Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Böyük Vətən müharibəsinin canlı şahidi

 

Böyütmək üçün şəkili seçin1941-ci il iyunun 21-dən 22-ə keçən gecə faşist Almaniyasının aviasiyası qəfil hücuma keçərək SSRİ-nin bir neçə şəhərini bombaladı.

1941-1945-ci illərdə Azərbaycandan  640 min nəfər həmvətənimiz  sovet ordusunun tərkibində Hitler Almaniyasına qarşı vuruşub.

Hitlerin müharibə ilə bağlı hazırladığı planların böyük bir  qismi Bakı ilə bağlı idı. Nəyin bahasına olursa-olsun Bakı ələ keçirilməli idi. Hitlerin planı vaxtilə Leninin nəzərdə tutduğu planla tamamilə üst-üstə düşürdü: "Əfqanıstana, hətta Hindistana gedən yol belə Bakıdan keçir, deməli, bütün yollar Bakıdan keçir".

Belə bir çətin məqamda milli diviziyaların yaradılması zərurəti ortaya çıxdı. 1941-ci il avqustun 26-dan etibarən Azərbaycanda azərbaycanlılardan ibarət yaradılmış 8 milli diviziyanın hər biri cəbhədə böyük qəhrəmanlıqlar göstərdi.

1942-ci il 22 fevral tarixində  Azərbaycanın Ucar rayonunda yaradılan 416-cı milli diviziyada şəxsi heyətin 92 faizi Azərbaycan türkləri idi. Taqanroq şəhərinin azad olunmasında göstərdiyi rəşadətlərə görə diviziyaya fəxri "416-cı Taqanroq diviziyası" adı verildi. Bundan sonra milli diviziyalar 416-cı diviziyaya birləşdirildi.

416-ci diviziyanın döyüş salnaməsi 1942-ci ilin noyabrında Mozdok ətrafında başlayıb,  1945-ci ilin mayında Berlində, Brandenburq darvazası önündə başa çatıb.

Formalaşdığı gündən 1945-ci il mayın 2-dək döyüşlərdə 22996 düşmən əsgər və zabitini məhv etmiş, 5474 nəfəri isə əsir almış  diviziyanın hissə və bölmələri almanların 195 müxtəlif növ iriçaplı silahını, 81 minaatanını, 210 dəzgahlı pulemyotunu, 84 əl pulemyotunu, 4997 tüfəngini, 2150 avtomatını sıradan çıxarmış, yaxud ələ keçirmiş, 11230080 atış nöqtəsini, 698 anbarını tamamilə dağıtmışdır.

Müharibə dövründə 416-cı diviziya 12 dəfə ali baş komandanın təşəkkürünü alıb.

Böyük Vətən müharibəsi illərində bəstəkar  Soltan  Hacıbəyov xalq çalğı alətləri orkestri üçün 416-cı Taqanroq diviziyasına  həsr edilmiş "Döyüşçülər nəğməsi" adlı marş bəstələyib.

Azərbaycan televiziyası tərəfindən 416-cı diviziyanın qəhrəmanlıq yolundan söz açan "416-cı diviziya. Biz birlikdə qalib gəldik!" adlı sənədli film çəkilib.

İkinci Dünya müharibəsinin başa çatmasından  bu gün 69  il ötür. Üstündən neçə onilliklər keçsə də, o illərin ağrılarını, o qələbənin fərəhini ürəyində lap elə bu gün olmuş  kimi həssaslıqla  gəzdirənlər hələ var.

Faşizm üzərində tarixi qələbənin  hər ildönümündə  vaxtilə çalışdığım dövlət televiziyasının "Hərbi vətənpərvərlik" Baş redaksiyasında  qocaman müharibə veteranları ilə görüşlər təşkil edirdik. Təxminən 14-15 il əvvəl belə görüşlərin birində  416-cı Taqanroq diviziyasının 80 yaşlı veteran döyüşçüsü Soltan baba (Soltan Kərəmoğlu) verilişimizin qonağı olmuşdu. Çox maraqlı müsahib idi rəhmətlik, ruhu şad olsun. Onun kasetdə yadigar qalan söhbətindən bəzi fraqmentləri bu yazıda təqdim edirəm: 

- Mən 1921-ci ildə Abşeron rayonunun Güzdək kəndində doğulmuşam. Müharibə başlayanda kəndimizdəki  məktəbdə sinif müəllimi işləyirdim. 1942-ci ilin martında müharibəyə yola düşdüm. 92 faizi Azərbaycan oğullarından ibarət olan 416-cı milli diviziyanın alayları o vaxt  Azərbaycanın müxtəlif rayonlarında yerləşirdi. Beləliklə,  Şamxordakı alayın tərkibində Şimali Qafqaza göndərildim.  Mən diviziyanın müdafiə  mövqeyində dayanan III eşalonunun tərkibində idim. Bizim rotada bir ziyalı oğlan vardı: Nurəddin Babayev. Əslən Gəncədən olsa da, Bakıda böyümüşdü. Biz onunla həmyaşıd idik. Onun böyük əmisi çar ordusunun generalı olmuşdu. 

Nurəddin  Babayev Böyük Vətən müharibəsində ön cəbhələrdə ləyaqətlə vuruşdu,  ağır yaralandı və baş leytenant rütbəsi ilə Bakıya qayıtdı. Uzun illər ADU-nun (indiki BDU) jurnalistika fakültəsində müəllim işlədi.

Xülasə, o, mənə dedi ki, Soltan, gəl ikimiz köməkləşib öz dilimizdə döyüş mahnısı yaradaq. Dedim, baş üstə, yaradaq. Nurəddin Babayev elə həmin gün  üç bənd şeir yazıb mənə verdi. İndi o vaxtdan 60 iləcən vaxt  ötüb, o şeirin cəmi bir bəndi yadımda qalıb:

Səslənir pulemyotlar,

Od saçır minamyotlar

Vətən bizdən bu gün ümid gözləyir,

Cəbhələrə səsləyir...

Şeiri  götürüb əlüstü zümzümə etdim. Melodiya Nurəddininn xoşuna gəldi..."Alındı!"-dedi: "Görərsən, bizim bu mahnı döyüşçülərimizi əməlli-başlı ruhlandıracaq".

Cəmi üç günlük məşqdən sonra mahnı rotanın ifasında dağa-daşa səs saldı.

Bir gün yenə təlim vaxtı rotamız  mahnı ilə keçəndə, bir də baxdıq ki, polk komandirimiz  polkovnik İsmayılov atın belində gəlir. O vaxt texnika qıt idi deyə, komandirlər atla hərəkət edirdilər. Polkovnik mahnını dinlədi və soruşdu ki, bunu rotaya kim öyrədib? Rota komandiri Abuzərli cavab verdi ki, sözləri Nurəddin Babayevindir, musiqisi də Soltan Kərəmoğlunun. İsmayılov rotanı təkrar oxutdu və bloknotunda nəsə qeyd etdi.

Bir neçə gündən sonra mən Xasavyurtda ilk təltifimi-"Döyüş xidmətinə görə" medalını aldım...

İndi  yarım əsrdən çoxdur ki, müəllim işləyirəm. Şagirdlərimə təlqin edirəm ki, vətənə dayaq olsunlar.

Gənclərə bir tövsiyəm də var.

Bizim Qarabağ probleminin həllində çox təşkilatlar, çox dövlətlər özünü bizə canıyanan kimi göstərir. İstər fərd olsun, istər dövlət, gərək dost dediyinə güvənə biləsən. Güvənmədinsə, eləsindən uzaq durmaq lazımdır. 

Ellada UMUDLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov