Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Yanvar 2014 - №01

 

Beynəlxalq təhsil xəbərləri

 

Britaniya şahzadəsi Kembric Universitetində dərslərə başladı 

Böyük Britaniya şahzadəsi Uilyam Kembric Universitetində kənd təsərrüfatının iqtisadiyyatı üzrə kurs mühazirələrinə başlayıb. Bu barədə şahzadənin rəsmi iqamətgahından məlumat verilib. Məlumatda qeyd olunur ki, şahzadə dərslərin başlanmasını səbirsizliklə gözləyib.  Bildirilib ki, şahzadənin təhsil xərcləri yalnız şəxsi vəsait hesabına ödəniləcək.  Qeyd olunur ki,   10 həftəlik  kurs məşğələləri martda başa çatacaq. Şahzadə həftə ərzində 18-20 saat mühazirə və seminarlarda iştirak edəcək. O,  Birləşmiş Krallıqda  kənd təsərrüfatının problemləri ilə  tanış olmaq üçün ferma və özəl təsərrüfatlara  baş çəkəcək.

Şahzadə Uilyam artıq bir ali təhsil alıb. O, Şotlandiyadakı nüfuzlu Sent-Endryus Universitetində coğrafiya və incəsənət tarixini öyrənib.


Rusiyada riyaziyyat təhsilinin yeni konsepsiyası təsdiq olunub

Hökumət tərəfindən təsdiq olunmuş yeni konsepsiyanın əsas məqsədi Rusiya riyaziyyat təhsilinin bütün dünyada liderlik mövqeyi əldə etməsidir. Konsepsiyada qeyd olunur ki, məktəblilərin riyaziyyat fənni üzrə  baza təhsilində hər hansı  boşluqlar olmayacaq. Konsepsiyada yer almış əsas vəzifələr arasında dərslik proqramlarının modernləşdirilməsi, müəllimlərin peşəkarlığının artırılması,  müəllim və şagirdlərdə "riyaziyyatda qabiliyyətsiz uşaqlar yoxdur"  formulunun formalaşdırılmasıdır. Məktəbəqədər yaşlı uşaqlar həyatda istifadə olunan ilkin riyazi təsəvvür və obrazları mənimsəməlidirlər. Aşağı sinif  şagirdlərinin riyazi vasitələrlə inkişafı məqsədilə şərait (maddi, informasiya və kadr xarakterli) yaradılmalıdır.

 Sənəddə qeyd olunur ki, orta məktəblərdə bütün şagirdlər cəmiyyət həyatında onlara lazım olan riyazi bilikləri almaq imkanı əldə etməlidirlər. Bundan başqa, onların  intellektual fəaliyyəti lazımi  səviyyədə (riyaziyyata xas olan gözəllik və cəlbedicilik) təmin olunmalıdır. Bundan əlavə, Rusiyada riyaziyyatı tədris edəcək və riyaziyyat elmi ilə məşğul olacaq kifayət sayda məzun hazırlanmalıdır.


Amerikanın ən bahalı universitetləri 

ABŞ-ın Təhsil Departamenti ölkənin ən bahalı ali məktəblərinin siyahısını tərtib edib. Hesabatda  hər bir tələbəyə çəkilən xərclər,  dərsliklər, dəftərxana, ərzaq və mənzil haqları əksini tapıb. Siyahıda birinci yerdə Nyu-York Universitetinin adı çəkilir. Bu universitetdə illik xərclər  61,977 dollar təşkil edir.   Həmin vəsaitdən 45 min dollar yalnız təhsil haqlarına ayrılan xərclərdir.  Qalan 17 min dollar ərzaq və mənzil haqlarıdır.  İkinci yerdə Kaliforniya ştatının Klermonte şəhərində yerləşən Xarvi Mud Kollecidir. Burada illik təhsil hər bir tələbəyə 61,760 dollara başa gəlir.  Yalnız  təhsil haqqı 47 min dollar, ərzaq və mənzil xərcləri isə 15 min dollardan bir qədər artıqdır.  Üçüncü sırada yer almış Nyu-Yorkdakı Bard Kollecində illik təhsil  xərcləri 61,446 dollardır, təhsil haqqı  48 min, ərzaq və mənzil xərcləri isə     13,500 dollardır.  Troy şəhərindəki (Nyu-York ştatı) Rensseler Politexnik İnstitutunda illik təhsil xərcləri 60,656 dollardır. Yalnız təhsil haqqı 48 min, digər xərclər 12 min dollardır. Beşinci sırada yer almış Sarı Loures Kollecində illik təhsil xərcləri 60,656 dollara başa gəlir. İllik təhsil haqqı 48 min, digər xərclər 12 min dollardır. 

  Ölkənin 10  ən bahalı ali məktəbləri siyahısına eləcə də  Ueslian Universieti (illik təhsil xərcləri 60,201 dollar), Çikaqo Universiteti (60,039 dollar), Rok-Simon Kolleci (60,003 dollar), Triniti Kolleci (59,860 dollar)  daxildir.


Kanada universitetlərinin reytinq cədvəli açıqlanıb 

Kanadanın ali təhsil sahəsində aparıcı nəşrlərindən olan "The Macleans Guide to Universities" ölkənin ən nüfuzlu universitetlərinin reytinq cədvəlini tərtib edib. Sorğu universitet rektorları, məktəb direktorları, müəllimlər, ölkənin aparıcı şirkətlərinin rəhbərləri, akademik məsləhətçilər arasında aparılıb. Nəticələr əsasında bütün universitetlər 3 kateqoriyaya bölünüb.  Medical Doctoral category - doktorluq və elmi tədqiqat proqramları təqdim edən ali məktəblərin siyahısına Makginli Universiteti rəhbərlik edir.  İkinci sırada Britaniya Kolumbiyası Universiteti, üçüncü sırada isə Toronto Universiteti yer alıblar. Comprehensive category - tədqiqatçılıq fəaliyyətlərinin  daha çox önəm verildiyi universitetlərın siyahısına Viktoriya Universiteti başçılıq edir. Simon Fraser Universiteti ikinci, Vaterloo Universiteti bu kateqoriya üzrə 3-cüdür. 

Primarily Undergraduate category  -  bakalavr proqramları təqdim edən ali məktəblərin siyahısına son 17 ildir ki, Mounitt Allison Universiteti rəhbərlik edir. Acadia Universiteti ikinci,  Letbric Universiteti və Şimali Britaniya Kolumbiya Universiteti isə 3-cü yeri bölüşüblər.

 Hazırladı:
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov