Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Mart 2014 - №09

 

Kampusların yaradılmasının təşviqi

 

Kampuslar tələbələr arasında gözəgörünməz  bağlılığa, millətlərarası anlaşmaya, mehribanlığa, səmimiyyətə  aparan ən qısa yoldur.

Kampus müvafiq maddi-texniki bazaya və infrastruktura malik bir  təhsil kompleksidir. Kampusların yaradılmasını təşviq etmək isə aidi qurumları bu işi görməyə cəlb etmək, həvəsləndirmək, şövqə gətirməkdir.

Müstəqil  Azərbaycanın təhsil sistemində genişmiqyaslı islahatların aparılması kimi strateji əhəmiyyətli, mühüm proseslər 1999-cu ildə ulu öndərimiz  Heydər Əliyevin "Təhsil sahəsində İslahatlar Proqramı"nı imzalaması ilə başlanıb. 

24 oktyabr  2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Beş istiqamətdən, səkkiz bölmədən ibarət strategiyanın "Strateji hədəflər və tədbirlər" bölməsindəki  4.6.-cı maddəsi  çox qısa bir cümlədən ibarətdir: "Kampusların yaradılmasının təşviqi". 

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan müəllimlərinin XIV qurultayında etdiyi məruzədə  Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas istiqamətlərini açıqlayarkən, kampusların yaradılması mövzusuna da toxunmuşdur. 

Kampusların yaradılmasının təşviqi  ilk baxışda adi və sadə görünən  bir cümlədir. Amma bu üç kəlməlik cümlənin mahiyyətcə fərqinə varanda, görürük ki, Təhsil Strategiyasındakı hər bir  bənd Azərbaycanda  tələbənin təhsil səviyyəsinin və sosial rifahının yüksəlişinə xidmət edən bir təməl daşıdır.  Azərbaycan təhsilini daha da irəli aparmaq və dünyada qəbul edilmiş bir səviyyəyə çatdırmaq  əslində Təhsil Strategiyasının bütün müddəalarını birləşdirən  ümumi bir cəhətdir. 

Bütün dövrlərdə tədrisin keyfiyyətinə təsir göstərən ən əsas amillərdən  biri  tələbələrin  məhz yaşayış şəraiti olub. Sosial şəbəkələrdə, rəsmi mətbuatda təsadüf etdiyim yazılardan məlumatlıyam ki, Bakıda yerləşən bir sıra ali təhsil müəssisələrinin  tədris korpuslarının və onlara məxsus  tələbə şəhərciklərinin  mərkəzdən kənara çıxarılması və kampus şəklində  paytaxt  ətrafında yaradılması  yaxın illərdə artıq reallaşdırılacaq.

Kampus nədir və bir termin kimi necə başa düşülür? Kampus universitet məkanlarının ümumiləşdirilmiş adıdır. Türkiyədə belə məkanlara "yerləşgə" deyilir. Yadımdadır ki, Milli Məclisin 2009-cu il 19 iyun tarixli  iclasında deputatlarımızdan biri kampus ifadəsinin yerinə "Təhsil köyləri" işlətməyi təklif etmişdi. Fikrimcə, kampus  dünya ölkələrinin təhsil müəssisələrində işlədilən və cəmiyyətdə asanlıqla anlaşılan bir ifadədir.  

Təhsil kampusundan danışılanda ilk növbədə  təhsil qurumlarına  aid  tədris korpusları  və pansion, yataqxana, yeməkxana, laboratoriya, kitabxana, idman zalı, sağlamlıq mərkəzi, konfrans salonu və s. başa düşülür.

Mən kampusa tələbə üçün ən əlverişli məkan deyərdim. Əgər hər hansı bir ölkə öz sabahkı ziyalı ordusunun sıra nəfərinin, yəni bugünkü tələbəsinin daha fəal, daha ciddi, daha diqqətli olmasını istəyirsə, ilk növbədə onun harada yaşamasının qeydinə qalmalıdır. Məsələnin mahiyyəti təkcə bununla bitmiş olsaydı, onda "yataqxana var"- deyə kampuslara ehtiyac  qalmazdı. 

Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasında kampusların yaradılmasının təşviqi ayrıca yer almışdırsa, deməli bu mövzu  təhsil səviyyəsinin yüksəlməsində həqiqətən də  çox önəmli  mahiyyət daşıyır.

Ali təhsil ocaqlarının kampuslara malik olması bölgələrdən və xarici dövlətlərdən  təhsil almağa gələn tələbələrin harada məskunlaşacağı problemini avtomatik həll edir. Nəticədə tələbə qızıldan qiymətli olan müddətli təhsil illərini məişət  problemlərinin  həllinə sərf etməkdən azad  olur.

Yeri gəlmişkən, onu da deyim ki, kampus təkcə bina tikib istifadəyə vermək kimi başa düşülməməlidir. Tələbəyə lazım olan hər bir sahəni özündə birləşdirən kampusun  özəyini tədris korpusları  təşkil edir.

Dünya standartlarına uyğun gələn, müasir tələblərə cavab verən kampuslara malik ali təhsil müəssisəsində  oxumaq bu günün tələbəsinin ən ümdə arzusudur.

Təbii ki, yeni yaradılacaq  kampuslarda yerli tələbələrimizlə birlikdə əcnəbi tələbələr də məskunlaşacaq. Kampus elə bir məkandır ki, burada  bütün tələbələr bir-biri ilə eyni ailənin doğma övladları kimi mehriban  davranır, bir-biri ilə ünsiyyət qurur, dostluq edir, birlikdə idmanla, kompüterlə,  müxtəlif  intellektual fəaliyyət növləri ilə məşğul olurlar. Bu da onların dünyagörüşünün sürətli inkişafına təkan verir. 

Tələbə  nəinki təhsili ilə, həmçinin gündəlik məişəti ilə də bağlı  özünə lazım olan hər bir şeyi kampus daxilində tapa bilir. Universitetin kampus məkanında yerləşməsi mahiyyətcə  çox önəm daşıyır. Kampusu tələbə şəhərciyindən fərqləndirən cəhət onun əhatə dairəsinin  çoxşaxəli və çoxçeşidli  olmasıdır.  Müasir kampusda  elektron kitabxanalar, elmi laboratoriyalar, kompüter mərkəzləri, tələbələrin  idman  növləri ilə məşğul olması  üçün klublar, stadionlar, üzgüçülük hovuzları, dərnəklər, tibb məntəqələri, alış-veriş mərkəzləri, poçt və s. fəaliyyət göstərir.

Çoxsaylı tələbələr üçün yaradılan və ya yaradılacaq kampuslar dünya standartlarına cavab verməlidir. İnkişaf etmiş ölkələrdəki beynəlxalq universitetlərin çox böyük əksəriyyəti öz kampusuna malikdir. Kampusu olan ali təhsil müəssisəsində oxumaq hər bir  gəncin arzusudur. Çünki kampusa malik universitetlərdə tələbələrin istifadəsində kitabxana, kompüter otaqları və  laboratoriyaların olması  onların  fikrini müəllimlərin diqqət və qayğısının əhatəsində tamamilə təhsilə yönləndirə bilir.

Əgər tələbənin məqsədi oxumaq, biliyini artırmaqdırsa, deməli bu yolda ona əngəl yaradan bütün mövcud problemlərin aradan qaldırılmasına nail olmalıyıq. Müasir tələbənin ehtiyacını ödəyən  hər bir şey kampus daxilində mövcud olduğu üçün tələbələr orada özünə dərsdən kənar və ya dərsə dəxli olan məşğuliyyətlər də tapır. Bu da onların təhsillə yanaşı həm də sosial həyatda digər tələbələrlə bərabər addımlaya bilmələrinə imkan yaradır.

Tələbələrin  təhsil almaq, tədris prosesində bal toplamaq, imtahanlara hazırlaşmaq, kitabxanalarda mütaliə etmək, dərslikləri araşdırmaq  qayğıları ilə yanaşı, üstəlik həm də məişət qayğıları var. Axı, rayondan və ya əcnəbi ölkələrdən  paytaxta oxumağa gəlmiş tələbənin Bakıda yaşaması üçün ən azı bir çarpayılıq, bir masalıq, bir kətillik otağının olması zəruridir.

Universitetlərin böyük əksəriyyətinin hələ də kampusunun olmaması orada təhsil alan tələbələrin kirayə evə olan ehtiyacı ilə nəticələnir. Bu isə, hər şeydən əvvəl, həm tələbənin vaxtının itməsinə, həm də onun bir növ təhsil mühitindən yayınmasına səbəb olur. Məhz bu nüans üzərində ciddi düşünmək lazımdır ki, kirayə evlərdən yalnız tələbələr deyil, əhalinin ən müxtəlif təbəqələrinin nümayəndələri də istifadə edir. Odur ki, tələbələrin  bəzən xarakterində təzahür edən ən gözlənilməz dəyişikliklərin səbəbini, məncə, ilk növbədə onların  tələblərinə cavab verməyən, mühiti naməlum olan kirayə evləri tutmağa vadar olması faktında  axtarmaq lazımdır. 

Əksər tələbələr paytaxtdakı tələbə yataqxanalarında yer tapa bilməməsi səbəbindən kirayə mənzillərə üz tuturlar. Təcavüzkar Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində yurd-yuvasından perik düşən soydaşlarımızın Bakıdakı tələbə yataqxanalarında sığınacaq tapması 20 ildən artıqdır ki, paytaxta gəlib dövlət ali təhsil ocaqlarında təhsil alanları  kirayə evdə qalmaq məcburiyyəti ilə üz-üzə qoyub. Ona görə də Təhsil Strategiyasında göstərildiyi kimi bu problemin həlli üçün kampusların yaradılmasının təşviqi  günümüzün ən vacib və təxirəsalınmaz tələbi,  operativ surətdə həllini gözləyən bir vəzifədir.

Əgər bu gün bütün dünyada baş verən prosesləri diqqətlə nəzərdən keçirsək,  gələcəkdə  təhlükəsizlik qaydalarının tələblərinə uyğun sivil şərtlər əsasında inşa ediləcək kampusların  zirzəmilərini də diqqətdə saxlamalıyıq. Bu zirzəmilərdən kritik durumlarda (Allah qismət eləməsin!) böyük bir tələbə kontingentinin sığınacağı məkan kimi istifadə edilə bilər. Xarici dövlətlərin kampus təcrübəsində bu da var.

Beynəlxalq təhsil sistemindəki, qabaqcıl universitetlərdəki  kampusların daxilində, ilk növbədə, tədris korpusları, daha sonra pansion, yataqxana, yeməkxana, laboratoriya, kitabxana, idman zalı, üzgüçülük hovuzu, tennis kortları, masa tennisi, futbol, voleybol, basketbol,  həndbol, bilyard salonu, sağlamlıq mərkəzi, konfrans salonu, gözləmə zalı və s. ilə yanaşı, Botanika parkı, süni şəlalə, göl, yağmur və tullantı sularının yenidən istifadəyə yararlı vəziyyətə gətirilməsi  sistemləri, günəş enerjisindən isti su əldə etmək üçün cihazlar, alış-veriş mərkəzləri, restoranlar, kafelər və hətta metro stansiyaları da var.

Kampusda yaşayan tələbə üçün əcnəbi və ya yerli olmaq o qədər önəm daşımır. Həyata və yaşama fərqli baxış, müstəqil olmağa köklənən həyat təcrübəsi, müxtəlif elm sahələrində oxuyan tələbələrlə dostluq münasibətləri qurmaq, ətrafdakılara qarşı mehribanlıq, şəxsi münasibətlər baxımından fərqli və azad düşüncə tərzi, tələbə həyatının həm maraqlı, həm də müəyyən həyat imtahanından keçirən özəllikləri, kitabxanada keçən saatlar, fərqli mühit və fərqli adətlər kampus həyatının fraqmentləridir.

Xarici ölkələrdə  kampus daxilində keçirilən idman yarışmalarında qalib gələn tələbələrə hətta  müxtəlif məbləğli təqaüdlər də təyin edilir.

Bütün dünyada qəbul edilmiş bir səviyyədə təhsil almaq istəyən hər  tələbə öz gələcək hədəflərinə doğru ağılla, məntiqlə, inamla silahlanaraq addımlamalıdır.

Hələ SSRİ-nin tərkibində ikən ölkə miqyasında yalnız  Azərbaycanda rəsmi fəaliyyətə başlamış ingilisdilli  ilk özəl ali məktəb Xəzər Universiteti olub. Bu universitetin Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən üç kampusu və ayrıca bir mərkəzi tələbələrin istifadəsindədir. Daha bir kampus- Xəzər Universiteti və Dünya məktəbi üzrə yeni təhsil kompleksi olan Binəqədi kampusu isə hazırda tikilməkdədir.

Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş  "2009-2013-cü illərdə ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nda müasir tipli universitet şəhərciklərinin - kampusların yaradılması öz əksini tapıb. Qeyd olunan Dövlət Proqramına uyğun olaraq bir necə ali təhsil müəssisəmiz üçün, o cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və Azərbaycan Diplomatik Akademiyası üçün kampuslar  artıq yaradılıb. Hazırda isə  Bakı Ali Neft Məktəbinin kampusu inşa olunur.

Kampusların yaradılmasının təşviqi  cənab İlham Əliyevin rəhbərlik etdiyi ölkədə təhsilalanların sosial rifahının və təhsil səviyyəsinin yüksəlişinə hesablanmış Prezident qayğısıdır. 

Gəlin, hamılıqla çalışaq ki, Azərbaycan təhsili  beynəlxalq təhsildə  yüksək  reytinqə malik olsun. Qoy bizim diplomumuzu bütün dünya tərəddüdsüz tanısın.  

Ellada UMUDLU,
"Azərbaycan müəllimi"
 

Qeyd: "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirilən müsabiqəyə təqdim etmək üçün"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov