Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Sərhəd tanımayan şöhrətin parlaq təcəssümü

 

Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır. 

Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lideri

Böyütmək üçün şəkili seçin"Həqiqi dahi o insandır ki, ürəyi hamı üçün döyünür". Dünya şöhrətli fransız yazıçısı, Nobel mükafatı laureatı Romen Rollanın bu müdrik fikri müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya azərbaycanlılarının fəxri və ümummilli lideri, böyük siyasətçi və mütəfəkkir Heydər Əliyevin həyat idealını çox dəqiq ifadə edir. Anadan olmasının 91 illik yubileyini hədsiz qürur hissi ilə qeyd etdiyimiz qüdrətli dövlət xadimi Heydər Əliyevin ömür yolu nəcib məqsədlərə, işıqlı ideallara, Vətənə və millətə təmənnasız olaraq sədaqətlə xidmətin parlaq nümunəsidir. Azərbaycanın xalqımıza şərəf və başucalığı gətirən müasir tarixinin zəfər salnaməsinin yaradılmasında böyük rəhbərimizin ölçüyəgəlməz xidmətləri danılmaz və unudulmaz həqiqətdir. Fövqəladə idarəetmə məharətinə, heyrətamiz siyasətçi istedadına, yenilməz qətiyyətinə və sarsılmaz iradəsinə, ən çıxılmaz vəziyyətlərdə belə konstruktiv müdrik qərarlar qəbul etmək bacarığına görə Heydər Əliyevin adı dünyanın ən məşhur şəxsiyyətləri ilə bir sırada çəkilir. XX əsr Azərbaycan tarixinin bütöv bir qərinəsi - 30 ildən artıq dövrü məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən olan Heydər Əliyev şərəfli həyat və fəaliyyəti ilə xalqımızın simvolu səviyyəsinə yüksəlmişdir. O, qədirbilən xalqımızın, eləcə də onunla birlikdə çalışmış və ünsiyyətdə olmuş digər ölkələrin dövlət rəhbərlərinin, habelə sadə vətəndaşlarının yaddaşında xariqələr yaratmağa, siyasi uzaqgörənliyi ilə zəmanəsinin fövqündə durmağa qadir dahi insan olaraq əbədiyyət qazanmışdır.

Heydər Əliyev şəxsiyyəti və müdrikliyi dünyada çox insanları heyran etmişdir. Görkəmli ABŞ siyasətçisi Zbiqnev Bzejinski onu beynəlxalq səviyyəli, qətiyyətli, uzaqgörən dövlət xadimi, tarixi əhəmiyyətli lider, Rusiya prezidenti Vladimir Putin "siyasət nəhəngi", ABŞ-ın sabiq prezidenti Corc Buş "Cənubi Qafqazda ən əsas şəxsiyyət", böyük gürcü rəssamı Zurab Sereteli "dünya vətəndaşı", Rusiya siyasi xadimi Yevgeni Primakov "tarix yaradan insan" kimi yüksək qiymətləndirmişlər. Qardaş Türkiyənin sabiq prezidenti Əhməd Necdət Sezər yazırdı ki, "Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm". Sovet İttifaqı Qəhrəmanı, dövlət xadimi Boris Qromov qeyd etmişdi ki, "Şübhə yoxdur, Heydər Əliyevin adı vətənimizin tarixinə qızıl hərflərlə yazılacaqdır". Bu isə tanınmış siyasətçi Kirşan İlyumjinovun fikridir: "Bütün postsovet məkanında müasir siyasətçilərin bütöv bir nəslinin yetişdirilməsində Heydər Əlirza oğlunun xidməti misilsizdir". Vaxtilə ulu öndərlə tanış olmuş Klivlend klinikası təhlükəsizlik xidmətinin rəisi yazmışdı ki, "Ona yaxın olmaq möcüzə idi. Həyatda yalnız bircə dəfə baş verə biləcək möcüzə!".

Bu gün hər bir Azərbaycan vətəndaşının qəlbində ümummilli liderimizin ölməz işıqlı obrazı yaşayır. Zaman ötdükcə Heydər Əliyev dühasının əzəməti daha aydın hiss olunmaqdadır. Təsadüfi deyil ki, bu gün dünyanın siyasət aləmində Heydər Əliyev fenomeni hərtərəfli öyrənilməli və bəhrələnməli məktəb kimi qəbul edilir.

Ulu öndər şərəfli həyat və fəaliyyətinin bütün dövrlərində möhtəşəm quruculuğun, sosial-iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dövlətçiliyin təminatçısı olmuş, ən ağır vaxtlarda xalqımız və dövlətimizin mənafeyi naminə xilaskarlıq missiyasını yerinə yetirmişdir. Onun Azərbaycanda siyasi hakimiyyətdə olduğu ilk dövrü əhatə edən 1969-1982-ci illər ölkəmizin müasir tarixinin şanlı səhifələri, intibah dövrü kimi qiymətləndirilir. O vaxtlar tənəzzül və durğunluq burulğanında qalmış, nəinki xarici dövlətlərdə, hətta keçmiş Sovetlər Birliyinin hüdudları daxilində yaxşı tanınmayan, "imzalar içində imzası olmayan" Azərbaycanın qısa zamanda sosial-iqtisadi inkişaf baxımından qabaqcıllar sırasına çıxması, adlı-sanlı respublika imici qazanması birmənalı şəkildə Heydər Əliyevin idarəetmə istedadının, onun qibtəolunası təşkilatçılıq bacarığının, tükənməz yaradıcılıq əzminin məntiqi nəticəsi idi.

Ötən əsrin 80-ci illərində ulu öndərin keçmiş SSRİ rəhbərliyinə dəvət olunması, 5 il ərzində qüdrətli bir dövlətin ən strateji fəaliyyət sahələrinə, o cümlədən təhsil sahəsinə rəhbərlik etməsi hər bir azərbaycanlının, hər bir türk əsilli vətəndaşın qəlbində hədsiz qürur və iftixar hissi doğurmaqla bərabər, Heydər Əliyev şəxsiyyətinin, Heydər Əliyev fenomeninin dünya miqyasında təsdiqinə təkzibedilməz parlaq nümunədir.

Bu gün Vətən və millət qarşısında öz məsuliyyətini dərindən dərk edən hər bir soydaşımız üçün ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin rəmzi, müstəqil Azərbaycanın xilaskarı və qurucusu, ən böyük azərbaycanlıdır. Azərbaycan keçən əsrin 90-cı illərinin əvvəlində yaranmış siyasi və iqtisadi böhrandan, başıpozuqluqdan, anarxiya və vətəndaş müharibəsi təhlükəsindən 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndərin böyük rəhbərlik təcrübəsi, yenilməz siyasi iradəsi və qətiyyəti sayəsində xilas ola bilmiş, dinamik inkişaf yolunda inamla irəliləməyə başlamışdır. Məhz onun möhtəşəm fəaliyyəti nəticəsində Azərbaycan XXI əsrə müstəqil müasir dövlət kimi qədəm qoymuşdur. Cəmiyyətin siyasi, sosial-iqtisadi mənzərəsini dəyişmək, insanların dünyagörüşünün, mənəviyyat və psixologiyasının humanist və demokratik ideallara söykənən bəşəri dəyərlər zəminində formalaşması üçün ideoloji əsas yaratmaq, insanların qürur və istinad mənbəyi zirvəsinə, xalqın lideri olmaq məqamına ucalmaq yalnız ulu öndər Heydər Əliyev kimi nadir şəxsiyyətlərə bəxş edilən xoşbəxtlikdir.

Dahi və uzaqgörən dövlət rəhbəri Heydər Əliyev Azərbaycanda güclü iqtisadiyyatın yaradılması ilə bərabər, cəmiyyətin tərəqqisinin əsas hərəkətverici qüvvəsi hesab olunan təhsilin inkişafına da böyük diqqət və müntəzəm qayğı göstərmiş, Azərbaycan təhsilinin mütərəqqi dünya dövlətlərindəki səviyyəyə yüksəlməsi ilə bağlı taleyüklü məsələlərin həyata keçirilməsini dövlət siyasətinin başlıca prioriteti elan etmişdir. İnkarolunmaz həqiqətdir ki, Azərbaycanda təhsil islahatlarına başlanması, Dünya Bankının islahatlar prosesinə cəlb edilməsi, islahatların hüquqi-normativ bazasını təşkil edən direktiv sənədlərin qəbulu, təhsil sahəsində öz həllini gözləyən problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra dövlət proqramlarının təsdiqi birmənalı şəkildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və qətiyyətli mövqeyi sayəsində mümkün olmuşdur.

Dünya şöhrətli dövlət xadimi, Azərbaycan xalqının milli və mənəvi lideri Heydər Əliyevin öz həmvətənlərinə müqəddəs əmanət qoyduğu müstəqil Azərbaycan onun ölməz ideyalarının işığında ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə doğru  inamla addımlayır. 2003-cü ildən bu günədək Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi möhtəşəm uğurlar Heydər Əliyev ideallarına, ulu öndərin siyasi kursuna sadiqliyin əyani təzahürüdür.

Şöhrəti və nüfuzu sərhəd tanımayan, əbədiyaşarlıq zirvəsinə ucalan Heydər Əliyevin əzəmətli şəxsiyyəti, onun Azərbaycana, doğma xalqına həsr edilmiş şərəfli ömür yolu, mübarizə və qələbələrlə zəngin fəaliyyəti bu günün və gələcəyin gəncləri üçün parlaq nümunə, ibrətamiz tərbiyə məktəbidir. Ulu öndərin ölkə vətəndaşlarına qiymətli əmanəti hesab edilən əvəzolunmaz irsi - xarici və daxili siyasət quruculuğuna, iqtisadiyyatın, elmin, təhsil və mədəniyyətin inkişafına, dövlətçilik ənənələrinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə, dövlətin idarəolunması texnologiyalarına, cəmiyyətdə insan amilinin və mənəvi ucalığın, Vətən təəssübünün prioritet dəyərlər kimi qiymətləndirilməsinə həsr edilmiş proqram istiqamətli nitq və çıxışları, müsahibələri XXI əsr Azərbaycan vətəndaşının yetkin şəxsiyyət olaraq formalaşması üçün daim öyrənməli zəngin xəzinədir. Dahi rəhbərin dünyanın nüfuzlu dövlət başçıları, siyasi xadimləri ilə keçirdiyi görüşlərdə nümayiş etdirdiyi taktiki ustalıq, dialoq mədəniyyəti və müsahibini öz təsir dairəsində saxlamaq istedadı isə gələcək siyasətçilər üçün ibrətamiz ustad dərsləridir. Hazırkı dövrdə təhsil işçiləri, bütövlükdə pedaqoji ictimaiyyətin ən başlıca vəzifəsi gənc nəslin hər bir nümayəndəsini dahi Heydər Əliyevin nümunəsində, onun banisi olduğu azərbaycançılıq məfkurəsinin timsalında tərbiyə etməkdən, ulu rəhbərin zəngin elmi-nəzəri irsini davamlı surətdə uşaq və gənclərə öyrətmək üçün əzmlə çalışmaqdan, bu şərəfli işi Vətən və xalq qarşısında vətəndaşlıq borcu kimi qiymətləndirərək yerinə yetirməkdən ibarətdir.

Bu sətirləri yazarkən ulu öndər bütün əzəməti ilə gözlərim önündə canlandı... Doğma, qəlbləri riqqətə gətirən bir mənzərənin sehrinə düşmüşdüm. İnsanların gur toplaşdığı geniş və işıqlı bir salonda dahi rəhbərimiz tribuna arxasında idi. Həmişə olduğu kimi inamlı, qətiyyətli... Çöhrəsindən nur yağırdı. Alqış sədaları kəsilmək bilmirdi... Budur, nüfuzedici nəzərlərlə salona diqqət yetirdikdən sonra o, aramla nitqinə başlayır...

 * "Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilsiz xalq müasir şəraitdə öz imkanlarını həyatına sərf etmək üçün çox problemlərlə rastlaşar. Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır. Çünki hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Xüsusən, aparıcı qüvvə, hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun bilikli nümayəndələridir. Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır.

 * İnsanlar həmişə elmi cəmiyyətin ali dəyəri hesab etmişlər, ən qədim zamanlardan başlayaraq elm yüksək qiymətləndirilib və elmi kəşflər etmiş dahilər insan cəmiyyətinin inkişafına imkan yaratmışlar. Müasir həyat və dünyanın gələcəyi insanlardan daha da çox bilik tələb edir. Bilik səviyyəsinə də nail olmaq üçün təhsil daim mövcud olmalıdır və o, ardıcıl surətdə inkişaf etməlidir. Biz gələcəkdə Azərbaycanın təhsilinin daha da təkmilləşməsinə, keyfiyyətinin yüksəlməsinə nail ola biləcəyik. Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır.

 * Azərbaycan xalqı yüksək elmə, yüksək biliyə, savada malik olan xalqdır. Bunlar hamısı uzun illər - keçmişdən indiyə qədər Azərbaycanda yaranmış təhsil sisteminin fəaliyyətinin əməli nəticələri, Azərbaycan müəllimlərinin, alimlərinin gərgin fəaliyyətinin nəticəsidir. Çoxəsrlik tariximizdə xalqımız bəşər mədəniyyətinə, elminə böyük töhfələr vermiş, xalqımızın içərisində böyümüş görkəmli alimlər, ixtiraçılar, şairlər, yazıçılar dünya mədəniyyətini, elmini öz əsərləri ilə zənginləşdirmişlər. Bu gün biz fəxr edə bilərik ki, regionumuza mənsub olan başqa ölkələrlə müqayisədə xalqımızın bilik, savad, elm, mədəniyyət səviyyəsi bir çoxundan yüksəkdir. Birincisi, bu, xalqımızın istedadlı xalq olduğunu bir daha nümayiş etdirir, qədim dövrlərdən indiyə qədər xalqımızın içində zəkalı, elm və təhsil ilə məşğul olan mütəfəkkir insanların olması ilə bağlıdır. Əsrlərdən-əsrlərə xalqımız istedadlar yetiribdir. Bu istedadlar Azərbaycan xalqının mənəviyyatını, elmini, ədəbiyyatını, incəsənətini yaradıb, yaşadıb, inkişaf etdiriblər. Məhz xalqımızın istedadlarının fəaliyyəti nəticəsində və xalqımızın mənəviyyata, mədəniyyətə xüsusi qayğısı və münasibəti nəticəsində Azərbaycan xalqının böyük, gözəl mədəniyyəti, böyük elmi yaranıbdır. Azərbaycanın görkəmli elm, mədəniyyət xadimləri, incəsənət ustaları dünya mədəniyyətinə gözəl töhfələr verib, onu zənginləşdiriblər. Şübhəsiz ki, istedad qayğı istəyir. Qayğı olmayanda istedad bəzən özünə yol tapa bilmir, yaxud da ki, onun inkişaf yolu çətin olur. İstedadı cəmiyyətə, xalqa göstərmək lazımdır, ona istedadını inkişaf etdirmək üçün kömək etmək, istedada yol açmaq lazımdır. Azərbaycanda uşaqların əksəriyyəti çox istedadlıdır. Əgər valideynlər, məktəblərdə müəllimlər, təhsil sahəsində fəaliyyət göstərən bizim vətəndaşlarımız uşaqların tərbiyəsinə, təhsilinə qayğını daha da artırsalar, biz gələcəkdə daha da istedadlı Azərbaycan gənclərinə, vətəndaşlarına malik olacağıq.

 * Təhsil sahəsi müqəddəs sahədir. Çünki təhsil sahəsi uşaqları, gəncləri hazırlayıb gələcəyə əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis etmək üçün mövcuddur. Amma bununla yanaşı, təhsilimizin ən böyük məqsədi Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun! Vətəndaş sözü böyük sözdür. Vətəndaş sözü o deməkdir ki, hər bir vətəndaş gərək dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq olsun. Ona görə də orta təhsil sisteminə çox ciddi fikir vermək lazımdır. 

* Təhsil sahəsi cəmiyyət üzvlərinin, demək olar ki, tam əksəriyyətini həm maraqlandırır, həm də onların bu və ya digər şəkildə iştirakını tələb edir, yaxud da iştirakı ilə bağlıdır. Bir də ona görə ki, təhsil mürəkkəb bir sahədir. Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır. Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir. Təhsil haqqında danışarkən istərdim ki, həm orta məktəbdə, həm də ali məktəbdə təhsil alan gənclərimiz dünya elminin, dünya mədəniyyətinin əldə etdiyi dəyərlərlə nəinki tanış olsunlar, habelə onu mənimsəməyə şərait yaradılsın. Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir.

 * Təhsil sistemi Azərbaycanın gələcəyini təmin edən bir sistemdir. Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Bizim müstəqil dövlət olmağımız, müstəqil dövlət olaraq dünyada tanınmağımız və Dünya Birliyində yer tutmağımız onu tələb edir ki, bizim ölkəmizin, xalqımızın bütün sahələrdə gərək yüksək ixtisasa malik olan, dünyada gedən elmi-texniki proseslə nəinki ayaqlaşan və bəlkə də müəyyən istiqamətlərdə onu qabaqlayan, buna qabil ola bilən kadr potensialı olmalıdır. Buna görə də biz, ümumiyyətlə, təhsil sahəsinə xüsusi fikir veririk. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin, əsasın üzərində Azərbaycanın təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcək, inkişaf edəcək və Azərbaycan uşaqları, gəncləri bu inkişaf dövrümüzdə ilbəil daha da geniş, yüksək təhsil alacaqlar.

 * Azərbaycan Respublikasının, Azərbaycan xalqının XX əsrdə böyük nailiyyətlərindən biri də budur ki, bizdə yaxşı orta təhsil sistemi yaranmışdır və orta məktəblərimiz gənclərə yaxşı təhsil verir, onları tərbiyələndirir, gələcək müstəqil həyata hazırlayır, ali təhsil almağın bünövrəsini qoyur. Ümumi təhsil xalqın mentalitetidir, dünya xalqları ilə müqayisə olunacağı səviyyədir. İndi dünyaya gələn körpələr, birinci sinfə qədəm qoyan uşaqlar, bu gün yuxarı siniflərə girən şagirdlər, ali məktəblərə daxil olan gənclər təhsil, bilik almalıdırlar, müstəqil Azərbaycan Respublikasının bu gününü, gələcəyini təmin etmək üçün, gələcəkdə respublikamızı inkişaf etmiş bir ölkəyə çevirmək üçün təhsil almalıdırlar, bilik toplamalıdırlar, özlərini cəmiyyətdə fəaliyyətə hazırlamalıdırlar.

 * Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən, o fənlərdə ki, ixtisaslaşmaq istəyir, - onu daha da yaxşı bilməlidirlər. Biri istəyir riyaziyyatçı olsun, biri istəyir fizik olsun, biri istəyir geoloq olsun, biri istəyir hüquqşünas olsun. Qoy olsun. Ancaq orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər. İndi biz Azərbaycanda məhdudiyyət qoymuruq. Rusdilli məktəblər var və qarışıq - rus-Azərbaycan dilli məktəblər vardır. Gürcülər yaşayan yerdə gürcü dilli məktəblər vardır. Başqa dillərdə olan bütün bu məktəblərdə, yaxud ola bilər, başqa dillərdə də məktəblər yaransın - bunların hamısında Azərbaycanın tarixi, Azərbaycanın ədəbiyyatı, Azərbaycanın mədəniyyəti tədris olunmalıdır. Bu, mütləq lazımdır.

 * Ümumi təhsilimizdə, yəni məktəblərimizdə bütün dərslər, bütün fənlər bizim bu günümüzə və gələcəyimizə həsr olunmalıdır. İnsan təhsilinin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb, orta ixtisas məktəbi, yaxud da ki, orta təhsil məktəbi - bunlar xüsusi yer tutmalıdır. Əgər bu 11 il müddətində uşaq birinci sinifdən başlayaraq sona qədər köklü təhsil almasa, yaxşı hazırlaşmasa, o, nəinki gedib universitetə imtahan verə bilməz - heç lazım deyil ki, hər bir orta təhsil alan getsin universitetə imtahan versin. Bu, mümkün də deyildir. Bu, keçmişdə də mümkün olmayıbdır, bu gün də mümkün deyildir, - ancaq ola bilər, ondan sonra gedib universitetdə ali təhsil almasa da, amma həyatda yaşayacaqdır, həyatda fəaliyyət göstərəcəkdir, cəmiyyətdə olacaqdır. Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, özünü, ailəsini yaşadacaqdır. Amma ən vacibi də odur ki, cəmiyyətimizin şüurlu üzvü olacaqdır.

 * Hər bir insan üçün həyat anadan doğulduğu gündən başlayırsa, insanın şüurlu həyatı, onun gələcəyi, onun cəmiyyətdə özünə yer tutması məktəbdən başlayır. Məktəbimiz təbiət və cəmiyyətin inkişaf qanunlarını yaxşı başa düşən, yaradıcı təfəkkür vərdişləri olan bilikli adamlar hazırlamalıdır. Bu gün faktların müəyyən məcmusunun şagirdlər tərəfindən mənimsənilməsi ilə kifayətlənmək olmaz. Şagirdlərə öz biliklərini müstəqil surətdə artırmaq, elmi informasiyanın sürətli axınından baş çıxarmaq vərdişi aşılanmalıdır.

 * Məktəb həyatı təkcə təhsil vermir, eyni zamanda bu, yüksək tərbiyə ocağıdır. Bu, eyni zamanda uşağı, gənci müstəqil həyata hazırlayan bir səviyyədir. Məktəb elə bir prosesdir, orqanizmdir ki, burada hamı - şagird də, tələbə də, müəllim də, bütün kollektiv də inkişafdadır. Məktəbdə insanın dünyagörüşünün bünövrəsi qoyulur, onun xarakteri formalaşır, ideya dayaqlarının, mənəvi və əxlaqi dayaqların təməli yaradılır. Məktəbin təsiri altında əqidəliliyi, əməyə məhəbbət, yüksək mənəviyyat və humanizm, vətənpərvərlik və beynəlmiləlçilik kimi zəruri keyfiyyətləri tərbiyə edilir. Məktəbdə insanın baxışları, arzu və istəkləri formalaşır, onun rəhbər tutduğu mənəvi meyarlar bir çox cəhətdən müəyyənləşir. Məktəb gənc şəxsiyyətin bir vətəndaş kimi təşəkkülündə, gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayır. Məktəbdə vətənpərvərlik tərbiyəsi işini daim təkmilləşdirmək, onun forma və metodlarının rəngarəngliyinə çalışmaq, yüksək səmərəliliyinə nail olmaq lazımdır. Hər bir gənc vətəndaş öz ölkəsinin alovlu vətənpərvəri olmalıdır.

 * Çox uzun bir müddət ərzində məktəbin işinə yalnız bir göstəriciyə, əsas hesab edilən göstəriciyə görə qiymət verilirdi: məktəbin nə qədər məzunu tələbə olmuş, ali məktəb diplomu almışdır. Bu nöqteyi-nəzəri dəyişdirmək vaxtı gəlib çatmışdır. Bilikli, bacarıqlı, əməksevər adamlar yetişdirmək məktəbin ən birinci borcudur. Məzun əməyə hazırdırmı - bu gün məktəbin işinin, bütün xalq maarifi sisteminin səmərəliliyi bax bu meyarla müəyyən edilir.

 * Məktəb ailə ilə qarşılıqlı münasibətlərdə prinsipial, pedaqoji cəhətdən düzgün mövqe tutmalıdır. Nail olmaq lazımdır ki, hər bir pedaqoji kollektivdə şagirdlər üçün, onların valideynləri üçün, geniş ictimaiyyət üçün yüksək ideyalılıq, əxlaqi prinsiplərə sədaqət, yüksək tələbkarlıq və prinsipiallıq nümunəsi olsun. Pedaqoji kollektivdəki mənəvi iqlim məktəblilərin əxlaq tərbiyəsinin səmərəliliyi üçün çox mühüm şərtdir. Məktəblə ailənin sıx, qarşılıqlı əlaqəsi olmadan mükəmməl tərbiyə ola bilməz, çünki bu proses kompleks prosesdir və onun səmərəliliyini valideynlərlə pedaqoqların birgə səyi ilə yüksəltmək lazımdır. Şagirdlərin valideynləri və ailələri ilə məktəbin əlaqəsi hər vasitə ilə möhkəmləndirilməlidir. Məktəb evdə uşağın hansı şəraitdə böyüdüyünü və tərbiyə edildiyini yaxşı bilməli, ailədə tərbiyə prosesinə təsir göstərməyin yeni formalarını axtarmalı, pedaqoji biliklərin əsaslarını valideynlərə öyrətməlidir. Məhz müəllim müəyyən mərhələdə tərbiyə sahəsində hansı vəzifəni yerinə yetirmək lazım gəldiyini müəyyənləşdirməli, valideynlərə kömək etməli, uşağın şəxsiyyətinin formalaşdırılmasına düzgün təsir göstərmək yollarını onlara öyrətməlidir. Məktəb hər bir şagirdə tələbkarlıqla və obyektiv yanaşmalı, hər yerdə - davranışda da, geyimdə də, əyləncədə də təvazökar olmağı öyrətməlidir. Məktəb bunu uşaqlara, lazım gəlsə, hətta valideynlərə də öyrətməlidir. Valideynlər yaxşı başa düşməlidirlər ki, uşaqların tərbiyəsi heç də ailənin daxili işi, hər kəsin şəxsi işi deyildir. Bu, vətəndaşın Konstitusiyadan irəli gələn vəzifəsidir, cəmiyyət qarşısında borcudur və hər bir valideyn məsuliyyətini tamamilə dərk edərək öz borcunu yerinə yetirməlidir.

 * Azərbaycanın suverenliyi, bütövlüyü və bölünməzliyi, ölkəmizin bütün vətəndaşlarının mənsub olduğu Azərbaycan xalqı, azərbaycançılıq, ölkəmizin dövlət dili olan Azərbaycan dili, xalqımızın tarix boyu yaratdığı milli-mənəvi dəyərlərimiz, xalqımızın milli əxlaqi mentaliteti, ümumbəşəri dəyərlər və bütün bu dəyərlərin sintezi, respublikamızın ilk demokratik konstitusiyası, bu konstitusiyada hər bir vətəndaş üçün vəzifələr, vətəndaşlarımızın hüquqları, təminatları, Azərbaycanın milli bayrağı, gerbi, himni - bütün bunlar, mənim fikrimcə, müstəqil Azərbaycanın milli ideologiyasının əsasını təşkil edən prinsiplərdir. Gənclərimizi təhsil, tərbiyə sahəsində, ailə həyatında bu prinsiplər əsasında formalaşdırmaq, inkişaf etdirmək və fəaliyyətə cəlb etmək lazımdır. Konstitusiyanı öyrənmək lazımdır, Konstitusiyanı dərk etmək lazımdır. Konstitusiyanın maddələrini, xüsusən vətəndaşların vəzifələrinə aid olan, vətəndaşların hüquqlarına aid olan maddələrini vətəndaş bilməlidir, bizim gənc vətəndaş bilməlidir və ona riayət etməlidir. Azərbaycanın dövlət müstəqilliyini təmsil edən Azərbaycan bayrağına münasibət, onun müqəddəsliyi hər bir cocuqda, yeniyetmədə daxildən olmalıdır. Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Məktəblərimizdə Azərbaycanın dövlət müstəqilliyinin, azadlığının mənası, məzmunu çox geniş tədris olunmalıdır. Bu, çox əhəmiyyətlidir, çünki vətənpərvərlik hissləri insanlara uşaq vaxtından aşılanmalıdır. Xalqımızın təbii xüsusiyyəti ondan ibarətdir ki, xalqımız vətənpərvərdir. O, ananın bətnində vətənpərvərlik hisslərini özündə toplayır.

 * Respublikamızın çox güclü müəllim ordusu var. Azərbaycanın müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır. Müəllimlik sənəti şərəfli bir sənətdir. Mən bunu öz həyatımda da, işlədiyim dövrlərdə müəllimlərlə görüşlərdə, danışıqlarda da hiss etmişəm ki, Azərbaycan müəllimləri bu şərəfli adı ləyaqətlə daşıyıblar və bu gün də daşıyırlar. Müəllim, həqiqi müəllim adını daşıyan insan həmişə, tarixin ən çətin dövrlərində dəyanətli, dözümlü olubdur və öz mənəviyyatını hər şeydən yüksək tutubdur. Bizim hamımız - mən də, siz də Azərbaycan məktəbinə, Azərbaycan müəlliminə borcluyuq. Cəmiyyətimizin ümidi, gələcəyi olan uşaqların təlim-tərbiyəsi kimi ən mühüm, ən vacib iş ona etibar edilmişdir. Müəllim öz biliyini, təcrübəsini, qüvvəsini, qiymətli nəyi varsa, hamısını şagirdlərinə, xalqa bəxş edir. Məktəbimizin bütün yetişdirmələrinə həyat vəsiqəsini müəllim vermişdir. Rəşadətə bərabər bu nəcib, fədakar əməyinə görə müəllimin yetişdirmələri, valideynlər ona hədsiz dərəcədə minnətdarıq.

 * Müəllim adı dünyada ən yüksək addır. Məsələn, şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən də müəllimdir. Bizim müstəqil respublikamızda, Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir. Biz əsl vətənpərvərlərin, mübarizlərin, əməkçilərin, möhkəm əqidəli insanların neçə-neçə nəslini yetişdirmiş müəllimlərimizlə haqlı olaraq fəxr edirik.

 * Müəllimin mənəvi-əxlaqi siması, ideya inamı, baxışlarının sabitliyi, hərəkətlərinin ardıcıllığı, maraq dairəsinin genişliyi, səmimiliyi və vicdanlılığı məktəbdə qüdrətli tərbiyəvi amildir. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq. Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar hazırlayır.

 * Şəxsən mənim müəllimə həmişə böyük hörmətim olubdur. İndiyə qədər həyatımda keçdiyim yol, mənim biliyim, elmim - hamısı məhz orta məktəbdə aldığım təhsillə bağlıdır, müəllimlərin mənə və o illərdə oxuyan mənim kimi gənclərə göstərdikləri qayğıkeşliklə bağlıdır. Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir. Belə hallar bu gün də var, gələcəkdə də ola bilər. Ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların hamısını məktəblərdən, universitetlərdən, müəllimlərdən almışıq. Bu gün ölkəmizin qarşısında duran problemlərin həllində müəllimlərin fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bizim xalqımızın zəngin tarixini, mədəniyyətini, mənəviyyatını, mənəvi dəyərlərini uşaqlara öyrətmək, çatdırmaq, uşaqları məhz həmin ənənələr ruhunda tərbiyə etmək müəllimlərin müqəddəs borcudur. Azərbaycan müəlliminin bir məqsədi, bir amalı olmalıdır: Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir dövlətə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü Vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək.  

* İndi təhsil sahəsində geniş islahatlar həyata keçirilir. Güman edirəm ki, bu, təhsilin keyfiyyətini artıracaqdır və gənclərin daha da yüksək təhsil alması üçün şərait yaradacaqdır. Biz Azərbaycanda islahatların keçirilməsində müəyyən beynəlxalq təşkilatların köməyindən istifadə edirik və onların tövsiyələrini, təkliflərini nəzərə alırıq. Şübhəsiz ki, bütün beynəlxalq təşkilatların məsləhətlərinə çox diqqətlə yanaşmalıyıq. Xüsusən Dünya Bankı ilə ki, əməkdaşlıq edirik, onun verdiyi tövsiyələri, məsləhətləri çox diqqətlə qəbul etməliyik. Azərbaycanın reallığına, milli xüsusiyyətinə uyğun olan hər bir müsbət təklifdən istifadə etməli, onu öz təhsil sistemimizdə tətbiq etməliyik. Dünya Bankının köməyi yalnız qrant və kredit ayırmaqdan ibarət deyildir. Dünya Bankının bizə köməyi dünya təcrübəsini Azərbaycana gətirməkdir. Ancaq Azərbaycanda təhsil sistemində indiyə qədər əldə edilmiş müsbət təcrübə, özünü doğrultmuş, müsbət nəticələr vermiş sistem saxlanmalı, inkişaf etdirilməli və müasirləşdirilməlidir. Nöqsanlar, yaxud mənfi təcrübə aradan götürülməlidir. Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər, qaydalar təhsil sistemimizə tətbiq edilməlidir. Biz dünyanın bütün ölkələrində - Qərbdə də, Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sistemində tətbiq etməliyik. Respublikamız müstəqil dövlət kimi Azərbaycanın öz milli ideologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsini də milli məqsədlər, mənafelər əsasında qurmalıdır.

 * Biz təhsil sahəsində bütün yeniliklərin tərəfdarıyıq, dünya təcrübəsindən səmərəli istifadə etməyi tələb edirik. Ancaq bu işlər gərək sistemli olsun. Bu işləri görərkən, qurarkən siz onların yaxın və uzaq zamanda nəticələrini mütləq nəzərə almalısınız. İndiyə qədər yaranmış təhsil, bilik, elm potensialından, həm də bütün ölkələrlə hazırkı əlaqələrdən istifadə edərək inkişaf etmiş ölkələrin təcrübəsini təhsil sahəsində tətbiq etmək mümkündür. Mənim sizə tövsiyəm ondan ibarət olar ki, islahatları düşünülmüş qaydada aparasınız, formalizmə, konyunkturaya yol verməyəsiniz, Azərbaycanın milli ənənələrinin üstündən keçməyəsiniz. Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri, tədricən dəyişikliklər xarakteri daşıyır. Əgər iqtisadiyyat sahəsində islahatları keçirmək bir il, iki il yox, bir neçə il və ondan da çox vaxt tələb edirsə, təhsil sahəsində islahatlar bundan daha çox vaxt tələb edir. Bunu anlamaq, bilmək lazımdır. Ona görə də deyirəm ki, burada inqilabi dəyişikliklər ola bilməz. Çalışmaq lazımdır ki, islahat islahatlar naminə aparılmasın, təhsil sistemimizi daha da təkmilləşdirmək, bu günün, gələcəyin tələblərinə daha da uyğunlaşdırmaq məqsədi daşısın. Biz istəyirik ki, ölkəmizin bütün sahələrində proseslər dünya ilə tam uyğun formalarda inkişaf etsin. Təhsil sahəsində islahatların keçirilməsi məhz bu məqsədi daşıyır. Bizim təhsilin məzmunu yüksəkdir. Amma onun forması və təhsilin bəzi ayrı-ayrı mərhələlərdə müddəti, yaxud onların nəticəsi indi dünyada, xüsusən Qərb ölkələrində, inkişaf etmiş ölkələrdə olan sistemlərdən bir az fərqlidir. Ona görə də indi biz bu islahatları həyata keçiririk ki, bizim təhsil sistemi də həmin o ümumdünya təhsil sisteminə uyğun olsun, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın. Azərbaycanın təhsil sistemində təhsil alan insanların və xüsusən ali məktəbləri bitirənlərin bilik səviyyəsi və onların biliklərini təsdiq edən sənədlər gərək dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblərinin bilik səviyyəsinə uyğunlaşdırılsın. Onların prinsiplərinə uyğunlaşdırılsın ki, Azərbaycanda təhsil almış və mühəndis diplomu almış bir insan başqa ölkələrdə də həmin diplomla qəbul edilə və fəaliyyət göstərə bilsin. Yaxud da, Azərbaycanda Tibb Universitetində təhsil almış, həkim ixtisası diplomu almış adam hər bir başqa ölkədə öz diplomu ilə işləyə bilsin. Ona görə də onun bilikləri, Azərbaycan Tibb Universitetində təhsilin istiqaməti gərək dünya miqyasında ümumbəşəri dəyərlər hesab edilən tibb təhsilinin səviyyəsində olsun.

 * Son illər Azərbaycan müstəqil dövlət kimi yeni iqtisadi-siyasi sistem yolu ilə gedərək dünyanın bütün ölkələrinin, xüsusən Qərb ölkələrinin təcrübəsindən öyrənməyə çalışır və təhsilin də təkmilləşdirilməsində bu təcrübədən istifadə etmək lazımdır. Müasir texnikanı, müasir bazar iqtisadiyyatının bütün yollarını mənimsəmək, respublikada tətbiq etmək üçün gələcək nəsli hazırlamaq və keçmiş dövrə nisbətən bir çox yeni ixtisaslar üzrə kadrlar hazırlamaq lazımdır. Şübhəsiz ki, bütün bunlar ali təhsil səviyyəsində olacaqdır. Ancaq bunların əsası orta təhsil illərində qoyulmalıdır. Yəni gənclərin bu istiqamətdə təhsilinin artırılmasının təməli qoyulmalıdır. Bunu iqtisadiyyatımızın bu günü və gələcəyi tələb edir. Bu günün tələbləri, gələcəyin tələbləri baxımından dünyanın hər yerində, bütün ölkələrdə inkişaf etmiş iqtisadiyyatı, texnologiyanı, texnikanı mənimsəmək, onları respublikada tətbiq etmək, ölkəmizin iqtisadiyyatını, mədəniyyətini, təhsilini, elmini dünya standartları səviyyəsinə qaldırmaq üçün gənclərimizə lazım olan fənlərin tədrisi gərək yaxşı təşkil edilsin.  

* Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Bizim gənclərimiz gərək bütün əvvəlki nəsillərə nisbətən daha yüksək təhsil almış olsunlar. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, həqiqi yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mükəmməl yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı, elminin inkişafı, təhsilinin inkişafı, insanların rifah halı o qədər də yaxşı olacaqdır. Həm elm sahəsində, həm təhsil sahəsində, ədəbiyyat, mədəniyyət sahəsində və bizim mənəvi mənbəyimiz olan din sahəsində, islam dini sahəsində tarixi ənənələrimizdən istifadə edərək gənclərimiz üçün bütün dünyaya geniş yol açmaq lazımdır. İndiki gənclərin əvvəlki dövrlərə nisbətən bu potensialı daha da böyükdür. Bizim hamımızın vəzifəsi bunlardan səmərəli istifadə etməkdir. Gərək onlar Azərbaycanın gələcəyi üçün, Azərbaycanda indi bizim apardığımız islahatların gələcəkdə nəticələrini həyata keçirmək üçün, Azərbaycanı daim müstəqil, demokratik, hüquqi, dünyəvi dövlət kimi yaşatmaq üçün, əvvəlkilərdən fərqli olaraq, indi daha da çox bilik alsınlar, müasir həyatı daha yaxşı dərk edə bilsinlər, müasir texnikadan, texnologiyadan istifadə edə bilsinlər. Gənclər elmi işçilərin sıralarına daha fəal qoşulmalı, elmi-texniki tərəqqinin tətbiq edilməsinin önündə getməlidirlər. Fundamental və texniki fənləri dərindən mənimsəmək, bu fənlərin tədrisi səviyyəsinə daim diqqət yetirmək lüzumu buradan irəli gəlir. 

* Əziz gənclər! XXI əsr sizin əsriniz, sizin dövrünüz olacaqdır. Siz və sizin kimi Azərbaycan gəncləri, yeniyetmələri, yüksək təhsilli insanları həmin əsrdə müstəqil, azad respublikamızı yaşadacaqsınız, inkişaf etdirəcəksiniz. Biz bu işləri sizin öhdənizə buraxacağıq. İqtisadi və mədəni quruculuq sürəti də, gələcəkdə respublikamızın ictimai həyatının səviyyəsi də nəticə etibarı ilə sizdən, gənclərin bütün indiki nəslindən, onların bacarığından, qabiliyyətindən, biliyindən asılı olacaqdır. Siz elmi-texniki inqilabı irəli aparmalı, elm və mədəniyyəti inkişaf etdirməli, cəmiyyətin yeni maddi və mənəvi sərvətlərini yaratmalı olacaqsız. Bu gün sizin başlıca vəzifəniz oxumaqdan, müstəqil işləmək vərdişləri əldə etməkdən, həqiqəti axtarmaq və ona nail olmaq bacarığına yiyələnməkdən, yəni kamil mütəxəssis olmaq, cəmiyyətimizə daha çox fayda vermək üçün zəhmətlə, səylə, əzmlə, gündən-günə misilsiz bilik, mədəniyyət, ictimai vərdiş ehtiyatı toplamaqdan ibarətdir. Sabahkı gün sizə yeni, yüksək tələblər verəcəkdir. Əgər mütəxəssis həqiqətən yaradıcı şəxsiyyətdirsə, o, sadəcə olaraq zamanla ayaqlaşmalı deyil, həmişə zamanı bir qədər qabaqlamalıdır. Bu isə o deməkdir ki, daim öyrənmək lazımdır, buna görə də bilik, bacarıq, vərdiş bünövrəsi möhkəm olmalıdır. Yeniliyi dərindən mənimsəmək, yaradıcılıqla düşünməyi bacarmaq, özünə çalışqanlıq, axtarış bacarığı, tədqiqat məharəti aşılamaq lazımdır. Əməyin elmi təşkili prinsiplərini yaxşı öyrənmək, kollektiv təcrübəni qiymətləndirməyi, başqalarının rəyinə qulaq asmağı, tənqiddən qorxmamağı, öz işinə tənqidi yanaşmağı bacarmaq lazımdır. 

* Gənc şəxsiyyətin təşəkkülündə, gənclərin dünyagörüşünün formalaşdırılmasında ictimai fənlərin rolu xüsusilə böyükdür. İctimai fənləri yaxşı bilmək hər bir məktəblidə Vətənə məhəbbət hissinin, xalqın rifahı naminə fədakarlıqla çalışma əzminin tərbiyə olunmasına və inkişaf etdirilməsinə kömək edir. Azərbaycan tarixini mütləq bilmək lazımdır. Ona görə yox ki, onlar tarixçi olacaqlar. Əgər riyaziyyatçı millətinin, xalqının, ölkəsinin tarixini bilmirsə bu, ona üstünlük vermir. Hər bir Azərbaycan vətəndaşı öz tarixini bilməlidir və tarixini də bilmək üçün gərək onu uşaqlıqdan bu işə cəlb edəsən, gərək orta məktəbdən cəlb edəsən. Demək, orta məktəblərdə tarixin tədrisi çox yüksək səviyyədə olmalıdır. Xalqımızın keçdiyi tarixi yol, əldə etdiyi mədəni, intellektual potensial, inkişaf səviyyəsi böyük mədəni sərvətimizdir. Biz öz tariximizlə fəxr edirik. Biz Azərbaycan xalqının əsrlər boyu dünya sivilizasiyasına verdiyi töhfələrlə fəxr edirik. Bunların hamısı bu günümüz və gələcəyimiz üçün gözəl təməldir.

 * Məktəbdə ana dili və ədəbiyyatın tədrisi formaları və metodlarını daim təkmilləşdirmək, uşaqlarda sözə, obrazlı təfəkkürə məhəbbət hissi aşılamaq, onları mədəniyyət nailiyyətləri ilə, dünya və Azərbaycan poeziyası və nəsri klassiklərinin yaradıcılığı ilə, ədəbiyyatın qızıl fonduna daxil olmuş görkəmli əsərlərlə tanış etmək lazımdır. Ana dilini, doğma xalqın ədəbiyyatını, mədəniyyətini dərindən bilmək elmli adam üçün zəruri keyfiyyətdir. Bir var ki, Azərbaycan dilində oxuyursan, bir də var ki, dilin incəliklərini bilirsən, Azərbaycan dilində yüksək səviyyəli söz deyə bilirsən, fikrini ifadə edə bilirsən, nitq edə bilirsən. 

* Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Biz öz dilimizin hörmətini qaldırmalıyıq. Ona görə ki, bizim dilə hörmət edilsin, dilimizi öyrənsinlər, mənimsəsinlər. Mən əminəm ki, başqa ölkələrdə də bizim dilimiz nə qədər geniş yayılsa, öyrənilsə Azərbaycanın ədəbiyyatını, mədəniyyətini ana dilimizdə oxuyanlar, öyrənənlər respublikamızın necə zəngin mənəviyyata, ədəbiyyata, mədəniyyətə malik olduğunu dərk edəcəklər. Ədəbiyyatımızı bilmək lazımdır. Ədəbiyyatını bilməyən adam dilini yaxşı bilməyəcəkdir. Ədəbiyyatı bilməyən adam yüksək mədəni səviyyəyə çata bilməyəcəkdir. Mən bu məsələ ilə əlaqədar öz fikirlərimi sizə çatdırıram və güman edirəm ki, bu tövsiyələrimi unutmayacaqsınız.

 * Gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri mənəvi tərbiyə məsələsidir. Böyüməkdə olan nəslin mənəviyyatca zəngin, ideyaca mətin, yüksək əxlaqlı şəxsiyyət kimi formalaşdırılması bu gün cəmiyyətimiz qarşısında duran çox mühüm vəzifədir. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır. Əgər biz xalqımızda mənəvi dəyərləri inkişaf etdirmək istəyiriksə, birinci növbədə ziyalılarımızın mənəviyyatı yüksək olmalıdır və onlar xalqın başqa təbəqələrinə nümunə göstərməlidirlər.

 * Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra xalqımızın mənəvi dəyərləri canlanıb, bərpa edilibdir, hər bir azərbaycanlı müsəlmanın həyat tərzinin əsas qanunu olubdur. Bu, bizim üçün böyük bir tarixi hadisədir və biz bunu yüksək qiymətləndirməliyik, xalqımızı, millətimizi, gənc nəsli, bütün cəmiyyətimizi islamın bu yüksək mənəvi dəyərləri əsasında yaşatmalı, tərbiyə etməliyik, həyatımızı bu mənəvi dəyərlər əsasında qurmalıyıq. İslam dini bizim müqəddəs dinimizdir, "Qurani-Kərim" müqəddəs kitabımızdır. İslam dininin, "Quran"ın Azərbaycan xalqına bəxş etdiyi mənəvi dəyərlər bizim üçün əzizdir və xalqımızın, gənclərimizin bu gün də, gələcəkdə də tərbiyəsi üçün çox əhəmiyyətlidir. Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. İslam dininin bəşəriyyətə bəxş etdiyi bütün nemətlərdən hər bir azərbaycanlı səmərəli istifadə etməlidir və xüsusən cəmiyyətdə davranışında islam dininin tələblərinə uyğun olaraq özünü göstərməlidir. Gənclərimizin islam dinini mənimsəməsi üçün lazımi tədbirlər görülməlidir.

 * Respublikamızın, xalqımızın milli xüsusiyyətlərini, milli ənənələrini, milliliyini heç vaxt unutmaq lazım deyil və bunu heç bir şeyə dəyişmək olmaz. Əgər biz azərbaycanlı kimi öz müstəqilliyimizi, milli azadlığımızı yüksək qiymətləndiririksə, xalqımızın tarixini, adət-ənənələrini, xalqımıza məxsus milliliyi həmişə yaşatmalıyıq və onları hər yerdə təbliğ etməliyik. Mən bunu ona görə deyirəm ki, bizim bəzi adamlar - gənclər, hətta gənc olmayanlar da başqa ölkəyə gedən kimi dərhal cürbəcür təsir altına düşürlər. Bu da o nəticəyə gətirib çıxarır ki, həmin adamlar öz milliliyini itirir, öz adət-ənənələrini itirirlər. Bu da təhlükəlidir. Biz həm milli tariximizdən aldığımız mənəvi sərvətlərdən istifadə etməli, həm də bəşəriyyətin yaratdığı mənəvi dəyərlərə yiyələnməliyik, o cümlədən Avropa mədəniyyətindən, Rusiya mədəniyyətindən, Şərq mədəniyyətindən istifadə etməliyik.

 * Biz keçmişlərdən fərqli olaraq, indi müstəqil Azərbaycanın gələcəyini formalaşdırırıq, müstəqil Azərbaycanın gələcək fəaliyyətini formalaşdırırıq, müstəqil Azərbaycanın vətəndaşlarını formalaşdırırıq və məktəbdə, universitetdə formalaşan gənc, Azərbaycanın gələcək fəal vətəndaşı gərək mənəviyyatca saf olsun. Gərək o, vətənpərvərlik hissi ilə yaşasın, vətənpərvərlik hissi ilə tərbiyə olunsun. Ona görə də gərək mənəvi saflıq ali məktəblərdə, orta məktəblərdə hökm sürsün. Gərək onun müəllimləri, tərbiyəçiləri özləri vətənpərvər olsunlar, vətənpərvərliyi gənclərə aşılaya bilsinlər. Onlar gərək Azərbaycan dövlətinə, millətinə, Azərbaycanın gələcəyinə sadiq vətəndaşlar olsunlar. Bu da hamısı məktəblərdə, universitetlərdə formalaşmalıdır.

 * Mənəvi və fiziki sağlamlıq bir-biri ilə qarşılıqlı əlaqədədir. Çünki mənəviyyat pozulanda gənclərin fiziki sağlamlığını da pozur. Dünya təcrübəsi, tarix əsrlər boyu göstərmişdir ki, mənəvi və fiziki sağlamlıq xalqın ümumi sağlamlığı, ümumi saflığı, millətin bu günü və gələcəyidir. Gənclərimizi, bütün əhalimizi bədən tərbiyəsinə, idmana cəlb etməliyik. İnsanlar bədən tərbiyəsi ilə, idmanla nə qədər çox məşğul olsalar, onlar adamların sağlamlığına, həyatına zərər gətirən adətlərdən kənar olarlar, uzaq olarlar, - məsələn, alkoqollu içkilərdən istifadə edilməsi, gənclər arasında narkotik maddələrdən istifadə halları müşahidə olunur, - yaxud insan üçün zərərli olan başqa adətlərdən, xüsusiyyətlərdən kənar olarlar, belə şeylərə heç vaxt alışmazlar. Böyüməkdə olan nəslin fiziki inkişafına daha çox fikir verilməli, bədən tərbiyəsinin tədrisi yaxşılaşdırılmalı, hər bir məktəbdə səmərəli idman məşğələləri üçün şərait yaradılmalı, uşaqlar fiziki cəhətdən hər vasitə ilə möhkəmləndirilməli, onların sağlamlığına qayğı göstərilməlidir.

 * Azərbaycan gəncləri orduda xidmət etməyi öz şərəfli borcları hesab etməlidirlər. Hərbi xidmət etməyən gənc həyatın sınaqlarından çıxa bilməz. Mən də bunu bir daha bildirmək istəyirəm ki, hər bir azərbaycanlı gənc orduda xidmət etməklə özünü yüksəldir, həqiqi vətəndaş edir, ölkəsində özünü hüquqlu bir insan edir. Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik.

 * Gənclərimiz nə qədər çox dil bilsələr, bir o qədər zəngin dünyagörüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir. Hər bir azərbaycanlı gənc çalışmalıdır ki, dünyanın çox dillərini - rus dilini də, ingilis dilini də, fransız dilini də, ərəb, fars dillərini də mənimsəsin, öyrənsin. Bu, lazımdır, çünki müasir dünya ölkələrinin bir-biri ilə sıx əlaqəsi bu gün və gələcəkdə insanlardan bir çox dil bilməsini tələb edir. Mən arzu edirəm ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun. Amma ən əsası ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi daim duymaq lazımdır, bu dili sevmək lazımdır. Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın, bunu aradan qaldırın. Xarici ölkələrdə təhsil alarkən, həmin ölkənin dilini öyrənərkən, eyni zamanda başqa dilləri öyrənərkən öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz. Azərbaycandan kənara - başqa ölkələrə təhsil almağa gedən gənclərə xüsusi tövsiyəm ondan ibarətdir ki, siz hansı ölkədə olursunuzsa-olun, birinci vəzifəniz yüksək təhsil almaqdan, o təhsil ocağının bütün imkanlarından istifadə edərək hərtərəfli, hazırlıqlı bir vətəndaş olmaqdan ibarətdir. Eyni zamanda siz respublikamızı xarici ölkələrdə təmsil edən insanlar, gənclər olacaqsınız. Siz sadəcə olaraq təhsil almaqla kifayətlənməməlisiniz, Azərbaycanı ləyaqətlə təmsil etməlisiniz, ölkəmizin həqiqətlərini təhsil alacağınız universitetlərdə, ali təhsil müəssisələrində yaymalısınız, təbliğ etməlisiniz.

 * Bu gün sizin qarşınızda xoşbəxt bir yol açılıbdır. Eyni zamanda sizin üzərinizə böyük məsuliyyət düşür. Bu sizin şəxsi vətəndaşlıq məsuliyyətinizdir. Həmçinin valideynlərinizin, müəllimlərinizin, doğma Vətəninizin qarşısında məsuliyyət daşıyırsınız. Azərbaycanı sevmək azərbaycanlılıq hissiyatını özündə cəm etmək deməkdir. Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir. Arzu edərdim ki, siz bütün bunların hamısını layiqincə yerinə yetirəsiniz, Azərbaycanın layiqli övladları olasınız, respublikamızın gələcəkdə layiqli, yüksək ixtisaslı mütəxəssisləri, vətənpərvər vətəndaşları olasınız. Bunun üçün siz gərək universitetlərdə, başqa ali məktəblərdə təhsil dövründən səmərəli istifadə edəsiniz. Bu, çox əhəmiyyətlidir. Gənclər bəzən gələcəklərini o qədər də dərk edə bilmirlər. Ancaq mən, bütün çətin dövrləri yaşamış bir şəxs kimi, sizə öz həyat təcrübəmdən və gördüklərimə əsasən tövsiyə edirəm ki, həyatınızda heç bir günü itirməyin. Ali məktəblərdə hər bir gün sizin üçün vacib və əhəmiyyətlidir. Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!".  

...Həmin məqamda hissiyatıma hakim kəsilən və məni bu sehrli aləmə gətirən, uzun illər şahidi olduğum və hər anını sevinclə yaşadığım doğma ovqatı mənə yenidən bəxş edən düşüncələrdən ayıldım, reallığa qayıtdım. Qarşımda yenə yazı masam, qələmim və vərəqlər idi. Lakin daxilimi bürümüş həyəcan məni tərk etmirdi, Ulu öndərin bənzərsiz səsi, sərrast, zərgər dəqiqliyi ilə ölçülüb biçilmiş, varlığı qədər sevdiyi doğma ana dilimizdə ən yüksək ifadəsini tapmış parlaq nitqi hələ də yaddaşımda səslənirdi. Əminəm ki, bu qüdrətli səs daim bizimlə olacaqdır, xalqımızı qələbədən-qələbəyə aparan əbədi çağırışın rəmzi kimi müstəqil Azərbaycanın hər guşəsində eşidiləcəkdir. 

Aydın ƏHMƏDOV,
Təhsil Nazirliyinin şöbə müdiri, əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov