Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

Müasir dərsin üstünlükləri

 

Böyütmək üçün şəkili seçinMüasir təlim metodlarının tətbiqi nəticəsində şagirdlər dərs prosesində qarşıya qoyulan problemi həll etməkdə çətinlik çəkmir, yoldaşlarının fikirlərinə hörmətlə yanaşır, habelə öz fikirlərini daha sərbəst ifadə edə bilirlər. Kurikulumun ənənəvi tədris proqramlarından ən üstün cəhəti məhz belə nəticəyönümlü olmasıdır.

Ümumtəhsil sistemində təlim nəticələrinin standartlar əsasında müəyyənləşdirilməsi tədris edilən fənlər üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasına imkan yaradır. Təlim prosesində motivasiyanın yaradılması, sinifdə fəallığın artırılması, məzmunun hərtərəfli aşılanması və şagirdlərdə müasir dünyagörüşün formalaşdırılmasında həyat bilgisi fənninin rolu əvəzsizdir. Digər fənlərdə olduğu kimi, həyat bilgisi fənninin tədrisində uğurlu nəticələr əldə etmək üçün fəndaxili, fənlərarası və fənlərüstü inteqrasiyanın böyük əhəmiyyəti vardır. Fəndaxili inteqrasiyada şagirdlər başlanğıc problemi diqqətdən qaçırmadan onunla bağlı olan bilgilərini daha da genişləndirdiyi halda, fənlərarası inteqrasiyada digər fənnə aid olan biliklərə istinad olunması nəzərdə tutulur. Fənlərüstü inteqrasiya isə şagirdlərin məktəbdə öyrəndikləri məzmun ilə məktəbdən kənarda aldıqları məzmunu sintez edir.

Həyat bilgisi fənninin başlıca vəzifəsi şagirdlərin maraqlarını təmin edəcək və birgə fəaliyyət bacarıqlarını inkişaf etdirəcək metod və üsullara üstünlük verməsidir. Bu fənnin tədrisində şagirdlərdə milli və ümumbəşəri dəyərlərin formalaşdırılması əsas hədəflərdən birini təşkil edir. Milli dəyərlərimiz içərisində ailə birliyinə önəmvermə, vətənsevərlik, qonaqpərvərlik, yardımsevərlik həyat bilgisinin aşıladığı ən vacib dəyərlərdəndir.

Həyat bilgisi fənni üzrə nəzərdə tutulan biliklərin aşılanması və bacarıqların formalaşdırılması üçün müxtəlif təlim üsullarından istifadə olunur. Buraya müşahidə, tədqiqat, sual-cavab, müzakirə, qrup çalışması, təqdimat və s. daxildir. Mən dərslərimdə müzakirə formasından daha çox istifadə edirəm. Çünki müzakirə zamanı şagirdlər birlikdə düşünmək, fikirlərini əsaslandırmaq, onları sərbəst ifadə etmək vərdişlərinə yiyələnirlər. Müzakirələrin səmərəli təşkili üçün şagirdlərin mövzu ilə bağlı lazımi bilik və bacarıqlara yiyələnmələri təmin edilməlidir. Bütün bunlara əsaslanaraq tətbiq etdiyim bir dərs formasını aşağıda həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm:

Həyat bilgisi

III sinif

Mövzu: Səma niyə mavi rəngdədir?

Standart:

1.1.1. Varlıq və hadisələr  arasındakı əlaqələri sadə formada şərh edir.

1.1.2. Maddələrin və hadisələrin təbiətini öyrənmək üçün kiçik təcrübələr aparır və nəticələri izah edir.

Məqsəd:

1. Səmanın rənginin dəyişməsində müxtəlif  təbiət hadisələrinin əlaqəsini şərh edir.

2. Göy qurşağının yaranmasını sadə formada izah edir.

3. Müxtəlif rənglərdən istifadə etməklə  göy qurşağını təsvir edir.

İnteqrasiya: Təsviri incəsənət

Dərs üsulu: əqli hücum, müzakirə

Dərs forması: kiçik qruplarla iş, fərdi iş

Təchizat: dərslik, A-4 kağız, marker

Dərsin gedişi

1. Motivasiya:

Müəllim əqli hücum metodundan istifadə edərək aşağıdakı sualla şagirdlərə müraciət edir:

- Təbiət belə əsrarəngiz olmasaydı həyat necə olardı? Həyatımız maraqlı olardımı?

Fərziyyələr dinlənilir.

Tədqiqat sualı: Təbiət niyə rəngarəngdir?

Müəllim şagirdləri  qruplara bölür və onlara tapşırıqlar verir.

I qrup

Su təbiətdə necə dövran edir?

II qrup

 Göy qurşağı necə  yaranır və onun  əsas rəngləri hansılardır?

III qrup

Göy qurşağında olan rəngləri hansı rənglərin qarışığından almaq olur?

IV qrup

Səmanın  müxtəlif rənglərdə görünməsi nə ilə bağlı ola bilər?

Şagirdlər qruplarda öz fərziyyələrini müzakirə edib təqdimat hazırlayırlar.

Təqdimatdan sonra müəllim dərslikdəki mətni  hissələrə bölüb şagirdlərə oxutdurur (səh.26-27).

Mətnin oxunuşundan sonra müəllim  bir daha qrupların təqdimatına diqqət yetirib anlaşılmaz qalan məsələləri izah edir.

Müzakirə:

- Göy qurşağı necə yaranır?

- Müxtəlif rəngləri necə almaq olar?

- Rənglərin həyatımızda hansı rolu var?

Tətbiqetmə:

İş dəftərində "Göy qurşağı" rəsmi çəkilir.

Nəticənin çıxarılması və ümumiləşdirmə:

Müəllimin köməyi ilə  şagirdlər belə nəticəyə gəlirlər ki, təbiətin rəngarəngliyi də işıqla bağlı təbiət hadisəsidir. Günəş işığı göy qurşağındakı rənglər toplusudur. Ağ işıq 7 rəngin qarışığıdır.

Ev tapşırığı: Gündüz günəş işığında, axşam isə lampa  işığında rəngləri müşahidə edin və dəftərinizdə qeydlər aparın.

"Təbiət və biz" məzmun xəttinə aid olan bu dərs nümunəsi vasitəsilə şagirdlər ətrafla təmas zamanı lazım olan davranış qaydalarına, müstəqil müşahidələr aparıb nəticələr çıxarma və onları təsviretmə bacarıqlarına yiyələnirlər. Şagirdlər təbiət hadisələri ilə əlaqədar araşdırma apararkən onlarda müşahidələrə qiymət vermək bacarığı da formalaşır.

Düşünürəm ki, məktəb şagirdlərə onların özlərini tanımaq və cəmiyyətdə yerlərini müəyyən etmək üçün köməklik göstərilən müqəddəs bir yerdir. Hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə alsaq deyə bilərik ki, müasir və ənənəvi təlim metodlarının vəhdətdə tətbiq edilməsi şagirdlərdə yaradıcı düşüncənin formalaşması və tədqiqatçılıq qabiliyyətinin yaranması üçün daha səmərəli nəticə verir. Bunlarla yanaşı, şagirdlərdə vaxtdan səmərəli istifadə vərdişləri aşılanmalıdır ki, bu da müəllimin dərs metodikasından asılıdır. Bu baxımdan, ən mühüm vəzifə müəllimin üzərinə düşür. Müəllim şagird şəxsiyyətinə hörmətlə yanaşmalı, öz təhsili, təcrübəsi üzərində fasiləsiz olaraq işləməli, innovasiyaların tətbiqinə hazır olmalı, innovativ metod və fəaliyyət növlərindən səmərəli istifadə etməlidir. 

Sevda BALAKİŞİYEVA,
Bakıdakı 202 nömrəli tam orta məktəbin müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov