Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

Psixoloq məsləhəti

Müəllimlərin paltar alarkən diqqət etməli olduğu məqamlar

 

 Hüseyn XƏLİLOV,
Qafqaz Universitetinin psixoloqu
 

Cəmiyyətimizdə bəzi insanlar geyimin insanın özünə aid bir imic olduğunu müdafiə edirlər. Geyim-keçim göstərmək istədiyiniz imicinizin əhəmiyyətli bir hissəsidir. Çünki insanlar ən çox gördüklərinə inanırlar. "Bir-birlərini heç tanımayan və ilk dəfə qarşılaşan insanlar hələ danışmağa başlamadan duruşları, paltarları, aksesuarları və digər xarici görünüşləri ilə özləri haqqında qarşı tərəfə çox əhəmiyyətli mesajlar verirlər.

Bu mövzu haqqında aparılan araşdırmalara görə, insanlar bir-birləri ilə ilk dəfə qarşılaşdıqları zaman onların 90 %-i bir neçə dəqiqə ərzində daha çox görünüşə (fiziki görünüşə, geyindiyi paltara, saç düzümünə və s.) baxaraq mülahizələr yürüdür və qərar verirlər.   

Cəmiyyətdə hər zaman nümunə olan müəllimlərdir. Müəllimin şəxsə olan təsiri valideynin və digər insanların təsirindən qat-qat çoxdur. Ananı, atanı və fərqli ixtisasa malik olan insanları da tərbiyə edən, təhsil verən və formaya salan müəllimdir. Müəllim anadan olandan ölənə qədər həyatı rəngarəng edən, onu istiqamətləndirməyə çalışan müqəddəs yol göstərəndir. Buna görə də o, geyim-keçim mövzusuna da çox diqqət etməli və ixtisasına uyğun geyinməlidir.

Paltarınızın forması, rəngi və istifadə olunan aksesuarlar təmsil etdiyiniz müəllimlik ixtisasına uyğun olmalıdır. Başqa sözlə, uyğun bir geyim tərzi həm özünə, həm ixtisasına, həm də gələcəkdə cəmiyyəti formalaşdıracaq olan şagirdlərə qarşı diqqət və qayğının nişanəsidir. 

Şagird diqqətli bir müşahidəçidir 

Müvəffəqiyyətli olmağın bir neçə yolu var. Bunlardan biri də geyim tərziniz ilə sinifdə yaxşı bir imicə sahib olmaqdır. Türk dili və ədəbiyyatı müəllimi Sungur Kılıç, müəllimliyə başladığı ilk ili belə xatırlayır: "Müəllimlikdən aldığım ilk maaşımla özümə keyfiyyətli bir dəst kostyum almışdım. Təqribən beş ay sonra sinifdə dərs izah edərkən bir şagirdin mənə diqqətlə baxdığını gördüm. Ona tərəf yaxınlaşıb incə bir səs tonu ilə: "Xeyir ola, Əhməd, nə baş verib?" - dedim. Əhməd azacıq xəcalət hissi ilə, amma yüksək bir səslə: "Müəllim zövqünüzə heyranam. Qalstukunuzun rəngi ilə köynəyinizin düyməsinin naxışının belə eyni olmasına diqqət edirsiniz", - dedi. Bu sözləri eşidəndə çox təəccübləndim. Çünki əynimdəki köynəyi beş ay bundan əvvəl almışdım, amma Əhməd dedikdən sonra düyməsinin rəngli olduğuna fikir vermişdim. Beş aydır geyinməyimə baxmayaraq köynəyin düyməsinin ağ rəngdə olduğunu düşünürdüm". 

İşə uyğun paltar geyinmək

 Bədəninizə yaraşmayan paltarlar həmişə ucuz paltar kimi görünür (hətta lap bahalı olsalar da). Hər mağazanın öz ölçüləri var. Bədəninizə uyğun olan paltarı seçərkən sıx olan paltarlar əvəzinə yüngül və geniş olanlarını seçin. Əgər geyindiyiniz zaman əziyyət çəkirsinizsə, almayın. Pəhriz arzularınızı bir kənara qoyun. Mağazalar həmişə daha böyük və kiçik paltarlar satmaq mövzusunda ehtiyatlı davranırlar. Amma nə yaxşı ki, artıq daha böyük və kiçik paltarlar üçün başqa mağazalar da açılır. Bir çox ticarət mərkəzlərində ən böyüyündən ən kiçiyinə kimi bütün ölçülərdə paltarlar satılan mağazalar açılır. Əgər axtardığınızı tapa bilmirsinizsə, bu vəziyyəti mağaza müdirinə deyin. Mağazalar bir çox başqa iş yerləri kimi, sadəcə, işi düşünürlər, bütün ehtiyacları qarşılamağa çalışırlar. Əgər siz onlara nə axtardığınızı deməsəniz, onlar da nə istədiyinizi bilməyəcəklər.

Kostyum və yubkanızı aldıqdan sonra bir dəyişikliyə ehtiyac olub-olmadığına baxın. Əgər dəyişikliyə ehtiyac varsa və bunu siz bacarmırsınızsa, onda quru təmizləmələrə və ya dərzilərə müraciət edin. Yaxaların qısaldılması və ya uzadılması, paltarın dəyişdirilməsi üçün xərclənən başqa xərclər paltarınızı ikiqat bahalı və şux göstərəcəyi üçün boşa xərclənmiş sayılmayacaqdır. 

Kişilər üçün klassik geyimlər

 "Bir kişi geyimlərini incəliklə seçmiş, diqqətlə geyinmiş, sonra bütün bu etdiklərini unudan bir şəxs kimi görünməlidir". 

Kostyum:

Mavi, göy və ya boz rənglərdə ola bilər. Tək rəng və ya incə cızıqlı olsa, yaxşı görünər. Kömür rəngi də inamverici bir rəngdir.

Bir çox iş sahələrində uyğunsuz olaraq dəyərləndirilən qara rəng uyğun və düzgün bir seçim sayılmır. 

Geyim forması:

* Bədən ölçüsü və forması çox əhəmiyyətlidir. Şalvarlar bel cızığından aşağı düşməməlidir. Pencək düzgün düymələnməli, yaxası çarpaz formada görünməməlidir;

* Şalvarlar sadə bir dəri kəmərlə və ya şalvara taxılan çiyinbağı ilə geyinilməlidir;

* Şalvarların ön və arxasındakı ütü xətti düz olmalıdır. Şalvar topuğun arxa hissəsini yalnız bir santimetr örtməlidir;

* Pencəyin qolları köynəyin qollarını yarım santimetr göstərəcək uzunluqda olmalıdır;

* Normal pencəklər, əgər iki düyməlidirsə hər ikisi, yox əgər üç düyməlidirsə, orta düyməsi düymələnərək geyinilməlidir.

* Parlaq parçadan olan pencəklər yaxşı görünə bilər, amma adət-ənənələrə bağlı olan iş yerlərində bu tərzdə olan paltarların geyinilməsi hələ də cəsur bir tərz kimi qəbul edilməkdədir. 

Köynək:

Köynəyin yaxası düyməli və ya düyməsiz ola bilər. Parlaq və incə bir növ pambıq parçadan olan bir köynək olmalıdır. Yaxalarının ucları əzilməyəcək bir şəkildə düzgün ütülənməlidir. Yaxşı köynək manjetindəki tikişindən başa düşülür və tikişi çox olan köynək daha yaxşıdır. Başqa bir işarə isə çiyinlərdəki tikiş formasıdır. 

Qalstuk:

Qalstuk iş adamlarının özlərini ifadə etməsi üçün ən yaxşı fürsətdir. Seçdiyiniz qalstukun istədiyiniz imici bütün gün ərzində əks etdirdiyinə əmin olun. Fərqli peşə ilə məşğul olan şəxslər gördükcə bir çox yaxşı qalstuklar görəcəksiniz.

Qalstukların uzunluğu ya bel xəttinə qədər, ya da müasir bir görüntü üçün bel xəttindən bir azca aşağı olmalıdır.

İncə bir sonluqla bitiş olmalıdır, çox dəmdəstgahlı olmamalıdır.

Ən populyar qalstuk bağlanması dördü birində və Vindsor tərzidir. Ən klassik qalstuklar açıq rəngli ipək qalstuklardır.

Ən yaxşı qalstuk çəp kəsilmiş qalstuklardır; belə forma onun gözəl və şux görünməsinə səbəb olur. Bunu görmək üçün incə tərəfindən tutun və köynəyinizə yaxınlaşdıraraq sərbəst buraxın. Əgər əzilməz və ya büzüşməzsə, onda yaxşıdır.

Qalstukun cizgiləri, adətən, sol çiyindən aşağı tərəfə olmalıdır. 

Qadınlar üçün klassik geyimlər 

Pencəklər:

Ümumən iş yerləri üçün pencəklər və ya rəngli, cizgili parçadan olan pencəklər uyğun gəlir.

Parça tikişli olmalıdır. Yaxşı bir yun və ya kətanauyğun gələr. Almazdan əvvəl qırışıb-qırışmadığını yoxlayın.

Əgər büdcəniz məhduddursa, onda bir yubka və ya don paltarda uyğun olar.

Tünd yaşıl klassik bir rəngdir. Tünd qırmızı da yaxşı rəngdir; bunun kimi şokolad və ya tünd qəhvəyi rəngi də uyğun gələr. Qadınların kişilərə nisbətən daha geniş seçim etmək şansları var. Naxışlı pencəklər də yaxşıdır, amma belə pencəklərdən tez bezə bilərsiniz. 

Dəst geyimləri:

Olduqca işləkdir və ən yaxşı tərəfi də pencəyi və ya yubkanı fərqli geyimlərlə də istifadə edə bilərsiniz. 

Yubkalar:

Yubkalar diz qapağı səviyyəsində, milli mentalitetə uyğun, görünüş üçün isə bir az da uzun olmalıdır. Yeni bir yubka alanda oturduğunuzda və hərəkət edərkən rahat olub-olmadığını yoxlayın. Gəzərkən yubkanın kəsiyinin (razrezinin) necə olduğuna fikir verin. 

Şalvarlar:

Bəzi iş yerlərində qadınların şalvar geyinməsinə müsbət baxmırlar və ya ancaq özləri tərəfindən dərzilərdə tikilmiş xüsusi formaların geyinilməsinə icazə verirlər. Bir qadın müəllimin geyinəcəyi şalvar qətiyyən dar olmamalıdır. Rəngi qara, qəhvəyi, boz və ya göy olmalıdır. 

Üstlük:

Pencəyin altından geyinilən köynək və bədənlik çox qısa olmamalıdır. 

Ayaqqabılar:

Orta və ya kiçik topuq geyinilsə, yaxşı olar. Qara, dəri ayaqqabı daha rahatdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov