Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

Xaricdə təhsil alan tələbələrimiz

"Ən böyük arzum xaricdə təhsil almaq idi"

 

Fəridə Alim qızı Əsədullayeva 1989-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Mehman və Müşfiq Nəbiyev qardaşları adına 51 nömrəli tam orta məktəbdə alıb. 2007-ci ildə  645 balla Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olunub. Bakalavr pilləsində oxuduğu dövrdə müxtəlif kurslarda xarici dili yüksək səviyyədə mənimsəyib.  2011-ci ildə bakalavr təhsilini başa vurduqdan sonra  ADİU-nun beynəlxaq iqtisadi münasibətlər fakültəsində xüsusi istedadlar qrupu (XİQ) bölməsi üzrə ingilis dilində  magistr təhsilini davam etdirib.

Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Birləşmiş Krallığın Belfast şəhərindəki Queens Universitetində mühasibat uçotu və maliyyə işi ixtisası üzrə ikinci magistr təhsili alır. Artıq ilk semestr imtahanlarını uğurla vermiş Fəridə ilə söhbətimizə orta məktəb illərindən başladıq:

- Orta məktəb illərində bütün fənlərdən əla qiymətlərlə oxumuşam. Dərslərimlə  yanaşı, məktəbin bir sıra ictimai tədbirlərində də fəal iştirak etmişəm. Təhsil dövründə rayon və şəhər üzrə keçirilən  müxtəlif fənn  olimpiadalarında iştirak edərək dəfələrlə birincilik qazanmışam. Orta məktəb illərində ən böyük arzum xaricdə təhsil almaq idi.

- 2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesi yaddaşınızda necə qalıb? Proqrama  qəbul olunmağınız barədə xəbəri necə qarşıladınız?

- Deyə bilərəm ki,  tələbələrin seçim prosesi  yüksək obyektivlik şəraitində, şəffaf keçdi. Müsahibə mərhələsinin əvvəlki illərə nisbətən daha təkmilləşdirilmiş formada aparılması, tələbələrin çoxsaylı sual və müraciətlərinə Təhsil Nazirliyinin nümayəndələri tərəfindən təmkinlə yanaşılmasını xüsusi qeyd edərək seçim prosesini çox müsbət qiymətləndirirəm. Mənim fikrimcə, əgər göstəriciləriniz müsabiqə şərtlərinə kifayət qədər uyğundursa və müsahibə zamanı öz maraq və hədəflərinizi düzgün şəkildə ifadə edə bilirsinizsə, onda prosesin nəticələri ilə bağlı   hər hansı narahatçılıq keçirmək üçün heç bir əsas yoxdur. Müsabiqənin sonuncu mərhələsindən sonra istər-istəməz insanda proseslə bağlı  müsbət  fikir formalaşır.

2013-cü il sentyabrın 13-də "Azərbaycan müəllimi" qəzetində Dövlət Proqramına qəbul olunmuş tələbələrin siyahısında öz adımı görəndə sevincimin hədd-hüdudu yox idi. Əlbəttə ki, ailəmizin, eləcə də mənə dərs demiş müəllimlərimin də sevinci böyük idi.  Bu xoşbəxtliyə görə mən  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Təhsil Nazirliyinə, müəllimlərimə və valideynlərimə minnətdaram.    

- Artıq bir müddətdir ki, vətəndən uzaqdasınız. Birləşmiş Krallıqdan baxdıqda təhsilimizin vəziyyətini necə görürsünüz?

- Birləşmiş Krallığın təhsil sistemi  ən son texnologiya və avadanlıqlarla təmin olunub. Hər iki ölkənin  təhsil sistemlərinin müqayisəsini aparmaq mənim üçün bir az çətindir. Lakin son illərdə Azərbaycanın təhsil sistemində Avropaya inteqrasiya yolunda bir sıra ciddi islahatlar  həyata keçirilir, keyfiyyət dəyişiklikləri  baş verir.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"  kimi proqramlar, eləcə də Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bir çox yeniliklər, Avropanın müxtəlif təhsil müəssisələri ilə aparılan tələbə mübadiləsi və sıx  əməkdaşlıq  sayəsində  mövcud problemlərin   aradan  qaldırılması  istiqamətində uğurlu addımlar atılmaqdadır.

- Bir qədər oxuduğunuz ali məktəb və seçdiyiniz ixtisas barədə...

- Universitet seçimi ərəfəsində çox qərarsız olmağıma və çətinliklərlə üzləşməyimə baxmayaraq indi düşünürəm ki, verdiyim ən düzgün qərarlardan biri elə məhz bu universitetdə təhsil almağımdır. Təhsil aldığım Queens Universitetinin  əsası 1845-ci ildə qoyulub.  Ali məktəb seçdiyim ixtisas, yəni mühasibat uçotu və maliyyə üzrə Birləşmiş Krallığın ən qabaqcıl universitetlərindən biridir. Universitet "QS  World Rankgins" jurnalının 2013-cü il dünya reytinq cədvəli üzrə ilk sıralarda yer alıb. Həmçinin dünya üzrə ən çox beynəlxalq tələbəsi  olan ilk 100 universitet sırasında 23-cü yerdədir. Məhz buna görə şəhərdə gəzərkən bəlkə də yerli əhalidən daha çox başqa millətlərin nümayəndələrinə rast gəlmək olur. Öz sahəsində kifayət qədər yüksək biliyə və təcrübəyə malik professorlar tələbələri müvafiq iş imkanlarından yararlanmaq üçün məlumatlandırır və onlar üçün hər cür şərait yaratmağa səy göstərirlər. Seçdiyim ixtisasa gəldikdə, deməliyəm ki, mühasibat uçotu və maliyyə ixtisasını müvəffəqiyyətlə bitirməyim mənə  beynəlxalq səviyyəli ACCA mühasibatlıq imtahanlarının ilk fundamental səviyyələrindən ("F1"-"F4") və "P4" imtahanından avtomatik azad olma şansı verir.

- Universitetdə imtahan sessiyası  necə  təşkil olunur?

- Universitetdə imtahanlar ildə iki dəfə, məsələn, magistratura pilləsində yanvar və aprel (may) ayları təşkil olunur. İmtahan sessiyasının başlanmasından xeyli əvvəl  imtahanın keçiriləcəyi yer və vaxtı universitetin saytında elan olunur ki, bu da öz növbəsində tələbələrin öz vaxtlarını səmərəli bölüşdürməsi və planlaşdırması məqsədi daşıyır. İmtahan prosesinin gedişinə  anonimlik məqsədilə tamamilə fərqli sahə üzrə təcrübəyə malik şəxslərdən ibarət qrup nəzarət edir. İmtahan kodlaşdırılma vasitəsilə həyata keçirilir. Bu kod vasitəsilə hər bir tələbə öz  imtahan nəticələrini öyrənə bilir. Həmçinin keçmiş imtahan suallarının və bəzən də cavablarının onlayn əldə edilməsinin mümkünlüyü  də imtahana hazırlaşma prosesini müəyyən qədər rahatlaşdırır.

- Birləşmiş Krallığın ali təhsil sistemində hansı maraqlı məqamları qeyd edə bilərsiniz?

- Təhsil aldığım bu bir il ərzində Britaniya ali təhsil sisteminin bir sıra üstünlükləri ilə tanış oldum. İlk növbədə, qeyd etmək istərdim ki, professorlar və tələbələr arasında müəyyən hüdud çərçivəsində çox gözəl dialoq mövcuddur. İstər professorlar, istər universitetin digər heyəti hər bir tələbənin fikir və təkliflərini nəzərə almağa çalışır ki, bu da sağlam qarşılıqlı münasibətin təməlini qoyur. Bununla yanaşı, öyrəndiklərinin real hadisələr üzərində tətbiq etmə imkanının yaradılması və təhsil sisteminin əsasən akademik esse üzərində qurulması tələbələrin analiz etmə bacarıqlarını daha da təkmilləşdirir. Bundan başqa, təqdimat işlərinə və kiçik qruplarla layihə işlərinə üstünlük verilməsi bizim həm akademik, həm də sosial cəhətdən inkişafımızı təmin edir.

- Tələbə həyatınız necə keçir?

- Tələbə həyatım kifayət qədər maraqlı keçir. Bəzən isə maraqlı olduğu qədər  gərgin və yorucu olur. Çox zaman, xüsusən də sessiya müddəti ərzində günümüzün əksər hissəsini kitabxanada keçirməli oluruq. Onu da etiraf etməliyəm ki, qrupda demək olar ki, hər kəsin daha çox çalışmağa və öyrənməyə can atması biz tələbələrdə istər-istəməz məsuliyyət hissi yaradır.  Asudə vaxtımı da maksimum dərəcədə səmərəli keçirməyə çalışıram. Boş vaxtlarımızda bəzən yaxın dostlarımızla bir araya gəlib qonaqlıq təşkil edir, kinoteatra və ya muzeylərə baş çəkir, müxtəlif şəhərdaxili və ya şəhərətrafı  məkanları gəzirik. Daha çox musiqiyə qulaq asmağa, kitab oxumağa və ya təmiz havada gəzməyə üstünlük verirəm. Həmçinin idmanla  məşğul olmağı sevirəm.

- Yaşadığınız şəhər haqqında nə deyə bilərsiniz? 

- Təhsil aldığım universitet Şimali İrlandiyanın paytaxtı sayılan Belfast şəhərində yerləşir. İnsanlarının istiqanlılığı və öz yaşıllığı ilə hər kəsi valeh edən Belfast  Birləşmiş Krallığın ən təhlükəsiz və sakit şəhərlərindən biri sayılır. Xüsusən də, əgər tələbəsənsə, o zaman yaşayış üçün bura ən ucuz şəhərlərdən biridir. Təbiətlə şəhər həyatının tam harmoniyasını təcəssüm etdirən Belfast  nisbətən soyuq olmasına baxmayaraq insanlarının xoş davranış  və mülayimliliyi ilə hamını isidir. Bununla belə, şəhərin kiçik və komfortlu olması paytaxtın istənilən vacib nöqtəsinə qısa müddət ərzində çatmağa, biz tələbələrə vaxt itkisinə yol verməməyə kömək edir.

- Azərbaycan  diasporası ilə əlaqələriniz varmı?

- Əlbəttə ki, burada təhsil alan digər azərbaycanlı tələbələrlə birlikdə ölkəmizi layiqincə təmsil etməyə çalışırıq. İstər tariximizi, ölkəmizlə bağlı həqiqətləri, istərsə də milli mətbəximizi, bayramlarımızı həm yerli, həm də digər  ölkələrdən olan tələbələrə çatdırmaq üçün əlimizdən gələni edir, müxtəlif tədbirlər keçiririk.

- İrlandiyalıların ölkəmizə, mədəniyyətimizə münasibəti barədə nə deyə  bilərsiniz?

- Azərbaycan kiçik və nisbətən yeni müstəqillik əldə etmiş bir ölkə olmasına baxmayaraq müşahidə edirəm ki, irlandiyalılar ölkəmiz haqda daha çox məlumat əldə etməyə, mədəniyyətimizlə daha yaxından tanış  olmağa can atırlar. Təbii olaraq biz də istər adət-ənələrimizin, istərsə də tarixi gerçəkliklərimizin dünyaya çatdırılması istiqamətində bacardığımızı əsirgəmirik. Hətta bu il Bakıda Novruz bayramı ilə əlaqədar keçirilən beynəlxalq festivalda Şimali İrlandiyadan bir neçə tələbə iştirak etdi ki, bu da ölkəmizə, mədəniyyətimizə olan marağı göstərir.

- Gələcək planlarınız?

- Gələcək planlarıma gəldikdə isə ilk növbədə buradakı təhsilimi müvəffəqiyyətlə  başa çatdırıb vətənə qayıtmaq və əldə etdiyim bu uğurlu təcrübəni karyera həyatımda tətbiq etməyə çalışıb uğurla irəliləməkdir.

- Biz də sizə təhsilinizdə uğurlar arzulayırıq.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov