Respublikamızın
yeniyetmə və gəncləri incəsənətin müxtəlif sahələrində
öz istedad və bacarıqlarını nümayiş etdirirlər. Onlar
xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqə və
festivallarda Azərbaycanı layiqincə təmsil edirlər.
Belə istedadların xoş sorağını eşitdikcə qürur hissi
keçiririk. Onlardan biri də Bakıdakı Milli
Konservatoriyanın nəzdində İncəsənət Gimnaziyasının
fortepiano sinfinin 6-cı sinif şagirdi Züleyxa
Abdullayevadır. O, hələ 8 yaşında olarkən ilk uğuruna
imza atıb. 2011-ci ildə İtaliyanın Gio Del Colle
şəhərində keçirilmiş Pyetro Argento adına XIV beynəlxalq
musiqi müsabiqəsində müvəffəqiyyətlə çıxış edərək
birincilik kubokuna sahib çıxıb. Həmin il İsveçin
Stokholm şəhərində keçirilən Rondo musiqi müsabiqəsində
uğur qazanaraq diplomant adına layiq görülüb.
Respublika və beynəlxalq müsabiqələrdə fərqlənən
Züleyxa Abdullayeva 9 yaşında olarkən Paris şəhərində
Nikolay Rubinşteyn adına XI beynəlxalq piano musiqi
müsabiqəsində iştirak edərək birincilik qazanıb. 25
ölkədən olan musiqiçilər arasında Azərbaycanı təmsil
edən Z.Abdullayeva dünya bəstəkarlarının əsərlərini
məharətlə ifa edib. Sevindirici haldır ki, 2013-cü ilin
oktyabr ayında istedad və bacarığı, xüsusi ifaçılıq
qabiliyyəti ilə seçilən Züleyxa Abdullayevanın adı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
müvafiq sərəncamı ilə gənc istedadların "Qızıl
kitab"ına yazılıb və Prezidentin xüsusi aylıq təqaüdünə
layiq görülüb.
2014-cü ilin fevralında Züleyxa Abdullayeva Amerikanın
Nyu-York şəhərində keçirilən "American Protege"
müsabiqəsində laureat adını qazanıb.
Qeyd edək ki, Züleyxa bu il mayın 26-da Nyu-Yorkda
məşhur "Carneqie Hall" konsert zalında maraqlı ifaları
ilə tamaşaçıları məmnun edəcək.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |