Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Fevral 2014 - №06

 

Heydər Əliyev Fondunun Dmanisidəki kompüter təhsil mərkəzində 120-dən çox uşaq məşğələ keçir

 

Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Dmanisi rayon mərkəzindəki Heydər Əliyev Fondunun kompüter təhsil mərkəzi Fond rəhbərliyinin təşəbbüsü ilə 6 il bundan əvvəl təşkil olunmuşdur. Burada uşaqlar gürcü və ingilis dillərini öyrənir, həmçinin kompüter kursları keçirlər.

Mərkəzin direktoru Diana Qaralova AzərTAc-a müsahibəsində bildirmişdir ki, ulu öndərin ideyalarının, arzu və istəklərinin ardıcıl və məqsədyönlü şəkildə reallaşdırılması istiqamətində çox böyük layihələr həyata keçirən Heydər Əliyev Fondu xaricdə yaşayan soydaşlarımızın durumunun yaxşılaşdırılması, təhsilin inkişafı və digər sahələrdə önəmli işlər görür.

Diana Qaralova Gürcüstan azərbaycanlılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir.

Vurğulanmışdır ki, Heydər Əliyev Fondunun təsis olunmasından keçən müddətdə həyata keçirdiyi xeyirxahlıq işlərini saymaqla qurtarmaq olmaz. Bizim mərkəz məhz həmin nümunələrdən biridir. Burada təşkil olunan məşğələlərə Dmanisi şəhərindən və rayonun ayrı-ayrı kəndlərindən 120 nəfərdən çox uşaq cəlb olunmuşdur. Gürcü dilini öyrənən qrupda əsasən azərbaycanlı, ingilis dili qrupunda isə kompüter kursunda olduğu kimi, həm azərbaycanlı, həm də gürcü uşaqlarına məşğələlər keçilir. Uşaqlara "SOCAR Corcia petroleum" şirkətinin hədiyyə etdiyi avtobus xidmət göstərir.

Diana Qaralova diqqətə çatdırmışdır ki, mərkəzimizin fəaliyyət göstərdiyi müddətdə 300 nəfərədək dinləyici sertifikat almışdır. Sertifikat almış azərbaycanlılardan təxminən 10 nəfəri Gürcüstanın ali məktəblərinə qəbul olunmuşdur. O, kursların birillik olduğunu bildirmişdir.

Mərkəzin direktor müavini Tamar Tetradze, dinləyicilərdən Roman Mahmudov, Məryəm Aslanişvili və başqaları xeyirxahlığa və belə bir şəraitin yaradılmasına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov