Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 
"Azərbaycan müəllimi" - 80

Taleyimdə müəllim

 

Məktəb və İstedad 

Müsahibimiz Azərbaycanın xalq artisti Rasim Balayevdir 

Rasim Balayev 1948-ci ildə Ağsu şəhərində anadan olub. Azərbaycan Teatr İnstitutunun (indiki Ə.Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universiteti) aktyorluq fakültəsini bitirib. Müxtəlif səpgidə çəkilmiş filmlərdə bir sıra yaddaqalan obrazlar yaratmışdır.

Hal-hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibidir, respublikanın xalq artistidir. Ailəlidir, iki oğul atasıdır.

 

- Rasim müəllim, görkəmli şəxsiyyətlər dəfələrlə qeyd ediblər ki, istedadın bünövrəsi uşaqlıq və yeniyetməlik illərindən qoyulur. Əlbəttə, bu bünövrənin möhkəmliyi tərbiyəçilərdən asılıdır. Bu fikrə sizin münasibətinizi bilmək istərdik.

- Təbii ki, müəllimin rolu şəxsiyyətin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Belə ki, uşaq ən azı ömrünün  10 ilini məktəbə həsr edir. Bu müddət ərzində o, valideynlərindən çox müəllimlərlə təmasda olur. Söhbət istedadlı uşaqdan gedirsə, mən deyərdim ki, onun qabiliyyətinin, bacarığının inkişafı daha çox şəraitdən asılıdır. Münbit şərait olmasa, ən nadir istedad talanıb məhv ola bilər. Məhz belə şəraitin yaradılmasında məktəb mühüm rol oynayır. Hər bir gəncin həyat yolunu müəyyənləşdirməkdə, gələcəyinin düzgün istiqamətləndirilməsində müəllimin rolu əvəzsizdir.

- Siz dediklərinizin oxuduğunuz məktəbdə tətbiqini necə qiymətləndirərdiniz?

- Mən təhsilimi Ağsu şəhərindəki 1 nömrəli məktəbdə başa vurmuşam. Oxuduğum illər ərzində demək olar ki, savadlı müəllimlərin əhatəsində olmuşam. Dərin elmi biliyə, şəxsi savada malik şəxslər mənə dərs demişdir. Bilirsiniz, şagirdlər sevmədikləri müəllimlərlə rəsmi münasibətdə olur, ürəklərini onlara açmır, dərslərini oxumurlar. Lakin bizim müəllimlərimiz qəlblərimizə nüfuz etməyi bacarır, hər birimizin sevincinə, kədərinə şərik olurdular. Dərslərimizin maraqlı, canlı qurulmasına çalışırdılar.

- Müəllimləriniz hansı xarakterləri və qabiliyyətləri ilə yaddaşınızda qalıb?

- İlk dəfə əlimə qələm alıb mənə yazmağı öyrədən ibtidai sinif müəlliməm Tubu yaddaşımda həmişəlik iz buraxmışdır. Onda analıq hissiyatı o qədər güclü idi ki, bizi öz övladları qədər sevərdi. Başqa müəllimlərdən Əlisimranın, Təhməzin və Kamalın adını çəkmək istəyirəm. Onlar dərsi elə keçirdilər ki, 45 dəqiqənin necə ötməsindən xəbərimiz olmazdı. Tənəffüs zamanı da çox vaxt sinifdən çıxmırdıq. Dediyim sözlər qəribə səslənsə də, bu həqiqətən belə idi. Müəllimlər ayrı-ayrılıqda öz fənnini sevdirməyə çalışırdılar. Bizimlə söhbət zamanı heç bir artıq hərəkətə yol vermirdilər.

Müəllim-şagird münasibəti ən incə, zərif, kövrək münasibətdir. Çalışmaq lazımdır ki, bu münsibətlər pozulmasın.

- Sizin istedadlı şəxs kimi formalaşmağınızda müəllimlərinizdən kimlər xüsusi rol oynamışdır? Bunu necə izah edərdiniz?

- 6-7-ci sinifdə oxuyanda bizə ədəbiyyat fənnini Nabat müəllimə deyərdi. Keçdiyimiz hər hansı yazıçının həyatını öyrənər, yaradıcılığına gəldikdə isə əsərləri oxuyub, rolları öz aramızda bölərdik. Hər bir şagirdə müxtəlif surətlər tapşırılardı. Ədəbiyyata vurğunluğum, səlis şeir deməyimlə mən o biri uşaqlardan fərqlənməyə başlamışdım. Ədəbiyyat müəlliməm daha sonralar mənə "Almas", "Vaqif" dramlarından parçalar əzbərləməyi məsləhət gördü. Getdikcə hiss edirdim ki, məni qəribə, sehirli bir aləm özünə tərəf çəkir. Amma bu aləmin nə olduğunu hələ anlamırdım. Və ağlıma belə gətirməzdim ki, nə vaxtsa aktyor ola bilərəm. İlk dəfə mənə bu sehrli aləmin nə demək olduğunu anladan, yol göstərən məhz ədəbiyyat müəlliməm oldu.

Arzum aktyor olmaq, özü də sevib-seçilən aktyor olmaq idi. Dərk edirdim ki, arzu, həvəs hələ hər şey demək deyildir, gərək insanın özündə bacarıq və qabiliyyət olsun. Bu xüsusiyyətlərə malik olmağımı isə birinci dəfə müəllimlərimdən eşitdim.

- Məktəbdə keçirilən hansı tədbirlər sizin taleyinizdə, əlbəttə ki, istedadınızın üzə çıxarılmasında və inkişafında mühüm əhəmiyyət kəsb etmişdir?

-Tez-tez məktəbimizin radio qovşağında səhnəciklərlə çıxış edirdim. Bayram günlərinin birində müəllimlərimizin köməyi ilə M.İbrahimovun "Kəndçi qızı" əsərini tamaşaya hazırlamışdıq. Alışanov surəti mənə tapşırılmışdı. Komik bir obraz idi. Yaxşı yadımdadır, evdən ata-anamın köhnə pal-paltarından seçib səhnəyə uyğununu tapıb geyinmişdim. İlk dəfə səhnəyə çıxırdım. Həyəcandan dizlərim əsirdi. Tamaşa qurtaranda alqış sədaları zalı bürüdü. Hiss elədim ki, rolumun öhdəsindən gəlmişəm. Sonralar bir sıra tamaşalarda özümü sınadım. Deyilənə görə, pis oynamırdım. Artıq 8-ci sinifdə oxuyurdum. Qərara aldım ki, gələcəkdə aktyor olum. Evdəkilərə arzumu bildirəndə onlar bu hissin keçəri olacağını zənn etdilər. Məktəbdə isə əksinə idi, hamı mənim aktyor olacağıma inanırdı və arzumu çox ciddi qəbul edirdi.

- Məlumdur ki, hər bir istedadlı şəxsin özünəməxsus xarakteri olur. Sizcə, onlar bu xarakterləri ilə şagird yoldaşlarından nə ilə fərqlənirlər və bu fərq şagird kollektivində hansı ziddiyyətləri və ya keyfiyyət dəyişikliklərini yaradır?

- Bilirsiniz, məktəbdə oxuyarkən özümün nə dərəcədə istedadlı olmağım haqqında siz deyən məlumatım yox idi. Xarakterimə gəldikdə isə təvazökarlıqdan uzaq da olsa, deməliyəm ki, hələ uşaqlıqdan həmyaşıdlarımla ünsiyyətdə olmağa, bütün ictimai işlərdə iştirak etməyə çalışırdım. Çoxlu dostlarım var idi və onlarla müxtəlif mövzularda söhbət etməyi xoşlayırdım. Heç vaxt özümə qapanan adam olmamışam.

- Siz məktəbdə nələri qazanmısınız və nələri itirmisiniz, bunlarda müəllimlərinizin rolu?

- Mənə elə gəlir ki, qazandığım itirdiyimdən çox olub. Bir vaxtlar arzuladığım kimi taleyimin bu cür uğurlu olmasında, xalqımız tərəfindən az-çox tanınmağımda mənə dayaq olmuş, düzgün istiqamətləndirmiş məktəb müəllimlərimə minnətdaram.

- Təbiidir ki, uşaqlıq və yeniyetməlik illərində qazanılanlar ali məktəb illərində bir az da artırılır və yaxud əksinə olur. Bunu öz üzərinizdə hiss etmisinizmi? Ali məktəb müəllimləriniz sizə qəlbən nə dərəcədə yaxın olublar?

-Teatr İnstitutunda (indiki Ə.Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universiteti) təhsil aldığım zaman biz tələbələri duyan, xeyirxah, sənətini sevən müəllimlərlə təmasda olmuşam. Məktəbdən fərqli olaraq, burada sırf aktyorluq sənətini öyrənirdim. Bir vaxtlar mənə əlçatmaz görünən arzuma, istəyimə çatmışdım. Artıq sinif otaqlarını auditoriyalar əvəz edirdi. Həmişə tamaşalarına həvəslə baxdığım teatr fədailəri, görkəmli artistlər mənim müəllimlərim idi. Müəllimlərdən mərhum professor Mehdi Məmmədovun, Müxlis Cənizadənin  adlarını xüsusilə qeyd etmək istəyirəm. Onlar tələbələrə qayğı ilə yanaşırdılar. İnstitutun o vaxtkı rektoru Rahib Hüseynovun  da köməyi tələbələrdən əskik olmamışdır. Yataqxanada qalırdım. Təzə istifadəyə verilməsinə baxmayaraq, yataqxananın heç bir kommunal şəraiti yox idi, otaqlarda adicə işıq belə yanmırdı. Dərs kitablarını tapmaq müşkül işə çevrilmişdi. Şam işığında oturub dərsimizə hazırlaşırdıq. Çox məhrumiyyətlər, əziyyətlər çəksək də dözürdük, çünki elmə, sənətə ürəkdən bağlanmışdıq. Bilirdik ki, hansı yükün altına girmişik, çiynimizi hansı ağırlığın altına vermişik.

- Yenidən şagird və ya tələbə olsaydınız, nəyə nail olmaq istərdiniz və müəllimlərinizdən nələri tələb edərdiniz?

- Seçdiyim sənəti lap uşaqlıqdan dəqiqləşdirərdim. Müəllimlərimdən isə əvvəlki səmimiyyətlərini, alicənablıqlarını qoruyub saxlamağı tələb yox, xahiş edərdim. Çünki həyatda elə müəllimlərim olub ki, onlardan nəsə tələb etməyə mənim mənəvi hüququm çatmır. 

Müsahibəni apardı:
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi",
10 avqust 1993-cü il,
21

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov