Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Sadəcə, Məcid müəllim

 

Dəfələrlə şahidi olmuşam, elə insanlar var ki, onlar həyatda yiyələndikləri peşəni, tutduqları vəzifəni  özlərinin daxili zənginliyi, bu sənətə məhəbbəti ilə bir az da hörmətli və nüfuzlu edirlər. Məcid Bağırov belələrindən idi. Onu yaxından tanıyanlar sanırdılar ki, o, elə anadan müəllim doğulub, müəllim kimi dünyaya gəlib. Məcid müəllimin yiyələndiyi peşə onu, sözün əsl mənasında, hörmət və nüfuz sahibi eləmişdi.

1944-cü ildə uzaq dağ rayonu Gədəbəyin Əli-İsmayıllı kəndində dünyaya gələn bu insan harada oldusa, harada işlədisə, harada yaşadısa -  uşaqlıq illərindən üzü bu yana qəlbinə, ruhuna köçürdüyü sərin dağ havasını, qalın meşələrin yaşıllığını, çölün, çəmənin ətrini, bulaqların təmizliyini, dağ çaylarının coşğunluğunu bir insan kimi özünün təbiətində yaşatdı. 1962-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil oldu. 1967-ci ildə gənc müəllim Məcid Bağırov təyinatla Salyan rayonuna göndərildi. Neftçala qəsəbəsindəki internat-məktəbdə üç il riyaziyyat müəllimi işlədi. Onda çoxlarına elə gəlmişdi ki, tamam fərqli bir iqlimdə, uca dağlar qoynunda doğulub boya-başa çatan Məcid Bağırov aran mühitinə uyğunlaşa bilməyib, müəyyən bəhanələr gətirib, təyinat yerindən geri qayıdacaq. Amma belə olmadı. Daxilindəki əzmkarlıq və iradə həyatı boyu ona bütün çətinliklərə sinə gərdirə bildi. Dözümlü və mərd xasiyyəti ilə fərqlənməyi bacardı. "Mənim üçün sinfin, auditoriyanın böyüyü-kiçiyi yoxdur. Əgər sinifdə bircə şagird, auditoriyada bircə tələbə varsa, o, artıq mənim üçün iş yeridir və mən orada öz vəzifəmi axıradək yerinə yetirirəm" deyirdi. Öyrənmək və öyrətmək sözləri onun ən çox işlətdiyi sözlər idi. Öyrənənlər və öyrədənlər onun gözünün işığı olardı. Öyrənməyənləri, öyrətməyə can atmayanları isə qəbul edə bilməzdi. Elmin yoxdursa, sənin heç nəyin yoxdur, deyərdi.

Bəli, elm, bilik, savad Məcid müəllim üçün dünya malından, şan-şöhrətdən irəli idi. O, təyinat illərini başa vurub yenidən pedaqoji fəaliyyətini davam etdirmək arzusu ilə Bakıya qayıtdı. İki il şəhərdəki 29 nömrəli orta məktəbdə riyaziyyat müəllimi işlədi. 1971-ci ildən ömrünün böyük bir mərhələsini Azərbaycan Dövlət Neft Akademiyası ilə bağladı. Ali riyaziyyat kafedrasında baş laborant, assistent, baş müəllim oldu. 1986-cı ildən isə həmin akademiyanın tətbiqi riyaziyyat kafedrasında dosent və kafedra müdiri vəzifələrində çalışdı. 2006-cı ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dosent və dekan müavini vəzifələrində işlədi. 2007-ci ildən ömrünün sonuna kimi Azərbaycan Universitetində tədris işləri üzrə prorektor vəzifəsində çalışdı. Mən onu burada daha yaxından tanıdım. İş yoldaşım, dostum Yusif  Əliyev Məcid Bağırovla görüşməkdən, onunla söhbət etməkdən, elmi-pedaqoji diskussiyalar aparmaqdan xüsusi bir ləzzət alardı. Doğulduqları Gədəbəy rayonundan söhbət düşəndə isə hər ikisi ləzzətlə "bizim dağlar", "bizim yerlər", "bizim insanlar" deyib, qürurla köks ötürərdilər. Məcid müəllim deyirdi ki, hayıf ki, insan qayğılardan, işdən-gücdən baş açıb, o yerlərə tez-tez gedə bilmir. Bizim ruhumuz da, varlığımız da orada təzələnir.

Məcid müəllim bir şeylə heç vaxt barışa bilmirdi. "Bu dövlət ali məktəbdir, bu özəl ali məktəbdir". Axı necə ola bilər deyirdi? Təhsil təhsildir, elm elmdir. Biz təhsil ocağını universitet adlandırırıqsa, bu ad özünün geniş mənasını tam şəkildə doğrultmalıdır. Azərbaycan Universitetində təhsilin, tədrisin yeni bir keyfiyyət almasında Məcid müəllim universitet rəhbərliyi ilə birgə yorulmadan fəaliyyət göstərdi. Bu gün Azərbaycan Universitetinin adı ölkədə öncül ali məktəblər sırasında çəkilir. Burada Məcid müəllimin də payı var. Bu, uzun illər belə olacaq, çünki gözəl ənənələr həmişə yaşarı olur.

Unudulmaz qələm dostumuz, alim və yazıçı, uzun illər ali məktəbdə Məcid müəllimlə çiyin-çiyinə çalışan Aslan Qəhrəmanov deyirdi ki, Məcid müəllim öz prinsipiallığı və inadkarlığı ilə neçə-neçə tələbəni, sözün əsl mənasında elm və bilik müstəvisinə qaytardı. O, işıqlı adam idi, işıqlı insanları da sevirdi. Elmi olmayanların içi qaranlıqdır söyləyərdi.

Azərbaycan Universitetinin prorektoru Ağamalı Ağamalıyev də həmkarını, müəllim dostunu böyük məhəbbətlə xatırlayaraq yazır: "Məcid müəllim öz nurlu sifəti, nəzakətli danışığı ilə həmsöhbət olduğu hər kəsə müsbət emosiyalar bəxş edirdi. Kollektiv üzvləri və tələbələr arasında dərin hörməti var idi. Sözün əsl mənasında saf insan idi. Hamıya xeyirxahlıq etməyi çox sevirdi. Onu çoxlarından fərqləndirən cəhətlərdən biri həmsöhbətlərini, tabeliyində olan işçiləri və tələbələri səbrlə, diqqətlə dinləmək qabiliyyəti idi. Məcid Bağırov halallığı, düzlüyü, xeyirxahlığı, mənəvi saflığı həyatının mənası hesab edərdi. O, insanlara qarşı həmişə ədalətli olmağa çalışar, heç kimdən köməyini əsirgəməzdi. Başqalarının səhv işini görəndə əsəbiləşdiyi vaxtlar da olardı. Amma heç vaxt insanların qəlbinə toxunan hərəkətə yol verməzdi. Şübhəsiz ki, onun səmimi, qayğıkeş, təvazökar, xeyirxah insan, ciddi, bacarıqlı rəhbər işçi kimi formalaşmasında aldığı tərbiyə, keçdiyi həyat yolu böyük rol oynamışdır".

Məcid müəllimin qardaşı Arzu Bağırov isə hər dəfə ondan söhbət düşəndə gözləri dolur, nəzərləri uzaq bir nöqtəyə zillənir: "Bizim ailəmiz çoxuşaqlıdır. Doqquz bacı-qardaşıq. Mən uşaq olanda atam dünyasını dəyişdi. Adama elə gəlirdi ki, atasızlıq hər şeyin üstündən xətt çəkəcək, arzuların sonu olacaq. Amma belə olmadı. Biz günəbaxanlar kimi həmişə böyük qardaşımız Məcid müəllimin işığına üz tutduq, onun kimi olmaq, onun kimi oxumaq, onun kimi yaşamaq, həyatda onun kimi mövqe tutmaq istədik. Rayondan kim oxumaq adı ilə şəhərə üz tuturdusa, Məcid müəllimin yanına, onun evinə gəlirdi. O, ali təhsil almaq, oxumaq istəyənləri əvvəlcədən özü sorğu-suala tutardı, imtahan edərdi. Kim ki, elmli, savadlı idi, az qalırdı onu bağrına bassın. Mən Azərbaycan Dövlət Neft Akademiyasında oxuyanda akademiyada üç-dörd tələbə Lenin təqaüdü alırdı. Onlardan biri də mən idim. Mənə elə gəlirdi ki, qardaşımın mənim üzərimdə olan haqq-sayını ancaq belə bir təqaüdlə oxuyub qaytara bilərəm. Onun mənzili bizim üçün sanki yataqxana idi. Burada qalardıq, oxuyardıq, nə Məcid müəllim, nə də onun ailəsi bundan qətiyyən darılmazdı. Oğlum olanda utana-utana dedim ki, qardaş, istəyirəm onun adını Məcid qoyam. Mənə elə gəldi ki, o, bunu bir az tərəddüdlə qarşılayacaq. Əksinə, qardaşım çox sevindi. O sevindi, mən isə elə bildim onun insani payını, bizə çəkdiyi zəhməti övladımın adını Məcid qoymaqla cüzi də olsa qaytardım".

Bu il martın 10-da düz bir ildir ki, Məcid müəllim dünyada yoxdur. Bu bir ildə çox şeylər olub. Ən azı, onu həmişə hörmətlə sevib-qiymətləndirən Aslan Qəhrəmanov da dünyadan köçdü. Bu bir ildə Məcid müəllimin həmkarları, doğmaları onu çox böyük məhəbbət və sevgi ilə xatırladılar, bundan sonra da xatırlayacaqlar. Bəli, elə insanlar var ki, onlar öz təbiətləri ilə yiyələndikləri peşəni, bağlandıqları sənəti hörmət, izzətə mindirirlər, həyatı sevib, sevdirə bilirlər. Belələrindən biri də Məcid Bağırov idi. Sadəcə, Məcid müəllim! 

Taleh HƏMİD

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov