Mayın
6-da "Gülüstan" sarayında ümummilli lider Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə
təşkil olunmuş inşa yazı müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib.
Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli
lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi
önünə əklil və tər çiçəklər qoyublar. Sonra iştirakçılar
akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül
dəstələri düzüb, həmçinin Şəhidlər xiyabanını ziyarət
ediblər.
Artıq 8-ci dəfədir keçirilən müsabiqə Təhsil Nazirliyi,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev
Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası tərəfindən təşkil olunub.
Ümumtəhsil məktəblərinin VIII-XI sinif və ilk
peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri, orta
ixtisas məktəblərinin tələbələri arasında təşkil olunmuş
inşa yazı müsabiqəsində təhsil naziri Mikayıl Cabbarov,
baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr
müavini Əli Əhmədov, baş nazirin müavini Elçin
Əfəndiyev, rabitə və yüksək texnologiyalar naziri Əli
Abbasov, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar
Mustafayev, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri Səttar Mehbalıyev, millət
vəkilləri, təhsil müəssisələrinin rəhbərləri,
müəllimlər, tanınmış ziyalılar, tələbələr, şagirdlər və
valideynlər iştirak ediblər.
Tədbiri
giriş sözü ilə açan təhsil naziri Mikayıl Cabbarov
müsabiqənin ümumtəhsil məktəblərinin və ilk peşə-ixtisas
təhsili müəssisələrinin şagirdləri, orta ixtisas
məktəbləri tələbələrinin ümummilli liderimizlə bağlı
fikir və duyğularının qələmə alınmasında, onların yazı
qabiliyyətinin formalaşmasında mühüm rol oynadığını qeyd
edib. Nazir Azərbaycanın bütün coğrafiyasını əhatə edən
bu müsabiqənin növbəti ildən başlayaraq ümummilli
liderimizin fəaliyyətinin müxtəlif sahələrini əhatə
edəcəyini nəzərə çatdırıb və qalibləri təbrik edib.
Sonra çıxış edən baş nazirin müavini, Yeni Azərbaycan
Partiyasının sədr müavini Əli Əhmədov, rabitə və yüksək
texnologiyalar naziri Əli Abbasov, Heydər Əliyev
Fondunun nümayəndəsi İlqar Mustafayev, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar
Mehbalıyev müsabiqə iştirakçılarını təbrik edib və
onlara uğurlar arzulayıblar.
Respublika mərhələsinin iştirakçıları arasından 8 nəfər
I, 7 nəfər II, 11 nəfər III yerə layiq görülüb. IV
(həvəsləndirici) yer tutan 65 nəfər diplomla təltif
olunub. I-IV yerləri tutan 91 nəfərin inşa yazısı
"Heydər Əliyev məktəblilərin gözü ilə" kitabında dərc
edilib.
Sonda müsabiqə qaliblərinə xüsusi diplomlar, mükafat və
müxtəlif qiymətli hədiyyələr təqdim olunub.
Ölkəmizin bütün bölgələrinin təmsil olunduğu müsabiqənin
rayon (şəhər) mərhələsində 17 mindən artıq şagird
iştirak edib.
www.edu.gov.az |