Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Onu unutmaq olmaz

 

Təhsilimizin tarixində danılmaz xidmətləri olan şəxslərdən  biri də on il respublikanın maarif nazirinin müavini vəzifəsində işləmiş Əfsun  Əfəndiyevdir. Əfsun müəllimin bu vəzifəyə başlamasından dörd on illik keçir. 40 il əvvəl - 1974-cü il. Respublikada yaradılmış tələbkarlıq və işgüzarlıq şəraiti rəhbər pedaqoji kadrların da seçilməsinə tələbkarlığı artırmış, az müddətdə onların tərkibində keyfiyyət dəyişiklikləri aparılmışdı.

Bu məqsədlə Maarif Nazirliyində də əsaslı işlər görülmüş, ilk növbədə nazir müavinlərinin tərkibi yeniləşdirilmiş, nazirin birinci müavini vəzifəsinə MAMEİHİ MK-nın sədri Rəfiqə Hüseynova gətirilmişdi. Bundan əvvəl müxtəlif partiya, sovet işlərində çalışan Rəfiqə xanım təcrübəli təhsil işçisi idi, Azərbaycan Xarici Dillər İnstitutunun rektoru vəzifəsində işləmişdi. O dövrün yazılmamış qaydalarına əsasən hər bir nazirlikdə müavinlərdən biri hökmən rus, yaxud erməni olmalı idi. Bu baxımdan maarif nazirinin müavini vəzifəsinə məktəblə heç bir əlaqəsi olmayan V.V.Rasjayev gətirilmişdi. Ümumtəhsil məktəbləri üzrə müavin yeri isə hələ boş qalırdı. Bu sahəyə rəhbərlik o qədər də asan deyildi, onun kuratoru daha təcrübəli, pedaqoji işi bilən, səriştəli adam olmalıydı.

Ötən əsrin 70-ci illərində gündüz ümumtəhsil məktəblərində təhsil alanların sayı bir milyon dörd yüz minə çatmışdı. Təhsil sahəsində böyük dəyişikliklər aparılırdı. Bununla yanaşı, Azərbaycan rəhbərliyinin təhsilə qayğısı təkcə respublikamızın hüdudları ilə məhdudlaşmırdı. Qonşu ölkələrdə yaşayan azərbaycanlıların da təhsili ilə maraqlanmaq lazım gəlirdi. Azərbaycan təhsilinin 1969-1982-ci illərdəki uğurlar. Respublikadakı ümumi tendensiya nazirlikdə də hiss olunurdu. Nazirin ümumtəhsil məktəblərinə baxan müavini həm şəhər, həm də kənd məktəbləri ilə işləməli idi. Ona görə də bu təyinat bir qədər ləngiyirdi. Nəhayət, həmin məsələ də öz həllini tapdı. Nazir müavininin təqdimat mərasimi vaxtı çatdı.

Bir gün aparata məlumat verildi ki, saat 5-də yeni müavin kollektivə təqdim ediləcəkdir. Nazirliyin mərkəzi aparatının işçiləri zalda oturub səbirsizliklə qonaqları gözləyirdi. Qapı açıldı, MK-nın şöbə müdiri və nazir M.Mehdizadə ilə birlikdə zala 45-50 yaşında, dolubədənli, hündürboylu bir nəfər də daxil oldu. Bizə tanış olmayan "təzə müavin" ilk görüşdən yaxşı təsir bağışlayırdı. İclası MK-nın şöbə müdiri aparırdı. O, maarifimizin problemlərindən, ona verilən tələblərdən, respublikada aparılan ideya-tərbiyə işlərindən, təhsilin qarşısında duran vəzifələrdən danışandan sonra bu işlərin öhdəsindən gəlmək üçün yeni nazir müavininin də  üzərinə çox böyük vəzifələr qoyulduğunu vurğuladı. O qeyd etdi ki, Ə.Əfəndiyevin keçdiyi yol zəhmətkeş bir pedaqoqun, mərhələ-mərhələ irəli çəkilmiş bir şəxsin həyat yoludur.

