 nömrəli tam orta məktəbdə olmuş, keçilən dərslərdə iştirak etmiş və layihə barədə müəllimlərə və şagirdlərə ətraflı məlumat vermişlər.

Layihənin rəhbəri, "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin sədri Anar Bağırov bildirmişdir ki, bu layihə indiyədək buna oxşar keçirilən tədbirlərdən öz qeyri-adiliyi ilə seçilir. Dərslərdə istifadə olunması üçün ilk dəfə Azərbaycan dilində ayrıca dərs vəsaitləri hazırlanmışdır. Dərslikdən və işçi dəftərindən ibarət olan bu vəsaitlər həm məzmun etibarilə, həm də dizayn baxımından şagirdlərin böyük marağına səbəb olmuşdur. Vəsaitlərin dizayn tərtibatı Almaniya Rəssamlıq Akademiyasının keçirdiyi müsabiqədə qalib olan tələbələrin rəsmləri əsasında qurulmuşdur.

Layihənin əsas məqsədi X və XI sinif şagirdlərinin hüquqi biliklərinin inkişaf etdirilməsi və onlara gələcəkdə üzləşə biləcəkləri hüquqi vəziyyətlərdə necə davranmağın öyrədilməsidir. Eyni zamanda, dərslərdə fərqlənən şagirdlərin məhkəmələrdən birinə ekskursiyaya aparılması nəzərdə tutulmuşdur.

Tomas Meltser isə məktəbdə şagirdlərin keyfiyyətli təhsil almaları üçün yaradılmış şəraitdən məmnunluğunu bildirmişdir. Layihə barədə danışan T.Meltser bu metodik vəsaitlərin Almaniyada çap edilən ilk Azərbaycan dilində nəşrlər olduğunu xüsusilə vurğulamışdır.

Bu dərslərin şagirdlərin hüquqla bağlı anlayışlarına böyük töhfələr verəcəyini deyən Tomas Meltser şagirdlərlə sual-cavab formatında diskussiya aparmış və məktəblilərin bu layihə ilə bağlı fikrini öyrənmişdir.

Şagirdlərin bu dərslərə böyük maraq göstərdiyini deyən 18 nömrəli tam orta məktəbin direktoru Vaqif Hüseynov bildirmişdir ki, hər bir insan öz hüquq və vəzifələrini bilməlidir. Bütün bunların şagirdlərə məktəb illərində çatdırılması çox müsbət haldır.

Məşğələlərin keçirilməsi üçün hazırlanmış dərs vəsaitində Azərbaycanın hüquq sistemi və hüquq tarixi, əsas insan hüquq və azadlıqları, ölkəmizin məhkəmə sistemi, Avropa İnsan Hüquqları Məhkəməsi barədə məlumatlar yer almışdır. İşçi dəftərdə isə qeyd olunmuş hüquqi məlumatlara həsr edilmiş illüstrativ-praktiki tədris tapşırıqları krossvord, test, sual-cavab formasında əksini tapmışdır.

Pilot layihə ilkin olaraq Bakının 18, 236, 240, 276 nömrəli tam orta məktəblərində və məktəb-lisey kompleksində keçirilir. Layihənin gələcəkdə digər tam orta məktəblərdə də keçirilməsi nəzərdə tutulur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov