Rusiya məktəblərində psixoloji təlimə diqqət
gücləndirilib. Artıq ümumtəhsil məktəblərində işləyən
bütün müəllimlər ali məktəbdə aldıqları ixtisasdan asılı
olmayaraq icbari qaydada psixologiyanı öyrənməli
olacaqlar. "Uçitelskaya qazeta"nın yazdığına görə, orta
məktəblərdə müəllim-şagird münasibətlərində baş vermiş
son xoşagəlməz hadisələr Rusiyanın Təhsil və Elm
Nazirliyi qarşısında orta məktəblərdə təlim-tərbiyə
mühitinin sağlamlaşdırılması, müəllim və şagirdlər
arasında ünsiyyətin nizama salınması kimi təxirəsalınmaz
vəzifələr qoyub. Qeyd edək ki, fevralın əvvəllərində
paytaxtda yuxarı sinif şagirdi tərəfindən bir neçə
məktəblinin girov götürülməsi və bir müəllimin həlak
olması ilə nəticələnmiş faciədən sonra bütün
ümumtəhsil məktəblərində psixoloji xidmətin
gücləndirilməsinə qərar verilib. Qəzetin məlumatına
əsasən, hətta Rusiya Dövlət Duması məktəb
psixoloqlarının peşəkar hazırlığının və onların
diplomlarının yararlılığının yoxlanılması barədə Təhsil
və Elm Nazirliyinə müraciət edib.
Təhsil və elm naziri Dmitri Livanov isə KİV-ə verdiyi
müsahibəsində bəyan edib ki, ilk növbədə, məktəb
müəllimlərinin psixoloji hazırlığını yüksəltmək
lazımdır. "İstisnasız olaraq bütün müəllimlərin
psixoloji hazırlığını yüksəltmək ən vacib məsələdir.
Çünki müəllim məktəb psixoloqlarından fərqli olaraq öz
vaxtının daha çox hissəsini uşaqlarla ünsiyyətdə
keçirir",- deyə nazir bildirib. O əlavə edib ki,
məktəblərdə tədrisin keyfiyyətini intensiv
psixoloji-pedaqoji kurs keçmiş və müəllim olmaq istəyən
müxtəlif peşə sahələrinin mütəxəssislərini bu işə cəlb
etməklə artırmaq olar. "Biz pedaqoji universitetlərə
zəif abituriyentlərin daxil olması kimi ikiqat neqativ
seçimin qarşısını almalıyıq, məhz bu seçim nəticəsində
heç də yaxşı olmayan məzunlar məktəblərə işləməyə
gedirlər".
Qeyd edək ki, hazırda ictimai müzakirəsi keçirilən
pedaqoji təhsilə dəstək konsepsiyasına dair layihədə ali
məktəblərdə universal və pedaqoji bakalavriat
proqramlarının tətbiq olunması, eləcə də artıq ali
təhsili olan və məktəblərdə müəllim kimi işləmək
istəyənlər üçün magistr proqramlarının inkişaf
etdirilməsi nəzərdə tutulub. M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin pedaqogika və təhsil
psixologiyası kafedrasının müdiri, professor Andrey
Podolskinin sözlərinə görə, müəllimlərin psixoloji
hazırlığı ən yüksək səviyyədə təmin olunmalıdır.
"Pedaqoji universitetlərdə oxuduğumuz psixoloji
mühazirələr dərsliklərdən götürülmüş ümumi söz
yığınağıdır. Müəllimlərin əksəriyyətinin müasir
uşaqlar, xüsusən də yeniyetmələr barədə bilikləri
yoxdur". Beynəlxalq Təhsil Akademiyasının üzvü olan
tanınmış professor hesab edir ki, pedaqoji ali
məktəblərdə psixologiyanın tədris kursu təkrar gözdən
keçirilməlidir. "Biz müəllimlərə şagird şəxsiyyətinin
inkişafı və tərbiyəsində fəal iştirakdan başqa hər şeyi
öyrədirik. Lakin məktəbdə ən başlıca məsələ müəllimin
şagird şəxsiyyətinin inkişaf və tərbiyəsində fəal
iştirakını təmin etməkdir".
Bir sıra qurumlar (səhiyyə və sosial inkişaf
nazirlikləri) orta məktəblərdə psixologiya fənninin
tədrisini labüd hesab edirlər. Artıq Təhsil və Elm
Nazirliyi ilə əldə olunmuş razılığa əsasən orta
məktəblərdə "Psixologiya" fənninin tədrisi nəzərdə
tutulub. Ekspertlər bu fənnin V-VI siniflərdən tədris
olunması imkanlarını müzakirə edirlər. Müəllimlər isə
psixologiyanın III-XI siniflərdə hər gün tədris
olunmasında təkid edirlər.
Mütəxəssislər qeyd edirlər ki, psixologiya barədə
bilikləri uşaqlara məktəbdən başqa heç yerdə vermirlər.
Şagirdlər artıq III sinifdən başlayaraq narkotik,
alkoqol, ilk sevgi ilə bağlı bəzi biliklərə malik
olmalıdırlar. Uşaq bütün bunlara hazır olmalıdır.
Hazırda III və IV sinif şagirdləri üçün psixologiya
dərslikləri müzakirə mərhələsindədir. Ekspertlər hesab
edir ki, psixologiyanın məktəb proqramında tədrisinə
başlamaq üçün ən azı iki il iş aparılmalıdır. İlin
sonlarına kimi III - IV siniflərdə psixologiya
dərsliklərinin müzakirəsi və onların nəşri məsələsi
həllini tapacaq. Lakin problem dərsliklərin nəşri ilə
bitmir. Bundan əlavə, psixologiya fənnini tədris edə
biləcək müəllimlər də hazırlanmalı, onlar ixtisasartırma
kurslarından keçməlidirlər. Psixologiyanı tədris edəcək
müəllimlər üçün də müvafıq dərsliklər
hazırlanmalıdır.
Məsələnin ciddiliyini nəzərə alaraq paytaxt Moskva və
digər şəhərlərdə məktəb psixoloqlarının ixtisasının
artırılması nəzərdə tutulub. Psixologiya müəllimlərinin
əlavə attestasiyası Moskva Psixoloji-Pedaqoji
Universitetində aparılacaq. Adıçəkilən universitetdə
məktəb psixoloqlarının ixtisasartırma kursları mövcud
olsa da artıq bu sahədə işlər daha fəal surətdə davam
etdiriləcək. Əlavə attestasiya aparmaq üçün bu məsələni
təhsil departamentləri ilə razılaşdırmaq lazımdır,
çünki məktəb psixoloqlarının statusu pedaqoji statusa
bərabər tutulur. Attestasiyanın keçirilmə vaxtı və bu
prosesin proqramı da təhsil qurumları ilə
razılaşdırılmalıdır. Mütəxəssislər qeyd edirlər ki,
məktəblərdə psixoloji xidmətin keyfiyyətinə təsir edən
bir sıra amillər mövcuddur. Bunlardan birincisi az
əməkhaqlarıdır. Ölkədə məktəb psixoloqunun orta
əməkhaqqı müəllimin maaşından aşağıdır. Bundan əlavə,
məktəblər psixoloqları öz ştatlarında saxlamaqda
maraqlı deyillər. Maliyyə mənbələrini və öz statuslarını
itirmək istəməyən məktəblər icbari qaydada riyaziyyat,
coğrafiya və rus dili müəllimlərini ştatda
saxlamalıdır. Psixoloqun işə qəbulu məsələsini isə
məktəb direktoru özü həll edir. Buna görə də bir sıra
məktəblərdə psixoloqun işini müvafiq psixoloji təhsili
olmayan direktorlar yerinə yetirir. Buna görə də hər bir
məktəbdə psixoloq yeri ayrılmalı, onun hazırlığı isə ən
yüksək səviyyədə olmalıdır. Məktəblərdə əlverişli
psixoloji mühiti yaratmaq üçün məktəb psixoloqunun
köməyinə onun həmkarları - yeniyetmələrin işi üzrə
mütəxəssis və ya kliniki psixoloqlar da cəlb oluna
bilər. Yalnız birgə səylər nəticəsində məktəbdə
ab-havanın möhkəmlənməsinə nail olmaq olar.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |