Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2014 - №02

 

Unudulmaz müəllim

 

İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Müəllim şərəfli ömür sürən, ömrünü bir şam kimi gələcək nəsillər üçün əridən ideal varlıqdır. Çünki o, şərəfli işlə məşğul olur. Şərəfli əmək isə insanı daim ucaldar, ona şöhrət gətirər. Mənim babam-Kəmaləddin  Fətəliyev də öz halal əməyi, alın təri ilə ucalan əmək qəhrəmanlarından biri olmuşdur. O, əməyi ilə ucalaraq cəmiyyətin nüfuzlu fərdinə çevrilmişdir. Böyük Vətən müharibəsində nümunəvi bir əsgər kimi iştirak etmiş, dəhşətli müharibənin qorxunc izini ömrünün sonuna kimi daşımışdır.

Düşünürəm ki, bu gün mənim də müəllim olmağımda babamın şərəfli müəllim ömrünün böyük təsiri var.

Qabaqcıl maarif xadimi, ziyalı, sözün əsl mənasında, el ağsaqqalı olan Kəmaləddin Fətəliyev 1920-ci ildə Zərdab rayonu İsaqbağı kəndində sadə, zəhmətkeş bir ailədə anadan olub. Sovet dövrünün bütün çətinliklərinə, məhdudiyyətlərinə baxmayaraq, o, təhsil yolunda irəliləmiş, cəmiyyət üçün savadlı kadrlar yetişdirmişdir. Onu da qeyd edim ki, övladlarının hər birinin  təhsil almasına nail olan  Kəmaləddin müəllim eləcə də dərs dediyi hər bir şagirdinin öz övladı kimi təhsilə istiqamətlənməsində mühüm rol oynamışdır. Bu gün onun şagirdləri  ölkəmizin ictimai-siyasi həyatında əsas  rol oynayan, mühüm inzibati orqanlarda çalışan şəxslər, savadlı alimlər, həkimlər və müəllimlərdir.

Bir sözlə, dövrünün çətinlikləri onu bu missiyasından çəkindirə bilməmişdir.

Çox təəssüf edirəm ki, babam çiçəklənən, günü-gündən inkişaf edən ölkəmizdə müəllimə xüsusi diqqət və qayğı göstərilən bu günləri görə bilmədi. Babamın mənim aləmimdə özünəməxsusluğu, xüsusiliyi var. Çünki mənim nadir adımın müəllifi babamdır. Adımı soruşan hər insanın ikinci sualında babam xatırlanır.

Nümunəvi həyat yolu keçən, ömrünün sonuna kimi şərəfli müəllim adını ləyaqətlə qoruyan babamın əziz xatirəsi daim onu sevənlərin-övladlarının, nəvələrinin, şagirdlərinin qəlbində yaşayacaqdır. 

Çiyələk İSMAYILOVA,
Zərdab rayon İsaqbağı kənd tam orta məktəbinin tərbiyə işləri üzrə direktor müavini

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov