Qafqaz Universitetinin əməkdaşlarından ibarət bir qrup
heyət ENOTES TEMPUS proqramı çərçivəsində Naxçıvan Özəl
Universitetində yaradılmış ECDL Mərkəzi ilə tanışlıq
məqsədilə bu ali məktəbdə olub. Universitetin rektoru,
professor İsmayıl Əliyev ölkəmizdə, o cümlədən onun
ayrılmaz tərkib hissəsi olan muxtar respublikada elmin,
təhsilin inkişafına göstərilən yüksək qayğıdan danışıb,
Naxçıvan Özəl Universitetinin keçdiyi inkişaf yolu və
beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
Qonaqlar adından Qafqaz Universitetinin beynəlxalq
əlaqələr üzrə prorektoru Sənnur Əliyev çıxış edərək
səmimi qarşılandıqlarına görə minnətdarlıqlarını
bildirib. Universitetlərarası əlaqələrin inkişafında,
tərəfdaşlığın əhəmiyyətindən, bu istiqamətdə qarşıda
duran vəzifələrdən danışılıb.
Sonra qonaqlar Naxçıvan Özəl Universitetinin
strukturunu, eləcə də beynəlxalq əlaqələrinin inkişafını
əks etdirən təqdimata baxıb, universitet ərazisini
gəzərək ali məktəb üçün inşa edilən ayrı-ayrı
korpuslarla tanış olublar.
Görüş zamanı Naxçıvan Özəl Universiteti ilə Qafqaz
Universiteti arasında sıx əməkdaşlıqdan, universitetlər
arasında həyata keçirilən tələbə mübadiləsindən
danışılıb, eləcə də NÖU professor-müəllim heyətinin
Qafqaz Universitetində ixtisasartırma kurslarında
iştirakı məsələlərinə toxunulub.
Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin
Mətbuat xidmətinin rəhbəri |