Yeni nazir müavini haqqında qısa bioqrafik oçerk oxundu. Əfsun Piran oğlu Əfəndiyev 1928-ci ildə Samux rayonunun Alpoud kəndində doğulmuşdur. 1942-ci ildə Alpoud məktəbinin 9-cu sinfini bitirdikdən sonra dərhal kəndlərindəki məktəbə müəllim təyin edilmişdi. Lakin onun bu sevinci uzun çəkməmişdi. Böyük Vətən müharibəsi hər şeyi yarımçıq qoymuşdu. Cəbhədə də vəziyyət ağır idi. Bunu yaxşı dərk edən gənc Əfsun könüllü olaraq ordu sırasına yazılır. Döyüşdə iki dəfə ağır yaralanır. 1944-cü ildə Polşa cəbhəsində vuruşur, səhhəti ilə əlaqədar 1945-ci ildə ordudan tərxis olunur. Gənc müəllim cəbhədən döyüş medalları ilə qayıdır. O yenə də öz doğma işinə - Samux rayonunda müəllimliyə başlayır və təhsilini davam etdirmək üçün növbəti ildə Azərbaycan Dövlət Universitetinin qiyabi şöbəsinə daxil olur. 1952-ci ildə ADU-nun tarix fakültəsini bitirir. Yenə də könüllü olaraq, rayonda işləməyə hazır olduğunu bildirir. Lakin ona öz kəndində işləmək qismət olmur. Çünki o illərdə Əfsun müəllimin doğulduğu, boya-başa çatdığı, müəllim işlədiyi kənd artıq yox idi. O kənd Mingəçevir dənizinin altında qalmışdı. Ona görə də Əfsun müəllim özü üçün yeni iş yeri seçməli idi. Belə də oldu. O, müəllimə ciddi ehtiyac olan Xaçmaz rayonuna təyinat aldı. Gənc müəllim tezliklə kənd camaatı ilə qaynayıb-qarışdı. Müharibədən sonrakı bərpa və quruculuq işlərinin qoynuna atıldı. O öz sənətini sevirdi. Uşaqlar da, valideynlər də ondan çox razı idi. Bu illərdə artıq Əfsun müəllim həm də qabaqcıl müəllim kimi tanındı. 1952-53-cü dərs ilində o, işlədiyi Xudat orta məktəbindən qonşu məktəbə direktor vəzifəsinə irəli çəkildi, 1953-cü ildən 1962-ci ilədək Müqtədir qəsəbə məktəbində direktor vəzifəsində çalışdı. Yaxşı işinə görə Maarif Nazirliyi, partiya, sovet təşkilatları onu ehtiyat rəhbər kadrların siyahısına saldılar, gənc direktor yuxarı təşkilatların da diqqətini özünə çəkdi. Valideynlərini vaxtsız itirmiş Əfsun kollektivə öz doğma ailəsi kimi baxırdı. O bu vəzifədə də özünü doğrultdu. Artıq onun adı hər yerdə hörmətlə çəkilirdi. O vaxtdan neçə illər keçsə də, həmin kənddə Əfsun müəllimi xatırlayanlar indi də tapılır. Kənddə böyük nüfuz qazanmış gənc direktor abadlıq işləri apardı. Təbiət vurğunu kimi onun öz əli ilə əkdiyi ağaclar indi də qalmaqdadır.

Bir neçə il sonra elmə olan həvəsi onu Bakıya gətirdi. 1962-ci ildə Əfsun müəllim Azərbaycan Dövlət Universitetinin aspiranturasına qəbul olundu. 1965-ci ildə aspiranturanı qurtaran kimi Bakı Ali Partiya Məktəbinə baş müəllim vəzifəsinə göndərildi. 1970-ci ildən 1974-cü ilədək, yəni nazir müavini təyin olunana qədər bu vəzifədə çalışdı. Respublikanın partiya, sovet təşkilatları ilə əlaqəsi onu daha da püxtələşdirmişdi. Kollektiv onu Bakı Ali Partiya Məktəbinin partiya komitəsinin katibi seçir. 1973-1975-ci illərdə rayon sovetinin deputatı olur.

