Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

27 Dekabr 2013 - №30

 

SOS Uşaq Kəndinin sakinləri bir ailədə

 

"Sos Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası 2000-ci ildə  ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılıb. Həmin ildə Bakıda Xətai rayon filialı inşa edilərək istifadəyə verilib.  Bu filialda müasir tipdə, hər cür şəraitə malik 14 ailə evində hazırda kimsəsiz, valideyn himayəsindən məhrum olan 10 aylığından 16 yaşadək 71 uşaq yaşayır.

SOS Uşaq Kəndinin  pedaqoqu Almaz Məmmədova bildirdi ki,  internatdan fərqli olaraq burada uşaqların bacı-qardaşları, xidməti anası və xalası var. Hər evdə 6-7 uşaq yaşayır,  təhsil alır,  müxtəlif idman növləri ilə məşğul olur, xarici dil kurslarına, rəsm, rəqs, xor dərnəklərinə və kompüter kurslarına cəlb olunurlar. Onların 56-sı məktəblidir, 27, 191, 257, 269, 271 nömrəli və digər məktəblərdə  təhsil alır. Bir uşağımız  Rasim İbrahimov "Əlincə" futbol klubunun üzvüdür. Bu il 8 nəfər texnikuma və kolleclərə daxil olub.

Almaz müəllim daha sonra bildirdi ki,  bir ailənin üç övladına- Günel, Nigar və Səfərə də körpə yaşlarından Bakı SOS Uşaq Kəndində yaşamaq nəsib olub. Onlar bütün dərnəklərin fəal üzvünə çevrilərək təşkil olunan tədbirlərdə həvəslə iştirak edirlər və tez bir zamanda ingilis dilini öyrəniblər. Günel iki dəfə Moldovada, Almaniyada "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyasını təmsil edib.  Bacısı Nigar isə idman sahəsində uğurlar qazanaraq voleybol və basketbol üzrə Azərbaycanın II yığma komandasına üzv seçilib və həm ölkə daxilində, həm də xarici ölkələrdə uğur qazanaraq diplom və medallara layiq görulüb. Yeganə qardaşları olan Səfər də bacılarından geri qalmırdı. O da idman yarışlarının qalibi və dərs əlaçısı olub. VI sinfi bitirdikdən sonra o, Şirvan  Türk liseyinin qəbul imtahanlarında iştirak edərək yüksək nəticələr əldə edib  və orada oxumaq hüququ qazanıb. Artıq o illər arxada qalıb. Hazırda Günel Vəliyeva  Dağıstan Dövlət Tibb Akademiyasının  tələbəsi, bacısı Nigar və qardaşı  Səfər Milli Aviasiya Akademiyasının tələbələridir.

Qeyd edək ki, "SOS Uşaq Kəndləri -Azərbaycan" Assosiasiyası bir neçə layihənin icrasına başlayaraq uğurlu və peşəkar şəkildə fəaliyyətini davam etdirir.

Müasir dövrdə müxtəlif səbəblərdən bəzi ailələrin dağılması prosesi baş verir. Erkən nikah, qeyri-rəsmi nikah və sair problemlərin nəticəsində ən çox əziyyət çəkənlər də elə uşaqlar olur. Belə hallarda uşaqlar ən böyük faciə -bioloji ailələrini itirmək riski ilə üz-üzə dayanırlar. Məhz belə ailələrdən olan uşaqlara dəstək məqsədilə 2013-cü ilin aprelində Azərbaycanda ilk dəfə Bakı  SOS Uşaq kəndində "Qısa  Müddətli Qayğı" layihəsi  adlanan yeni layihə fəaliyyətə başlayıb. Layihənin yaradılmasında  əsas məqsəd müxtəlif problemlərlə üzləşmiş ailələrə kömək etmək, onların övladlarını müvəqqəti yaşayış yeri və qayğı ilə təmin etməkdir.  

Ailələrin düşdüyü vəziyyətin çətinliyindən asılı olaraq  "QMQL"-da qalma müddəti 1-12 aya qədər müəyyən olunur. Yaxınları ilə görüşlərin davamlılığı vaxtı uşağın və ailənin xüsusi ehtiyaclarına görə fərqli ola bilər. Burada olan müddətdə hər bir uşaq üçün fərdi inkişaf planı hazırlanır. Psixoloq və pedaqoqlar öz işlərini fərdi inkişaf planına uyğun qururlar. Qalma müddəti başa çatdıqdan sonra uşaq ailəsinə qaytarılır. Əgər uşaq öz ailəsi ilə yenidən birləşə bilmirsə, müvafiq dövlət təşkilatları tərəfindən mümkün olan qayğı formaları araşdırılır və müəyyən olunur.

SOS Uşaq Kəndində  kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərilən qayğı onların bu müəssisəyə  qəbul olunduğu gündən müstəqil həyata atılacaqları günədək davam edir. Müəyyən yaş həddinə çatdıqda  isə onlar Gənclər Evinə köçürülürlər.

Azərbaycan Maliyyə İqtisad Kollecində təhsil alan Rahim Feyziyev Gənclər Evində yaşamaqdan heç bir çətinlik çəkmədiyini, uşaqları və məsləhətçiləri yaxından tanıdığı üçün yeni həyata uyğunlaşmağın asan olduğunu söyləyir. O, Gənclər Evini özü üçün doğma ev hesab edir və gələcəkdə sərbəst həyata başlanğıc üçün vasitə bilir.

Gənclər Evi SOS Uşaq  Kəndinin struktur bölməsidir. Bu bölmənin yaradılmasında əsas məqsəd uşaqları müstəqil həyata hazırlamaq, onların sosial və həyat qabiliyyətlərini inkişaf etdirmək, onlara peşə seçmək üçün  hərtərəfli şərait yaratmaqdır. Gənclər Evinə köçəcək uşaqlar arasında  müstəqil yaşamaq üçün bacarıqların aşılanması və inkişafı məqsədilə "Bizim ev" yarışması keçirilib.  Bu yarışmada  uşaqlar düzgün və sağlam qidalanma, ilk tibbi yardım göstərmək,  evdarlıq, məntiqi düşüncə, məişət texnikasından düzgün istifadə və sair sahələrdə  bacarıqlarını nümayiş etdiriblər.

SOS Uşaq Kəndində tez-tez müxtəlif məzmunlu tədbirlər keçirilir. Sülh günü ilə əlaqədar  baş tutan tədbirdə uşaqlar arasında sülh mövzusunda  rəsm müsabiqəsi keçirilib. Uşaqların ifasında səslənən şeirlər, mahnılar, milli  rəqslər qonaqları məmnun edib.  "Dost ölkələrə səyahət, əzizləyər hər el səni öz adətilə" adlı internat məktəbləri və uşaq evləri  arasında keçirilən festivalda  isə SOS Uşaq Kəndinin  uşaqları  fəxri fərman və diplomlarla mükafatlandırılıb.

Söhbətimizin  sonunda Almaz müəllim qarşıdan gələn Dünya Azərbaycanlılarının  Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün ailələri və onların övladlarını, kimsəsizləri və valideyn himayəsindən məhrum olanları təbrik etməyi də unutmadı, bu qəbildən olan uşaqlara xoşbəxt gələcək, firavan həyat arzuladı. Qeyd etdi ki, bu uşaqlar daim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunur. Onlar müstəqil həyata atıldıqdan sonra da dövlətin qayğısından bəhrələnəcəklər.  

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov