Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak
edib
Mayın
10-da Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər
Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş
təntənəli mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə
iştirak etmişlər.
Əvvəlcə Heydər Əliyev Fondunun 10 illik fəaliyyətinə
həsr olunmuş film nümayiş etdirilmişdir.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
-
Hörmətli xanımlar və cənablar, əziz dostlar!
Bu gün biz ulu öndər Heydər Əliyevin anadan olmasının
91-ci ildönümünü qeyd edirik. Keçən il biz ulu öndərin
adını daşıyan bu möhtəşəm mərkəzdə Heydər Əliyevin 90
illik yubileyini qeyd etmişdik. 2012-ci il mayın 10-da
isə biz bu mərkəzin açılışını qeyd etmişdik. Bu il ulu
öndərin adını daşıyan fondun 10 illiyidir. Bir qədər
bundan əvvəl fondun fəaliyyətinə həsr edilmiş film
göstərilmişdir. Filmdə fondun çoxşaxəli fəaliyyəti
haqqında qısa bir məlumat verilmişdir. Çünki fondun 10
il ərzində gördüyü işlər o qədər böyükdür ki, əlbəttə,
bir filmdə o işləri göstərmək mümkün deyildir.
Fonda 10 il ərzində Mehriban Əliyeva rəhbərlik edir.
Onun rəhbərliyi ilə fond nəinki Azərbaycanda, eyni
zamanda, regionda görülən işlərin həcminə görə ən böyük
ictimai təşkilata çevrilmişdir. Mehribanın rəhbərliyi
ilə bir neçə istiqamət üzrə konkret proqramlar icra
edilmişdir. Bir çox hallarda fondun təşəbbüsləri bir
qədər sonra həm ictimai təşkilatlar, eyni zamanda,
dövlət qurumları tərəfindən dəstəklənmiş və bir növ
dövlət proqramına çevrilmişdir. Xüsusilə fondun
təşəbbüsü ilə başlanmış "Yeniləşən Azərbaycana yeni
məktəb" layihəsi bu gün geniş vüsət almışdır və dövlət
bu proqrama qoşularaq son 10 il ərzində 3 minə yaxın
yeni məktəb tikdirə bilmişdir. "Xocalıya ədalət!"
kampaniyası da məhz fondun təşəbbüsü ilə başlamışdır.
Ondan sonra dövlət qurumları, ictimai qurumlar bu
təşəbbüsə qoşulmuşlar və nəticə etibarilə qısa müddət
ərzində 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən
soyqırımı kimi qəbul etmişdir.
Səhiyyə ilə bağlı təşəbbüslər geniş vüsət almışdır.
Azərbaycan mədəniyyətinin, mədəni irsimizin qorunması,
dünyada təbliği işində fond əvəzsiz rol oynamışdır.
Bizim milli sərvətimiz olan muğam sənəti UNESCO-nun
dünya qeyri-maddi mədəni irs siyahısına daxil
edilmişdir. Əlbəttə ki, bütün bunlar filmdə öz əksini
tapıbdır. Sadəcə olaraq, mən bu gün fondun fəaliyyətinə
öz münasibətimi bildirmək istəyirəm. Deyə bilərəm ki, bu
10 il ərzində bu məsələ ilə bağlı mənim ilk çıxışımdır.
Ona görə Azərbaycan dövləti adından fonda, fondun bütün
işçilərinə minnətdarlığımı bildirmək istəyirəm. Onu da
qeyd etmək istəyirəm ki, fondun işçilərinin sayı o qədər
də çox deyildir. Fondun işçilərinin tərkibi çox məhdud
saydadır. Ancaq buna baxmayaraq peşəkardırlar,
enerjilidirlər, biliklidirlər və işçilərin mütləq
əksəriyyəti gənclərdir.
Bu gün Heydər Əliyev Fondu ulu öndərin adını şərəflə
daşıyır, ulu öndərin xatirəsinə layiq fəaliyyət
göstərir. Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil
Azərbaycan dövlətinin qurucusudur, bizim
xilaskarımızdır. Bir-biri ilə tamamilə ziddiyyət təşkil
edən iki dövlət quruluşunda Azərbaycana rəhbərlik
etmişdir. 1969-1982-ci və 1993-2003-cü illər Azərbaycan
tarixində Heydər Əliyevin rəhbərliyi ilə inkişaf illəri
kimi qalacaqdır. İki tamamilə fərqli bir ictimai-siyasi
mühitdə Azərbaycan ən yüksək zirvələrə qalxa bilmişdir.
Birinci mərhələdə Azərbaycan müstəqil deyildi, başqa
ölkənin tərkibində idi.
Eyni zamanda, sistem də tam başqa idi. Demokratik sistem
deyildi.
İkinci dövr isə müstəqillik, demokratiyanın inkişafı və
sürətli inkişaf dövrü idi. 1969-cu ildə isə Azərbaycan
müttəfiq respublikalar arasında deyə bilərəm ki, ən
axırıncı yerdə idi. Bunu statistik göstəricilər də
təsdiq edir. Bu illəri xatırlayan insanlar da deyə
bilərlər ki, o vaxt sovet məkanında Azərbaycan ən geridə
qalmış bir respublika idi.
Heydər Əliyevin rəhbərliyi ilə aparılan böyük quruculuq
işləri nəticəsində Azərbaycan 12 il ərzində SSRİ-də ən
qabaqcıl yerlərə çıxa bilmişdir. Sovet İttifaqı
dağılanda məlum olmuşdur ki, bu İttifaqda cəmi iki
respublika özünü tam şəkildə təmin edirdi və donor kimi
fəaliyyət göstərirdi. Onlardan biri də Azərbaycan idi.
Məhz o illərdə Azərbaycanda o vaxta uyğun olaraq müasir
sənaye kompleksi yaradılmışdır. Azərbaycan aqrar
respublikadan sənaye respublikasına çevrilmişdir.
Xüsusilə neft-qaz sənayesi üçün çox vacib olan məsələlər
məhz o illərdə öz həllini tapmışdır. O layihələr bu gün
də müstəqil Azərbaycana xidmət göstərir. Sənaye
potensialının, kənd təsərrüfatının inkişafı o vaxt
Azərbaycan üçün böyük imkanlar açmışdır. İnsanların
rifah halı yaxşılaşmışdır. Bir daha demək istəyirəm ki,
Azərbaycan o illərdə imkanlardan maksimum istifadə edib
öz inkişaf dövrünü yaşayıb.
Respublikamızın çox zəngin mədəni həyatı vardır. Bütün
bunlar ulu öndərin şəxsiyyəti ilə bağlı olan məsələlər
idi. Məhz o illərdə deyə bilərəm ki, sovet məkanında ilk
dəfə olaraq korrupsiya və rüşvətxorluğa qarşı mübarizə
başlamışdır və bu, sovet məkanında bir yenilik idi. Bu
yeniliyin müəllifi Heydər Əliyev olmuşdur. 1982-ci ildə
Moskva dövrü başlamışdır. O dövr də çox əhəmiyyətli idi.
Çünki Heydər Əliyev böyük, super dövlətin rəhbərliyində
təmsil olunurdu. Baş nazirin birinci müavini idi.
Azərbaycana da əlbəttə ki, öz qayğısını göstərirdi.
Ancaq Azərbaycanda artıq 1982-ci ildən başlayaraq işlər
yavaş-yavaş tənəzzülə uğramağa başlamışdır. İlk illərdə
hələ inersiya gücü var idi. Ondan sonra isə durğunluq
dövrü başlanmışdır. Təsadüfi deyil ki, Heydər Əliyev
1987-ci ildə bütün vəzifələrdən gedəndən sonra
Azərbaycan çox böyük problemlərlə, fəlakətlərlə
üzləşmişdir. O, siyasi hakimiyyətdən gedəndən sonra cəmi
2 həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı
Azərbaycandan ayırıb Ermənistana birləşdirməklə bağlı
məsələ qaldırmışdır. Məhz Heydər Əliyevin siyasi
hakimiyyətdə olmaması erməniləri ruhlandırırdı. Çünki
Heydər Əliyev amili imkan vermirdi ki, onlar bu çirkin
iddiaları irəli sürsünlər. Ondan sonra Azərbaycana qarşı
elan olunmamış müharibə başlamışdır, Qanlı Yanvar
faciəsi törədilmişdir. O ağır, faciəvi anlarda yenə də
Heydər Əliyev öz haqq səsini ucaltdı. Moskvada
Azərbaycanın daimi nümayəndəliyində sovet hakimiyyətinin
hərəkətlərini pislədi, Sovet İttifaqının başında duran
şəxsi pislədi. Bütün dünyaya bu faciə haqqında öz
sözlərini bəyan etdi. Bu, böyük cəsarət tələb edən bir
addım idi. Çünki Sovet İttifaqının dağılmasına hələ 2 il
vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, nə
vaxtsa Sovet İttifaqı dağıla bilər.
Heydər Əliyev sadəcə olaraq susa bilmirdi. O ağır
anlarda öz xalqına mənəvi dəstək vermişdir. Ondan sonra
təbii ki, totalitar maşın, totalitar dövlət ona qarşı
hərəkətə keçdi. Onun həbs edilməsi ilə bağlı hazırlıq
işləri aparılırdı. Moskvadan Bakıya gəlməyə məcbur
olmuşdur. Burada da yaşamağa imkan vermədilər. Öz
doğulduğu yerə - Naxçıvana üz tutdu. Beləliklə, onun
həyatında Naxçıvan dövrü başlayır. Bu dövr də həm
Naxçıvan üçün, həm müstəqilliyimiz üçün həlledici
dövrdür. Çünki Azərbaycanın dövlət müstəqilliyinin
əsasları məhz Naxçıvanda qoyulmuş, məhz Naxçıvanda
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq
Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı elan
edilmişdir. Sovet İttifaqının saxlanması ilə bağlı
referendum Naxçıvanda keçirilməmişdir. Naxçıvanı
blokadadan çıxarmaq üçün böyük səylər göstərildi. Erməni
işğalçılara böyük zərbə vuruldu. Naxçıvan qorundu,
Naxçıvanın ərazi bütövlüyü qorundu və saxlanıldı.
Təsadüfi deyil ki, Azərbaycanda vətəndaş müharibəsi
başlayanda və torpaqlarımızın bir hissəsi işğal altına
düşəndə xalq öz ümidini Heydər Əliyevin adı ilə
bağlamışdır. 1993-cü ildə qardaş qırğını başlamışdır. O
vaxt antimilli, xəyanətkar AXC-Müsavat hakimiyyəti
qardaş qanını axıtdı. Bir tərəfdən torpaqlarımız işğal
altına düşürdü, digər tərəfdən isə vətəndaş müharibəsi
baş alıb gedirdi. Belə ağır vəziyyətdə xalqın tələbi ilə
Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı böyük
bəlalardan xilas etdi.
O dövrü təhlil edərkən daim bir məsələ diqqət çəkir:
Əgər Heydər Əliyev Azərbaycanda olsaydı, əgər
müstəqilliyin lap əvvəlindən, Sovet İttifaqı dağılan
zaman Azərbaycanda rəhbərlikdə olsaydı, heç vaxt Dağlıq
Qarabağ və ətraf bölgələr işğal altına düşməzdi. Ancaq
tarix tarixdir. 1993-cü ildə xalqın dəstəyi, etimadı və
tələbi ilə Heydər Əliyev Azərbaycanın Prezidenti
seçildi. Bundan sonra ölkəmiz üçün yeni bir dövr
başlanmışdır - sabitlik, təhlükəsizlik və inkişaf dövrü.
Köklü islahatlar başlanmışdır, dövlətçiliyin əsasları
qurulmuşdur, müstəqil Azərbaycanın Konstitusiyası qəbul
edilmişdir, cəmiyyətimizin ideoloji əsasları
formalaşdırılmışdır, azərbaycançılıq məfkurəsi dövlət
ideologiyası kimi qəbul edilmişdir, demokratik inkişaf,
insan hüquqları ilə bağlı çox ciddi islahatlar
başlamışdır. Azərbaycan beynəlxalq təşkilatlara üzv
olmuşdur, Azərbaycana qarşı aparılan təbliğat
kampaniyasına tutarlı cavablar verilməyə başlamışdır.
Biz informasiya blokadasını yara bilmişdik. Məhz o
illərdə xarici siyasətimizin əsas prinsipləri müəyyən
edilmişdir və biz bu gün də bu prinsiplərə sadiqik.
Bir sözlə, ölkəmiz üçün ən ağır, faciəvi bir dövrdə
Heydər Əliyevin şəxsi keyfiyyətləri, biliyi, cəsarəti,
uzaqgörənliyi və xalqa olan məhəbbəti öz həlledici
sözünü demişdir. Azərbaycan bu ağır sınaqdan şərəflə
çıxa bilmişdir.
1993-2003-cü illərdə ölkəmizin hərtərəfli inkişafı ilə
bağlı müxtəlif proqramlar qəbul edilmişdir, islahatlar
aparılmışdır. Heydər Əliyev neft strategiyası müəyyən
edilmişdir və bu gün hər bir Azərbaycan vətəndaşı öz
gündəlik həyatında bu siyasətin əlamətlərini görür.
Çünki bizim uğurlu iqtisadi inkişafımızın təməli məhz o
illərdə qoyulmuşdur.
Bu gün Azərbaycan inamla, uğurla inkişaf edir. Biz
Heydər Əliyevin davamçıları onun siyasi xəttinə sadiqik.
Son on il ərzində Azərbaycan bu yolla gedir, Heydər
Əliyevin siyasi vəsiyyətinə sadiqdir və ölkəmizin
bugünkü reallıqları, bugünkü vəziyyəti bu yolun nə qədər
düzgün olmasını əyani şəkildə sübut edir.
2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs
vermişdir. Mən isə söz vermişdim ki, bu siyasətə sadiq
qalacağam. Bizim verdiyimiz bütün vədlər həyatda öz
əksini tapmışdır və 2008-ci ildə yenidən Azərbaycan
xalqı öz etimadını göstərmişdir. Ölkəmizin son on il
ərzindəki dünya miqyasında iqtisadi sahədə analoqu
olmayan inkişafı əlbəttə ki, 2013-cü ildə xalqın
seçiminə təsir göstərmişdir.
Bu gün isə yeni dövr başlayır - yeni onillik dövr. Bu
dövrdə biz əvvəlki illərdə əldə edilmiş möhkəm təməl
üzərində möhkəm Azərbaycan dövlətini gücləndirəcəyik.
Son on il ərzində biz bütün istiqamətlər üzrə böyük
uğurlara imza atdıq. Biz beynəlxalq aləmdə çox etibarlı
tərəfdaş kimi özümüzü təsdiq etdik. Beynəlxalq
ictimaiyyət bizim mövqeyimizi dəstəkləyir. Beynəlxalq
ictimaiyyətin mütləq əksəriyyəti öz səsini Azərbaycana
vermişdir. BMT Təhlükəsizlik Şurasına seçildikdə 155
ölkə bizə inandı, bizi dəstəklədi. Əminəm ki, öz
seçimində haqlı olduğunu gözəl anlayır və bizim
namizədliyimizə öz səsini verdiyinə görə peşman olmadı.
İqtisadi sahədə son on ildə dünya miqyasında Azərbaycan
qədər inkişaf edən ikinci ölkə olmamışdır. Bu da bizim
böyük nailiyyətimizdir, aparılan siyasətin nəticəsidir.
Müstəqil siyasətin nəticəsidir. Azərbaycanda
şaxələndirmə ilə bağlı işlər aparılır. Enerji
təhlükəsizliyi məsələləri Azərbaycanda həll olunur və
burada biz liderlik mövqelərimizi daha da
möhkəmləndiririk. Nəzərdə tutulmuş bütün layihələr
uğurla icra edilmişdir. Çox ağır şəraitdə həm iqtisadi,
həm geosiyasi vəziyyəti nəzərə alaraq bu layihələrin
icra edilməsi tarixi nailiyyətdir.
Azərbaycanda regionların inkişafı ilə bağlı qəbul
edilmiş proqramlar artıqlaması ilə icra edilmişdir. On
il ərzində bu proqramların icrası nəticəsində işsizlik
demək olar ki, aradan götürülübdür. Yoxsulluq kimi bəla
demək olar ki, aradan götürülübdür. Əldə edilmiş bu
uğurlar və daha da artan gücümüz imkan verəcək ki, biz
növbəti illərdə də nəzərdə tutulan bütün məsələləri həll
edək.
Yeni dövr başlayıb. Bu, 10 illik dövrüdür. 2023-cü ilə
qədər nəzərdə tutulan bütün işlər görüləcəkdir. Əminəm
ki, o vaxta qədər Azərbaycan indikindən bir neçə dəfə
güclü olacaqdır. Bunu deməyə əsas verən bizim 20 illik
tariximizdir, ardıcıl inkişafdır, strateji
baxışlarımızdır və konkret addımlarımızdır.
Azərbaycan müstəqil dövlət kimi müstəqil siyasət aparır.
Bu gün bizim iqtisadi gücümüz müstəqilliyimizin əsasını
təşkil edir. Bu günə qədər görülən işlər və indi
başlanan layihələr bizim gücümüzü bir neçə dəfə
artıracaqdır. Bu, faktdır. Yəni, bu, bizim gördüyümüz və
görüləcək işlərin nəticəsində olacaqdır.
Azərbaycan bölgədə möhkəm mövqelərə malikdir. Bu
mövqelər ildən-ilə ancaq və ancaq möhkəmlənəcəkdir.
Çünki artıq bizim iştirakımız olmadan bölgədə heç bir
məsələ öz həllini tapa bilməyəcəkdir. Bir sözlə, biz
ölkəmizin inkişafı ilə bağlı uzunmüddətli strategiyamızı
müəyyən etmişik.
Ölkəmizin inkişafı ilə bağlı fundamental istiqamətlər
ulu öndər tərəfindən müəyyən edilmişdir. Ancaq təbii ki,
həyat yerində durmur, dünya dəyişir, prinsiplər dəyişir,
beynəlxalq vəziyyət dəyişir. Biz görürük ki, öz yerimizi
möhkəmləndirmək üçün daha da güclü olmalıyıq, daha da
güclü iqtisadiyyata, sənaye potensialına, orduya malik
olmalıyıq. Daha da güclü beynəlxalq mövqelərimiz
olmalıdır. Bizim sözümüz bütün mötəbər tribunalardan
səslənir. Biz sözümüzü deyirik. Bizim sözümüz ədalətdir
və həqiqətdir. Ədalət və həqiqət bizim tərəfimizdədir.
Ona görə strateji xəttimizi nəzərə alaraq biz öz ardıcıl
addımlarımızı atırıq və atacağıq. Əminəm ki, hər bir
vətənpərvər Azərbaycan vətəndaşı bu gün cəmiyyətdə
mövcud olan həmrəylik, vətənpərvərlik duyğuları ilə fəxr
edir. Fəxr edir ki, Azərbaycan bu zirvələrə çata
bilmişdir.
Cəmiyyətdə səfərbərlik, həmrəylik də çox önəmlidir. Elə
cəmiyyətlər vardır ki, onlar ideoloji məsələlər
ətrafında bir-biri ilə mübahisə aparırlar. Elə
cəmiyyətlər vardır ki, orada bölgü coğrafi xarakter
daşıyır. Azərbaycan cəmiyyəti monolitdir. Bizi
bir-birimizə bağlayan əsas amil həmrəylikdir və düzgün
seçilmiş hədəfdir. Hədəf isə çox aydındır. Biz müasir
dövlət qururuq, azad cəmiyyət yaradırıq, demokratiyanın
inkişafı əsas şərtdir, korrupsiyaya, rüşvətxorluğa qarşı
mübarizə bundan sonra daha da ciddi aparılacaqdır. Biz
ancaq və ancaq öz gücümüzə güvənirik. Bu siyasət öz
səmərəsini vermişdir. İqtisadi gücümüz artdıqca
müstəqillik də möhkəmlənəcəkdir. Müstəqillik isə bizim
ən böyük sərvətimizdir, ən böyük nailiyyətimizdir.
Tarixə baxsaq, Azərbaycanda müxtəlif dövrlərdə
dövlətçilik ənənələri olmuşdur. Amma Azərbaycan heç vaxt
bugünkü qədər güclü və müstəqil olmamışdır.
Bu gün - ulu öndərin doğum günündə bir daha yaxın tarixə
nəzər salırıq. Heydər Əliyevin Azərbaycan xalqı üçün nə
qədər böyük və tarixi işlər gördüyünü bir daha görürük.
Ona görə Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini öz
qəlbində saxlayır, yaşadır. Biz - onun davamçıları isə
bundan sonra da ulu öndərin siyasi xəttinə sadiq qalaraq
doğma Vətənimizi irəliyə aparacağıq.
Sağ olun!
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
çıxışı
-
Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar!
Bu yubiley gecəsində sizin hamınızı səmimi qəlbdən
salamlayıram.
Bu gün biz Heydər Əliyev Fondunun yubileyinə toplaşmışıq
və hər şeydən öncə, cənab Prezident, Heydər Əliyev
Fondunun bütün əməkdaşları adından bizim fəaliyyətimizə
verdiyiniz yüksək qiymətə görə Sizə öz dərin
minnətdarlığımı bildirirəm.
On il bundan əvvəl - 2004-cü il mayın 10-da Heydər
Əliyev Fondu öz fəaliyyətinə başladı. Fond müasir
Azərbaycan dövlətçiliyinin əsaslarını qoymuş, müstəqil
Azərbaycanın siyasi, iqtisadi və mənəvi dirçəlişini
təmin etmiş şəxsin adını daşıyır. Biz fəaliyyətimizin
ilk günündən atdığımız addımlarla, gördüyümüz işlərlə bu
yüksək ada layiq olmağa çalışmışıq. On il ərzində biz
xeyli nailiyyətlər əldə etmişik. Bizim ən böyük
nailiyyətimiz və uğurumuz Azərbaycan xalqının inamını və
etimadını qazanmağımızdır. Bu, əvəzsiz bir mükafatdır.
Biz diqqətimizi ölkəmizdə həllini tapmayan problemlərin
aradan qaldırılmasına yönəltdik. Biz Azərbaycanda
çoxəsrlik köklərə malik olan xeyriyyəçilik və mərhəmət
ənənələrinə arxalanaraq, köməyə ehtiyacı olan hər kəsin
yanında olmağa çalışdıq. Biz valideyn himayəsindən
məhrum olan uşaqlara, qocalara, qaçqın və məcburi
köçkünlərə, müxtəlif xəstəliklərdən əzab çəkən insanlara
qayğı göstərməyi, onlara mənəvi dayaq olmağı prioritet
məsələ kimi daim diqqət mərkəzində saxladıq. Ölkəmizdə
mövcud olan uşaq evləri və internat məktəblərini
tamamilə yenidən qurub onlarda ailə mühitinin
formalaşdırılması, fiziki qüsurlu insanların cəmiyyətə
qovuşmaları üçün normal şəraitin yaradılması, uşaq
evlərini tərk edən gənclər üçün yaşayış binaları, qaçqın
və məcburi köçkün ailələri üçün yaşayış massivlərinin
inşa olunması sübut etdi ki, belə insanlara qayğı, belə
insanlara kömək bizim fəaliyyətimizin əsas amillərindən
biridir.
Əziz qonaqlar, bir az əvvəl siz fondun fəaliyyəti
haqqında filmə baxdınız. Doğrudan da filmi hazırlayarkən
biz müəyyən çətinliklərlə üzləşdik. Çünki bu 10 il
ərzində fond tərəfindən icra olunan layihələr,
proqramlar ölkəmizin həyatının bir çox sahələrini əhatə
edir və əldə olunan nəticələr o qədər genişdir ki, qısa
bir filmdə görülən bütün işləri əks etdirmək o qədər də
asan deyildi.
Fond tərəfindən icra olunan irimiqyaslı layihələr -
"Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və
internat məktəblərinin inkişafı", "Təhsilə dəstək",
"Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız
həyat naminə", "Xocalıya ədalət!", "Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması", "Tolerantlığın
ünvanı Azərbaycan" və s. Bütün bu layihələrin
nəticələrini biz bu gün görürük və əslində görülən bütün
bu işlər Azərbaycanın ümumi inkişaf strategiyasının
tərkib hissəsinə çevrilib.
Siz, cənab Prezident, tamamilə düz qeyd etdiniz və bu,
bizi şad edir ki, çox hallarda fond tərəfindən start
verilən layihələr, fondun təşəbbüsləri sonradan dövlət
tərəfindən dəstəklənir və ölkədə daha geniş bir şəkildə
icra olunur. 2005-ci ildə fond "Yeniləşən Azərbaycana
yeni məktəb" layihəsini başladı və bu layihə
çərçivəsində fondun dəstəyi ilə ölkəmizdə 412 yeni
məktəb inşa olundu. Sonradan bu proqramı dövlət
dəstəklədi və ölkəmizdə 3 mindən artıq məktəb təmir
olundu və yaxud yenidən quruldu.
Bir neçə il bundan əvvəl ölkəmizdə genetik xəstəliklərin
yayılmasının qarşısını almaq üçün fond tərəfindən
"Talassemiyasız həyat naminə" proqramına başladıq və bu
proqram çərçivəsində paytaxtımızda regionun ən böyük
Talassemiya Mərkəzini inşa etdik. Bu gün bu
xəstəliklərlə mübarizə üçün dövlət tərəfindən xüsusi
proqram hazırlanır.
Bizim fəaliyyətimizin digər çox vacib istiqaməti
Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub
saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə
tanıdılmasıdır. Fondun dəstəyi ilə Azərbaycanın müxtəlif
regionlarında onlarla tarixi-memarlıq, dini abidələr
bərpa olunub. Bakıda məscidlər, kilsələr, sinaqoqlar
təmir və bərpa olunub. Məhz fondun təşəbbüsü ilə
paytaxtımızda Beynəlxalq Muğam Mərkəzi inşa olunub və
hər il muğam müsabiqəsi keçirilir. Qəbələ Beynəlxalq
musiqi festivalı, Rostropoviç və Şostakoviç festivalları
artıq ənənəvi şəkildə keçirilir və öz auditoriyasını
qazanıb. Azərbaycanın qədim xalçaçılıq sənəti artıq
UNESCO-nun Ümumbəşəri Mədəni İrs Siyahısına daxil edilib
və bizim xalçalar dünyanın ən məşhur muzeylərində
nümayiş olunur.
Biz dünyanın müxtəlif ölkələrində Azərbaycan günləri və
Azərbaycan gecələri keçirməklə Azərbaycanın keçmişini,
Azərbaycanın tarixini, mədəniyyətini, bu gününü,
müstəqil Azərbaycanın nailiyyətlərini, ölkəmizdə hökm
sürən tolerantlıq və dözümlülük ab-havasını bütün
dünyaya göstərmək, bütün dünyaya tanıtmaq istəyirik.
Belə görüşlərdə insanlar Azərbaycanı özləri üçün yenidən
kəşf edirlər. Dünyanın ən möhtəşəm zallarında qədim
Azərbaycan muğamı səslənir və sərgilərdə müasir
Azərbaycanın müasir incəsənət xadimlərinin əsərləri ilə
tarixi artefaktlar birgə nümayiş olunur.
Eyni zamanda, biz hər bir xalqın mədəni irsini
ümumbəşəri dəyər kimi qəbul edirik. Bu irsin qorunmasına
Azərbaycandan kənarda da öz töhfəmizi veririk. Heydər
Əliyev Fondunun dəstəyi ilə Strasburq Kafedral
kilsəsinin vitrajları, Versal sarayındakı abidələr,
Fransanın müxtəlif regionlarında yerləşən kilsələr,
Berlin qəsri, Roma katakombaları, Vatikan kitabxanasında
saxlanılan dəyərli foliantlar bərpa olunur.
Bu 10 il ərzində biz fəaliyyətimizi genişləndirərək bir
sıra çox nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq
qurmuşuq, birgə layihələr icra etmişik. Bizim
tərəfdaşlarımız arasında UNESCO, İSESCO, UNİCEF, BMT
İnkişaf Fondu kimi nüfuzlu beynəlxalq qurumlar vardır.
Fondun Rusiya, Türkiyə, Rumıniya, Amerika Birləşmiş
Ştatlarındakı nümayəndəlikləri çox uğurla fəaliyyət
göstərir.
Çox sevindirici haldır ki, son zamanlar Azərbaycan
gəncləri fondun təşəbbüslərinə çox geniş şəkildə
qatılır. Ətraf mühitin qorunması sahəsində fond
tərəfindən hazırlanan proqramlar, təşəbbüslər artıq
ölkəmizdə yeni bir gənclər hərəkatına çevrilib və IDEA
kampaniyası çərçivəsində Azərbaycanda 3 milyondan çox
ağac əkilib.
Eyni zamanda, biz ölkəmizin ən ağrılı problemi olan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həqiqətlərini dünya ictimaiyyətinə çatdırırıq. Hər il
fond müxtəlif dillərdə yüzlərlə nəşrlər hazırlayır, onu
bütün dünyaya yayır. Biz bu gün "Xocalıya ədalət!"
kampaniyasının müsbət nəticələrini görürük.
Bir sözlə, əziz qonaqlar, 10 il ərzində görülən işlərin
sayı çoxdur. Əldə edilən nəticələr də çox gözəldir.
Bizim fondun əməkdaşlarını birləşdirən amillər çox
sadədir. Bu, vətənpərvərlik, mərhəmət, insansevərlik,
doğma xalqımıza və ölkəmizə xidmət etməkdir. Bu gün mən
fürsətdən istifadə edərək, fondun bütün əməkdaşlarına,
bizim komandamıza bu 10 il ərzində göstərdikləri
işgüzarlıq, peşəkarlıq, insansevərlik, vətənpərvərlik
keyfiyyətlərinə görə dərin minnətdarlığımı bildirirəm.
Bizimlə əməkdaşlıq quran, bizi dəstəkləyən, bizə kömək
edən hər bir quruma, hər bir təşkilata, hər bir insana
bu gün mən öz dərin minnətdarlığımı bildirirəm.
Qarşıda bizi yeni çağırışlar, yeni hədəflər, yeni
qələbələr gözləyir və mən əminəm ki, biz bütün
çətinliklərin öhdəsindən birgə gələrək yeni
nailiyyətlərə imza atacağıq.
Bir daha bu axşam bizimlə olduğunuza görə sizə öz dərin
minnətdarlığımı bildirirəm. Çox sağ olun. Sizə xoş axşam
arzulayıram.
***
Sonra
Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş "Qızıl
çinar" beynəlxalq mükafatının 2014-cü il qalibləri elan
olundu.
Azərbaycanın musiqi mədəniyyətinin təbliğində fəal
iştirakına görə dirijor, Qara Qarayev adına Dövlət
Kamera Orkestrinin bədii rəhbəri, xalq artisti Teymur
Göyçayevə "Qızıl çinar" beynəlxalq mükafatı təqdim
edildi.
Xalq artisti Teymur GÖYÇAYEV minnətdarlığını
bildirərək dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli xanımlar və cənablar!
Əvvəla, mən istərdim öz adımdan fondun rəhbərliyini və
bütün işçilərini yubiley münasibətilə təbrik edim.
Bilirsiniz, bu "Çinar"a baxıb mən 2006-cı ili yadıma
salıram. O ildə məhz Mehriban xanımın təşəbbüsü ilə Uşaq
və Gənclər Simfonik Orkestri yaradılmışdır və bu orkestr
çoxlu uğurlu konsertlərlə çıxış etmişdir. Ən gözəl
nəticə odur ki, bu illər ərzində 50 nəfərə yaxın peşəkar
musiqiçi yetişmişdir və onlar böyük orkestrlərə daxil
olmuşlar. Bu orkestr indi də fəaliyyət göstərir.
Mən bu "Çinar"a baxanda Bülbül adına Orta İxtisas Musiqi
Məktəbinin şagird və müəllimlərinin beynəlxalq
müsabiqələrdə çoxsaylı qələbələrini görürəm. Mən bu
"Çinar"a baxanda bizim bu il 50 illiyini qeyd edən Qara
Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin
uğurlarını görürəm.
Sizin icazənizlə, mən istərdim adıçəkilən bütün bu
kollektivlərin adından və öz adımdan bu mükafata görə
Sizə dərin minnətdarlığımı bildirim. Sizə uğurlar,
cansağlığı arzulayıram. Diqqətinizə görə çox sağ olun.
***
"Qızıl
çinar" beynəlxalq mükafatı Azərbaycan və Macarıstan
arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və
xalqlararası mədəni mübadilənin inkişafına verdiyi
töhfələrə görə Macarıstanın Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Jolt Çutoraya təqdim edildi.
Mükafatı qəbul edən Jolt ÇUTORA təşəkkürünü
bildirərək dedi:
- Cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli xanımlar və cənablar, əziz dostlar!
Baxıram ki, burada yalnız dostlarımız əyləşib. Deməli,
hər şey normaldır, açıq danışmaq olar. Bilirsinizmi,
deməyə söz tapmıram. Mən bilirəm ki, "fond" sözü "əsas"
deməkdir. Bu, mənim üçün nə deməkdir? Mən fond ilə 15 il
bundan əvvəl görüşmüşəm. Deyə bilərsiniz ki, fondun
yaranmasının 10-cu ildönümü bu gün tamam olur. Lakin mən
15 il bundan əvvəl ilk dəfə Azərbaycanda olmuşam və
mərhum ümummilli lider Heydər Əliyevlə görüşmüşəm. Onda
mən fondu - əsası gördüm. Bir sözlə, macar dilində
"əsas" və "fond" eyni sözlərdir. Mən Sizi təbrik edirəm.
Mən
buraya bu gün səhər təyyarə ilə gəlmişəm. Dünən mən
Budapeştdə məhz gözdən əlil uşaqlar üçün məktəbdə
olmuşam. Bu məktəb Sizin sayənizdə, fondun sayəsində çox
yaxşı vəziyyətdədir. Çox sağ olun.
Bilirsinizmi, səfirlər üç növ olur. Bəzi səfirlər öz
ranqına görə evdə - Xarici İşlər Nazirliyində
işləyirlər. Səfirlərin ikinci növü adi səfirlərdir - bir
dövlətin başqa dövlətdə işləyən səfirləri. Səfirlərin
üçüncü növü qeyri-adidir. Bu, mənəm. Macarıstanın
Azərbaycanda işləyən, lakin öz evində olan səfiri. Mən
burada özümü evimdə olduğu kimi hiss edirəm. Çox sağ
olun. Mən Azərbaycanı həm də öz vətənim kimi hiss
edirəm. Çox sağ olun. Bu, fondun sayəsində belədir. Sağ
olun, Mehriban xanım.
Ölkələrimiz arasında münasibətlərdə hər şey normaldır.
Münasibətlərimiz yaxşıdır. Bilirsinizmi, əgər mən fond
ilə birlikdə neçə layihə üzərində işlədiyimizi, neçə
layihə barədə düşündüyümüzü və neçəsini artıq
tamamladığımızı sadalamaq istəsəm, bu siyahını səhərə
qədər davam etdirmək olardı. Mən yalnız çox vacib olan
bir layihə barədə danışmaq istərdim. Bizim bu ay
keçirəcəyimiz mədəni tədbirlər barədə. Mən adi diplomat
deyiləm, sirlərimi həmişə sizə söyləyə bilərəm. Dostlar
arasında bunu demək olar. Amma xahiş edirəm, hələlik heç
kəsə deməyin. Biz fond ilə birlikdə ilk
Azərbaycan-Macarıstan aşpazlıq kitabı üzərində uğurla
işləyirik. Orada yeməkləri mən və dostlarım
hazırlayacağıq. Bilirsinizmi, bir söz var, onu
xatırladım və yalnız sizin üçün sitat gətirmək
istəyirəm: Dövlət nə qədər çox xalqı birləşdirirsə, bir
o qədər zəngindir.
Çox sağ olun. Bu, mənim üçün çox böyük şərəfdir.
***
Beynəlxalq
arenada Azərbaycan muğamını, qədim musiqi sənətimizi
özünəməxsus ifası ilə milyonlara sevdirən xalq artisti
Alim Qasımova Heydər Əliyev Fondunun "Qızıl çinar"
beynəlxalq mükafatı təqdim olundu.
Mükafata görə minnətdarlığını çatdıran Alim QASIMOV
dedi:
- Salam, axşamınız xeyir, cənab Prezidentimiz, hörmətli
Mehriban xanım!
Bu mükafat bizim bütün xalq musiqisinə verilən
mükafatıdır. Biz də özümüzü bu fondun işçilərindən hesab
edirik. İcazə versəniz, bir ağız da muğamdan deyərdim.
Xanəndə Alim Qasımov muğam parçası ifa etdi.
***
Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında,
Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi
layihələrə fəal dəstəyinə görə Fransa senatoru xanım
Natali Quleyə də Heydər Əliyev Fondunun "Qızıl çinar"
mükafatı təqdim edildi.
Fondun beynəlxalq mükafatı ilə təltif olunduğuna görə
təşəkkür edən Natali QULE dedi:
- Çox sağ olun. Mən Azərbaycanın dostuyam və Azərbaycanı
yaxşı tanıyıram. Aramızda olan dostluğun uzun tarixi
vardır. Mən bu münasibətlə əlbəttə ki, birinci xanıma
təşəkkürümü bildirirəm. Mən bildirmək istəyirəm ki,
Sizin fəaliyyətiniz bir çox insanlar üçün, ehtiyac duyan
insanlar üçün, o cümlədən qaçqın və məcburi köçkün
ailələri üçün çox vacib olub. Sizinlə bir çox
nailiyyətlər əldə etmişik. Mən sadəcə bildirmək
istəyirəm ki, Sizin ölkənizin taleyini özüm üçün çox
vacib hesab edirəm və ürəyimə çox yaxın tuturam.
***
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev
Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş
təntənəli mərasimin bədii hissəsini Azərbaycan
Respublikasının xalq frtisti Teymur Göyçayevin
rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət
Kamera Orkestri və Gülarə Əliyeva adına "Dan ulduzu"
instrumental ansamblı davam etdirdi.
AzərTAc |