Ə.Əfəndiyev bütün tapşırıqları vicdanla, vaxtlı-vaxtında yerinə yetirir, öz vəzifəsinin öhdəsindən layiqincə gəlirdi. Belə bir zəngin həyat yolu keçmiş, respublikanın əməkdar müəllimi fəxri adına layiq görülmüş Əfsun Əfəndiyevə müxtəlif rəhbər vəzifələr təklif olundu. Lakin onu pedaqoji sahə daha çox özünə çəkirdi. Artıq Əfsun müəllim  ailə sahibi idi. Həyat yoldaşı müəllim işləyirdi. Oğlu Vadim və qızı Leyla böyüyürdü. Atasının yolu ilə gedən və onun layiqli davamçısı olan Leyla xanım hazırda Bakı şəhərindəki, 160 nömrəli Klassik gimnaziyada işləyir. Dərslik müəllifidir. Yaxşı işinə görə hamı ona hörmətlə yanaşır. "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. Məktəb rəhbərliyi, pedaqoji kollektiv, valideynlər və şagirdlər onun işindən razıdır.

Qeyd etmək lazımdır ki, Əfsun Əfəndiyev çox yetkin, ziyalı, erudisiyalı, yüksək intellektli bir rəhbər idi. O, mütaliəni çox sevir, rus və Azərbaycan dillərində olan ən maraqlı kitabları hamıdan əvvəl əldə edirdi. Onun dilində tez-tez tarixi şəxsiyyətlərin müdrik sözləri səslənərdi. Bəzən, imkan olanda, bu əsərlərin obrazlarından misallar gətirərdi. O, həmişə deyirdi ki, müdrik kəlamlara vaxtı ötüb-keçmiş fikirlər kimi baxılmamalıdır, cəmiyyət həmişə ayrı-ayrı fərdlərdən, ayrı-ayrı xarakterə malik insanlardan ibarət olmuşdur. İnsanlar arasındakı münasibətlərə isə bütün dövrlərdə həlledici amil kimi yanaşılmışdır. O, tabeliyindəki işçilərə öyrədirdi ki, insanlar arasında fikir ayrılığı ümumi işə mane olmamalıdır. Böyük pedaqoqların fikirləri, bizdən əvvəl işləyənlərin taleyi, təcrübəsi bugünkü fəaliyyətimiz üçün faydalı tərbiyə məktəbidir. Söz yox ki, onunla razılaşmayanlar da vardı. Bu da təbiidir, heç də hamı Əfsun müəllimi olduğu kimi qəbul etmir, onu daha çevik, bir qədər də sərt görmək istəyirdilər. Bu illərdə onun ünvanına, xüsusən kuratoru olduğu sahənin vəziyyəti barədə çoxlu tənqidi fikirlər də söylənərdi. Əfsun müəllim irad və tənqidləri təmkinlə dinləyər, heç kəslə mübahisəyə girişməzdi. Belə tənqidi fikirlər yuxarılar tərəfindən söylənəndə isə sakitcə dinləyər, qarşısındakı kağıza nə isə yazar, öz fikrində deyilənləri götür-qoy edərdi. Belə hallarda qətiyyən hiss olunmurdu ki, o, natiqdən incimişdir, yaxud daxili narahatçılıq keçirir. İdarəçilik qaydalarını yaxşı bilən Əfsun müəllim hər bir tapşırığın gecikmədən icrasını vacib sayırdı. Ən mühüm məsələləri rəhbərliklə, hətta tabeliyindəki işçilərlə məsləhətləşər, tutduğu iş üçün özündə əminlik yarandıqdan sonra işə başlayardı. O çox qayğıkeş və ədalətli idi, həmişə deyirdi: "Ciddi əsas olmadan heç kəsi təndiq etməyin. Bu bizim işimizə xeyir gətirməz. Onda yaxşı kadrları itirərik".

Əfsun müəllim nazirliyə daxil olan şikayət məktublarının çox diqqətlə araşdırılmasına diqqət yetirərdi. O öz tabeliyindəki işçilərinin ən yaxşı cəhətlərini qiymətləndirdiyi kimi, nöqsanlarını da görürdü, onun düzəldilməsinə imkan verirdi. Həmçinin işçilərin səhvlərini bağışlamağı da bacarardı. Heç kəsə ögey münasibət bəsləməzdi. Başqa müavinlərdən fərqli olaraq, yalnız rəislərlə deyil, hər bir inspektorla da ayrıca işləyərdi. Heç vaxt bütün ağırlığı idarə, şöbə rəhbərlərinin üzərinə atmazdı.

Əfsun müəllim Azərbaycanda təlim-tərbiyə, məktəb quruculuğu, təhsilin inkişafı, təlim prosesinin təkmilləşdirilməsi məsələlərinə bələd idi. Ona təqdim olunan arayışları bəzən tamamilə yenidən işləyirdi. Baş məktəblər idarəsinin işçiləri onun bu keyfiyyətlərindən ağızdolusu danışırdılar. Əfsun müəllim tərəfindən nəzərdən keçirilən sənədlərin yuxarılarda da bəyəniləcəyinə həmişə əminlik vardı.

Əfsun müəllim çox böyük ürək sahibi, hər kəsə böyük qəlblə yanaşan səbrli, təmkinli, xeyirxah, obyektiv, halal bir rəhbər idi. Onunla işləyənlər müsbət keyfiyyətlərinə yaxşı bələd idilər, onun iş üslubunu qəbul edirdilər. Əfsun müəllim özünəməxsus daxili mədəniyyətə malik idi. Onun bir cəhəti də diqqəti cəlb edirdi ki, o, normativ sənədləri çox diqqətlə oxuyur, hər bir sətiraltı mənanı da başa düşməyə çalışırdı. Sonra da onun icrasına bələdliklə nəzarət edirdi.     

Əfsun müəllim müxtəlif səviyyələrdəki iclaslara çox ciddi hazırlaşırdı. Bu iclaslar üçün hazırlanan məlumatları diqqətlə nəzərdən keçirər, onun üzərində özü işləyərdi. O məruzələrin və ya məqalələrin hazırlanmasına çox məsuliyyətlə yanaşırdı. Belə işlərin çoxunun üzərində özü təkbaşına işləyərdi. O zaman məruzələrin çoxu rus dilində yazılırdı. Həm Azərbaycan, həm də rus dilini yaxşı bilən Əfsun müəllim məruzə və çıxışlarını da yazılı şəkildə təqdim edərdi. 

Dövrünün açıqgözlü ziyalısı kimi Əfsun müəllim pedaqoji mətbuatı ardıcıl izləyərdi. Çox zaman şöbə müdirlərini də yanına çağırıb, aidiyyəti yazılara münasibət bildirərdi. O çox nadir hallarda hirslənər, həmişə sakit olmağa çalışardı. Ən ciddi prinsipial məsələləri də təmkinlə müzakirə edərdi. 

Bu gün təhsilimizin uğurlarını, təlim-

tərbiyə sahəsindəki nailiyyətlərini görəndə, istər-istəməz Əfsun müəllimi xatırlamalı oluruq. Çünki o özü də on il ərzində təhsilimizin inkişafı üçün az iş görməmişdir və həmişə də təhsilimizin gələcəyinə ümid bəsləmiş, bu gününü arzulamışdır.

Əfsun Əfəndiyevi tanıyanlar, onunla bir yerdə işləyənlər həmişə onu belə xatırlayırlar. 

Nəcəf NƏCƏFOV,
Azərbaycan Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü,
əməkdar müəllim, fəlsəfə doktoru, dosent

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov