Bakıdakı 2 nömrəli uşaq evinin sakinləri ilə söhbət
2013-cü
ilin son həftəsini yola salmaqdayıq. Bu günlər hər yerdə
ən çox gözümüzə dəyən bəzənmiş yolkalardır, bir də
sevinən, şənlənən uşaqlar. Uşaqları şənlənə bilən ölkədə
yaşamaq özü də bir xoşbəxtlikdir. Bu ərəfədə qohum-qonşudakı
uşaqların ovqatı məlumdur: üz-gözlərindən sevinc yağır.
Onlar hamısı Yeni il şənliklərinə köklənib. Bəs uşaq
evindəki yaşından tez böyümüş uşaqlar? Onlar Yeni il
ərəfəsində hansı ovqatdadırlar? Bu sualın cavabını onlar
özləri deyəcəklər. Bakıdakı 2 nömrəli uşaq evindəyəm.
Kifayət qədər geniş, isti, səliqə-sahmanlı zaldan
uşaqların şən səsləri eşidilir. Yeni il tədbirinə
hazırlaşırlar. Hərə bayram libasını geyinib öz nömrəsini
məşq edir. Kənarda dayanıb bir qədər uşaqlara baxıram.
Necə də qayğısız, şəndirlər. Amma ilk baxışda... Bir
azdan uşaqların məşqi başa çatır və tərbiyəçi Aynurə
Hüseynova ilə birlikdə beş nəfəri- iki oğlanı, üç qız
uşağını özümüzlə götürüb kitabxanaya keçirik. Kitabxana
da isti və səliqəlidir. Adını soruşmadığım ortayaşlı
kitabxanaçı qadının üz-gözündən nur yağır. Biz içəri
daxil olanda orada sakitcə oturub kitab oxuyan uşaqları
daxili bir fərəhlə süzürəm. Ürəyimdə sevinirəm ki, bu
uşaqlara heç kim zorla kitab oxutdurmağa çalışmır.
Özləri kitaba bağlanıblar. Bir azdan uşaqlar iki-bir, üç-bir
kitabxanaçı ilə sağollaşıb "ev"lərinə dönürlər. Bu gün
həmsöhbət olduğum uşaqların heç biri atılmış deyil,
taleyinin gözlənilməz acısını dadanlardı... Bu, onların
alın yazısıdırmı? Görəsən, yaradanın dərgahında onların
günahı nə? Hələ uşaqlarla söhbətə başlamamış niyə bu
qədər kövrəlmişəm, bilmirəm. Öz əhvalımı uşaqlara hiss
etdirməməyə çalışıram. İlk müsahibim üç gözəl (bu
ifadəni sözgəlişi demirəm) qızdan biridir:
- Adım Pərvanədir. Salamova Pərvanə Elman qızı. Bu il
oktyabrın 9-da 10 yaşım oldu.
- Çoxdan buradasan?
- Birinci sinfə burada getmişəm. Deməli, beş ildən
çoxdur.
- Bura gəldiyin gün yadında qalıb?
- Əlbəttə. Atamla anam ayrıldılar. Anamın da imkanı
çatmadığı üçün bizi buraya gətirdi.
- Bizi deyərkən...
- Mən özümdən bir yaş kiçik qardaşım Telmanla eyni gündə
buraya gətirilmişəm. Biz Bakıda doğulmuşuq. Anam indi də
Bakıdadır, hərdən baş çəkir bizə.
- Qardaşınla münasibətin necədir?
- Bizim bir-birimizdən başqa kimimiz var ki? Dərs
növbələrimiz ayrı olduğuna görə hər gün bir-birimizdən
xəbər tutur, bir-birimizə nəzarət edirik.
Bu yerdə Aynurə xanım söhbətə qarışır:
- Pərvanə ilə qardaşı Telman bilsəniz bir-birinin
üstündə necə yarpaq kimi əsir, bir-birini necə çox
istəyirlər?! Hər dəqiqə, hər an bir-birini axtarır,
xəbərləşirlər. Anaları çox məsuliyyətli valideyndir,
ayağını burdan kəsmir, tez-tez gəlib uşaqlarına baş
çəkir, kənardan olsa da uşaqlarına nəzarətini azaltmır.
O qadın balalarının daha normal şəraitdə, daha təminatlı
böyümələrini istədiyi üçün məcbur olub bura üz tutub.
- Pərvanə, Yeni ildə hansı hədiyyəni arzulayırsan?
- Hədiyyə? Hamının bayramda arzuları, istəyi olur. Mən
ana istəyirəm, ana! Kaş evimiz olaydı, anam da bizi
aparaydı yanına... Amma yox, daha burdan getmək də bizə
çətin olar. Dayələrimizə, Sevda anaya elə öyrəşmişik
ki...
Pərvanənin gözləri dolur, qəhər mənim də boğazımda
düyünlənir:
- Böyüyəndə kim olmaq istəyirsən?
- İstəmək yox, mənim artıq məqsədim var: mütləq həkim
olacam. Özü də uşaq evinin həkimi. İstəyirəm buradakı
uşaqlar heç vaxt xəstələnməsinlər.
- Asudə vaxtların olurmu?
- Mən kitabxanamızı çox sevirəm. Bura həm gözəldir, həm
də isti. Dərslərimi hazırlayıb qurtaran kimi buraya
gəlirəm. Boş vaxtımı ancaq kitab oxumağa sərf edirəm.
- Hansı kitabları xoşlayırsan?
- Ən çox nağıl kitablarını. Neçə il əvvəl ilk oxuduğum
da qoğalın nağılı olub.
- Ən böyük arzun nədir?
- İstəyirəm ki, buradakı bütün uşaqlar çox, lap çox
savadlı olsunlar. Ona görə ki, barı böyüyəndə heç nədən
çətinlik çəkməsinlər.
- Ata-ana qohumlarından tanıdığın varmı?
- Hardan tanıyacam? Heç vaxt, heç kim bizim yanımıza
gəlməyib. Heç bundan belə kimsəni istəmərəm də. Bircə
anam gəlsin həmişə, bəsimdir.
- Gələn dəfə gələndə sənə nə gətirməyimi istərsən?
- Elə nağıl kitabı gətirin. Amma o nağıllardakı
uşaqların atası da olsun, anası da...
Pərvanəyə daha sual vermək istəmirəm.
Bu dəfə qarşımda oturan qıvrımsaçlı qız digər iki qıza
nisbətən bir qədər böyük görünür.
- Qızım, adın, soyadın necədir?
- Məmmədova Leyla Ceyhun qızı.
- Neçə yaşın var?
- 26 sentyabr 2002-ci ildənəm. Mən də birinci sinfə
burada getmişəm. İndi 6-cı sinifdə oxuyuram. Bildiyimə
görə, Ağdaş rayonunda doğulmuşam. Bacım-qardaşım
olmayıb. Tək övladam. Anam hərdən gəlir yanıma, mənə baş
çəkməyə. Hər dəfə gələndə bərk-bərk tapşırır ki, özümü
yaxşı aparım, dərslərimi yaxşı oxuyum, dayələrin
sözündən çıxmayım. Bir də həmişə soruşur ki, burda
səninçün nə təhər keçir. Deyirəm ki, lap yaxşı. Burada
bizə yaxşı baxırlar, ad günlərimizi qeyd edirlər, həmin
gün adımıza neçə dənə tort kəsirlər, bizə hədiyyələr
alırlar, bəzən başqa məktəblərdən bizə dostluq
məktubları da yazırlar. Mən heç vaxt anama demərəm ki,
məni apar. Çünki mənimçün burda daha yaxşıdır. Mən
buraya bağlanmışam. Gülbahar müəllimi, Sevda anamı çox
istəyirəm.
- Bayramda hansı hədiyyəni istərdin?
- Kənardan kimsədən hədiyyə gözləmirəm.
- Bəs mən alsam?
- Onda ayağıma geymək üçün diyircəkli rolik alarsan.
Yenə ürəyimin sarı simi titrəyir. Dişlərimi bir-birinə
sıxıb toxtaq səslə: "Alaram, qızım" - deyirəm.
- Leyla, sevdiyin fənn və ya məşğuliyyət hansıdır?
- İdmanı, rəqsi, bir də kitab oxumağı çox sevirəm. Rus
və ingilis dili dərslərinə çox fikir verirəm.
Qiymətlərim "4" və "5"-dir. Məqsədim gələcəkdə
beynəlxalq jurnalist təhsili almaq, Azərbaycanı xarici
ölkələrdə təmsil etməkdir.
- Şaxta baba sənə nə gətirsin?
- Anamı...gətirsin...görüm.
Aynurə xanımın əlavəsi:
- Leyla da ailə dağılmasının qurbanıdır. Çox
məsuliyyətli anası var. Mütəmadi rayondan gəlib qızına
baş çəkir. Sadəcə imkansızlıq ucbatından övladına özü
baxa bilmir.
Növbəti həmsöhbətim, kövrəkliyi ilə əvvəlki iki qızdan
geri qalmayan ürkək baxışlı Sürəyyadır:
- Mən Rzayeva Sürəyya Əziz qızıyam. 10 oktyabr 2004-cü
ildə Bakıda doğulmuşam. Bir ildi ki, burdayam.
Danışdıqca Sürəyyanın səsi də, üz-gözü də titrəyir.
Sanki bir himə bənddi...
- Bəs bir il əvvəl harada qalırdın?
- Biz xoşbəxt bir ailə idik. Atam qəflətən rəhmətə
getdi. Ata nənəm anamla məni evdən çıxardı. Anamın adı
Esmiradır. Tibb bacısının köməkçisi işləyir. Qalmağa
yeri yoxdu. Deyəsən elə iş yerində qalır.
- İndi necə oxuyursan?
- Dərslərimi yaxşı oxuyuram. Ancaq bir az riyaziyyatdan
çətinlik çəkirəm.
- Hansı sənət xoşuna gəlir?
- Böyüyüb institut bitirmək, Azərbaycan dili müəllimi
olmaq istəyirəm.
- Sürəyya, Yeni ilə aid şeir bilirsən?
- Bilirəm:
Ömrün nürlu səfəri var,
Hər qönçənin bəhəri var,
Hər günün öz səhəri var,
Təzə ildə, təzə ildə.
Şeiri normal desə də kövrəlib, özünü ağlamaqdan zorla
saxlayır.
- Yaxşı, kövrəlmə, mənim gözəl qızım! Yeni ildə Şaxta
baba sənə kimi qonaq gətirsin?
- İstəyirəm yeni ildə anam gəlsin, qonağımız olsun.
- Anan səni aparmaq istəsə gedərsən?
- Yox, burdan heç hara getmək istəmərəm. Bura yaxşıdı.
Qışda çöldə soyuq olanda o saat anam düşür yadıma.
Deyirəm, görəsən anam harda qaldı bu soyuqda? Gecələr
yuxudan yarımçıq oyananda görürəm ki, dayələrimiz hələ
oyaqdı. Gecə hansımızın üstündən adyalımız sürüşsə,
dayələrimiz gəlib üstümüzü örtürlər.
- Buradakı uşaqları gəzməyə hara aparırlar?
- Bulvara, parka. Yayda lap çox gəzdirirlər bizi.
- Sevdiyin yemək hansıdır?
- Burada bişən hər şey dadlıdır. Ancaq... anamın
bişirdiyi yarpaq dolması tez-tez düşür yadıma. Çox
xoşlayırdım o xörəyi...
- Yeni ildə ürəyindən nə keçir? Gələn dəfə mən sənə nə
alım gətirim?
- Kitab... Çünki kitabdan bilik alırlar. Bir də qız
geyimini xoşlayıram, yəni, nə bilim paltar, don...
Növbəti müsahibim - boyca uşaqların ən balacası, özünü
təqdim edir:
- Bayramov İslam Asif oğlu. 2014-cü il 20 apreldə 10
yaşım tamam olacaq.
- Böyüyəndə kim olmaq istərsən?
- Polis! Kim uşaqlarına baxmasa onları tutub
cəzalandıraram. Özüm də dərslərimi "5"-lə oxuyuram.
- Hansı yeməyi daha çox sevirsən?
- Burda bişən hər şeyi xoşlayıram, əsas da mərci supunu.
Çox dadlı bişirirlər.
- Müəllimlərindən kimi çox istəyirsən?
- Sevda anamı. O bizə ad günü keçirir, adımıza tort
bişirtdirir, hədiyyələr alır.
- Necə kitabları xoşlayırsan?
- Şeir kitablarını.
- Burada dostların çoxdurmu?
- Buradakı uşaqların hamısı ilə dostam. İstəyərəm ki,
böyüyəndə Sevda ana kimi mənim də iş yerimdə çoxlu
uşaqlarım olsun, ancaq öz evimdə bircə nəfər uşağım
olsun.
İslam bizdən ayrılanda Aynurə xanımın əlavəsi məni daha
da kövrəldir:
- İslamın kimsəsi, gəlib-gedəni yoxdur. Anası bir il
əvvəl İslamı buraya gətirəndə, uşağın atası təzə rəhmətə
getmişdi. İslam ailənin tək uşağı olduğundan, anası ona
çox bağlı idi. Bu yaxınlarda qəflətən ananın ürəyi
dayandı. Cavanca qadın idi. Qırxı hələ heç çıxmayıb. Bu
günlərdə uşaq evinin müdir müavini Məxmər xanım İslamı
anasının məzarı üstünə aparmışdı.
- İslam necə qarşıladı bu xəbəri?
- Buradakı uşaqlar sanki öz yaşıdlarına nisbətən tez
böyüyürlər, daha təmkinlidirlər. İslam özünü lap böyük
adam kimi apardı, anasının xəbərini eşidəndə.
Bu da sonuncu həmsöhbətim:
- Həsənov Nurlan Yusif oğlu. 27 fevral 2002-ci ildə
doğulmuşam. 5-ci sinifdə oxuyuram. Dərslərimdən "4", "5"
qiymətlər alıram. Böyüyəndə tanınmış dövlət xadimi
olmaq istəyirəm. Hər gün işləyib çoxlu pul qazanım,
ailəmin qədrini bilim, hamıya kömək edim (Ay Allah,
buradakı uşaqlar nələri fikirləşirlər?!). Biz burada iki
qardaşıq. Qardaşım Ramin 8-ci sinifdə oxuyur.
Çarpayılarımız üz-üzədir. Anam özü Bakıda, Xırdalan
tərəfdə yaşayır, hərdənbir gəlir bura. Hər gələndə
ikimizə də deyir ki, müəllimlərinizin sözünə baxın,
yaxşı oxuyun.
- Nurlan, Yeni il qabağı hansı arzuların var?
- İstəyərəm ki, tez böyüyək. Qardaşımın da, mənim də
ayrıca evimiz olsun. Bir-birimizə qonaq gedə bilək.
- Hansı yemək növünü xoşlayırsan?
- Kotleti... hər gün yemək istəyərəm.
- Daha nə?
- Bir də bayramda təzə şalvarım olsaydı... Əynimdəki də
təzədir, ancaq yenə də...
Uşaqlarla söhbəti bitirib üzümü Aynurə xanıma tuturam:
- Valideynlər uşaqları ilə görüşüb qayıdandan sonra
uşaqlarda gərginlik, stres kimi hallar olurmu?
- Əlbəttə! Valideyn gəlib uşağına baş çəkib gedir, uşağı
ovundurmaq düşür bizim boynumuza. Uşağın fikri qalır
ananın yanında. İlk dəqiqələr gah ananın dalınca
yüyürür, gah pəncərədən arxasınca boylanır, eləsi də
olur ki... Biz xüsusi qayğı ilə onları öz axarına
qaytarmağa çalışırıq. Bir müddətdən sonra uşaq
sakitləşir, yenə qayıdır öz həyatının axarına və deyir
ki, yaxşı ki, burdayam, küçədə deyiləm. Əynim isti,
qarnım tox, üstəlik də böyüyümüz yanımızda. "Böyük"
deyəndə müdirimiz Sevda xanımı nəzərdə tuturlar.
- Aynurə xanım, buradakı uşaqlar bayram günlərində
kimisə gözləyirlərmi?
- Uşaqlar bayrama yaxın daha çox anaları ilə görüşü
səbirsizliklə gözləyirlər. Mən özüm də iki övlad
anasıyam. Neçə ildir burada çalışıram. Hamımız əlimizdən
gələni edirik, amma yenə də bu məsumların həyatındakı
boşluğu doldura bilmirik. Uşaq evindəki ən körpə
uşağımız iki yaş yarımlıqdır. Mən istəyərdim ki, dünyaya
gələn bütün uşaqlar öz ailəsində, öz ocağında böyüsün.
- Amin.
Ellada UMUDLU,
"Azərbaycan müəllimi"
P.S. Ana qayğısından üstün dünyada heç nə
yoxdur. Kaş, dünyanın heç bir körpəsi valideyn
nəfəsindən məhrum olmasın. Yaxşı ki, dövlətimiz
kimsəsiz uşaqlara sahib çıxır, onların böyüməsinə,
təhsil almasına, cəmiyyətdə yararlı bir vətəndaşa
çevrilməsinə diqqət və qayğı göstərir. |