Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 
Xaricdə işləyən müəllim həmvətənlərimiz

Tələbələrim Azərbaycanı gəzmək və tanımaq üçün maraq göstərirlər

 

1975-ci ildə Ağsu rayonunun Dilman kəndində müəllim ailəsində anadan olmuşam. 1992-ci ilin yayında Azərbaycanda ilk dəfə keçirilən test imtahanlarında iştirak edərək Türkiyənin ali məktəblərində oxumaq arzumu gerçəkləşdirmək istədim. Bir neçə ay sonra imtahanın nəticəsi açıqlandı və Ankara şəhərindəki Qazi  Universitetinin pedaqoji fakültəsinin türk dili və ədəbiyyatı müəllimliyi bölümünə qəbul olunduğumu öyrəndim. Noyabrın 14-də soyuq və yağışlı bir payız günündə Türkiyə universitetlərinə qəbul olunmuş tələbələrlə birlikdə təyyarə ilə Ankaraya uçduq.  1993-cü ilə qədər bir il  TÖM-də (Türkcə Öyrətim Mərkəzi) Türkiyə türkcəsini və qrammatikasını öyrəndik.

1993-1997-ci illərdə universitetdə türk dili və ədəbiyyatı sahəsində təhsil aldım. 1997-ci ildə universiteti bitirib magistraturaya qəbul olundum. 2000-ci ilin baharında magistraturanı bitirdim. 1999-cu ildə Türkiyənin mötəbər ali məktəblərindən sayılan İstanbuldakı Fateh Universitetinin Türk dili və ədəbiyyatı bölməsində araşdırmaçı kimi işə başladım. Həmin il həyatımdakı bir yenilik də ailə qurmağım oldu.

2001-ci ildə "Artıq vətənə xidmət vaxtıdır", - deyərək geri döndüm. 2001-2008-ci illər arasında Bakıdakı Qafqaz Universitetinin Türk dili və ədəbiyyatı bölməsində baş müəllim olaraq çalışdım. 2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində "Qarabağlı Seyyid Mir Həmzə Nigarinin həyatı, yaradıcılığı və türkcə divanının poetik strukturu" mövzusunda namizədlik dissertasiyası müdafiə etdim.

2008-ci ilin yayında yenidən Türkiyəyə döndük. Bu dəfə Nevşehir Universitetində çalışacaqdıq. 2009-2013-cü illər arasında burada çağdaş türk ləhçələri və ədəbiyyatları bölümündə işlədim. Bu arada Azərbaycan-Türkiyə ədəbi-mədəni münasibətlərinə həsr olunmuş layihə, konfrans və seminarlarda Azərbaycan dili, mədəniyyəti, tarixi və folklorunu Türkiyədə tanıtmağa çalışdım.

Xocalı soyqırımı ilə bağlı dəfələrlə konfranslar keçirib universitet əməkdaşlarını və Nevşehir ictimaiyyətini bu faciənin dəhşətləri ilə məlumatlandırmışam.

2013-cü ilin mart ayından etibarən məzunu olduğum Qazi Universitetində müəllim işləyirəm. Bunu həyatımdakı ən uğurlu nailiyyətlərdən sayıram. 2-17 noyabr tarixlərində ABŞ-ın Texas ştatının Austin şəhərindəki Orta Şərq Araşdırmaları Mərkəzində Azərbaycan dilini, tarixini, mədəniyyətini və yeni ədəbiyyatını tanıdan seminarlar aparmışam. Xüsusən XIX-XX  əsrlər Azərbaycanın sosial-siyasi durumu və ədəbiyyatı mövzusundakı seminarım maraqla dinlənildi.

Çalışmağa başladığım gündən bəri klassik və müasir türk ədəbiyyatı, ədəbi cərəyanlar, klassik Azərbaycan ədəbiyyatı, ədəbiyyatın nəzəri məsələləri, Füzuli, türk ədəbiyyatında məsnəvi, qədim türk ədəbiyyatı, türk ölkələri ədəbiyyatı, müasir türk ölkələri ədəbiyyatı və başqa fənləri tədris edirəm.

Magistraturada oxuyarkən super liseydə bir il çalışmışam. Bu mənə önəmli təcrübələr qazandırıb. Həm Azərbaycan ədəbiyyatının, həm də türk ədəbiyyatının bütün dövrlərini bilməyim mənə müqayisəli ədəbiyyat sahəsində çalışma imkanı vermişdir. Akademik çalışmalarımı klassik və müasir Türkiyə-Azərbaycan və türk ölkələri ədəbiyyatı sahəsində müştərək olaraq davam etdirməkdəyəm.

Türkiyədə bir çox ali məktəblər kimi bizim universitet də Bolonya prosesinə qoşulmuşdur. Universitetdə bir semestrdə 3 dəfə imtahan olur. Birinci imtahan noyabr ayının üçüncü həftəsi başlayan vizə imtahanlarıdır. Bu imtahandan sonra semestrin axırında "final" adlandırılan daha önəmli bir imtahan keçirilir. Tələbə girdiyi vizə və final imtahanlarından toplam olaraq 60 və ya 65-dən çox bal yığarsa, o zaman dərsdən keçmiş sayılır. Əgər bacarmazsa, final imtahanları bitdikdən sonra "bütünləmə" deyilən başqa bir imtahana da girir və lazımi qiyməti alıb semestri tamamlamış olur. Əgər tələbə bu imtahandan da keçməzsə, növbəti il eyni dərsi bir daha öyrənməli olur. Burada kredit sistemi olduğu üçün hər dərsin bəlli bir krediti vardır. Tələbənin kəsiri çox olarsa, təhsil ili də uzanar və o, universiteti 4 ildə - 8 semestrdə deyil, daha uzun bir müddətdə qurtarar. Buna görə də bütün tələbələr hər dərsi aid olduğu semestrdə keçmək məcburiyyətindədirlər.

İmtahan suallarını fənni tədris edən müəllimlər hazırlayıb çoxaldırlar. İmtahanları da onlar özləri keçirirlər, amma nəzarət üçün assistentlər də iştirak edirlər. Qiymətləndirmə işi də müəllimlərin öhdəsindədir.

Türkiyənin dövlət universitetlərində əməkhaqqı vəzifəyə və iş stajına görə fərqlidir. Əsasən doktorluq müdafiə edib yardımçı dosent doktor ştatında çalışan hər bir müəllim orta hesabla 2500 türk lirəsi məbləğində (təxminən 1200 ABŞ dolları) maaş alır. Amma dərs saatı, vəzifəsi yoxdursa 10 krediti 10 saatı aşarsa girdiyi hər dərsə görə də əməkhaqqı alır. Bu da orta hesabla hər ay 300-dən 1000-dək Türkiyə lirəsi və ya daha artıq ola bilər. Ümumiyyətlə, Türkiyədə yardımçı dosent orta hesabla 2500-3000 türk lirəsi miqdarında maaş almaqdadır. Şəhərin və ya universitetin paytaxtdan uzaqlığı da maaşın artmasına səbəb ola bilir. Universitet müəllimlərinin adətən boş vaxtları olmur. Çünki dərs keçməkdən əlavə seminar və konfranslarda iştirak etmək, elmi məqalə, kitab yazmaq və başqa akademik, fəaliyyətlər də gerçəkləşdirmək lazımdır. İş stajı 10 ilədək olan müəllimlərin rəsmi olaraq ildə 20 gün məzuniyyət haqqı vardır. Bundan əlavə, fövqəladə hallarda istifadə etmək üçün 15 gün də icazəsi vardır. Universitet müəllimləri tələbələrlə yaxından məşğul olur, onların həm akademik, həm də fərdi bacarıqlarının artmasına çalışırlar. Gənclər bizim gələcəyimiz olduğu üçün onlarda milli mənəvi dəyərlərin inkişafına çalışırıq.

Tələbələrə dərslərdə mühazirə oxumaqla yanaşı, onları tədqiqat aparmağa istiqamətləndirmək, kürsüyə çıxıb araşdırdığı mövzunu müəllim və bütün auditoriya qarşısında şərh etməsinə imkan yaratmaq üçün zaman-zaman tapşırıqlar verilir.

Tələbələrlə ölkə içində müxtəlif yerlərə gəzintiyə gedilir, muzey, əlyazmaları institutu və digər elmi tədqiqat institutlarına ziyarətlər olunur.

Bütün dərslərimdə Azərbaycan ədəbiyyatını və mədəniyyətini tanıtmağa və layiqincə təmsil etməyə çalışıram. Bunu apardığım seminar və  konfranslarda, dərslərdə  gerçəkləşdirirəm, Azərbaycanın türk dünyasının önəmli və ayrılmaz bir qolu, zəngin tarixi və mədəni keçmişə malik olduğunu hər fürsətdə vurğulayıram. Bütün tələbələrim də bu sahədə biliklərə sahib olub Azərbaycanı görmək və tanımaq üçün çalışırlar. Azərbaycan musiqisi, şeir və sənəti, roman və hekayəsi artıq dərs verdiyim türkiyəli tələbələrin diqqət mərkəzindədir.  

Pərvanə Bayram,
Türkiyənin Qazi Universitetinin müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov