Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

Şagirdlərdə mütaliəyə maraq yaratmaq üçün məktəb kitabxanaları nə edə bilər?

 

 Şagirdlərdə mütaliə mədəniyyətinin yaradılması müəllimlərin, məktəb kitabxanasının birgə işidir. Lakin burada kitabxana daha geniş imkanlara malikdir.  

Son illər təhsil sahəsində aparılan islahatlar çərçivəsində məktəb kitabxanalarının inkişafı üçün də xeyli işlər görülmüşdür. Məktəb kitabxanalarının maddi-texniki bazası yenilənmiş, dərslik və kitab fondu zənginləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin latın qrafikası ilə kitabların kütləvi nəşri haqqında sərəncamlarına müvafiq olaraq vaxtilə kiril qrafikası ilə buraxılmış bütün  kitablar, o cümlədən Azərbaycan ədiblərinin, dünya klassiklərinin əsərləri latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunaraq məktəblərə verilmişdir.

Məktəb kitabxanaları, eyni zamanda yeni ensiklopediya, lüğət və digər məlumat-soraq kitabları ilə zənginləşdirilmişdir.  Mənim işlədiyim 151 nömrəli tam orta məktəbin kitabxanası da bütün bu əsərlərlə tam təchiz olunmuşdur.  Təhsilə, məktəbə, ədəbiyyatımıza, böyüməkdə olan nəslin tərbiyəsinə göstərdiyi bu diqqət və qayğıya görə biz möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk.

Lakin məktəblərin zəruri dərslik və kitablarla təchiz olunması işin bir tərəfidir. Digər mühüm bir tərəfi isə məktəblilərdə həmin kitabları oxumağa həvəs yaratmaq, onlarda mütaliə mədəniyyəti formalaşdırmaqdır. Məktəbdə bu işi müəllimlər və kitabxana (daha konkret desək kitabxanaçılar) görməlidirlər.

Müəllimlər, ilk növbədə, (istər dərsdə, istərsə də dərsdənkənar tədbirlərdə) şagirdlərə mütaliənin insan həyatındakı rolu və əhəmiyyətini çatdırmalı, onlarda mütaliəyə uşaqlıqdan həvəs yaratmalıdırlar. Əgər uşaqda hələ kiçik yaşlardan mütaliəyə həvəs yaradılsa, bu həvəs ömrü boyu onu müşayiət edər. Bu məqsədlə mütaliənin faydası, insanı mənən zənginləşdirən, dünyagörüşünü genişləndirən, ümumi səviyyəsini yüksəldən bir vasitə olması barədə söhbətlər aparmaq, mütaliəsi geniş olan tanınmış insanların həyatından misallar gətirmək və s. kimi yollardan istifadə etmək olar. Ədəbiyyat müəllimləri orta məktəb kursunda tədris olunan bütün  Azərbaycan ədiblərinin əsərlərinin şagirdlər tərəfindən oxunmasına nail olmalıdır. Burada konkret resept yoxdur. Hər müəllim bunu özünəməxsus yolla ("Kim çox kitab oxuyub" mövzusunda müsabiqə, hər il yay tətili tapşırıqları kimi və s.) edə bilər.

Müəllimlərin bu istiqamətdə görə biləcəkləri digər bir iş şagirdləri necə gəldi mütaliəyə deyil - sistemli, oxuduqdan sonra əsəri bir neçə yöndən dərindən təhlil edə biləcək bir səviyyədə mütaliəyə alışdırmaq ola bilər. Necə gəldi, səthi mütaliə ilə oxunmuş əsər çox tezliklə uşağın yadından çıxır. Amma ikinci yolla oxunmuş əsər uzun müddət yadda qalır və oradakı həyat situasiyalarından yeri gələndə özü də bəhrələnə bilir.

Kitabxanaların şagirdlərin mütaliəsində rolu daha böyükdür. Çox təəssüf ki, bu gün məktəblilərin mütaliədən uzaq düşməsində onların gunahı çoxdur. Bir çox məktəb kitabxanalarının işi ancaq daxil olan kitabları qeydiyyata almaq, kartoteka düzəltmək, kitab almaq üçün gəlmiş şagirdi yola salmaqdan və s. ibarətdir. Əslində kitabxanaçıların ən böyük vəzifəsi şagirdləri kitabxanaya cəlb etmək, fonddakı bütün ədəbiyyatın onlar tərəfindən oxunmasına nail olmaqdır. Bu məqsədlə aşağıdakı yollardan istifadə faydalı nəticə verər:

* Yeni kitabların təbliği. Kitabxanaçılar məktəb kitabxanasına daxil olan bütün yeni kitablar, onların həsr olunduğu sahə, qısa məzmunu haqqında məktəblilərə məlumat verməlidir. Bu məqsədlə məktəb, sinif yığıncaqlarının imkanlarından, yeni kitabları növbə ilə 1-2 gün ərzində siniflərdə nümayiş etdirməkdən, məktəbin foyesində daim yeniləşdirilən "Yeni kitablar" guşəsi təşkil etməkdən və s. istifadə edilə bilər.

* Siniflər arasında "Kitabxana günü" təşkil etmək. Bu zaman ay ərzində ayın hər bir günü bir və ya iki sinif üçün "Kitabxana günü" elan olunur. Sinif rəhbərləri ilə irəlicədən razılaşdırılmış bu tədbir çərçivəsində müəyyən sinfin uşaqları həmin gün kitabxanaya gəlir, buradakı kitablarla tanış olur, onların təmrində iştirak edirlər və s.

* Yazıçı və şairlərlə, elmi-kütləvi kitabların müəllifləri ilə görüşlər. Belə görüşlər şagirdləri daha çox cəlb edir və görüşü keçiriləcək ədibin əsərlərini mütaliəyə sövq edir. Görüş haqqında məlumat onun keçirildiyi vaxtdan xeyli əvvəl elan olunmalıdır ki, şagirdlərin görüşü keçiriləcək müəllifin əsərləri ilə tanış olmağa vaxtı çatsın.

* Mütaliə müsabiqələri. Belə müsabiqələri "1 həftədə, 1 ayda, 1 ildə kim çox kitab oxuyub" mövzularında, eləcə də "Filan yazıçının kim neçə əsərini oxuyub" adı altında keçirmək olar. Müsabiqə qaliblərinə onların arzu etdikləri, lakin əldə edə bilmədikləri kitabları tapıb hədiyyə etmək olar.

* Oxuduğun əsərlər haqqında qənaətlərini yoldaşlarınla paylaş. Bu, mütaliəyə həvəs yaratmaqda mühüm rola malikdir. Bunun üçün oxunmuş əsərlərin canlı və internet saytları vasitəsi ilə müzakirəsini təşkil etmək olar. Müzakirələrdə şagirdlər oxuduqları əsərlər, onların məziyyətləri, xoşlarına daha çox gələn yerləri haqqında danışa, öz qənaətlərini həmyaşıdları ilə paylaşa bilərlər. Bakıdakı 276 nömrəli məktəbin şagirdlərinin birinin bu sahədəki təşəbbüsü çox faydalıdır. İnternetdə özünün mütaliə saytını açmış həmin şagird oxuduğu əsərlər haqqında fikirlərini orada paylaşmaqla xeyli həmyaşıdında mütaliəyə maraq yarada bilmişdir.

Ümumiyyətlə, şagirdlərdə mütaliəyə maraq yaratmağın yolları çoxdur. Hər bir məktəbin kitabxanaçısı onlardan yaradıcı şəkildə istifadə etsə, bu yolları öz yaradıcılığı nümunələri ilə zənginləşdirsə məktəblilərin mütaliəsinin zəif olmasına görə keçirdiyimiz narahatlıq aradan qalxar və böyüməkdə olan nəsil böyük tərbiyə vasitəsi sayılan kitabdan ayrı düşməz. 

Solmaz SÜLEYMANOVA,
Bakıdakı 151 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi, əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov