Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Məhəmməd Füzulinin 520 illiyi qeyd olunub

 

Aprelin 23-də Abşeron rayonu Xırdalan şəhərindəki 2 nömrəli tam orta məktəbdə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 520 illiyinə  həsr olunmuş "Füzuli dühası" mövzusunda ədəbi-bədii gecə keçirilib.

Tədbirdə əvvəlcə Məhəmməd Füzulinin həyat və yaradıcılığına aid slayd nümayiş olunub. Orta əsr şairi və mütəfəkkiri, Azərbaycan-Türkiyə ədəbiyyatı tarixində divan ədəbiyyatının  ən möhtəşəm nümayəndələrindən biri olan Füzulinin həyat və yaradıcılığından, onun əsərlərinin təkcə Azərbaycan ədəbiyyatı deyil, bütövlükdə Şərq və dünya ədəbiyyatı üçün əhəmiyyətindən danışan məktəbin direktoru Ədalət Camalova sözü şagirdlərə verib.

Gecənin aparıcıları olan X sinif şagirdləri Sevinc Sabirzadə  və Naqi Məmmədzadə bildiriblər ki, gənc yaşlarından yaradıcılığa başlamış və tez bir zamanda məşhurlaşmış Məhəmməd Füzulu klassik şeir janrlarında ölməz sənət nümunələri yaratmışdır. Onlar Füzulinin böyüklüyünü göstərmək üçün tanınmış ədib Mir Cəlalın belə bir fikrini diqqətə çatdırmışlar:  "Bütün yaxın Şərqdə dastan dedikdə Firdovsi, rübai dedikdə Xəyyam, əxlaqi-didaktik şeir dedikdə Sədi xatırlandığı kimi, qəzəl dedikdə hər kəsdən əvvəl Füzuli yada düşür". 

Məktəbin  yuxarı sinif şagirdləri böyük söz ustadı Məhəmməd Füzulinin "Söhbətül Əsmar", "Rindu Zahid", "Leyli və Məcnun"dan  parçalar ifa ediblər.  Onlar tərəfindən səsləndirilən dahi şairin qəzəllərindən parçalar qonaqlarda xoş ovqat yaratmışdır.

Ədəbi-bədii gecədə Məhəmməd Füzulinin yaradıcılığından danışılıb və belə tərbiyəvi mövzuda olan tədbirlərin təhsil ocaqlarında keçirilməsi yüksək qiymətləndirilib.  Tədbirin maraqlı və orijinal  təşkilinə  görə Azərbaycan dili və ədəbiyyat müəllimi Gülər Nəsibova ilə birlikdə əməyi olan hər kəsə təşəkkür  bildirilib.

Tədbir Abşeron Rayon Musiqi Məktəbinin şagirdlərinin ifasında maraqlı müsiqi nömrələri ilə başa çatıb.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov