Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2014 - №01

 

Təhsilin idarə olunmasında hansı məqamlara daha çox diqqət yetirilməlidir?

 

Azərbaycanda təhsil standartları və strategiyalarının tətbiq olunduğu bir zamanda Təhsilin Keyfiyyətinin Qiymətləndirilməsi Sisteminin yaradılması çox vacib məsələlərdən biridir. Bu baxımdan qarşımızda belə bir məsələ durur: təhsil müəssisələri üzrə müvafiq standartlara uyğun olan elə bir tədris nəticələrinin obyektiv məlumatverici sistemi yaradılmalıdır ki, məhz onun nəticələri əsasında təhsildə idarəetmə qərarları qəbul olunsun.

Təhsilin müasir idarəetmə sistemi təhsil müəssisəsi və tədris prosesi haqqında ənənəvi məlumat toplanma sistemindən pedaqoji monitorinqə (yəni müvafiq idarəetmə qərarlarının vaxtında verilməsi üçün təlim və tədris prosesinin gedişatını, inkişafını və dinamikasını izləmək məqsədilə xüsusi təşkil olunmuş, məqsədyönlü və davamlı izləmə-monitorinq sisteminə) keçid almalıdır.

"Monitorinq" anlayışının meydana çıxması informasiya cəmiyyəti ideyalarının formalaşması və inkişafı ilə bağlıdır və bu sistemin dərhal yaradılması təhsil sahəsini mürəkkəb sahə olduğu üçün bir çox çətinliklərlə üzləşdirdi. Monitorinqin məqsədi təhsil müəssisəsində gedən bütün dəyişikliklərin vaxtında və sürətli şəkildə müəyyən edilməsidir. Əldə olunan obyektiv məlumatlar təhsili idarəedənlər üçün düzgün qərarlar verməyə əsasdır.

Təhsil prosesinin bütün iştirakçıları monitorinqin subyektləri sayılır. Təhsildə onların iştirakı müxtəlifdir, lakin onların hər birinin (müəllim, şagirdlər, cəmiyyət, valideynlər) məlumat əldə etmək və o məlumatı təhlil etmək hüququ var. Tədris prosesi və onun nəticələri, tədris prosesində bütün iştirakçıların şəxsi xüsusiyyətləri, onların ehtiyacları və təhsil müəssisəsinə münasibətləri monitorinqin obyektləri adlandırılır.

Təlim nəticələrinin qiymətləndirilməsi sisteminin əsas xüsusiyyətləri (alətlərinin inkişafına dair xüsusi yanaşmalar, görülən işlərin xüsusiyyətləri, nəticələrin təqdimatı və s.) bu sistemin qarşısına qoyulan məqsəd və vəzifələrlə müəyyən edilir. Əksər hallarda, təlim nəticələrinin qiymətləndirilməsi sisteminin qarşısında əsas məqsəd - obyektiv məlumatın əldə edilməsi qoyulur. Təlim nəticələrinin qiymətləndirilməsində aşağıda qeyd olunanları nəzərə almaq lazımdır:

- şagirdlərin fərdi tədris nailiyyətləri (durumu və ya artım dinamikası), attestasiya (şagirdin müvafiq təhsil səviyyəsi haqqında təsdiq), şagirdlərin fərdi nəticələrinin korreksiyası, növbəti  təhsil pilləsinə keçid;

- sinfin tədris nailiyyətlərinin qiymətləndirilməsi, müəllim və ya məktəbin fəaliyyətini qiymətləndirmək üçün məktəbin tədris nailiyyətlərinin qiymətləndirilməsi, təlim və tədris prosesinin təkmilləşdirilməsi;

- təhsilin keyfiyyətini və inkişaf tendensiyalarını qiymətləndirmək üçün ayrı-ayrı regionlarda və ya bütövlükdə ölkə miqyasında şagirdlərin nailiyyətlərinin monitorinqi.

Təhsilin idarə edilməsində təlim nəticələrinin qiymətləndirilməsi sisteminin təhlil kriteriyaları da böyük rol oynayır. Beləliklə, təhsilin idarə olunmasında qiymətləndirmə sisteminin təhlil kriteriyalarını da nəzərə almaq lazımdır.

- Qiymətləndirmə sisteminin tətbiqindən əvvəl şagirdlərin hansı səviyyədə və hansı bilik və bacarıqlara malik olmaları aydın şəkildə müəyyən edilməlidir;

- Standartlara cavab vermək üçün qiymətləndirmə sisteminin prioritet məqsədi tədrisin və öyrənmə prosesinin təkmilləşdirilməsi olmalıdır;

- Şagirdlərin səviyyəsinə qoyulan tələblər, qiymətləndirmənin alətləri və prosedurları, eləcə də nəticələrin istifadəsi bütün  şagirdlər  üçün  eyni  olmalıdır  (xüsusi ehtiyacları olan şagirdlər istisna olmaqla);

- Müəllimlər qiymətləndirmə sisteminin hazırlanmasında və həyata keçirilməsində iştirak etməlidirlər;

- Qiymətləndirmənin proseduru və nəticələri hamı (şagirdlər, müəllimlər, müdirlər, valideynlər, təhsili idarəedənlər və digər istifadəçilər) üçün aydın olmalıdır;

- İstifadə olunan qiymətləndirmə sistemi davamlı şəkildə təkmilləşdirilməlidir.

Amerika Birləşmiş Ştatlarında bütün ölkə üzrə NAEP (National Assessment of Educational Progress) adlanan təhsilin keyfiyyətinin monitorinqini aparan bir sistem mövcuddur. Onun əsas məqsədi təhsilin nəticələri haqqında məlumat əldə etmək, nəticələrdə gedən dəyişiklikləri izləmək, təhsilin güclü və zəif tərəflərini müəyyən etmək və s.dir. Bu məlumatlar əsasında təhsili idarəedənlər artıq hansı istiqamətdə iş görəcəklərini dəqiq planlaşdırırlar və nəticədə təhsilin idarə edilməsi asanlaşır.

Təhsildə təlim nəticələrinin monitorinq sistemini qurmaq üçün aşağıdakı suallar xüsusi rol oynayır:

- Yeni qurulacaq sistemin hansı məqsədlə istifadəsi nəzərdə tutulur? Nə qiymətləndiriləcək?

- Nəticələr nə dərəcədə obyektiv və etibarlı olacaq? Onların şərhi mümkündürmü?

- Bu nəticələr əsasında hansı qərarlar veriləcək?

- Alətlərin işlənilməsində və qiymətləndirmə zamanı hansı problemlər yarana bilər?

Təhsilin idarə edilməsində ən vacib köməkçilərdən biri olan qiymətləndirmə və monitorinq sisteminin təşkili üçün bir neçə perspektiv yanaşmadan da istifadə etmək olar:

- tədris nailiyyətlərinin daxili və xarici nəzarət birləşməsi; şagirdlərin biliklərinin məcburi (minimum) və yüksək səviyyəsinin bərabər qiymətləndirilməsi; müəllimlərin təlim nəticələrinin nəzarətinə daha geniş cəlb olunması; müasir test nəzəriyyəsi çərçivəsində testlərin yazılma texnologiyasının istifadəsi; testlərin keyfiyyətini təmin edən mexanizmlərin yaradılması; təhsilin keyfiyyətinin monitorinqində və şagirdlərin attestasiyasında istifadə olunan testlərin yazılmasında ictimai və professional ekspertizanın iştirakı. Bu problemin həllini biz müasir informasiya texnologiyalarından geniş istifadədə görürük. Məsələn, TİMS bu sahədə böyük yardımçı ola bilər.

Bir sıra elementlərin müntəzəm olaraq bir-biri ilə əlaqəli olması müvafiq vahid bir sistem adlandırılır. Hamı və yaxud çoxluq tərəfindən qəbul edilmiş bir sistem olmasa, insan fəaliyyətinin istənilən sahəsində müsbət dinamikanın əldə edilməsi mümkün deyil. Təhsilin monitorinq və qiymətləndirmə sisteminin nəzəri modelinin yaradılması təhsildə keyfiyyətin idarə edilməsi istiqamətində ilk addım olmalıdır.

Beləliklə, təhsilin düzgün istiqamətdə idarə edilməsi üçün güclü monitorinq və qiymətləndirmə sistemi yaradılmalıdır ki, tezliklə gördüyümüz işlərin nəticələrini görək və qiymətləndirək. Qiymətləndirmə növbəti fazaya keçid, bu isə inkişaf deməkdir. 

İlhamə RƏHİMOVA,
Təhsil Nazirliyi yanında Dünya Bankının (LƏQ)
monitorinq və qiymətləndirmə üzrə mütəxəssisi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov